Mister çoxbilmiş | Somerset Moem

Mister çoxbilmiş | Somerset Moem

Maks Keladanı tanımazdan əvvəl ondan xoşum gəlməmişdi. Müharibə yenicə qurtarmışdı deyə, okean laynerləri sərnişinlərlə dolu idi. Kayutlarda yer tapılmırdı. Tanışlıqla iki nəfərlik kayutdan bir yataq yeri ala bilmişdim. Amma kayut yoldaşımın adını öyrənəndə əsəbiləşdim. Yaxından tanımasam da, onun adından da, özündən də zəhləm getdi. Lakin on dörd günü kayutda tək keçirmək də mümkün deyildi (San-Fransiskodan Yokohamaya gedirdim). Əgər bu yol yoldaşımın adı Smit, yaxud Braun olsaydı, bəlkə də daha az əsəbiləşərdim. Amma neyləməli?

Kayuta gələndə Mister Keladanın yük çantası artıq orada idi. Hətta çantanın da görünüşü xoşuma gəlmədi. Onun üstünə çoxlu etiketlər yapışdırılmışdı. Çamadan-şkafı isə həddindən artıq böyük idi. O hələ öz tualet əşyalarını yerbəyer etməmişdi. Öyrəndim ki, o, məşhur mister Kotinin fabrikinə rəhbərlik edib. Sonra əlüzyuyanın yanında onun ətirini, şampununu və saç kremini gördüm. Bütün bu gördüklərim və Mister Kelada mənə heç xoş təsir bağışlamadı. Yolumu siqaret çəkmək üçün ayrılmış otaqdan saldım. Bir büküm kart istədim və oynamağa başlayırdım ki, bir nəfər yaxınlaşdı və soruşdu ki, mənim adımı səhv salmır ki…və s. və i.a.
-    Mən Maks Keladayam, – deyə o, sıra ilə düzülmüş inci dişlərini göstərən təbəssümlə gülümsədi və oturdu.
-    Ah, bəli, biz sizinlə bir kayutdayıq.
-    Yəqin ki, kiminlə otaq paylaşdığınızı bilmirdiniz. Amma mən eşidəndə ki, siz ingilissiz, çox sevindim.
-    Əlbəttə. Yəqin düşünmürsünüz ki, mən amerikalıya oxşayıram, hə? Britaniyalılar tündməcaz olur, mən də beləyəm.
-    Sübut edə bilərəm.
Mister Kelada portfelini açdı və pasportunu götürüb burnumun altında saymazyana yelləməyə başladı. Bu adamda qəribə nə isə vardı. Kelada bəstəboy, sağlam bədənli adamdı. Təmiz qırxılmış üzü qarayanız idi, iri burnu qarmağa oxşayırdı. Parlaq və sulu gözləri vardı. O səlis danışırdı və tez-tez əl-qol atırdı. Inigilislərdə isə belə xüsusiyyətlər yoxdur. Hiss etdim ki, bu Britaniya pasportunda saxtalıq var. Mister Kelada İngiltərədən tamamilə uzaqda, mavi səma altında başqa bir ölkədə doğulub.
-    Nə içəcəksiniz? – o soruşdu.
Ona şübhə ilə baxdım. Çünki gəmidə bütün spirtli içkilər qadağan olunmuşdu.
Sözün düzü, mən heç susayanda da bilmirəm ki, nəyi xoşlayıram – zəncəfil pivəsini yoxsa limon şirəsini. Amma indi Mister Kelada şərqlilərə məxsus parıltılı bir təbəssümlə mənə baxır və cavab gözləyirdi.
-    Viski, sodalı su, spirtsiz Martini? Birini deyə bilərsən.
O, yan ciblərinin birindən kiçik bir şüşə çıxardıb stola qoydu. Mən Martini istədim, o, ofisiantı çağırıb iki qədəh və bir stəkan da buz sifariş etdi.
-    Çox yaxşı içkidir, – dedim.
-    Hə, ondan burada boldur. Istədiyin qədər ala bilərsən.
