Oğurlanmış qətl | Karel Çapek

Oğurlanmış qətl | Karel Çapek

- Bu, mənə başqa bir qətli xatırladır – Qoudek dedi. – O da yaxşı düşünülmüş və hazırlanmışdı. Ancaq qorxuram mənim hekayəm sizin xoşunuza gəlməyə, çünki onun sonu yoxdur və sirr açılmamış qalır. Maraqlı olmasa, deyin, davamını danışmayım.

Məncə Siz mənim Albalılıq tərəfdə Kruçemburski küçəsində yaşadığımı bilirsiniz. Bu həmən qısa və köndələn küçələrdəndir ki, orda nə meyxana, nə camaşırxana, heç nə də məhəllə dükanı var. Saat ondan saat on birə qədər radioya qulaq asan avaralardan başqa bütün küçə sakinləri yatır. Burada əsasən sakit vergiödəyiciləri, kiçik məmurlar (ən yüksək ranq yeddinci sinif idi) yaşayır. Onların sırasında bir neçə həvəskar ixtioloq, sitra ifa edən bir musiqiçi, iki filatelist, bir vegeterian, bir spirit və bir də sufi-kommivoyajör var idi. Küçənin qalan sakinləri bu adamların kirayələdiyi və elanlarda deyildiyi kimi “gündəlik səhər yeməyi də daxil olan və təmiz, zövqlə döşənmiş otaq”ların sahibləri idilər. Həftədə bir dəfə, dördüncü günlər sufi-kommivoyajör evə gecə yarısı qayıdırdı, çünki hansısa ruhu xilas edən söhbətlərə qatılırdı. İkinci günlər naturalistlər gec qayıdardılar – onların “Akvarium” dərnəyinin toplantısı olurdu. Adətən onlar küçə fənərinin altında dayanıb canlılar və qızıl balıqlar barədə mübahisə edərdilər. Bir dəfə 3 il bundan qabaq bizim küçəmizdə hətta sərxoş da görüblər, ancaq deyirlər o, Koşirjdən imiş, sadəcə azıbmış.

çex yazıçısı  Karel Çapek

Lakin bir rus hər gün saat on ikiyə 15 dəqiqə işləmiş qayıdırdı. O, seyrək saqqallı, orta boylu adam idi, soyadı da ya Kovalenko idi, ya da Kopıtenko. O, pan Yanskinin evində kirayəşin idi. 7 nömrəli evdə.

Onun nəylə dolandığını heç kim bilmirdi. Ancaq axşam saat beşə qədər o, evdə girlənir, sonra portfelini götürüb ən yaxın tramvay dayanacağına yollanır, ordan da şəhərin mərkəzinə gedirdi. Axşamlar da düz saat on ikiyə on beş dəqiqə işləmiş orda tramvaydan düşüb Kruçemburski küçəsinə dönürdü. Sonralar kimsə dedi ki, bütün bu vaxt ərzində o, kafedə oturub başqa ruslarla söyüşürmüş. Bir də deyirlər ki, o, rus ola bilməzdi, çünki ruslar heç vaxt evə belə tez qayıtmırlar.

Keçən ilin fevralı idi. Artıq yuxuya gedirdim ki, pəncərəmin arxasından beş kəskin zərbə səsi eşitdim. Yuxuda mənə elə gəldi ki, mən hələ balacayam və həyətdə qamçı şaqqıldadıram və hər dəfə qamçı şaqqıldayanda onun səsinə sevinirəm. Birdən mən ayıldım və başa düşdüm ki, bu, revolvyer atəşinin səsidir. Qaçıb pəncərəni açdım və gördüm ki, aşağıda, 7 nömrəli evin qarşısındakı səkidə əlində portfel olan bir kişi üzüqoyulu yıxılıb qalıb. Bu zaman ayaq səsləri eşidildi, küçənin küncündən polis işçisi qaçıb gəldi, yerdəki adama yaxınlaşdı, onu qaldırıb baxdı, ancaq “Ax, zəhrimar!” deyib onu yenə yerə uzatdı və fit çaldı. O dəqiqə küçənin o biri başından daha bir polis göründü və cəld birinciyə yaxınlaşdı.

Mən əlbəttə tezcənə ayaqqabını ayağıma keçirib paltonu çiynimə saldım və aşağı şığıdım. O biri evlərdən vegeterian, musiqiçi, ixtioloqlardan biri, dalandarlar və filatelist də qaçıb gəldilər. Qalanları pəncərədən baxıb qorxudan çənələri əsə-əsə düşünürdülər: “Cəhənnəm olsun, başıma iş açaram”. Bu vaxt polislər adamın üzünü çevirdilər.

