İsmayılzadə Mikayıl Əbdülqadir oğlu 1908-ci il iyunun 5-də Bakı şəhərində, ziyalı ailəsində doğulmuşdur. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində almışdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxumuşdur. Azərbaycan Dövlət Darülfünunun dil və adəbiyyat fakültəsini bitirmişdir (1927-1931).
Əmək fəaliyyətinə pedaqoq kimi başlamışdır. Bakı orta məktəblərində yeddi il müəllimlik etmişdir. Son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi olmuşdur (bu məktəb indi onun adını daşıyır). Poetik yaradıcılığa 1926-cı ildə Gənc işçi qəzetində çap etdirdiyi Bir gün şerilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. O, bədii tərcümə ilə də ciddi məşğul olmuşdur. 1938-ci il yanvarın 6-da cəza tədbirləri dövründə güllələnmişdir.
Mikayıl Müşviq yaradıcılığında çox sevdiyim şerlərdən biri Həyat sevgisidir.
Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əllləşən
Dostdan, aşinadan necə əl çəkim?
Dönmə bir şəbnəmə yaz səhərində,
Könül, günəş kimi parla yerində!
Göylərin lacivərd ətəklərində
Gedən bu qovğadan necə əl çəkim?
Baxınız, dan yeri sökülmüş kimi,
Dostlar bir cəbhəyə tökülmüş kimi.
Uzaqdan-uzağa xam gümüş kimi
Ağaran səhradan necə əl çəkim?
Təbiət varlıdır, təbiət xəsis,
İşlədərkən onu, sən ey mühəndis,
Mən də qart daşlara verdiyim bu hiss,
Bu incə mənadan necə əl çəkim?
Bir yanda tərlanlar, dumanlı dağlar,
Bir yanda kəkliklər, ayna bulaqlar,
Bir yanda bülbüllər, çiçəkli bağlar,
Mən bu tamaşadan necə əl çəkim?
Həyat dedikləri bu keçməkeşdən,
Qəlbimdə, qanımda yanan atəşdən,
Gecədən, gündüzdən, aydan, günəşdən,
Bu əngin fəzadan necə əl çəkim?
Qarşımda dalğalı dərin bir ümman,
Ümmanı sarsıdır bir acı tufan,
Bəyaz köpükləri bir çiçək yapan
Şeirdən, xülyadan necə əl çəkim?
Ulduzlar fikrimin çırağbanıdır,
Bulud xəyalımın karıvanıdır,
Səma ki, hissimin aşiyanıdır,
Böylə bir səmadan necə əl çəkim?
Mehriban sevgilim qarşımda durdu,
Yenə şairliyim başıma vurdu,
Məndən məcnun kimi könül maraqla sordu:
-Bu saçı leyladan necə əl çəkim?
Xəzan acısına edib təhəmmül,
Gülün kölgəsində ötəndə bülbül,
- Həyat, həyat!- deyə çırpınır könül.
Könüldən, sevdadan necə əl çəkim?
Sən aldın aşını yeni hisslərdən,
Ey cavan qələmim, düşmə bəhərdən,
A dostlar, söyləyin, mən bu hünərdən,
Bu təbi valadan necə əl çəkim?
Əsərləri 1.Küləklər (şerlər). Bakı: Azərnəşr, 1930, 121 səh.
2.Günün səsləri. Bakı: Azərnəşr, 1930, 130 səh.
3.Buruqlar arasında (poema). Bakı: Azərnəşr, 1932, 47 səh.
4.Vuruşmalar. Bakı: Azərnəşr, 1932, 36 səh.
5.Pambıq (şer). Bakı: Azərnəşr, 1932, 15 səh.
6.Bir may. Bakı: Azərnəşr, 1932, 14 səh.
7.Şerlər. Bakı: Azərnəşr, 1934, 172 səh.
8.Qaya (poema). Bakı: Azərnəşr, 1935, 29 səh.
9.Kəndli və ilan (el nağılı). Bakı: Azərnəşr, 1935, 18 səh.
10.Şəngül, Şüngül, Məngül. Bakı: Azərnəşr, 1934,
11.Seçilmiş əsərləri (iki cilddə). I c. Bakı: Azərnəşr, 1957, 192 səh.
12.Şəngül, Şüngül, Məngül. Bakı: Uşaqgəncnəşr, 1960, 16 səh.
13.Seçilmiş əsərləri (iki cilddə). II c. Bakı: Azərnəşr, 1960, 424 səh.
14.Kəndli və ilan. Şəngülüm, Şüngülüm. Bakı: Azərnəşr, 1965, 32 səh.
15.Kəndli və ilan. Bakı: Azərnəşr, 1966, 16 səh.
16.Teleqraf telləri. Bakı: Azərnəşr, 1966, 80 səh.
17.Şəngül, Şüngül, Məngül. Bakı: Gənclik, 1968, 16 səh.
18.Duyğu yarpaqları. Bakı: Azərnəşr, 1966, 250 səh.
19.Əsərləri (üç cilddə). I c. Bakı: 367 səh.
20.Əsərləri (üç cilddə). II c. 335 səh.
21.Əsərləri (üç cilddə). III c. 354 səh.
22.Yenə o bağ olaydı. Bakı: Gənclik, 1976, 166 səh.
23.Əbədiyyət nəğməsi. Bakı: Yazıçı, 1978, 309 səh.
24.Qaya. Bakı: Maarif, 1978, 118 səh.
25.Kəndli və ilan. Bakı: Gənclik, 1984,13 səh.
26.Şəngül, Şüngül, Məngül. Bakı: Gənclik, 1983, 16 səh.
27.Kəndli və ilan. Bakı: Gənclik, 1984, 16 səh.
28.Könlümün dedikləri (şeirlər). Bakı: Gənclik, 1988, 56 səh.
29.Həyat sevgisi (şerlər, poemalar, mənzum oçerklər, mənzum nağıllar). Bakı: Yazıçı, 1988, 304 səh.