İkinci hissə (Qaranlıq muzey - evin şəkilləri)
Anam, atam, qardaşım, nənəm, əmilərim, xalalarım, bibilərim beşmərtəbəli mülkün müxtəlif mərtəbələrində yaşayırdıq. Mən doğulmazdan bir il əvvələ qədər böyük Osmanlı ailəsi kimi hamının birlikdə, amma ayrı-ayrı otaq və hissələrində yaşadığı yandakı böyük daş ev boşaldılıb özəl bir ibtidai məktəbə kirayəyə verilmiş, 1951-ci ildə bitişikdəki tikinti sahəsində indi bizim dördüncü mərtəbəsində yaşadığımız "modern" bina tikilmiş, küçə qapısının üzərinə də o zamankı dəbə uyğun olaraq qürurla "Pamuk Mülkü" yazılmışdı. İlk illərdə anamın qucağında çıxıb-düşdüyüm bu mərtəbələrin hər birində bir-iki piano vardı. Həmişə qəzet oxuyarkən xatırladığım əmim də sonda evlənmiş, daha sonra yarım əsr küçədən keçənləri pəncərədən seyr edərək içində yaşayacağı birinci mərtəbəyə əmim arvadı və pianosuyla köçmüşdü. Heç biri çalınmayan bu pianolar məndə hüzn və mənəvi sıxıntı oyandırırdı. Təkcə pianoların çalınmamasına görə deyil, içi dopdolu Çin qabları, fincanlar, gümüş dəstlər, şəkər qabları, burunotu qutuları, büllur qablar, gülabdanlar, boşqablar, buxurdanlar (və bir gün aralarında gizlənmiş kiçik oyuncaq maşın) dolu vitrinli bufetlərin həmişə qıfıllı qalması, sədəf işləməli rəhillərin, divardan asılı əmmamələrin işlənilməməsi, Art Nouveau və yapon sənəti təsirini özündə saxlayan pərdələrin arxasında heç bir şeyin gizlənməməsi,
Amerikaya köçmüş həkim əmimin iyirmi illik tozlu və qalın cildli tibb kitablarının düzüldüyü kitabxananın şüşə qapaqlarının heç vaxt açılmaması məndə hər mərtəbənin salonlarını dolduran bütün bu əşyaların yaşamaq üçün deyil, ölüm üçün sərgiləndiyi hissini yaradırdı (bəzən bir kiçik stol, ya da oymalı sandıq əsrarəngiz şəkildə bir salondan digər mərtəbədəkinə çıxardı). Sədəf işləməli, gümüş telli divanlarda bəzən atılıb-düşdükdə nənəmiz "divanda düzgün oturun" deyə xəbərdarlıq edirdi. Ümumi otaqların ev sakinlərinin vaxtlarını xoş keçirə biləcəkləri rahat məkan kimi deyil, nə zaman gələcəyi heç bilinməyən xəyali qonaqlar üçün sahmanlanmış kiçik muzey kimi qurulmasının arxasında əlbəttə qərbliləşmə həvəsi vardı (ramazanda oruc tutmayan bir nəfər bufetlər və pianolar arasında, divanlar və yastıqlarda bardaş quraraq oturulub yaşanan evdəkindən daha az vicdan əzabı çəkər). Dinin tələblərindən qurtulmaqdan başqa qərbliləşmənin nə işə yarayacağı çox da bilinmədiyi üçün salonların çox az toxunulan qərbliləşmə və zənginlik simvollarının, əzablı (və bəzən şairanə) ruhla sərgiləndiyi məkanlar kimi istifadə olunması əlli ildə yalnız İstanbula deyil, bütün Türkiyəyə yayıldı və televizorların evlərə girməsiylə 1970-ci illərin sonunda unudulmağa başlandı.
Ekran başında yığışmaq və bir filmə, ya da xəbərə baxarkən birlikdə danışıb-gülüşməyin ləzzətinin salonları muzeydən kiçik kino salonuna çevirdiyi bu illərdə belə televizoru içəridəki holla bənzəyən otağa qoyub muzey-salonun qıfıllı qapısını ancaq bayramlarda, ya da çox özəl qonaqlar üçün açan köhnə ailələrə rast gəldiyimi xatırlayıram.