-    Bu ki, pan Yanskinin evində yaşayan rusdur. Kopıtenko, ya da Kovalenko. – mən titrək səslə dedim. – O, ölüb?
-    Bilmirəm. – Polis qaş-qabaqla cavab verdi. – Həkim çağırmaq lazımdır.
-    Siz onu bu vəziyyətdə qoyacaqsınız? – musiqiçi əsəbiliklə kəkələdi. – Onu xəstəxanaya aparın.

Küçədə artıq on iki nəfər toplanmışdı, hamı soyuqdan və qorxudan titrəyirdi, polislər isə zərərçəkənin yanında çömbəlib nədənsə onun varatnikini açırdılar. Bu vaxt əsas küçənin başında taksi dayandı, sürücü nə baş verdiyini öyrənmək üçün maşından düşdü. Yəqin fikirləşib ki, bu, sərxoş adamdır və onu evinə aparıb pul qazanmaq olar.

-    Qardaş, nolub? – o, dostcasına bizdən soruşdu.
-    Adam vurublar. – veqeterian dişi dişinə dəyə-dəyə cavab verdi. – Onu maşına qoyub təcili yardıma aparasınız, bəlkə hələ sağdır.
-    Lənətə gələsən! – sürücü deyindi. – Belə işləri heç xoşlamıram. Yaxşı, gözlüyün, indi dönüb gəlirəm.

O, tələsmədən maşınına tərəf gedib, onu bizim yanımıza sürdü.
- Onu maşına qoyun – dedi.

İki polis rusu qaldırıb çətinliklə maşına qoydular. O, əslində belə ağır deyildi, ancaq ölüləri idarə etmək çətin olur axı.
-    Siz onunla gedin, kolleqa, mən də şahidlərin adlarını yazım. – Bir polis o birinə dedi. – Sürücü, siz “Təcili yardım”a sürün, özdə bir az tez.
-    Bir az tez. – sürücü donquldandı. – Bəlkə heç mənim əyləcim işləmir.
Və getdi.

Qalan polis cibindən bloknotunu çıxarıb dedi:
-    Adlarınızı deyin, cənablar. Bu, sadəcə şahid ifadələri üçündür.
Və bir-bir hamımızın adını yazdı. O, xeyli qurdalandı. Deyəsən əlləri donmuşdu. Elə biz özümüz də buzlamışdıq. Mən otağıma qayıdanda on ikiyə iyirmi beş dəqiqə işləmişdi. Deyəsən hər şey on dəqiqə çəkmişdi.

Bilirəm, siz deyəcəksiniz ki, bu hadisədə qeyri-adi heç nə yoxdur. Ancaq qulaq asın, pan Taussiq, bizim küçəmiz kimi sakit küçədə bu, böyük hadisə idi. Qonşu küçələr bizim şöhrətimizin işığında qızınırlar. Çünki, onlar “o hadisə bu tində olub” deyə bilirlər. Bizdən uzaqda olan küçələrin sakinləri laqeyd görünməyə çalışırlar, ancaq bu, bilmək istəyirsinizsə, ancaq hikkədən və həsəddən irəli gəlir – axı hadisə onların küçəsində olmayıb. Daha uzaqda yaşayanlar isə əllərini yellədib deyirlər: “Deyəsən orda kimisə vurublar, Allah bilir, düzdü, ya yox”. Ancaq bu yalnız və yalnız paxıllıqdandır.

Təsəvvür edirsiniz də, sabahsı gün bizim küçənin bütün sakinləri axşam qəzetlərinə necə hücum çəkdilər? Əvvəla biz bizim qətl haqqında yenilikləri öyrənmək istəyirdik. İkincisi, hamı öz küçəsində baş vermiş hadisə haqqında oxuyacağından həzz alırdı. Məlumdur ki, insanlar qəzetdə şahidi olduqları hadisə haqqında oxumağı daha çox sevirlər. Deyək ki, Uyezddə at yıxılıb və bu, nəqliyyatın hərəkətini on dəqiqə iflic edib. Əgər bu barədə heç nə yazılmayıbsa, şahid əsəbləşir və qəzeti stolun üstünə tullayır, çünki orda oxumağa heç nə yoxdur. Onun özünün də birbaşa iştirak etdiyi hadisənin jurnalistləri maraqlandırmaması onu demək olar ki, təhqir edir. Məncə hadisələr bölməsi məhz bu cür hal şahidləri üçün yaradılıb ki, onlar inciyib qəzet almaqdan əl çəkməsinlər.
Hadisə haqqında heç bir qəzetdə heç nə yazılmaması bizi təhqir etmişdi. “Lənət şeytana! – biz donquldanırdıq. – Burda hər cür siyasi hadisədən, müxtəlif fırıldaqlardan, hətta tramvayın əl arabasını əzməsindən də yazırlar, ancaq bizim qətl haqqında bir kəlmə də yazmayıblar. Bu qəzetlər necə də satqındırlar!”

