Adi bir hadisə: səhər saat dörddə Jitni küçəsində sərxoş bir qarını avtomobil vurmuş, sonra da yüksək sürətlə aradan çıxmışdır. Gənc polis məmuru Meyzlikin qarşısında bu avtomobili tapmaq dururdu. Məlum olduğu kimi gənc polis məmurları işlərinə çox ciddi yanaşırlar.
- Hımm… Deməli, siz özünüzdən üç yüz metr məsafədə sürətlə uzaqlaşan avtomobili və yerə sərilmiş adamı gördünüz. Hər şeydən əvvəl siz nə etdiniz? – deyə Meyzlik 141 nömrəli polis nəfərindən soruşdu.
- Hər şeydən əvvəl zərərçəkmişin yanına qaçdım ki, ona ilk tibbi yardım göstərim, – polis sözə başladı.
- Əvvəlcə maşının nömrəsinə diqqət yetirmək lazım idi, – Meyzlik deyindi, – sonra da bu arvadınan məşğul olmaq. Əslində elə mən də bu cür hərəkət edərdim,- deyə əlavə etdi və əlindəki karandaşla başını qaşıdı. – Demək, maşının nömrəsinə diqqət yetirmədiniz. Bəs, başqa əlamətlər?
- Mənə elə gəlir ki, – 141 nömrəli polis inamsız halda cavab verdi, – maşın tünd rəngli idi, ya mavi idi, ya da tünd qırmızı. Səsboğanından gur tüstü çıxırdı, heç nə görmək olmurdu.
- Ay allah! – Meyzlik dilxor oldu. – Bəs biz indi bu maşını necə tapaq? Sürücüdən sürücüyə qaçıb soruşaq ki: “Bu qarını vurub üstündən keçən siz deyilsiniz ki?” İndi deyin görüm, əzizim, necə olsun?
Polis nəzakətlə və laqeydliklə çiyinlərini çəkdi.
- Ərz etməyə cəsarət edirəm ki, mən bir şahidi də qeydə almışam. Amma o da bir şey bilmir. O qonşu otaqda gözləyir.
- Çağıırın gəlsin, – deyə saman çöpündən də yapışmağa çalışan Meyzlik qaşqabaqlı halda dilləndi və bu yarıtmaz protokoldan nə isə bir tutam yeri tapmağa çalışdı. Sonra da başını qaldırmadan mexaniki olaraq içəriyə girən şahiddən soruşdu:
- Familyanızı və yaşadığınız yeri söyləyin?
- Kralik Yan, mexanika fakültəsinin tələbəsi, – deyə şahid aydın səslə cavab verdi.
- Bu gün səhər saat dörddə naməlum maşın Bojen Maxaçkovanı vuranda siz onun şahidi olmuşdunuzmu?
- Bəli. Mən ərz etməliyəm ki, sürücü günahkar idi. Özünüz düşünün, küçə tamamilə bomboş idi, əgər o yolkəsişən yerdə maşının sürətini azaltsaydı…
- Siz hadisə baş verən yerdən nə qədər məsafədə idiniz? – Meyzlik onun onun sözünü kəsdi.
- On addımlığında. Mən tanışımı yola salırdım… kafedən çıxanada. Biz Jitni küçəsindən keçərkən…
- Bəs sizin tanışınız kimdir? O burda qeyd olunmayıb. – Meyzlik yenə şahidin sözünü kəsərək əlindəki protokola işarə etdi.
- Şair Yaroslav Nerad, – şahidin səsində qürur duyulurdu… – Ancaq ondan bir şey xəbər ala bilməyəcəksiniz.
- O niyə elə? – deyə saman çöpündən də yapışımağa hazır olan Meyzlik soruşdu.
- Çünki o… onun… poetik naturası var. Həmin bədbəxt hadisə baş verəndə o uşaq kimi ağladı və o saat da evə qaçdı… demək, biz Jitni küçəsi ilə gedirdik; birdən hardansa arxa tərəfdən çox bərk sürətlə hərəkət edən bir maşın çıxdı…
- Maşının nömrəsi?
- Bağışlayın, mən diqqət yetirə bilmədim. Mən yalnız onun dəli kimi sürdüyü maşının sürətinə fikir verdim və öz-özümə dedim ki, bax…
- Maşın hansı tipdə idi?- Meyzlik yenə onun sözünü kəsdi.
- Dördtaktlı daxili yanma mühərrikli,- deyə tələbə-mexanik işgüzaracasına cavab verdi.- Markası haqqında aydındır ki, mənim başım çıxmır.
- Maşının kuzovu hansı rəngdə idi? Maşını kim sürürdü? Üstüaçıq maşın idi, ya limuzin idi?
- Bilmirəm, – deyə şahid şaşqınlıqla cavab verdi.- Rəngi deyəsən, qara idi. Amma, əslində onu xatırlaya bilmirəm, çünki bədbəxt hadisə baş verəndə mən tanışıma tərəf çöndüm və dedim: ” Əclafa bax e, adamı vurdu, hələ heç maşını da saxlamadı.”
- Hım…- Meyzlik narazılıqla mızıldandı. – Bu əlbəttə təbii reaksiyadır, amma mən istərdim ki, siz maşının nömrəsinə diqqət etmiş olaydınız. Çox təəccüblüdür, adamlar nə dərəcədə diqqətsizdilər. Sizə aydındır ki, sürücü günahkardır, siz doğru deyirsiniz, o adam əclafın biridir, amma maşının nömrəsinə diqqətiniz sıfırdı. Mühakimə yürütməyə hamı qoçaqdır, amma işgüzarcasına ətrafı müşahidə etməyə gəlincə… Təşəkkür edirəm cənab Kralik, gedə bilərsiniz, daha sizi saxlamıram.
Bir saatdan sonra 141 nömrəli polis Yaroslav Neradanın qapısının zəngini basdı.
- Evdədi,- ev sahibəsi cavab verdi.- Yatıb.
Yuxudan ayılan şair gözlərini polisə tərəf bərəldərək: “Görəsən mən neyləmişəm ki?”- deyə fikirləşdi…
Nəhayət polis işçisi Nerada onu nə üçün polis idarəsinə çağrıldığını birtəhər izah etdi.
- Ora getmək məcburidi? – şair şübhəli şəkildə soruşdu. – Axı mən onsuz da indi heç nə xatırlamıram. Gecəni mən bir az…
- Vurmuşdunuz, - polis işçisi onu başa düşərək əlavə etdi. – Mənim bir çox şairlərdən xəbərim var. Xahiş edirəm geyinin. Mən gözləyirəm.
Onlar yolüstü yeməkxanalardan, həyatdan, göylərdə görünən əlamətlərdən və başqa şeylərdən söhbət edə-edə gəlirdilər; təkcə siyasətdən başqa, hər ikisi siyasətə biganə idi. Beləcə dostyana, ağıllı söhbətlərlə gəlib polis idarəsinə çatdılar.
- Şair Yaroslav Nerad sizsiniz? – Meyzlik soruşdu. – Siz gözünüzlə görmüsünüz ki, naməlum avtomobil Bojen Maxaçkovu necə vurdu?
- Hə, – şair dərindən köksünü ötürdü.
- Siz deyə bilərsinizmi ki, o nə cür maşın idi, üstüaçıqmı, üstüörtülümü, rəngi, sərnişinlərinin sayı, nömrəsi?
Şair bərk fikirləşməyə başladı.
- Bilmirəm. Mən onlara fikir vermədim.
- Nə isə bir xırda şey də olsa, təfsilatını yadınıza salın, – Meyzlik təkid etdi.
- Siz nə danışırsınız! – Nerad həqiqətən təəccübləndi. – Mən heç zaman təfsilata diqqət yetirmirəm.
- Zəhmət olmasa deyin görək, siz onda nəyə diqqət yetirdiniz?- Meyzlik kinayə ilə soruşdu.
- Demək belə, ümumi əhvalı, ovqat da demək olar. – Şair dəqiq olmayan bir cavab verdi. – Bilirsiniz, bu adamsız küçə… uzun küçə… dan üzünün küçəsi… Və yerdə qadın fiquru… Dayanın! - Birdən şair yerindən sıçradı. – Axı mən evə gələndə bu haqda şeir yazmışam.
O ciblərini eşələməyə başladı. Ordan çeklər, konvertlər, əzik kağız parçaları çıxardı.
- Bu deyil, bu da deyil… Aha, deyəsən bax budur. – O, konvertin tərs üzünə yazılmış yazını oxumağa girişdi.
- Verin mən baxım, – Meyzlik ona təklif etdi.
- Doğrusu, bu mənim ən yaxşı şeirlərimdən deyil, amma istəsəniz oxuya bilərəm. – Şair təvazökarlıq etdi.
Sonra gözlərini tavana tərəf bərəldərək əzbərdən deklamasiya etməyə başladı:
Evlər toranlıqda düzülmüşdü dal-dala,
Alatoran dillənirdi mandolinda.
Qız qızarırdı.
Uzaq Sinqapura
Siz gedirdiniz yarış maşınında.
Qırılmış zanbaq toza batdı,
Ehtiraslar susdu. İradəsizlik… Unudulmalar.
Ey qu quşunun boğazı!
Ey sinə!
Ey təbil və qoşa çubuqlar -
faciələrin əlaməti var!
- Vəssalam!, – deyərək şair sözünü bitirdi.
- Bağışlayın, bütün bunlar nə deməkdir? – Meyzlik soruşdu. – Burda əslində, nədən söhbət gedir?
- Necə yəni nədən? Maşınla baş verən hadisədən. Məgər aydın deyil? – Şair təəccübləndi.
- Heç də yox, – Meyzlik ona tənqidi yanaşdı. – Mən heç cürə burdan çıxara bilmirəm ki: “iyul ayının on beşində, səhər saat dörddə, Jitni küçəsində atmış yaşı olan sərxoş qadın Bojena Maxaçkova avtomobillə vurulmuşdur. Zərərdidə şəhər xəstəxanasına göndərilmişdir və vəziyyəti ağırdır.” Bütün bu faktlar haqqında sizin şeirinizdə mən başa düşüdüyümə görə bir kəlmə də yoxdur. Bə-li!
- Bütün bunlar zahiri faktlardır, çiy gerçəklikdir, – deyərək şair burnunu qurdaladı və sonra əlavə etdi. - Ancaq poeziya – bu daxili reallıqdır. Poeziya – şairin şürunun alt qatlarında yaranmış sərbəst sürrealistik obrazlardır, başa düşürsünüz? Bu həmin o görmə və eşitmə assosasiyalarıdır ki, oxucu ona nüfuz etsin. O zaman o başa düşəcək, – şair Nerad tənəli şəkildə sözünü bitirdi.
- Lütfən söyləyin! – Meyzlik qışqırdı. -Yaxşı, bu əsərinizi mənə verin görüm. Təşəkkür. Sonucu, burda nə deyilir? hım…”Evlər toranlıqda düzülmüşdü dal-dala…” nə üçün dal-dala düzülmüşdü, bunusa da izah edin.
- Jitnaya küçəsində evlər iki cərgədilər, başa düşürsünüz? – Şair sakitcə izah etməyə başladı.
- Bəs niyə bu Milli prospekt kimi başa düşülmür? – Meyzlik inamsızlıqla soruşdu.
- Ona görə ki, Milli prospekt belə bu cürə düz uzanıb getmir. – Şair inamla cavab verdi.
-Yaxşı, davamı. “Alatoran dillənirdi mandolinada”. Ttutaq ki, belədir. “Qız qızarırdı”. Üzr istəyirəm, bu qız hardan çıxdı burda?
- Dan yerinin şəfəqləri, – şair qısaca izahat verdi.
- Üzr isəyirəm, ah bağışlayın. “Uzaq Sinqapura Siz gedirdiniz yarış maşınında.?”
- Görünür o avtomiobili təxəyyülümdə mən elə qavramışam, – şair izahat verdi.
- O yarış avtomobili idi?
- Bilmirəm. Bu o deməkdir ki, o dəli kimi qızğın sürətlə gedirdi. Elə bil ki, dünyanın sonuna çatmaq istəyirdi.
- Aha, belə. Məsələn Sinqapura? Yaxşı, ilahi, bəs niyə məhz Sinqapura?
Şair çiyinlərini çəkdi.
- Bilmirəm, ola bilsin orda malayziyalılar yaşayır, ona görə.
Şair çaşdı. Sonra özünü ələ aldı:
- Ola bilsin, maşın qəhvəyi rəngdə idi, ona görə, – düşünərək əlavə etdi, – nə isə orda qəhvəyiyə çalan bir şey vardı. Yoxsa Sinqapur hardan gəlib ora düşə bilərdi?
- Demək, belə. Başqa şahidlər deyirlər ki, avtomobil mavi idi, tünd-qırmızı idi, qara idi, kimə inanaq?
- Mənə. Mən deyən rəng göz oxşayır.
- “Qırılmış zanbaq toza batdı”, bu sərxoş dilənçinin nəzərdə tutulmasıdır?
- Mən onun haqqında siz deyən kimi yaza bilməzdim! – Şair pərt oldu. – O qadın idi, vəssalam. Aydındır?
- Aha! Bəs bu nədi: “Ey qu quşunun boğazı! Ey sinə! Ey təbil!” Bunlar sərəbəst assosasiyalardır?
- Verin baxım, – şair şeir yazılmış konvertin üstünə tərəf əyildi, – Hımm… “Ey qu quşunun boğazı! Ey sinə! Ey təbil və qoşa çubuqlar…” Bunların mənası görəsən nədir?
- Bax elə mən də onu bilmək istəyirəm, – polis məmuru kinayə ilə əlavə etdi.
- Dayanın, – Nerad düşüncəyə qərq oldu, – axı bu obrazları nə isə mənə diqtə etmişdir… Deyin görüm, iki rəqəmi qu quşunun boğazına bənzəmirmi? Baxın!
O karandaşla kağıza “2″ yazdı.
- Aha! – Meyzlik artıq gerçəkdən maraqlandı. – Bəs, bu “sinə”?
- Bu ki “3″ rəqəmidir, axı o iki yarımçevrədən ibarətdir ki, o da sinədəki döşlərdir.
- Qalır təbil və çubuqlar! – polis məmuru həyacanla qışqırdı.
- Təbil və çubuqlar… – Nerad fikrə getdi.- Təbil və çubuqlar. Yəqin ki, bu beş rəqəmidir, hə? baxın. – O kağıza “5″ rəqəmini yazdı. – Altdakı dairəvi hissəsi təbilə oxşayır, üstündə də iki çubuq var.
- Demək belə, – deyərək Meyzlik 235 rəqəmini kağıza yazdı. – Siz əminsinizmi avtomobilin nömrəsi ikiyüz otuzbeş idi?
- Nömrə? Mənim heç bir nömrə yadımda qalmayıb, - Nerad qətiyyətlə etiraz etdi. – Ancaq orda nə isə belə bir şey olmasa, mən belə yaza buiməsdim. Zənnimcə bu şeirin ən uğurlu yeridir, siz necə düşünürsünüz?
İki gündən sonra Meyzlik Neradın yanına gəldi. Bu dəfə şair yatmamışdı. Onun yanında gənc bir qız da var idi. O əl-ayağa düşsə də polis məmuruna təklif etməyə bir stul da tapa bilmədi.
- Mən bir dəqiqəliyə gəlmişəm, – Meyzlik onun narahatlığını sovuşdurdu. – Gəldim sizə deyəm ki, o doğrudan da ikiyüz otuzbeş nömrəli maşın imiş!
- Hansı avtomobil? – şair təəccübləndi.
- “Ey qu quşunun boğazı! Ey sinə! Ey təbil və bu çubuqlar!” – Meyzlik birnəfəsə söylədi. – Sinqapur barəsində də doğru çıxdı. Avtomobilin rəngi qəhvəyi imiş.
- Aha! – nədən söhbət getdiyi şairin indi yadına düşdü. – Bax görürsünüzmü, daxili reallıq nə deməkdir. İstəyirsinizsə, sizə iki-üç şeirimi oxuyum? Siz indi onları başa düşə bilərsiniz
- Başqa bir vaxtda! - polis məmuru tezcənək cavab verdi. – Mənim başıma bir də belə hadisə gəlsə, yaxşımı?
Tərcümə edəni
Sultan Mərzili,
Moskva, oktyabr, 2010.