Viktor Hüqo yaşadığı dövr haqqında düşüncələri bəşər tarixinin ümumi konsepsiyası və yazdığı romanda hadisələrin cərəyan etdiyi on beşinci əsr haqda təsəvvürləri ilə yaxından səsləşirdi. Roman “Paris Notr-Dam kilsəsi” adlandırılır və 1831-ci ildə işıq üzü görür. “Paris Notr-Dam kilsəsi” 1820-ci ildə fransız ədəbiyyatında əsası qoyulan ənənənin davamı oldu . Romanda isə diqqət tarixçinin unutduğu və ya əhəmiyyət vermədiyi məsələlər üzərində cəmlənir.
O dövr üçün yeni olan bu ideyaları tutalqa edən Hüqo “Paris Notr-Dam kilsəsi” əsərini yaratdı. Yazıçı dövrün ruhunun ifadəsini tarixi romanın başlıca həqiqət meyarı sayırdı. Bədii əsər məhz bununla tarixi faktları şərh edən xronikadan prinsipial surətdə fərqlənir. Romanda faktiki “kanva” müəllifin fantaziyasının məhsulu olan surətlərin fəaliyyət göstərdiyi və hadisələrin inkişaf etdiyi süjetin ümumi məzmununa xidmət edir. Tarixi romanın gerçəkliyi əks etdirməsi faktların dəqiqliyində deyil, zamanın ruhuna sadiqliyindədir. Hüqo əmin idi ki, tarixi xronikanın pedantcasına şərh olunmasında naməlum kütlənin və ya “aqrotinlərin” küçə rəqqasəsi Esmeraldanın, zəngçalan Kvazimodonun, ya da kimyagərlik qabiliyyətinə kralın belə maraq göstərdiyi alim rahibin davranışlarında gizlənən qədər məna yoxdur. Müəllifin fantaziyasından tələb olunan əsas şey – dövrün ruhundan kənara çıxmamaqdır: xarakterlər, personajların psixologiyası, onların münasibətləri, hərəkətləri, hadisələrin ümumi gedişi, gündəlik həyatda və məişətdə rast gəlinən təfsilatlar – təsvir olunan tarixi reallığın bütün aspektləri dövrün gerçəkliklərinə uyğun gəlməlidir. Romanın bütün əsas surətləri – Klod Frollo, Kvazimodo, Esmeralda, Feb – uydurma obrazlardır. Yalnız Pyer Qrenquar istisna təşkil edir: onun real tarixi prototipi vardır – bu, XV əsrdə və XVI əsrin əvvəllərində Parisdə yaşamış şair və dramaturqdur. Romanda kral XI Lüdovikin və Burbon kardinalının da obrazları canlandırılır. Romanın süjeti hər hansı böyük tarixi hadisəyə əsaslanmır, real faktlara gəldikdə isə yalnız Paris Notr-Dam kilsəsinin və orta əsrlər Parisinin ətraflı təsvirini göstərmək olar. Romanda topoqrafik təfsilatların bolluğu nəzərə çarpır. Bir tərəfdən Sena çayı ilə, digər tərəflərdən isə içərilərində V Karlın vəliəhdinin evi, şəhər bələdiyyəsi, kilsə, məhkəmə sarayı, edam və işgəncələr verilən yerlər olan binalarla əhatə olunmuş Qrev meydanı xüsusilə geniş və detallı təsvir olunur. Hüqonun romanında bütün əsas qəhrəmanlar Qrev meydanında görüşürlər: burada kütlənin alqışladığı, Klodo Frollonun isə lənətlər yağdırdığı qaraçı qızı Esmeralda oynayıb-oxuyur; meydanın qaranlıq küncündəki miskin hücrədə dustaq qadın əzab çəkir; kütlənin arasında insanların etinasızlığından əziyyət çəkən şair Pyer Qrenquar dolaşır, onun yeməyə çörəyi, qalmağa yeri yoxdur; burada qaraçı dəstəsinin, “təlxək qardaşlığının”, “Arqo krallığı” təbəələrinin, yəni oğruların və əyrilərin, təlxəklərin və oyunbazların, avaraların, dilənçilərin, şikəstlərin qaynaşdığı əcaib nümayiş var; burada, nəhayət, “təlxəklər