Dostlar | Dino Buttsati

Dostlar | Dino Buttsati

Skripka ustası Amedeo Torti arvadı ilə birlikdə qəhvə içirdilər. Uşaqları artıq yatırtmışdılar. Hər ikisi də, çox vaxt olduğu kimi, sakitcə oturub danışmırdalar. Birdən-birə arvad dedi: “İstəyirsən sənə bir söz deyim?.. Bu gün səhərdən ürəyimə qəribə bir şey damıb… Elə bil bu axşam Appaşer bizə baş çəkməlidir”.
“Belə şeyləri heç zarafatla da dilə gətirmirlər!” — deyə əri acıqlı tərzdə cavab verdi.
İş onda idi ki, onun köhnə ürək dostu skripkaçı Toni Appaşer artıq iyirmi gün idi ki, vəfat etmişdi.
“Bilirəm… bilirəm ki, dəhşətdir” — deyə arvad söylədi, —”ancaq, bu nə fikirdisə, mən ondan heç cür azad ola bilmirəm”
“Eh, əgər mümkün olsaydı…” — deyə Torti qeyri-müəyyən bir təəssüflə deyindi, ancaq təfsilatına varmaq istəməyərək, yalnız başını buladı.
Onlar yenə susdular. Saat ona on beş dəqiqə qalırdı. Birdən, qapının zəngi çalındı. Uzun, inadlı bir zəng idi. Hər ikisi qəflətən diksindilər.
“Yenə axşam-axşam kim ola?” — deyə arvad dilləndi.
Dəhlizdə qulluqçu İnesin ayaqlarının şappıltısı, qapının necə açıldığı və boğuq danışıq səsləri eşidildi. Rəngi ağappaq ağarmış qız yemək otağına boylandı.
“İnes, kimdir orada?” — deyə xanım soruşdu.
Qulluqçu qız ağasına tərəf baxıb, dili topuq vura-vura dedi: “Sinyor Torti, bir dəqiqəlik çıxaydız… orada… Əgər bilsəydiz!..”
“Axı kimdir orada, kim?” — deyə xanım gələnin kim olduğunu artıq çox gözəl anlasa da, hirsli-hirsli soruşdu.
İnes sanki son dərəcə məxfi xəbər çatdırırmış kimi onlara tərəf əyilib, birnəfəsə pıçıldadı: “Orada… orada… Sinyor Torti, siz özünüz gəlin… Maestro Appaşer qayıdıb!”
“Lənət şeytana”— deyə Torti bütün bu müəmmalardan əsəbiləşərək söyləndi, sonra da arvadına tərəf çevrilib dedi: “Mən özüm baxaram… sən burada qal”.
O, qaranlıq koridora çıxdı, oradakı dolablardan birinə ilişdikdən sonra dəhlizə açılan qapının dəstəyini var gücü ilə özünə tərəf çəkdi.
Dəhlizdə, həmişəki kimi özünün bir az sıxıntılı görkəmində Appaşer dayanmışdı. Ancaq o, nədənsə eynilə əvvəlki Appaşerə bənzəmirdi, cizgilərindəki dağınıq görüntülərdən o, indi sanki bir qədər daha az maddi nəzərə çarpırdı. Bu xülya idimi? Deyəsən, hələ yox. Deyəsən, hələ o, bizim materiya adlandırdığımız varlıqdan tam azad olmamışdı. Yox, bu xülya idi, ancaq maddiliyinin qalıqlarını özündə saxlamış bir xülya idi. O, adəti üzrə boz kostyum geymiş, mavi zolaqlı köynəyinin üstündən qırmızı-göy rəngli qalstuk bağlamışdı, ikiəlli yapışdığı biçimsiz fetr şlyapasını əsəbi halda elə hey əzib, bürüşdürürdü (sözsüz ki, xəyali kostyum, xəyali qalstuk və sair və ilaxır).
Torti hissiyyata qapılan adamlardan deyildi. Qətiyyən. Ancaq hətta o da nəfəs çəkə bilmədən, yerindəcə quruyub qaldı. Zarafat gəlməsin, iyirmi gün əvvəl öz əlləri ilə son mənzilinə yola saldığı neçə illərin ən əziz dostu indi onun evində, düz qarşısında dayanmışdı!
“Amedeo!”— deyə zavallı Appaşer sanki yaranmış gərginliyi bir qədər zəiflətməkdən ötrü gülümsəyərək dilləndi.