Sonra filotelistin ağlına gəldi ki, bəlkə polis qəzetlərdən xahiş edib ki, istintaq bitənə qədər heç nə yazmasınlar. Bu bizi həm sakitləşdirdi, həm də bir az da həyəcanlandırdı. Biz belə bir küçədə yaşadığımızla fəxr edirdik və əmin idik ki, bu sirli hadisə ilə əlaqədar şahid kimi polisə çağırılacağıq. Ancaq ikinci güç də qəzetlərdə heç nə yazılmadı və polisdən istintaqı aparmaq üçün heç kim gəlmədi, ən təəccüblüsü isə o idi ki, heç kim mərhumun yaşadığı evin sahibigilə gəlib onun otağına baxmadı və onu möhürləmədi.

Bu artıq bizə möhkəm toxunmuşdu. Musiqiçi dedi ki, bəlkə polis işi itirmək istəyir, Allah bilir bu işdə kimin barmağı var.
Üçüncü gün də qəzetlər susanda bütün küçə hirslənməyə başladı və hamı bir ağızdan iddia etdi ki, biz bunu belə qoymayacağıq, necə olsa mərhum bizim qonşumuz idi və biz bütün bu fırıldağın üstünün açılmasına nail olacağıq. Bizim küçəyə onsuz da xor baxırlar – səkimiz pis gündədi, işıqlandırma çox pisdir, ancaq burda hansısa parlamentari, ya da jurnalist yaşasaydı, yəqin ki, hər şey başqa cür olardı. Əməlli-başlı küçədi, ancaq müdafiə edəni yoxdur.

Qısası, küçədə qarşısıalınmaz narazılıq yaranmışdı. Qonşular yaşlı və hörmətli adam kimi mənə müraciət etdilər ki, bölməyə gedim və qətlə bu qədər pis münasibət bəslənməsini kimossara danışım.
Mən də əvvəldən bir az tanıdığım komissar Bartoşekin yanına getdim. O, elə qaraqabaq adam idi ki. Deyirlər o, hələ də hansısa nakam məhəbbətin iztirablarını çəkir. Polis xidmətinə də məhz bu dərdin ucbatından başlayıb.

-    Pan komissar, – ona dedim. – Gəldim öyrənəm ki, Kruçembur küçəsindəki qətl hadisəsinin istintaqı necə gedir. Bu iş haqqında bu qədər susulması bizi təəccübləndirir.
-    Hansı qətl? – komissar soruşdu. – Orda heç bir qətl hadisəsi olmayıb. Mən dəqiq bilirəm, axı bu, bizim rayondur.
-    Necə yəni? Bəs küçədə güllələnən o rus? Kovolenko, ya da Kopıtenko? – mən xatırlatmağa çalışdım. – Orda iki polis var idi. Biri şahidlərin adlarını yazdı, o biri mərhumu “Təcili Yardım”a apardı.
-    Bu, mümkün deyil. – komissar bəyan etdi. – Bizdə heç bir qətl qeydə alınmayıb. Yəqin səhv edirsiniz.

-    Ah, pan komissar, – mən artıq əsəbləşməyə başladım. – bu hadisənin ən az əlli şahidi var, hamısı da bunu təstiq edə bilər. Biz loyal vətəndaşlarıq, pan komissar və əgər dilimizi saxlamaq lazımdırsa, elə də deyin, bilək. Ancaq heç nədən qətli görməməzlikdən gəlmək olmaz axı. Biz qəzetlərə yazacağıq.
-    Dayanın! – komissar sifətinə elə ciddi ifadə verdi ki, mən hətta qorxdum. – Xahiş edirəm, hər şeyi başdan danışın.

Mən hər şeyi olduğu kimi danışmağa başladım və komissar elə həyəcanlandı ki, hətta hirsindən yamyaşıl oldu. Ancaq elə ki mən bir polisin o birinə “Siz onunla gedin, kolleqa, mən isə şahidləri yazım” dediyi yerə çatdım, o, rahatca köksünü ötürdü və dilləndi:

-    Ay Allah, axı onlar bizim işçilər olmayıblar! Bəs siz niyə bu “polislərə” qarşı əsl polisləri çağırmadınız?! Axı sizin necə ağlınıza gəlmədi ki, polislər heç vaxt bir-birinə “kolleqa” demirlər? Xəfiyyələr bəlkə belə danışa bilərlər, ancaq polis – heç vaxt! Eh, məsum sivil, “kolleqa”, axı siz niyə onların həbsi üçün heç bir tədbir görmədiniz?
-    Axı nəyə görə? – mən kədərlə soruşdum.

-    Sizin qonşunuzu öldürdüklərinə görə! – komissar qışqırdı. – Ən azı qətdə əlbir olduqlarına görə. Siz neçə ildir Kruçemburski küçəsində yaşayırsınız?
-    Doqquz – mən dedim.

-    Onda siz bilməli idiniz ki, saat on bir on beşdə ən yaxın polis patrulu Krıtov bazarının yaxınlığında olur. İkinci patrul bu zaman Silezski və Perunova küçələrinin kəsişməsində, üçüncüsü nizami addımlarla 1388 nömrəli evin qarşısında addımlayır. Sizin polisinizin qaçdığı küçədən bizim polisimiz ya saat on qırx səkkizdə, ya da on iki iyirmi üçdə qaça bilər, başqa heç bir saatda bu mümkün deyil, çünki orda olmur. Lənət şeytana, axı bunu hər oğru bilir, vicdanlı vətəndaşın isə bu haqda anlayışı da yoxdur! Bəlkə siz düşünürsünüz ki, mənim hər tinin dalında polisim var? Əgər sizin dediyiniz vaxtda o lənətə gələsi tindən bizim polis qaçsaydı, bu, çox fövqəladə hadisə olardı. Əvvəla ona görə ki, on bir on beşdə o, əmrə uyğun olaraq Krıtov bazarının yanında olmalıdır, ikincisi, ona görə ki, o, bizə qətl haqqında vaxtında xəbər verməyib. Bu, təbii ki, çox ciddi pozuntu olardı.

-    Ay Allah! – mən dedim. – Bəs qətl necə olsun?
-    Qaranlıq məsələdir – açıq-aydın sakitləşmiş komissar dedi. – Bu, pan Qoudek, çox xoşagəlməz hadisədir. Bunun arxasında çox hiyləgər cani və böyük bir fırıldaq dayanır. Hər şey bicliklə düşünülüb: əvvəla, onlar qurbanın evə nə vaxt gəldiyini bilirlərmiş, ikincisi, polislərin patrul marşurutunu və vaxtını bilirmişlər, üçüncüsü, onlara lazım imiş ki, polis ən az iki gün qətldən xəbər tutmasın. Yəqin ki, bu vaxt onlar gizlənmək və izlərini itirmək üçün lazım imiş. İndi sizə hər şey aydındır?

-    O qədər də yox – mən dedim.
-    İş belə olub – polis komissarı səbrlə mənə başa salmağa başladı. – İki cani polis paltarı geyinib rusu izləyiblər. Onlar, ya da hansısa üçüncü adam ona atəş açıb. Əlbəttə siz bizim nümunəvi polisin dərhal hadisə yerinə gəlməsini görüb sakitləşmisiniz. Yadınıza salın, birinci polisin fiti necə səslənirdi?

-    Bir az boğuq – təhər. – mən dedim. – Mən elə bildim ki, bu, onun tənginəfəs olduğundandır.
-    Aha! – komissar razılıqla bildirdi. – Qısası, onlar elə eləmək istəyirdilər ki, siz qətl haqqında polisə xəbər verməyəsiniz. Bu yolla onlar xaricə qaçmaq üçün vaxt qazandılar. Başa düşürsünüz? Sürücü də yəqin onların dəstəsindən olub. Maşının nömrəsini xatırlamırsınız?

-    Etiraf edirəm ki, biz maşının nömrəsinə fikir vermədik. – mən pərtliklə dilləndim.
-    Eybi yox, onsuz da nömrə saxta olub… Beləliklə, onlar o rusun meyidini də aradan götürə biliblər. Yeri gəlmişkən, o, rus deyildi, makedoniyalı idi, soyadı da başqa cür idi: Protasof. Yaxşı, çox sağ olun, cənab. İndi isə sizdən doğurdan da istintaqa görə bu barədə danışmamanızı xahiş edirəm. Sözsüz ki, bu, siyasi qətl imiş. Onun təşkilatçısı, yəqin ki, çox fərasətli adamdır, çünki, pan Qoudek, siyasi qətllər, adətən çox pis icra olunur. Siyasət qarışdığı yerdə, heç fərli cinayət də olmur, orda ancaq kobud davalara rast gəlmək olar. – komissar nifrətlə qeyd etdi.

Sonradan iş bir az aydınlaşdı. Düzdü, qətlin səbəbi bilinmədi, ancaq üç qatilin adını polis öyrənə bildi. Hər üçü bu vaxt ərzində xaricə qaça bilmişdi. Beləcə bizim küçəmizdən necə qətl oğurlandığını gördünüz. Elə bil onun tarixindən ən şanlı səhifəni cırdılar. Foşa, ya da Vrşoviç prospektindən kimsə təsadüfən bizim küçəmizə gələndə yəqin fikirləşir ki, “Nə darıxdırıcı küçədir!” Və biz küçəmizdə bu qədər sirli bir cinayətin baş verdiyini danışanda, heç kim inanmır. Özünüz bilirsiniz də – başqa küçələr bizim paxıllığımızı çəkirlər…

Çevirdi: Sənubər H.

Top