kralı” Kvazimodonun gülünc tacqoyma mərasimi keçirilir. Sonra isə bu qəhrəmanın taleyinin kulminasiya nöqtəsini təşkil edən epizod – Esmeraldanın öz kuzəsindən ona su verməsi səhnəsi baş verir. Bütün bunları meydanda baş verənlərin dinamik fonunda təsvir edən Hüqo orta əsrlər Parisinin canlı “yerli koloritini”, tarixi mənzərəsini yaradır. Azadfikirliliyin ilk cücərtiləri meydana çıxarkən o, Paris Notr-Dam kilsəsini dövrün simvolu hesab edir və təsadüfi deyil ki, bütün əsas hadisələr kilsədə və onun qarşısındakı meydanda cərəyan edir. Kilsənin özü müfəssəl təsvirlərin obyekti, onun arxitekturası isə dərin müəllif düşüncələrinin və şərhlərinin predemeti rolunu oynayır. Hüqo təsvir etdiyi dövrün əlamətlərini romanın qəhrəmanlarının – əsas etibarilə, Paris Notr-Dam kilsəsinin arxidiakonu Klod Frollonun və kilsənin zəngçalanı Kvazimodonun xarakterlərində və talelərində təcəssüm etdirməyə çalışır. Onlar müəyyən mənada antipoddurlar, ancaq buna baxmayaraq, onların taleyi bir-birilə sıx bağlıdır. Alim və zahid olan Klod Frollo yalnız ilk baxışdan kilsəyə sədaqətlə xidmət edən, onu qoruyan və təəssübünü çəkən birisi təəssüratını yaradır. Romanın səhifələrində peyda olduğu andan etibarən bu adam ziddiyyətli xarakteri ilə adamı heyrətləndirir: sərt, qaşqabaqlı, qaradinməz, sifəti qırışlardan büzüşmüş, saçları çallaşmış və tökülmüş bu adamın yaşı otuz beşdən artıq olmaz. Ancaq gözləri həyat eşqilə və ehtirasla alışıb-yanır. Süjetin inkişafı ilə onun xarakterindəki ikilik daha qabarıq görünür. Öyrənmək həvəsi Klod Frollonu bir çox elmləri və sərbəst incəsənət növlərini mənimsəməyə sövq edib. On səkkiz yaşında ikən Sorbonnanın bütün dörd fakültəsini bitirib. Lakin onunçün elmlərin şahı, dinin yasaq qoymasına rəğmən, məşğul olduğu əlkimyadır. Zamanın sərt qanunlarından istifadə edərək onu cadugər qadın kimi təqib və ittiham etməklə sanki özünü “şeytanın vəsvəsəsindən”, yəni sevgidən xilas edir. Lakin bu çarpışma Klod Frollonun qələbəsilə başa çatmayıb, ikiqat faciəylə nəticələnir: Esmeralda da, onu təqib edən də həlak olurlar. Klod Frollo ilə Hüqo hələ XVIII yüzildə formalaşmış yasaq olunmuş ehtiraslardan əzab çəkən və cinayət işləyən yolunu azmış yaramaz rahib obrazı ənənəsini davam etdirir Klod Frollonun düçar olduğu mənəvi düşkünlük xüsusilə onun yaşadığı dövr üçün səciyyəvidir. O, kilsənin rəsmi işçisi olduğundan onun ehkamlarına riayət etməli və onları qorumalıdır. Lakin dərin və hərtərəfli biliyi itaətkar olmaqda ona mane olur və ona əzab verən sualların cavablarını tez-tez kilsənin qadağan etdiyi kitablarda, əl-kimyada, germetikada, astrologiyada axtarmalı olur. O, “fəlsəfə daşını” qızıl əldə etmək üçün deyil, onu Tanrıyla bərabərləşdirən hakimiyyətə sahiblənmək üçün əldə etmək istəyir. Onun şüurundakı mütilik və itaətkarlıq cəsarətli “azad axtarışların” qarşısında tab gətirə bilmir. O ki qaldı Kvazimodoya, o, sözün əsil mənasında maraqlı metamorfoza prosesi yaşayır. Əvvəldə Kvazimodo bizim təsəvvürmüzdə elə bir varlıq kimi təsvir olunur ki, onu sözün həqiqi mənasında