“Bu sənsən? Sən — burada?” — deyə Torti az qala tənə ilə ucadan soruşdu, çünki keçirdiyi ziddiyyətli və anlaşılmaz duyğular indi bir anın içində, kim bilir nədənsə onda yalnız çılğın qəzəb hissi oyatmışdı. Məgər itirdiyi dostunu yenidən görmək imkanı ona intəhasiz bir təsəlli gətirməməliydimi? Məgər belə bir görüşdən ötrü Torti bütün milyonlarından məmnuniyyətlə keçməzdimi? Əlbəttə, o bunu düşünmədən edərdi. Hər şeyi qurban verərdi. Bəs elə isə indi o, nədən belə bir sevinc hissini duymurdu? Hələ üstəlik, bu etinasız əsəbiləşmə nə demək idi? Deməli belə çıxır ki, bu qədər həyəcandan, bu qədər göz yaşlarından, hadisənin məlum şərtiliklərinə riayət olunması ilə bağlı bir belə narahatçılıqdan sonra indi hər şeyi yenidən başlamaq? Bu ayrılıq günləri ərzində onun dostuna bəslədiyi duyğular ehtiyatı sona qədər tükənmiş, zərrə qədər də qalmamışdı.
“Hə, görürsən də… mənəm”— deyə Appaşer şlyapasının kənarlarını daha da bərkdən əzib, bürüşdürərək söylədi. “Ancaq deyirəm birdən… nə isə… özün ki, yaxşı bilirsən, bizim aramızda nə təşrifat… Əgər narahat edirəmsə…”
“Narahat edirsən? Sən bunu narahat etmək adlandırırsan?” — deyə dəli kimi özündən çıxmış Torti bağırdı. “Allah bilir haradan qayıdıb gəlirsən, özü də bu görkəmdə…. Hələ narahatçılıqdan da dəm vurursan! Sən bundakı cəsarətə bir bax!” Sonra o, tam ümidsizlik içində öz-özünə dedi: “İndi mən başıma nə çarə qılım?”
“Bura bax, Amedeo”, — Appaşer dilləndi, — “əsəbiləşib eləmə… Hər şey bir yana, ancaq məndə günah yoxdur… Oranın özündə (o, əli ilə qeyri-müəyyən bir işarə elədi) nəsə anlaşılmazlıq baş verib… Nə isə, mən hələ bir aya yaxın burada qalmalıyam… Bir ay, ya da bir az çox… Sən ki, bilirsən, evimi artıq boşaldıblar, indi orada yeni sakinlər yaşayır…”
“Yəni demək istəyirsən ki, sən mənim evimdə qalacaq, burada yatacaqsan?”
“Yatmaq? Yox, mən daha yatmıram…. Söhbət yatmaqdan getmir… Mənə balaca bir künc də bəs edərdi… Mən sizə mane olmaram, nə yeyirəm, nə içirəm, heç… nə isə, heç tualetə də ehtiyacım yoxdur. Bilirsən, təki gecələr veyil-veyil gəzib-dolaşmayım, xüsusilə də, yağışın altında”.
“Necə yəni yağışın altında… sən hələ islana da bilirsən? ”
“Yox, təbii ki, islanmıram”, — Appaşer yüngülcə irişdi,— “ancaq yenə də, lənətə gəlmiş zəhlətökən şeydir.”
“Deməli, sən bütün gecələri burada keçirmək fikrindəsən?”
“Əgər icazə versən…”
“Hə də, əgər icazə versəm!… Heç nə anlaya bilmirəm… Bura bax, sən ağıllı adamsan, mənim köhnə dostumsan… Sənin bütün həyatın demək olar ki, artıq arxadadır… necə olur ki, özün anlaya bilmirsən?.. Hə, axı sənin heç vaxt ailən olmayıb!”
Appaşer pərt halda qapıya doğru geri çəkildi. “Bağışla, mən elə bilirdim… Axı söhbət cəmisi bir aydan gedir…”
“Sən sadəcə, məni anlamaq istəmirsən”— deyə Torti az qala incimiş kimi söylədi. “Mən özüm barədə narahat olmuram… Uşaqlar var! Uşaqlar! Yoxsa, sənə elə gəlir ki, hələ on yaşına çatmamış iki balaca günahsız varlığın səni görə bilməsi heç nədir? Hər şeydən əlavə, indi sən özün dərk etməlisən ki, nə vəziyyətdəsən. Məni bu rəhmsizliyə görə bağışla, ancaq… axı sən… axı sən kabussan … və orada ki, mənim uşaqlarım var, mən ora kabusları buraxmaram, mənim əzizim…”
“Deməli, heç cür?”
“Deməli, heç cür əzizim, heç bilmirəm daha nə de…” Onun son kəlməsi ağzında qaldı. Appaşer bir göz qırpımında yoxa çıxmışdı. Təkcə pilləkənlərlə tələsik aşağı enən birisinin ayaq səsləri eşidilirdi.

