İnformasiya cəmiyyətinə keçidlə əlaqədar olaraq insanın ümumi mədəniyyətinə daha bir kateqoriya — informasiya mədəniyyəti də əlavə edilir. İnformasiya mədəniyyəti informasiya ilə məqsədyönlü işlənilməsi və onun əldə olunması, emalı və ötürülməsi üçün kompüter texnologiyasından, çağdaş texniki vasitə və metodlardan istifadə edilməsi bacarığının olmasını nəzərdə tutur. Başqa sözlə, insanın informasiya mədəniyyətinin əsas göstəriciləri bunlardır:
- telefondan tutmuş fərdi kompüterlərə və kompüter şəbəkələrinədək müxtəlif texniki qurğulardan istifadə etmək vərdişləri;
- informasiya texnologiyalarını mənimsəmək bacarığı (məsələn: ofis proqramlarını, qrafik redaktorları və s.-ni bilmək);
- istər dövri mətbuatdan, istərsə də elektron vasitələrin köməyi ilə informasiya almaq bacarığı (məsələn: hər hansı qəzet, yaxud jurnalın saytını açıb oxumaq);
- informasiyanın anlaşıqlı şəkildə təqdimatı və ondan səmərəli istifadə etmək bacarığı;
- informasiyanın emalının müxtəlif üsullarını bilmək;
- müxtəlif növ informasiya ilə işləmək bacarığı.
Ölkəmizdə informasiya mədəniyyətinin ən vacib göstəricilərindən biri də insanların ingilis dilini necə bilmələridir. Bu gün informasiya texnologiyalarını müəyyən edən proqram məhsullarının, demək olar ki, hamısı ingilis dilində təqdim olunur. Qlobal informasiya resurslarından istifadə interfeysləri bu dildə yaradılır. Elmin, texnologiyaların və biznesin əksər sahələrində də ingilis dili hakim mövqe tutur.
Qeyd olunduğu kimi, informasiya cəmiyyətinin hər bir üzvü kompüter vərdişlərinə, onun köməyi ilə müxtəlif sənədlər yaratmaq bacarığına, proqramların əsas sinifləri haqqında təsəvvürlərə və çalışdığı sahədə dərin biliklərə malik olmalıdır. Belə bilik və vərdişlərə bəzən kompüter savadlılığı deyilir. Başqa insanlarla əlaqə qurmaq üçün kommunikasiya vasitələrindən lazımi səviyyədə istifadə edə bilmək vacib keyfiyyət hesab olunur. Bura elektron yazışma vasitələrindən istifadə, informasiya sistemlərində lazım olan məlumatları əldə etmək, hüquqi və etik normaları (qaydaları) bilmək və onlara əməl etmək aiddir.
Dünyada kompüter savadlılığını təsdiq edən standartlar mövcuddur ki, onların içərisində ECDL sertifikatı (European Computer Driving Licence — Avropa kompüter hüququ) daha geniş yayılmışdır. Avropa və ABŞ-da standart kimi qəbul olunan ECDL sertifikatı onu alan şəxsin informasiya texnologiyalarının əsas konsepsiyaları ilə tanış olduğunu, fərdi kompüterdən və əsas tətbiqi proqramlardan istifadə edə bildiyini təsdiqləyir.
ECDL tədris planı «Təməl modullar», «Aralıq modullar» və «Qabaqcıl modullar» kimi üç kateqoriyaya bölünür:
Təməl modullar
- Kompüterin əsasları
- İnternetin əsasları
- Mətnlərin emalı
- Elektron cədvəllə
Aralıq modullar
- Təqdimatlar
- Verilənlər bazaları
- İnformasiya təhlükəsizliyi
- Layihə planlaşdırması
- Onlayn əməkdaşlıq
- Görüntülərlə iş
- Veb-proqramlaşdırma
- İkiölçülü kompüter-dəstəkli layihələndirmə
- Tibbi informasiya sistemlərindən istifadə
- İKT təhsildə
- Rəqəmsal ticarət
Qabaqcıl modullar
- Genişlənmiş mətn emalı
- Genişlənmiş elektron cədvəllər
- Genişlənmiş verilənlər bazaları
- Genişlənmiş təqdimatlar
ECDL sertifikatlaşması test mərkəzlərində aparılır. Bu mərkəzlər orta və ali məktəblərdə, tədris mərkəzlərində, kadr hazırlığı mərkəzlərində və digər müəssisələrdə yaradıla bilər. Test mərkəzləri test imtahanlarını keçirərək beynəlxalq sertifikatlar vermək səlahiyyətinə malikdir. Bir çox ölkələrdə dövlət qulluğuna işə qəbul zamanı ECDL sertifikatının olması məcburidir. Beynəlxalq qurumlar da ECDL sertifikatlarına xüsusi önəm verir.
Müəllif: Ramin Mahmudzadə, İsmayıl Sadıqov, Naidə İsayeva
Mənbə: İnformatika 10 Ümumtəhsil məktəblərinin 10 cu sinfi üçün İnformatika fənni üzrə DƏRSLİK