Mərtəbələr arasında böyük ailə evinin hissələri arasında olduğu kimi müntəzəm olaraq gediş-gəliş olduğu üçün Pamuk binasının mənzil qapıları çox vaxt açıq olurdu. Böyük qardaşımın məktəbə getdiyi illərdə bəzən anamdan icazə alıb, bəzən də anamla birlikdə yuxraı mərtəbəyə çıxar, səhər nənəm hələ yatağındaykən, çəkilmiş tül pərdələr və küçənin digər tərəfindəki binaların yaxınlığına görə xüsusilə səhərlər yarıqaranlıq əntiq əşyalar dükanına bənzəyən salonda, ağır və böyük xalılar üzərində öz-özümə oyun oynayardım. Avropadan gətirilmiş kiçik oyuncaq maşınları eyni qaydada düzərək park etdirib "qarajçılıq" oynamaqdan, ya da dəhlizlərdə belə uzanıb gedən xalıların dəniz, kresloların, masaların isə bu dənizdən kənara çıxan adacıqlar olduğunu xəyal edib, ayağım yerə dəymədən bir əşyadan digərinə tullanaraq (eynilə ayağını heç yerə dəydirmədən ağacdan ağaca tullanaraq bir ömür keçirən Calvinonun baronu kimi) "yerdən kəsdim" oynamaqdan, ya da Heybeliadakı at arabalarından ilhamla kreslonun qoluna ata minən kimi oturub araba sürməkdən yorulub əldən düşdükdə, daha çox da bütün həyatım boyunca edəcəyim kimi sıxıntıdan buranı (bu otağı, bu salonu, bu kursu, bu əskər otağını, bu xəstəxana palatasını, bu dövlət idarəsini) başqa bir yer kimi təsəvvür etməkdən xəyal gücüm yorulduqda ətrafımdakı stullara, masalara, divarlara ümidsizliklə əyləncə gözləyərək baxar, fotoşəkillərdən başqa maraqlı heç bir şey görə bilməzdim. Alt mərtəbələrdə də eyni məqsədlə istifadə edildiyindən pianoların o zamanlar çərçivələnmiş fotoşəkilləri sərgiləməyə yaradığını düşünərdim. Nənəmin ümumi otaq və salonunda bütün divarlar çərçivələnmiş irili-xırdalı fotoşəkillərlə əhatələnmişdi. Baş guşədə heç vaxt yandırılmayan buxarının üzərindəki divarda 1934-cü ildə ölmüş babam ilə nənəmin retuşla rənglənmiş böyük fotoşəkilləri ayrı-ayrı çərçivələnib asılmışdı. Muzey-salona girən şəxs bu böyük fotoşəkillərin yerindən və nənəmlə babamın o zamanlar hələ də bəzi Avropa dövlətlərinin pullarında gördüyü kimi bir-birilərinə yönəldilmiş durmalarına qarşı kameraya baxışlarından əhvalatın onlarla başladığını anlayırdı.
İkisi də Manisa yaxınlığındakı Gördes qəsəbəsindəndi, burada bədəni və saçları ifrat dərəcədə ağ olduğu üçün Pamuklar deyilən ailədən idilər.
Ata nənəmdə Osmanlı hərəminə yüzillərcə uzunboylu gözəl qız yollayan çərkəz qanı vardı. Atası 1877-78-ci illər Rusiya-Türkiyə müharibəsi zamanı Anadoluya köçmüş, ailə daha sonra İzmirə keçmiş (İzmirdə buraxılan boş evdən aradabir bəhs edilərdi), oradan da babamın inşaat mühəndisliyini oxuduğu İstanbula gəlmişdilər. Babam 1930-cu illərdə yeni Türkiyə Cümhuriyyətinin xeyli miqdarda pul xərclədiyi dəmiryol inşaatından çox qazanmış, Boğaza tökülən Göksu dərəsinin sahilində tütün qurutmaq üçün lazımlı sicimdən kəndirə qədər bir çox şey istehsal edən böyük fabrik tikdikdən sonra 1934-cü ildə özündən sonra atamla əmimin illərcə müxtəlif işlərə girişib iflas edə-edə bitirə bilməyəcəkləri sərvət qoyaraq əlli iki yaşında ölmüşdü.
Salona açılan iş otağının divarlarında isə eyni retuş həvəskarı fotoqrafın pastel rənglərə qərq etdiyi yeni nəslin böyük fotoşəkilləri çərçivələnib xüsusi simmetriya ilə yerləşdirilmişdi. Tibb İnstitutunu bitirib Amerikaya köçən, əsgərlik borcunu vermədiyi üçün Türkiyəyə qayıda biliməyən və beləcə nənəmə müntəzəm olaraq yas havası içərisində yaşama fürsəti verən həkim əmim (Özhan) kök və sağlam idi. Ondan daha kiçik olan və ən aşağı mərtəbədə yaşayan Aydın əmim gözlüklü idi və atam kimi o da inşaat mühəndisliyini oxuyub, gənc yaşında altından qalxa bilməyəcəyi böyük inşaat işlərinə başlamışdı.
İllərcə piano təhsili aldıqdan, Parisdə də bu işi davam etdirdikdən sonra evlənib pianonu buraxan bibim də hüquq fakültəsində assistent olan əriylə birlikdə, illər sonra mənim köçəcəyim və bu kitabı yazarkən yaşadığım damın üstündəki mənzildə yaşayırdı.
İş otağından büllur lampaların daha əzablı etdiyi əsas salona keçdikdə retuşsuz ağ-qara və daha kiçik fotoşəkillərin çoxluğu arasında həyat anidən sürətlənirdi: bütün qardaş-bacıların nişan, toy şəkilləri, bəzi özəl günlərdə çağırılmış fotoqrafın əbədiləşdirdiyi anlar, Amerikadakı əmidən gələn ilk rəngli şəkillər, İstanbulun parkları, Boğaz sahilləri və Taksim meydanında hamının birlikdə yediyi bir bayram süfrəsində, anam, atam, qardaşım və mən birlikdə getdiyimiz bir toyda, yan tərəfdəki qədim evin bağçasında, babamın və əmimin sahib olduğu maşınların və bina qapısının önündə çəkilmiş şəkillər. Amerikadakı əmimin birinci arvadının yerinə ikinci arvadının şəklinin qoyulması kimi qeyri-adi hallar istisna olmaqla, eynilə tamamlanıb bitmiş qədim üslublu muzeydəki kimi heç biri dəyişməyən bu fotoşəkillərə, hamısına bir-bir yüzlərcə dəfə baxmağıma rəğmən, o qələbəlik salona hər dəfə girdikə yenidən baxmağa başlayardım.
Fotoşəkillərə hər yeni baxış mənə yaşanan həyat ilə onun içindən çəkib çıxarılmış, zamana qarşı qorunmuş və bir çərçivənin içinə qoyularaq vurğulanmış kimi anların əhəmiyyətini öyrədirdi. Böyük qardaşımdan riyaziyyat məsələsini soruşmaqda olan əmimə baxarkən, eyni anda onun otuz il əvvəl çəkilmiş şəklini görmək, ya da bir yandan qəzeti vərəqləyərkən, bir tərəfdən də qələbəlik otaqdakı zarafatlaşmaları müşahidə etdiyini üzündəki gülümsəmədən ayırd edə bildiyim atama baxarkən, eyni anda onun mənim kimi beş yaşında və qız kimi uzun saçlı şəklinə baxa bilmək məndə həyatın çərçivə içərisinə qoyulan bu özəl anları yaşamaq üçün bizlərə verilmiş fürsət olduğu təəssüratını yaradırdı. Aradabir nənəmin dövlətin qurucusundan bəhs edirmiş kimi, erkən yaşda ölən babamdan söz açarkən masalardakı və divarlardakı bu çərçivəli şəkilləri əliylə göstərməsi bu qeyri-adi an, adilik-protokol təzadını vurğulayardı. Zamanın axışına, insanların və əşyaların köhnəlməsinə müqavimət göstərən və çərçivə içərisində saxlanılan bu özəl anların önəmini və mənasını anlayarkən, digər tərəfdən də onlardan bezərdim.
Bütün ailənin yığışıb zarafatlaşaraq yemək yediyi axşamları, şəkər və Qurban bayramlarında yeyilən nahar yeməklərini və yaşım artdıqca hər dəfə "artıq gələcək il gəlməyəcəyəm" deyib yenə gəldiyim yeni il yeməklərini və sonra birlikdə toto oynamağı uşaqlığımın ilk illərində çox sevərdim. Bu qələbəlik məclislər, zarafatlaşmalar, əmimin rakı, ya da araq, nənəmin də azacıq içdiyi pivənin təsirilə gülüşmələri mənə bir tərəfdən çərçivədən kənarda qalan həyatın daha əyləncəli olbuğunu hiss etdirir, digər tərəfdən də şənliyin, sevincin bir ailəylə, bir qələbəliklə bölüşülən güvənc duyğusu, zarafatlaşma, rahatlıq olduğunu əks etdirirdi. Digər tərəfdən hamının birlikdə gülüşüb əyləndiyi uzun bayram yeməyi yeyən qohumlarımın, aradabir alovlanan mal-mülk mübahisələrində bir-birilə necə qəddar davrandıqlarını da özümü tanıyandan bəri fərqinə varardım. Anam mənə və böyük qardaşıma kimin bizə hansı pisliyi etdiyini qəzəblə danışardı. Bəzi malların, kəndir fabrikinin səhm kağızlarının, ya da bir mərtəbənin bölüşülməsi hər zaman uzun sürən mübahisələrə, dava və küsüşmələrə yol açardı. İncə şüşələrlə çərçivələnib pianonun üzərinə qoyulan şən-şaqraq şəkillərin üzərindəki çatlara bənzəyən bu qaranlıq əhvalatları nənəmin mərtəbəsindəki qələbəliyin gülüşmələri zamanı bəlkə bir müddət unudurdum, amma çox kiçik yaşdaykən belə bu zarafatların arxasında gizli hesablaşmalar, müəyyən işarələr olduğunu sezərdim. Böyük ailəni yaradan kiçik ailəciklərin hər birinin xidmətçisinin belə (məsələn, bizim Əsma xanımın) digərinin xidmətçisiylə (məsələn, bibimin xidmətçisi İkbal ilə) eyni mübarizə ruhuyla çəkişməyi özlərinə vəzifə hesab etdiklərini də görürdüm.
"Gördünmü Aydın nə dedi?" - anam sonra səhər yeməyi zamanı deyərdi.
"Nə dedi ki?" - atam maraqlanardı. Əhvalatı dinlədikdən sonra "fikir vermə, Allah xətrinə" - deyə atam yenidən qəzet oxumağına davam edərdi.
Hamının eyni taxtadan tikilmiş böyük evdə yaşadığı ənənəvi böyük Osmanlı-İstanbul ailəsinin hələ də izlərini gəzdirən ailənin yavaş-yavaş çürüyərək dağılmaqda olduğunu bütün bu çəkişmələrdən hiss etməsəm belə, atamla əmimin müntəzəm şəkildə iflasa doğru getmələrindən, ikidəbir yeni iş qurmalarından və atamın getdikcə daha çox evdə görünməməsindən sezirdim. Anam aradabir bizi ana nənəmizin yanına apardıqda kabuslarla dolu Şişlidəkiə evin otaqlarında qardaşımla oynayıb başımızı qatdığımız zaman işlərin getdikcə pisləşdiyini anasına danışır, nənəm də ona soyuqqanlı olmağı məsləhət görür, anamın geri qayıtma ehtimalına qarşı təkcə yaşadığı toz içindəki üçmərtəbəli evin heç də xoşagələn yer olmadığını bizə sezdirirdi.
Bəzən keçici olan qəzəbli vaxtları istisna olmaqla atam həyatından, özündən, yaraşıqlılığından, ağlından və taleyindən çox razı bir adam idi. Üzərindən heç vaxt ata bilmədiyi uşaq məsumluğu və sevimlilik ilə bu sevincli anlarını heç vaxt gizlətməzdi. Evin içində tez-tez fit çaldığını, güzgüdə özünə bəyənərək baxıb, ovcunun içinə limon sıxıb saçlarına çəkdiyini xatırlayıram. Zarafatlar, söz oyunları, yanıltmaclar deməkdən, əzbərdən şeir oxumaqdan, zəkasını ortaya çıxarmaqdan, təyyarəyə minib uzaq yerlərə getməkdən xoşu gələrdi. Heç danlayan, qadağa qoyan, cəzalandıran atalardan deyildi. Xüsusilə, uşaqlığımın ilk illərində onunla gəzib-əylənər, yoldaşlıq edərkən dünyanın adamın xoşbəxt olmaq üçün gəldiyi əyləncəli yer olduğunu his edərdim.
