Müəyyən məsələ barədə məsuliyyətli qərarların qəbul olunması məqsədilə araşdırmalar etmək, məsləhətlər vermək, qərarlar, rəylər hazırlamaq, ekspertiza aparmaq üçün həmin sahə üzrə təcrübəli ixtisaslı mütəxəssislər — ekspertlər (experts) dəvət olunur. (Latın dilində «expertus» sözü «təcrübəli» deməkdir.) Ekspertlər qoyulan problemi həll edərkən mühakimə yürütmək qabiliyyətlərindən istifadə edərək faktoqrafik biliklərini tətbiq edirlər. Deməli, hər hansı sahənin eksperti, ilk növbədə, həmin sahə üzrə xüsusi biliklərə, digər tərəfdən məntiqi mühakimə yürütmək qabiliyyətinə malik olmalıdır.
İntellektual informasiya sistemlərinin növlərindən biri də ekspert sistemləridir (expert Systems). Bu növ proqramlar müəyyən faktlara və tətbiq olunduğu sahənin (maliyyə, tibb və s.) ekspertləri tərəfindən qoyulmuş analitik qaydalara əsaslanır. Ekspert sistemləri tətbiq olunduğu sahədə problemləri həll edən, tövsiyələr (məsləhətlər) verən və hətta qərarlar qəbul edən sistemlərdir. Yuxarıda qeyd edildiyi kimi, ekspert-insanlar problemləri həll edərkən həmin sahəyə aid faktoqrafik biliklərinə və mühakimə yürütmək qabiliyyətlərinə əsaslanırlar.
Ekspert sistemlərində bu iki əsas prinsip bir-biri ilə əlaqəli olan iki ayrıca komponent kimi gerçəkləşdirilir: biliklər bazası və məntiqi nəticəçıxarma mexanizmi. Biliklər bazası (knowledge base) verilmiş mövzuya aid xüsusi fakt və qaydaları təqdim edir. Başqa sözlə, biliklər bazası müəyyən sahədə insanların (mütəxəssislərin) topladığı biliklərdən ibarətdir. Məntiqi nəticəçıxarma mexanizmi (inference engine) isə ekspert sisteminə nəticə çıxarmağa imkan verən mühakiməyürütmə qabiliyyətini gerçəkləşdirir. Məntiqi nəticəçıxarma mexanizmi ekspertiza sahəsindəki məlum faktları və qaydaları özündə saxlayır; sonradan ekspert sisteminin əsaslandığı nəticələri almaq üçün daxil edilən informasiya onun (məntiqi nəticəçıxarma mexanizminin) köməyi ilə bu faktlar və qaydalarla tutuşdurulur.
Ekspert sistemləri istifadəçi interfeysi və həllin (qərarın) əsaslandırılması kimi əlavə vasitələri də özündə birləşdirir. Başqa tətbiqi proqramlarda olduğu kimi, istifadəçi interfeysi sorğuları formalaşdırmağa, informasiyanı təqdim etməyə və sistemlə rahat yollarla qarşılıqlı əlaqədə olmağa imkan verir. Ekspert sistemlərinin ən maraqlı komponentlərindən biri olan açıqlama modulunun (explanation module) köməyi ilə sistem çıxardığı nəticələri izah edir; bu modul sistemi hazırlayanlara onun işini yoxlamaq imkanı verir.
İlk ekspert sistemləri 1960-cı illərdə meydana çıxıb; onlar kimya, geologiya, tibb, bank işi və investisiya, sığorta sistemi kimi sahələrdə tətbiq olunur.
Bu maraqlıdır
IBM şirkətində hazırlanmış IBM Watson superkompüteri (IBM şirkətinin ilk prezidenti olmuş Tomas Uotsonun şərəfmə adlandırılmışdır) süni intellektin sual-cavab sistemi ilə təchiz edilmişdir. Onun başlıca təyinatı təbii dildə ifadə olunmuş sualları anlamaq və verilənlər bazasında onlara cavablar tapmaq olmuşdur.
2011-ci ilin fevralında Watson superkompüteri «Jeopardy!» televiziya verilişində (Azərbaycanda «AzTV» telekanalında yayımlanan «61!», Rusiyanın «NTV» kanalında yayımlanan «Своя игра» oyunlarının analoqu) yarışmışdır.
