Ətrafımızda insanın yaratdığı elə obyektlər var ki, onlar gerçək obyektlərin bənzəridir. Yer kürəsinin qlobusu, hansısa görkəmli şəxsiyyətin heykəli, mağazalardakı mane kenlər, uşaq oyuncaqları real obyektlərə çox oxşayır.
Obyektlərin sadələşdirilmiş bənzəri model adlanır. Dərsin əvvəlində verilmiş modellər xarici görünüşcə gerçək obyektlərin özlərinə çox bənzəyir.
Obyektlərin görünən əlamətlərinin əks olunduğu bu cür modellərə maddi model deyilir. Deməli, qlobus Yer kürəsinin, heykəl hansısa şəxsiyyətin, maneken insanın maddi modelidir. Modellər obyektin bütün xassələrini deyil, yalnız əhəmiyyətli olan xassələrini əks etdirir.
1961-ci ildə kosmosa əyninə skafandr geyindirilmiş maneken göndərilmişdi. “İvan İvanoviç” adlandırılan bu maneken canlı insan kimi görünürdü. Yerə enəndə manekeni tapanlar onu ölüyə, yaxud yadplanetliyə bənzətməsinlər deyə onun üzündə “MAKET” sözü yazılmışdı.
Obyekti öyrənmək üçün maddi model yaratmaq vacib deyil. Maddi modellərdən başqa, informasiya modelləri də var. Əgər obyektin maddi modeli onun fiziki oxşarıdırsa, informasiya modeli onun təsviridir. Məsələn, xəritə Yer kürəsinin informasiya modelidir. “Fəaliyyət” bölümündə verilmiş tapşırığın icrası nəticəsində müəyyən obyektlərin informasiya modeli alınır.
Eyni informasiyanı müxtəlif yollarla təsvir etmək, kodlaşdırmaq olar. Ona görə də eyni bir obyekt üçün müxtəlif informasiya modelləri qurmaq mümkündür.
İnsanlar hər gün real obyektlərin informasiya modelləri ilə işləyirlər. Eyni bir obyekt üçün məqsəddən asılı olaraq müxtəlif informasiya modelləri qurur, onlardan istifadə edirlər.
Müəllif: Ramin Mahmudzadə, İsmayıl Sadıqov, Naidə İsayeva
Mənbə: İnformatika 5 Ümumtəhsil məktəblərinin 5-ci sinfi üçün İnformatika fənni üzrə Dərslik