Bildiyiniz kimi, İnternetin çoxsaylı xidmətləri var və onlardan ən məşhuru WWW (World Wide Web — “Dünya hörümçək toru”) xidmətidir. Bu xidməti hipermətnə əsaslanan paylanmış informasiya sistemi kimi təyin etmək olar; burada «paylanmış» sözü onu bildirir ki, veb-brauzerinizin əks etdirdiyi verilənlər qonşu kompüterdən də götürülə bilər, dünyanın o biri başındakı serverdə də yerləşə bilər; məsələn, bir serverdə yerləşdirilmiş veb-səhifədə tamamilə başqa serverdə saxlanılan qrafik faylın dəqiq ünvanını göstərməklə ona istinad vermək olar və həmin qrafik görüntü verilmiş veb-səhifədə əks etdirilə bilər.
WWW-da informasiya veb-səhifələr şəklində təqdim edilir. Veb-səhifədə adi mətn və ya hipermətn, eləcə də istənilən başqa növ verilənlər, o cümlədən qrafika, musiqi və ya video ola bilər. Bundan başqa, veb-səhifədə onun yerləşdiyi serverdə və ya İnternetdəki hər hansı serverdə saxlanılan başqa veb-səhifələrə istinadlar yerləşdirilə bilər.
Hipermətn başqa sənədlərə istinadların olduğu mətndir. