Yanıltmac — şifahi xalq ədəbiyyatı janrı. Yanıltmacdakı sözlər fonetik çəhətdən bir-birinə çox oxşadığından bir neçə dəfə aramsız, tələsik təkrar edildikdə deyilişi çətinləşir, dil dolaşır və sözlər bir-birinə qarışaraq gülüş doğurur. Məsələn, "Bayram günü gələcəyik sizə bayramlaşmağa.Bayramlaşsaz da bayramlaşacağıq,bayramlaşmasaz da bayramlaşacağıq."
Yanıltmacda mənaja o qədər də əhəmiyyət verilmir. Nəzm və nəsrlə olan yanıltmaclar sözlərin müəyyən mətn daxilində müxtəlif formalarda təkrarlanmasından yaranır və daha çox uşaqların düzgün tələffüz vərdişlərinə yiyələnmələrinə yardım göstərir.
- Getdim gördüm bir dərədə iki kar, kor, kürkü yırtıq kirpi var.
Dişi kar, kor, kürkü yırtıq kirpi, ərkək kar, kor, kürkü yırtıq kirpinin kürkünü yamamaqdansa,
Ərkək kar, kor, kürkü yırtıq kirpi, dişi kar, kor, kürkü yırtıq kirpinin kürkünü yamayır.
- Ağ balqabaq, boz balqabaq, boz balqabaq, ağ balqabaq.
- Ay axsaq aşpaz Həsən şah, aşpazlar aş bişirir, sən də gəl aş bişir,
ay axsaq aşpaz Həsən şah!
- Ay qılquyruq qırqovul, gəl bu kola gir, qılquyruq qırqovul.
- Atı min, iti qov, iti qov, atı min; atı min, iti qov, iti qov, atı min.....
- Aşpaz Abbas bozbaş asar o başda, bu başda.
- Aşpaz Abbas, mənə bir basma tas aş as. Bu nə cür basma tas aşdır, mənə bir basma tas aş as!
- Aşpaz Abbas bozbaş asar o başda,bu başda
- Bazarda nə ucuz? Mis ucuz, duz ucuz, kuncut ucuz.
- Boz atın boz torbasın boş as başınnan, apar, islat gətir, yaş as başınnan.
- Bu mis nə pis mis imiş; bu mis Kaşan misi imiş.
- Qatığı sarımsaqlasan da yemək olar, sarımsaqlamasan da.
- Qovlamalaşsan da qovlamalaşacağam, qovlamalaşmasan da qovlamalaşacağam.
- Yorğana yoğrul yorğun.
- Küp qulpu, xub küp qulpu.
- Getdim, gördüm bir dərədə yeddi qara, qaşqa, təpəl, səkil keçi var.
Dedim:
- Ay yeddi qara, qaşqa, təpəl, səkil keçi, mənim yeddi qara, qaşqa, təpəl, səkil, keçimi gördünmü?
Dedi:
- Sənin o yeddi qara, qaşqa, təpəl, səkil keçin mənim yeddi qara, qaşqa, təpəl, səkil keçimin yeddi qara, qaşqa, təpəl, səkil balasıdı.
- Mollanı əmmamələməlimi, əmmamələməməlimi?