Texnologiya” fənnində müxtəlif sahələrə aid bir sıra texnologiyalarla tanış olmuşsunuz. İnformasiyanın yaradılması, emalı, saxlanması, istifadəsi, ötürülməsi və idarə olunması ilə bağlı texnologiyaları ifadə etmək üçün “informasiya texnologiyaları” (İT), yaxud “informasiya-kommunikasiya texnologiyaları” (İKT) terminindən istifadə olunur. Son zamanlar “informasiya texnologiyaları” dedikdə, adətən, “kompüter texnologiyaları” nəzərdə tutulur.
İnformasiya-kommunikasiya texnologiyaları çox sürətlə həyatımızın bütün sahələrini əhatə edir. Məsələn, 20 il bundan öncə kompüterlərə yalnız iş yerlərində rast gəlinirdisə, indi, demək olar ki, hər bir evdə kompüter var. Bu gün elm, təhsil, səhiyyə, maliyyə, istehsalat və başqa sahələri kompüterlərsiz təsəvvür etmək çətindir. Hazırda ən kiçik müəssisələrdə də məktubların, məruzələrin, maliyyə sənədlərinin, hesabatların hazırlanması zamanı kompüterlərdən istifadə olunur.
Kompüterlər istehsalda geniş tətbiq olunur. Böyük zavodlarda istehsal prosesinin idarə olunması kompüterlər vasitəsilə aparılır. Eləcə də kompüterlər müxtəlif qurğuların normal işləməsinə, temperaturun və təzyiqin müəyyən olunmuş səviyyədə saxlanmasına nəzarət edir. Bəzi işlərin insan tərəfindən yerinə yetirilməsi çox təhlükəlidir, yaxud mümkün deyil. Bu işləri kompüterlərlə idarə olunan robotlar insanlar kimi, hətta onlardan da yaxşı görə bilir. Məsələn, kəskin istidə, yaxud şaxtada robotlar əvəzedilməzdir. Onlar təhlükəli kimyəvi maddələrlə həddən artıq çirklənmiş havada və tam qaranlıqda işləyə bilir.
Son vaxtlaradək xəstəxanalarda kompüterlərdən uçot və qeydiyyat məqsədilə istifadə olunurdu. İndi onlar xəstələrə qulluq göstərilməsində çox böyük rol oynayır. Müxtəlif sensorlar xəstənin orqanizmində baş verən dəyişiklikləri göstərə bilir. Xəstələrə diaqnoz qoyulması zamanı kompüter həkimlərin əsl yardımçısına çevrilir. Yekun qərarı həkim versə də, kompüterlər bu prosesi tezləşdirir və daha dəqiq diaqnoz qoyulmasına yardım edir.
Başqa sahələrlə müqayisədə təhsildə İKT-nin tətbiqinin bir sıra özəllikləri var. Belə ki, təhsil sahəsində kompüterlər bir neçə funksiyanı yerinə yetirir. İlk növbədə kompüterlər “İnformatika” fənninin tədrisində öyrənmə obyektidir. Burada kompüterin quruluşu, iş prinsipi, növləri, tətbiq sahələri, tarixi, proqram təminatı öyrənilir. Eyni zamanda, kompüterlər informatikanın əsasını təşkil edən alqoritmləşdirmə və proqramlaşdırmanın öyrənilməsində əvəzsiz vasitədir.
Son zamanlar tədris prosesində noutbuk, proyektor, interaktiv lövhə və başqa elektron avadanlıqlardan geniş istifadə edilir. Bu texnologiyalar müəllimlərin yeni bilikləri daha asan yolla çatdırmasında, şagirdlərin isə dərsləri daha əyani və rahat qavramasında böyük əhəmiyyət daşıyır.
Hazırda sağlamlıq imkanları məhdud olan insanların təhsilində də kompüterlərdən geniş istifadə olunmağa başlanılıb.
Müəllif: Ramin Mahmudzadə, İsmayıl Sadıqov, Naidə İsayeva
Mənbə: İnformatika 7 Ümumtəhsil məktəblərinin 7 — ci sinfi üçün İnformatika fənni üçün Dərslik