Atam pisliyin, düşmənçiliyin, ya da olduqca bezdirici olanların ətrafından səssizcə keçərkən, anam bu təhlükələrə qarşı bizi xəbərdar edər, qadağalar qoyar, qaşlarını çataraq həyatın qaranlıq tərəflərinə qarşı tədbir görərdi. Bu onu atamdan daha az əyləncəli edərdi, amma bizə hər fürsətdə evdən qaçan atamdan daha çox vaxt ayırdığı üçün onun sevgisinə, şəfqətinə çox bağlı idim. Qardaşımla bu sevgi uğrunda rəqabət aparmağa məcbur qalmağım həyatımın özümü tanıyar-tanımaz öyrəndiyim ən əsas həqiqəti idi. Anamın sevgisi üçün böyük qardaşımla apardığımız şiddətli mübarizə və rəqabət, atamın mənə hiss etdirmədiyi avtoritetin, gücün və iqtidarın ruhumda edə biləcəyi zədələnmələrin artıqlaması ilə yerini tutdu. O zamanlar bunu indi düşündüyüm kimi qavraya bilməzdim. Çünki böyük qardaşımla rəqabət hələ ilk başlanğıcda heç bir zaman çılpaq şəkildə ortaya çıxmazdı. Həmişə hansısa oyunun hissəsi olaraq və bir oyunun içində özümüzü bir başqası kimi xəyal edərkən hiss edilirdi. Çox vaxt Orhan ilə Şevket kimi deyil, mənim özümü oxşatdığım bir futbolçu, ya da qəhrəman ilə qardaşımın özünü eyniləşdirdiyi başqa bir futbolçu, ya da qəhrəman kimi vuruşurduq. Çünki bizim yerimizə savaşıb-döyüşən bu xəyali, ya da həqiqi şəxsləri canlandırarkən sonu qan və göz yaşıyla bitən oyun və davamıza özümüzü bütünlüklə verdiyimiz üçün əslində dalaşanın və qısqanclıqla bir-birini yaralayan, alçaldan və əzənin biz iki qardaş olduğunu unudurduq. Qalibiyyət statistikasına, qazanan tərəfin zəfərinin təfərrüatı ilə açılmasına bütün həyatı boyunca həvəs göstərən qardaşımın hesablayıb mənə söylədiyi kimi, oyunların və döyüşlərin 90 faizini o qazanırdı.
Qanım qaralanda, bikef olanda, kədərlənəndə kimsəyə bir söz demədən bizim mənzildən çıxar, ya aşağıya bibim oğlunun yanına oynamağa, ya da çox zaman ata nənəmin mərtəbəsinə gedərdim (uşaqlığında bir dəfə olsun belə digər uşaqlar kimi darıxıram demədin" -anam bir dəfə demişdi). İçlərinin bir-birinə o qədər bənzəməsinə, yemək dəstlərindən şəkərqabına, kreslolardan külqabılara qədər bir çox əşyanın eyni olmasına baxmayaraq, hər mərtəbə mənə bambaşqa aləm, bambaşqa məmləkət kimi görünərdi. Əyşalarla dolu bütün o cansıxıcı görkəminə rəğmən, bəlkə də buna görə nənəmin salonuna gedib orada oynamaqdan, muzeyəbənzər salonun, vazaların, foto çərçivələrinin, stulların kölgəsində xəyal qurmaqdan, buranın başqa bir yer olduğunu təsəvvür etməkdən xoşlanardım.
Axşamlar lampa işığında bütün ailə orada yığışdığı zaman qurduğum bir xəyalda ata nənəmin mənzilini böyük bir gəminin kapitan köşkünə bənzədirdim. Bizlər fırtınada irəliləyən bu gəminin həm kapitanı və heyəti, həm də sərnişinləriydik və dalğalar böyüdükcə narahat olurduq. Gecələr yatağımda yatarkən Boğazdan keçən böyük gəmilərin kədərlə inildəyən fit səslərini eşidərkən qurduğum xəyallardan çox şey götürən bu xəyalda gəminin, bizim, hamımızın taleyinin mənə bağlı olduğunu qürurla düşünərdim. Böyük qardaşımın şəkilli romanlarının qəhrəmanlarını da xatırladan bu xəyala rəğmən, eynilə Allahı düşünərkən hiss etdiyim kimi, şəhəri yaradan camaatla bizim taleyimizin sırf bizlər varlı olduğumuz üçün uyğun gəlmədiyini sezərdim. Amma ondan sonrakı illərdə atamın və əmimin iflası, mal-mülk bölüşmələri və anamla atamın dalaşmaları ilə böyük ailə və bizim kiçik ailə ucundan-bucağından çatlarla, qırıqlarla kiçilərək kasıblaşıb yox olmağa doğru sürətlə gedərkən, ata nənəmin mənzilinə hər gedişimdə içimdə hüzn yaranırdı. Osmanlı dövlətinin çökməsinin İstanbula verdiyi əziklik, itki və hüzn duyğusu başqa bəhanəylə və bir az gecikmiş olsa da ən sonda bizi də tapmışdı.