***

Konservatoriyanın direktoru maestro Mario Tamburlani konsertdən çıxıb evinə qayıdanda, — onun mənzili də elə konservatoriyanıın içində idi, — saatların zəngi gecə birin yarısını vururdu. O, evinin qapısına çatar-çatmaz, əlindəki açarı qapıdakı deşiyə salıb, bir dəfə fırlatmışdı ki, arxadan kiminsə pıçıltısını eşitdi: “Maestro, Maestro!” O, birdən geri çevriləndə, qarşısında dayanmış Appaşeri gördü.
Tamburlani mahir diplomat, necə deyərlər savoir faire (bacarıqlı—fransızca), tədbirli, həyatda işlərini ehtiyatla tutmağı bacaran bir adam kimi tanınırdı. Həmin bu məziyyətləri və ya qüsurları, — onu, cüzi xidmətlərinə rəğmən, cəmiyyətdə daha yüksək səviyyəyə qaldıra bilmişdi. O, vəziyyəti bircə göz qırpımında qiymətləndirdi.
“Ah, mənim əzizim” — deyə maestro mehriban və həyəcanlı bir səslə şirin-şirin dilləndi, — o, əllərini skripkaçıya tərəf uzadır, eyni zamanda ona bir metrdən çox yaxınlaşmamağa çalışırdı. “Mənim əzizim, əzizim… sən əgər bilsəydin qəlbimdəki bu boşluq…”
“Necə, necə?”— deyə qulaqdan bir az zəif olan Appaşer, — belə ki, xülyalarda hissiyyat adətən kütləşmiş olur, — təkrar soruşdu. “Sən bir qədər hövsələ et, mən daha əvvəlki tək eşitmirəm…”
“Oh, başa düşürəm, əzizim, başa düşürəm… Ancaq nə etməli, bağıra bilmərəm ki! İçəridə Ada yatıb, bir də ki…”
“Bağışla… əlbəttə… ancaq sən məni bircə dəqiqəlik içəri buraxmazdın? Neçə saatdır ayaq üstəyəm.”
“Yox, yox, Allah xatirinə, Blits duyub eləsə, batdıq.”
“Necə? Necə dedin?”
“Blitsi deyirəm, mənim qoyun itimi. Sən ki, onu görmüsən… O elə hay-küy qaldırar ki… Gözətçi dərhal oyanar… sonra da, Allah bilir…”
“Deməli heç mümkün deyil ki, mən bir-neçə gün…”
“Nə? Bizdə qalasan? Oh, əzizim Appaşer, əlbəttə, əlbəttə!… Təsəvvür et ki, sənin kimi bir dost üçün … Ancaq, bağışla, bəs itlə nə edək?”
Bu cür cavabdan Appaşer pərt oldu. O, bu insanın yatmış hissiyyatını oyatmaq istədi: “Bir ay əvvəl orada, qəbiristanlıqda üstümü torpaqla örtməzdən əvvəl nitq söyləyərkən sən ağlayardın, maestro, ağlayırdın… Xatırlayırsanmı? Elə bilirsən mən sənin hıçqırıqlarını eşitmirdim? ”
“Oh, mənim əzizim, onu demə, onu demə… mən burada (o, əli ilə ürəyini tutdu) elə bir ağrı gəzdirirəm ki…. Aman Allah, deyəsən Blitsdır! ”
Həqiqətən də, qapının arxasından boğuq, təhdidedici bir mırıltı eşidildi.
“Gözlə, əzizim, bircə dəqiqə gözlə, qoy bu dözülməz heyvanı bir qədər sakitləşdirim, sonra … Bircə dəqiqə əzizim, bircə dəqiqə”
O, ilan kimi cəld içəri sivişərək, qapını arxasınca bağlayıb, siyirməni möhkəm-möhkəm yerinə oturtdu. Aralığa sakitlik çökdü.
Appaşer bir neçə dəqiqə gözlədi. Sonra pıçıltı ilə “Tamburlani, Tamburlani” — deyə dostunu səslədi. O biri tərəfdən hay verən olmadı. Onda Appaşer barmaqlarının ucu ilə qapını astaca tıqqıldatmağa başladı. Cavabı — tam sükut idi.