Mister Kelada əsl heyvərə idi. O gah Nyu-Yorkdan, gah da San-Frasiskodan danışırdı. O oyunları, şəkilləri və siyasəti müzakirə edirdi. Amma hər şeyə rəğmən, öz işinin öhdəsindən asanlıqla gəlirdi. Mən lovğalanmağı xoşlamıram, amma bu yaraşıqlı, gəlmə adam adımın qabağındakı “mister” sözünü götürüb məni elə-beləcə çağıranda qəzəb hisslərimi cilovlaya bilmirdim. Mister Kelada bunun səbəbini açaraq “sadəcə olaraq formallıqdan qaçdığını” deyirdi. Mən Mister Keladanı heç sevmirdim.
O çox ünsiyyətcil adam idi. Üç gün ərzində gəmidə hamını tanımışdı. O hər şeylə məşğul olurdu. Gücünü sınayırdı, alış-verişə rəhbərlik edirdi. Gah qolf oyunlarında uduş üçün pul toplayır, gah da konsertlər, bal-maskaradlar təşkil edirdi. O həmişə və hər yerdə olurdu. Gəmidə ən çox nifrət edilən edilən adam o idi. Biz onu şax üzünə Mister Çoxbilmiş çağırırdıq. O isə bunu kompliment kimi qəbul edirdi. O mübahisəni sevən adam idi. Onunla razılaşmayanda, bunu şöhrətinə təhqir hesab edirdi, çünki o hər şeyi hamıdan çox bilirdi. Onunla razılaşmayana qədər mövzu mənasız olsa belə, o söhbəti bitirməzdi. Heç ağlına da gətirmirdi ki, o da səhv edə bilər. Yəqin o gənc olduğundan belə fikirləşirdi.
Somerset Moem UilyamBiz təzəcə tanış olduğumuz həkimlə eyni stol arxasında oturduq. Mister Kelada , əlbəttə, yenə də öz işində idi. Orada oturmuş Ramsey adlı adam, həkim və mən həmişəki kimi canımızı dişimizə tutub yenə onun sicillləmələrinə qulaq asırdıq.
Ramsey Koledə yerləşən Amerika Xidmət Konsulluğundan gəlmişdi. Xəsis olmasına baxmayaraq, gəmidə Qərbdən olan ən yaxşı yol yoldaşı idi. O, işi ilə bağlı haradansa qayıdarkən Nyu-Yorka da səfər etmişdi. Təbii ki, o bunu xanımının xoşuna gəlmək üçün etmişdi. Çünki Missis Ramsey bir il idi ki, orada yaşayırdı. Missis Ramsey işi boş olan gözəl əşyaya bənzəyirdi. O həmişə çox orijinal, həm də çox yüngül geyimlər geyinərdi. Mən ona heç vaxt xüsusi diqqət yetirməmişdim. Onun davranışı hamı tərəfindən müsbət qarşılanırdı və gəmidə ona ləyaqət simvolu kimi baxırdılar. Mən isə (bilmirəm niyə) tam əksinə düşünürdüm.
Bir axşam yemək zamanı söhbət qiymətli daş-qaşlardan düşdü. Mirvarilərin yaranması, mənşəyi haqqında maraqlı söhbət başlandı. Biri dedi ki, guya yaponlar fənd işlədərək mirvari düzəldirlər. Həkim isə qeyd etdi ki, buna görə də onlar mirvarinin qiymətini aşağı salırlar. Mirvarinin əsl qiyməti haqqında söhbət gedərkən Mister Kelada da adəti üzrə bu mövzuda “fəaliyyət” göstərirdi. Kelada dedi ki, o, mirvarilər haqqında hər şeyi bilir. Mister Ramsey isə onunla razılaşmadı.  Cəmi beş dəqiqə sonra mövzu ətrafında söbət qızışdı. Mən hələ Mister Keladanı indiki kimi belə alovlu nitqlərlə heyvərəlik edən görməmişdim. Bir az keçmiş Ramsey ona nə isə dedi. O isə tez stolu taqqıldatdı və qışqırdı:
-  Yaxşı, mən nə danışdığımı bilmirəm, hə? Mən elə indi mirvari biznesinin daxilində baş verənləri öyrənmək üçün Yaponiyaya gedə bilərəm. Mən biznesmenəm və burada elə bir adam yoxdur ki, mirvarilər haqqında mənim qədər bilsin. Mən dünyadakı ən bahalı, ən gözəl daş-qaşları tanıyıram. Bir sözlə, mənim mirvarilər haqqında bilmədiyim şey yoxdur.