çətin ki insan adlandırmaq mümkün olsun. Onun adı simvolik məna daşıyır Kvazimodo – Klod Frolloya demək olar ki oğul (oğulluq) kimidir və demək olar ki (demək, tam yox) insandır. O bütün fiziki eybəcərlikləri özündə birləşdirir: gözünün biri kordur, belində və sinəsində donqarı var, axsaqdır, heç bir şey eşitmir, qulaqları çaldığı nəhəng zəngin güclü səsindən kar olub, olduqca nadir hallarda danışdığından çoxları onu lal hesab edir. Ancaq onun başlıca eybəcərliyi – mənəvidir: Hüqo qeyd edir ki, “Bu eybəcər vücudda mövcud olan ruh eyni dərəcədə eybəcər və qüsurludur”. Xeyirlə şər arasındakı fərqi bir-birindən ayıra bilmir, onda mərhəmət hissi yoxdur, heç vaxt vicdan əzabı çəkmir. Kvazimodo müstəqil şəxsiyyət olaraq özünü dərk etmir, onda insanı heyvandan ayıran şey – ruh, mənəvi duyğular, düşünmək qabiliyyəti hələ oyanmayıb. Bütün bunlar müəllifə bu əcayib zəngçalanı kilsənin əjdahası – qeyri-adi dərəcədə eybəcər və qorxunc daş heykəllə (hələ bütpərəstlik dövrü təsəvvürlərinə görə, kilsənin tavanında olan bu heykəllər şər ruhları Tanrı məbədindən qovmalıydılar) müqayisə etməyə əsas verir.Biz ilk dəfə Kvazimodo ilə qarşılaşdıqda bu personajın mütləq eybəcərliyinin şahidi olur. Onda fiziki və mənəvi eybəcərlikləri ehtiva edən bütün keyfiyyətlər birləşib; daha dəqiqi, Kvazimodo eybəcərliyin etalonu şəklində təqdim olunur. Hüqo əmin idi ki, həyatın və tarixi inkişafın mənası tərəqqidə və ilk növbədə insanın mənəvi cəhətdən kamilləşməsindədir. O hesab edirdi ki, bu tale bütün insanları, hətta ilk baxışda mütləq mənada şəri təmsil edənləri də gözləyir. O, Kvazimodonu da kamilləşmə yoluna çıxarmağa çalışır. Kvazimodonun insani duyğuları sarsıntı keçirdiyi anda oyanır. Qrev meydanın ortasında rüsvayçı dirəyə zəncirlənərək qamçılanmaq cəzasına məhkum edildiyi (dumanlı şəkildə başa düşdüyünə görə, qaraçı qıza hücum etdiyi üçün) vaxt ehtirasdan vəcdə gəlmiş kütlə onu kobud ifadələr məsğərəyə qoyduğu halda, həmin küçə rəqqasəsi Esmeralda ondan qisas almaq əvəzinə su gətirir. Bunadək Kvazimodo insanlar tərəfindən yalnız nifrət, təhqir, rişxənd, kin, qəzəb və həqarət görmüşdü. Göstərilən mərhəmət onun gözlərini açır, özünü insan kimi hiss etməsinə impuls verir. Onun Esmeraldanın əlindən aldığı bir içim su rəmzidir: bu hədsiz dərəcədə alçaldılmış bir insanın tamamilə yad bir adam tərəfindən gördüyü səmimi və adi dəstəkdir. Halbuki bu qız özü də xurafat mühitində, qaba kütlənin çılğın ehtirasları, xüsusən də inkvizitor məhkəməsi qarşısında köməksizdir. Kvazimodo bu xeyirxahlıqdan olduqca mütəəssir olur, onun vicdanı oyanır, individual hissləri baş qaldırır, onda itaət etməkdən savayı düşünmək tələbatı da yaranır.