Gecə tükənmək bilmirdi. Appaşer bəxtini yüngül əxlaqlı, canıyanan bir qız olan, dəfələrlə vaxt keçirdiyi Cannanın yanında sınamaq istədi. Canna mərkəzdən uzaqda, kirayənişinlərlə dolu köhnə binadakı iki balaca otaqda qalırdı. Appaşer ora gəlib çatanda gecə saat üçdən keçmişdi. Bəxtindən, adətən bütün belə qələbəliklərdə olduğu kimi, küçə qapısı bağlı deyildi. O, əziyyətlə altıncı mərtəbəyə qalxa bildi, — gəzib- dolaşmaqdan artıq tamam əldən düşmüşdü.
Qalereyada qatı qaranlıq olsa da, o, giriş qapısını tapmaqda elə bir çətinlik çəkmədi. Qapını astaca döydü. İçəridən həyat əlaməti gələnə qədər qapını hələ bir xeyli döyməli oldu. Nəhayət, qızın yarıyuxulu səsi eşidildi: “Kimdir?… Kimdir yenə gecənin bu vaxtı?”
“Canna, təksən? Aç… mənəm, Toniyəm”
“Gecənin bu vaxtı?”— deyə Canna həvəssiz, ancaq özünəməxsus sakit itaətkarlıqla təkrar etdi. “Gözlə, indi gəlirəm”.
İçəridən tənbəl-tənbəl, şappıltılı ayaq səsləri eşidildi, işıq qoşucusu çıqqıldadı, açar buruldu. “Bu nə vaxtın gəlməyidir belə, xeyir ola?” — deyə Canna qapını açıb, onu bağlamağı gələnin ixtiyarına buraxaraq, tələsik yatağına cummaq istəyirdi ki, Appaşerin qeyri-adi görkəmi onu heyrətə gətirdi. Qız çaşqın halda ayaq saxlayıb, onu nəzərdən keçirməyə başladı və yalnız bundan sonra həqiqət yuxu dumanı arxasından onun şüuruna yeridi. “Axı sən… axı sən…. axı sən” O, demək istəyirdi ki, axı sən ölmüsən, indi mən bunu yaxşı xatırlayıram… Ancaq bunları söyləməyə onun cəsarəti çatmadı. O, Appaşer yaxın gələrsə onu geri itələməkdən ötrü əllərini irəli uzadaraq, dal-dala geri çəkildi. “Axı sən … axı sən” Birdən Canna ucadan çığırdı: “Çıx get… Allah xatirinə, çıx get!” — qız dəhşət içində gözlərini bərəldərək ona yalvarır, Appaşer isə: “Canna, xahiş edirəm… Mən sadəcə, bir az dincəlmək istəyirdim”— deyə dil tökürdü. “Yox, yox, çıx get! Heç ağlına da gətirmə … Sən məni dəli edəcəksən! Çıx get! Çıx get deyirəm! Yoxsa, bütün binanı yuxudan oyatmaq istəyirsən?”
Belə ki, Appaşer yerindən heç qımıldanmırdı da, qız gözünü ondan çəkmədən əlini arxaya aparıb, oradakı komodu tələsik eşələməyə başladı. Əlinə birinci keçən qayçı oldu.
“Gedirəm, gedirəm” — deyə Appaşer çaşqın halda söylədi, ancaq qız ümidsizlikdən doğan bir cəsarətlə artıq bu gülünc silahı onun sinəsinə dirəmişdi. Qayçının hər iki ağzı heç bir müqavimət görmədən, çox asanlıqla xülyanın bədəninə girdi. “Ah, Toni, bağışla mən bunu etmək istəmirdim” — deyə qız vahimə içərisində çığırdı. “Yox, yox… ay, qıdığım gəlir, yalvarıram, eləmə, qıdığım gəlir!” — deyə Appaşer əsəbi halda ucadan pıqqıldayaraq, birdən-birə, dəli kimi gülməkdən uğunub getdi.
Bayır tərəfdən, həyətdə pəncərələrdən biri zərblə açıldı. Kimsə acıqlı səslə bağırdı: “Bilmək olar orada nə baş verir? Saat dördə qalıb! Biabırçılıqdır, lənət şeytana!”
Ancaq, Appaşer dabanına tüpürüb, yel kimi aradan çıxmışdı.

