Gördüyünüz kimi, aşağıda verilmiş fiqurlar bərabər sayda eyniölçülü kvadratlardan təşkil olunub. Ona görə də həmin fiqurları qrafik redaktorda eyni asanlıqla çəkmək olar: sadəcə, bir kvadratı çəkib, sonra isə onu çoxalda- raq tələb olunan mövqeyə yerləşdirmək lazımdır. Ancaq O, S, J, T fiqurlarını ALPLogo mühitində çəkməyə cəhd etsəniz, onların proqramlarının I fiqurunun proqramı qədər sadə olmayacağını görəcəksiniz. Bunun səbəbi ardıcıl çəkilən kvadratların başlanğıc mövqeləri arasında qanunauyğunluğun olmamasıdır. Ona görə də bu məsələnin bir dövr daxilində həlli çətinlik yaradır. İndi öyrənəcəyiniz yanaşma isə problemi asan yolla həll edir.
Bəzən proqramda müəyyən komandalar ardıcıllığını proqramın müxtəlif yerlərində istifadə etmək lazım gəlir. Proqramlaşdırmada bu zərurət altproqramlar vasitəsilə həll olunur. Adından da göründüyü kimi, altproqram əsas proqramın daxilində yerləşir.
Bir proqramda bir neçə, hətta onlarla, yüzlərlə altproqram ola bilər. Hər bir altproqramın öz adı olur və ona həmin adla müraciət olunur. Proqramlaşdırmada buna altproqramın çağırılması deyilir. Proqramda adı çəkilən, yəni çağırılan altproqram dərhal icra olunur. Altproqramın icrası sona çatan kimi əsas proqramın işi bilavasitə altproqramın çağırıldığı yerdən sonra gələn komandadan davam etdirilir. Bir altproqramı istənilən qədər çağırmaq olar.
ALPLogo mühitində altproqram altproqram açar sözü ilə başlayır və ondan sonra altproqramın adı yazılır. Addan sonra açılan və bağlanan mötərizələr () qoyulur. Altproqramları əsas proqramın sonunda yerləşdirmək məqsədəuyğundur.
ltproqramlardan istifadə olunması həm proqramın yazılması vaxtını qısaldır, həm proqram kodunun həcmini azaldır, həm də proqramın strukturunu daha anlaşıqlı edir. Eyni zamanda bu yanaşma proqramın yazılışında səhvlərin sayının azalmasına da təsir göstərir.
Müəllif: Ramin Mahmudzadə, İsmayıl Sadıqov, Naidə İsayeva
Mənbə: İnformatika 7 Ümumtəhsil məktəblərinin 7 — ci sinfi üçün İnformatika fənni üçün Dərslik