Onun qəlbi Esmeraldaya doğru qanadlanıb uçur, ancaq eyni zamanda bugünədək şəksiz itaət etdiyi Klodo Frolloya münasibəti dəyişir. Artıq Kvazimodo kölə kimi itaətkar ola bilməz, onun hələ yetərincə vəhşi ürəyində sirli duyğular baş qaldırıb. O artıq daş heykəl deyil və adam olmağa başlayıb. Kvazimodonun iki – əvvəlki və yeni ruh halı arasındakı ziddiyyət Hüqonun öz romanında qotik arxitekturaya və “özgür araşdırmalar ruhunun” oyandığı XV əsrə həsr etdiyi geniş fikirlərini simvolizə edir. Əvvəllər mütləq surətdə itaətkar olan Kvazimodonun Klodo Frollonun müqəddəratının hakiminə çevrilməsi müəllif mövqeyinin ifadəsi kimi xüsusilə səciyyəvidir. Əsərin finalında hətta ən aciz və hüquqsuz insanın müstəqilliyə və azadfikirliliyə meyillənməsi bir daha vurğulanır. Kvazimodo könüllü olaraq gözəl, istedadlı, fitrətən mərhəmətli və azad Esmeraldaya görə öz həyatını qurban vermək yolunu seçir. Onun romanın sonunda gerçəkləşən ölümü öz patetikliyi ilə bizi həm dəhşətə gətirir, həm də təsirləndirir. Bu ölümdə eybəcərliklə ülvilik tam olaraq qovuşur. Hüqo əksliklər arasındakı ziddiyyətləri həyatın əbədi və universal qanunu hesab edir və bunun ən yaxşı ifadəçisi də romantik sənət olmalıdır. Hüqonun romanı təzadlar və antitez-obrazlarla zəngindir: eybəcər Kvazimodo – gözəllər gözəli Esmeralda, aşiq Esmeralda – biganə Feb, tərki-dünya arxidiakon – arsız və kefcil Feb. İntellektual baxımdan təzadlar: alim arxidiakon və cahil zəngçalan; səmimi duyğular və zahiri görünüş baxımından Kvazimodo və Feb. Demək olar ki, bütün qəhrəmanlar daxilən də ziddiyyətli xarakterə malikdirlər. Onların arasında yalnız Esmeralda istisnadır; o, mütləq mənada bütöv xarakterə malikdir və bu onunçün faciə ilə nəticələnir. O, mühitin, yad ehtirasların və “cadugərlərin” qeyri-insani təqiblərinin qurbanı olur. Romanda yüksəklikdən seyr edilən Paris “çoxəsrlik abidələrin kolleksiyası”, gözəl və ibrətamiz bir şəhər kimi təsvir olunur. Onu bir baxışda əhatə etməklə hadisələrin ardıcıllığını və gizli mənasını aşkar etmək mümkündür. Dik və ensiz spiralvari pilləkənləri keçməklə kilsənin qülləsinə qalxıb çox şeyi görmək olar. Hüqo bu səhnəylə insanlığın əsrlərin pillələriylə qalxmasını simvolizə edir. Onun tarix haqqında “Paris Notr-Dam kilsəsi” romanında əks olunun bilgiləri yetərincə geniş və mükəmməl idi, odur ki, biz bu əsəri tam anlamıyla tarixi roman adlandıra bilərik. “Paris Notr-Dam kilsəsi”ndə bu “dərs” ilk növbədə XV yüzilin azadlıq hərəkatı ilə müasir cəmiyyət yazıçısının bugünkü həyatının tutuşdurulması yoluyla alınır. “Paris Notr-Dam kilsəsi” romanından sonra da Hüqo bütün yaradıcılığı boyu şəfqət və mərhəmət motivlərinə üstünlük vermişdir. Beləliklə, XV yüzilin insanları üçün anlaşılmaz olan hadisələrin mahiyyəti yalnız bir neçə əsrdən sonra məlum olur, orta əsrlərin tarixi yalnız sonrakı nəsillər tərəfindən öyrənilərək dartışılır. Ancaq XIX yüzildə məlum olur ki, keçmişdə və bu gün baş verən hadisələrin istiqaməti və mahiyyəti mühüm qanunlarla müəyyənləşən vahid proseslə bağlıdır: bu, insan ruhunun azadlığa can atması və ictimai varlıq formalarının təkmilləşməsidir. Tarixi müasirliklə sıx təmasda dərk edən Hüqo hadisələrin uzaq keçmişdə cərəyan etdiyi, lakin 1830-cu illər üçün olduqca aktual olan “Paris Notr-Dam kilsəsi” romanında öz konsepsiyasını irəli sürür. “Paris Notr-Dam kilsəsi” fransız ədəbiyyatında böyük hadisə, tarixi roman janrının zirvəsi oldu.