***

Görəsən, daha kimə müraciət etməli? Bəlkə şəhərin girişindəki San Kalisto kilsəsinin keşişinə? Ölüm yatağında onun son dini ayinlərini icra etmiş köhnə gimnaziya yoldaşı, mehriban don Raymondoya?
“Dəf ol, dəf ol, şeytan əməli!” — deyə möhtərəm keşiş onun yanına gəlmiş skripkaçını bu sözlərlə qarşıladı.
“Bu mənəm, don Raymondo, Appaşerəm, yoxsa tanımadın?… Don Raymondo, icazə ver burada sənin yanında gizlənim. Bir azdan səhər açılacaq. Heç kəs mənə sığınacaq vermir. Dostlar üz döndərib. Bəlkə, heç olmasa sən…”
“Mən bilə bilmirəm sən kimsən” — deyə keşiş kədərli səslə, ibarəli bir tərzdə söylədi. “Bəlkə sən iblissən, yainki duyğularımın mubhəm görüntülərisən, bilmirəm! Yox, əgər sən həqiqətən də Appaşersənsə, onda buyur, — bu mənim yatağım, bu da sən, uzan, dincəl!..”
“Çox sağ ol, çox sağ ol don Raymondo, mən bilirdim, bilirdim ki…”
“Sən heç təşvişə düşmə” — deyə keşiş riyakar mehribanlıqla sözünə davam elədi, — “heç təşvişə düşmə ki, mənim adım artıq çoxdan yepiskopun qara dəftərindədir… Təşvişə düşüb eləmə ki, sənin burada olmağın mənim üçün son dərəcə ağır hallarla nəticələnə bilər… Müxtəsəri, mənim barəmdə narahat olma. Əgər səni ona görə bura göndəriblərsə ki, mənim evimi birdəfəlik yıxasan, onda neynək, — Tanrı özü bilən məsləhətdir!.. Bura bax, sən nə edirsən? Gedirsən, nədir?”

***

Bax, elə buna görədir ki, xülyalar, — əgər nə vaxtsa, hansısa talesiz bir varlıq yer üzündə bir qədər yubanmağa səylə cəhd edirsə də, — bizimlə qalmaq istəməyərək, baxımsız evlərdə, qədim qəsrlərin xarabalıqlarında, meşələrin qoynunda itib-batmış kimsəsiz kilsələrdə, ya da tənha qayalarda gizlənirlər və dəniz dalğaları bu qayaları döyəcləyir, döyəcləyir, onlar da tədricən dağılaraq, məhv olurlar.

İtalyan dilindən tərcümə edəni: Cəmşid CƏMŞİDOV

Top