Mister Kelada biznesmen olduğunu ağzından qaçırmışdı. Bizim üçün isə bu tamamilə yeni xəbər idi. Çünki o hələ nə ilə məşğul olduğunu heç kimə deməmişdi. Biz təkcə onu öyrənə bilmişdik ki, o bir neşə ticarət səfərində Yaponiyada olub. Bu vaxt gözüm Keladaya sataşdı. O stolun ətrafında dayanıb qalibanə və təntənəli görkəmlə bizə baxırdı. Ramsey onunla razılaşmamışdı. Kelada dediklərini sübut etmək üçün fikirləşirdi, birdən o, Missis Ramseyin taxdığı boyunbağını gördü. O boyunbağını göstərərək dedi:
-  Siz məni sözlərimi təsdiq edin, Missis Ramsey. Hal-hazırda taxdığınız bu zəncir çox bahalı və nadir daş-qaşla işlənib.
Missis Ramsey əvvəlki görkəmini qorumaq istəsə də, yanaqları azacıq allandı və astaca zənciri paltarının altına sürüşdürdü. Ramsey qabağa əyildi, boyunbağıya diqqətlə baxdıqdan sonra dedi:
-    Missis Ramseyin boyunbağısı çox gözəldir, elə deyilmi?
-    Mən bunu bir az əvvəl söyləmişdim, – Mister Kelada cavab verdi.
Bu əsl daş-qaşdır.
- Əlbəttə, mən bunu özüm almamışam. Amma mənim üçün maraqlıdır ki, boyunbağının qiyməti neçəyədir?
- Ah, bilirsiniz, ticarətçilər onu on beş min dollara ala bilərlər. Amma bu boyunbağı Nyu-Yorkdan alınıbsa, siz ona otuz min dollar ödəmiş olduğunuzu desəniz, heç də təəccüblənmərəm.
Ramsey istehza ilə gülümsədi:
- Siz indi eşitdiyinizə təəccüblənəcəksiniz, Mister Kelada! Çünki xanımım bu boyunbağını biz Nyu-Yorku tərk etməzdən bir gün əvvəl mağazadan cəmi-cümlətanı on səkkiz dollara alıb.
Mister Kelada qəzəbləndi:
- Yalandır. Bu boyunbağı həqiqidir. Bir də ki, mən hələ bu gözəllikdə boyunbağı görməmişəm.
-    Mərc edərsiniz? Mən bu saxta zəncir üçün yüz dollardan mərc edirəm.
-    Razıyam.
-    Oh, Elmer, əmin olmadığın bir şey üçün mərc eləmə, – deyə Missis Ramseyin dodaqlarından xəfif bir təbəssüm qopdu. Səsində isə incə bir etiraz duyulurdu.
-    Mərcləşməyim? Mən bu azacıq pulu udmaq üçün bu işə milyonlarımı sərf edərəm və lazım gəlsə boyunbağının həqiqiliyini yoxladaram.
-    Axı necə yoxladacaqsan? İndi yalnız Mister Keladanın və mənim sözüm qarşı-qarşıyadır. Burada başasının sözü keçmir.
-    İcazə verin, boyunbağıya yaxından baxım. Əgər saxtadırsa, mən elə indi sizə deyəcəyəm. Mən yüz dolları itirmək qorxusu ilə risk etməyi bacarıram.
-    Çıxar onu, əzizim. Qoy bu centlemen ona istədiyi qədər baxsın.
Missis Ramsey bir anlığa tərəddüd etdi.
-    Mən onu aça bilmərəm. Mister Kelada hər halda mənim bu xahişimi qəbul edər.