Onun rəqibləri bu proqramda ən böyük uduşun sahibi Bred Ratter və uduzulmayan seriyanın rekordçusu Ken Cenninqs idi. Kompüter qalib olmuş və ona 1 milyon dollar, Cenninqs ilə Ratterə isə müvafiq olaraq 300 və 200 min dollar verilmişdir.
Ekspert sistemlərinin, eləcə də başqa intellektual sistemlərin həll etdiyi məsələlərdə bəzən dəqiq olmayan bilik və faktlardan istifadə olunur. Belə bilik və faktların tam doğru və ya tam yalan (1 və ya 0) olduğunu demək mümkün deyil; məsələn, elə bilik var ki, onun doğruluq dərəcəsinin 0.7 olduğunu söyləmək olar. Bu problemin həlli üçün ekspert sistemlərində və süni intellektin başqa proqram sistemlərində bulanıq məntiqdən (fuzzy logic) istifadə olunur. Bu məntiqdə dəyişənlər 0 (yalan) və 1 (doğru) aralığındakı istənilən qiymət ala bilər. Bulanıq məntiqdə əməliyyatın nəticəsi müəyyənlik termini ilə deyil, ehtimal terminləri ilə ifadə olunur; məsələn, nəticə “doğru” və “yalan” qiymətləri ilə yanaşı, “yəqin, doğru”, “ola bilsin, doğru”, “yəqin, yalan”, “ola bilsin, yalan” kimi qiymətlər də ala bilər.
Süni intellekt məsələlərinin həlli, eləcə də ekspert sistemlərinin yaradılmasında istifadə məqsədilə bir neçə xüsusi proqramlaşdırma dili işlənib-hazırlanmışdır. Bu dillərdən Prolog və LISP daha geniş istifadə olunur.
Məntiqi proqramlaşdırma dili olan Prolog (“Programming in Logic” sözlərinin qısaltması) 1972-ci ildə meydana çıxmışdır. Bildiyiniz kimi, adi proqramlaşdırmada kompüter qoyulmuş məsələni həll etmək üçün proqramda təsvir olunmuş addımları ardıcıl şəkildə yerinə yetirir. Məntiqi proqramlaşdırmada isə proqram problem haqqında faktları və nəticə çıxarmaq üçün gərəkli ola biləcək başqa faktlardan necə istifadə etmək haqqında qaydaları kompüterə verir. Bundan sonra kompüter məsələni avtomatik həll etmək üçün müəyyən prosedur tətbiq edir; məsələn, “Türkan kəndi Azərbaycandadırmı?” sualına cavab vermək üçün Prolog “Türkan kəndi Abşerondadır” faktını və “əgər X Abşerondadırsa, onda X Azərbaycandadır” qaydasını əlaqələndirə bilər.
Bu fakt və qayda Prolog dilində aşağıdakı kimi yazılır:
located_in(türkan, abşeron).
located_in(X, azərbaycan) located_in(X, abşeron).
Sual (məntiqi proqramlaşdırmada: sorğu)
?- located_in(türkan, azərbaycan).
kimi verilir və cavab “yes” (“hə”) olur.
Prolog dilinin ən vacib özəlliklərindən biri də onun geridönmələrlə izləmə (backtracking), başqa sözlə, geri qayıdaraq alternativ həlli tapmağa cəhd etmək imkanına malik olmasıdır. Həllin axtarışını düzgün olmayan (yəni ona aparıb çıxarmayan) yolla apardıqda geridönmələrə zərurət yaranır.
LISP (List Processing) proqramlaşdırma dili 1959-60-cı illərdə Massaçusets Texnologiya İnstitutunda (MIT) Con Makkarti (John McCarthy) tərəfindən işlənib hazırlanmışdır. İndi də araşdırmalarda və akademik dairələrdə bu dildən aktiv istifadə olunur. LISP uzun müddət süni intellekt sahəsində standart proqramlaşdırma dili hesab olunub, ancaq sonra əsas rəqibi — Prolog meydana çıxıb. Fərdi kompüterlər üçün bir sıra dialektləri vardır: MuLISP, INTERLISP, Common Lisp, MacLisp.
Müəllif: Ramin Mahmudzadə,Naidə İsayeva,İsmayıl Sadıqov
Mənbə: Ümumtəhsil məktəblərinin 11-ci sinfi üçün İnformatika fənni üzrə Dərslik