Elə bu an mən nəsə bir bədbəxtliyin baş verə biləcəyini duydum, amma deməyə söz tapmadım.
Ramsey cəld yerindən qalxdı.
-  Mən onu açaram.
O, boyunbağını Keladaya uzatdı, Kelada cibindən lupa çıxardı və zənciri diqqətlə yoxlamağa başladı. Onun həyəcandan qaralmış bənizi az sonra qaydasına düşdü. Qələbə sevincinə az qalmışdı. O, boyunbağını geri qaytardı. Elə danışmağa hazırlaşırdı ki, qəfildən gözü Missis Ramseyə sataşdı. Missis qorxu dolu bərəlmiş gözlərlə Keladaya baxdı. Bu baxışlarda ərinə deməməsi üçün yalvarışlar, ümidsiz xahişlər, müraciətlər vardı. Hər şey Keladaya aydın oldu. Mən tez Mister Ramseyə baxdım. Yaxşı ki, o heç nə başa düşməmişdi.
Mister Kelada bayaqdan yaranmış sükutu pozdu. Dərindən ah çəkdi. O, bir ticarətçi üçün təhqir olsa da, məsələni öz xeyrinə həll etmədi. Bununla da o, mənim gözümdə ucaldı. O, hörmətə və ehtirama layiq idi.
- Mən yanılmışam. Çox yaxşı oxşadıblar. Mən lupa ilə baxanda gördüm ki, həqiqi deyil. Ümid edirəm ki, on səkkiz dollarlıq əşyanı qiymətli hesab etdiyim üçün sənət yoldaşlarım məni qınamazlar. O çek kitabçasını açdı və yüz dollarlıq çek yazaraq Ramseyə uzatdı.
Ramsey çeki götürərkən dedi:
-    Gənc dostum, bu sizə dərs olsun. Həmişə özünüzə çox güvənməyin!
Hiss etdim ki, qəzəbdən Keladanın əlləri əsir.
Bu gecəyə qədər hər şey çox gözəl və maraqlı keçirdi. Amma bu gecə mənim gördüyüm ən gülməli mərc oyunu idi. Missis Ramsey isə bu gecə öz kayutuna şiddətli başağrısı ilə qayıtdı.
Səhərisi gün mən üzümü qırxmaq üçün bir az erkən qalxdım. Kelada yatağında uzanmışdı, siqaret çəkirdi.
Birdən yüngül taqqıltı səsi gəldi və qapının altından içəri bir konvert itələdilər. Qapnın aşıb baxdım. Heç kim yox idi. Konverti qaldırdım və Maks Keladaya ünvanlandığını gördüm. Göndərənin adı yazılmamışdı. Mən konverti ona uzatdım.
-    Kimdəndir? – deyib konverti açdı. Ah, ilahi! O, bir kağız çıxardı, lakin bu, məktub deyil, yüz dollarlıq çek idi! O, mənə baxdı və pörtdü.
-    Necə fikirləşirsən qapıdan atılan bu pulla xanım öz borcunu qaytara bildimi?
Mən cavab verməyə macal tapmamış o, gülərək dedi:
-    Heç kim keçmişinin üzə çıxmasını istəmir, çünki bu onun həyatını mənfi şəkildə dəyişdirə bilər.
-    Boyunbağı həqiqi idi?
-    Əgər mən orada həqiqəti desəydim Ramseyin o gözəl xanımı bu ili əri ilə Nyu-Yorkda keçirməyəcəkdi.
Bu andan etibarən mən Keladanı sevməyə bilməzdim. O, çek kitabçasını çıxardı və yüz dollarlıq çeki ehtiyatla oraya qoydu. Bax belə!

Əsərin müəllifi: Uilyam Somerset Moyem
Orijinaldan çevirdi: Şəfa Cəbiyeva
Həmçinin oxu:
yapon yazıçısı Murakaminin Sükut adlı super əsəri

Əsərin ingiliscə orijinalı- http://maugham.classicauthors.net/knowall/

Top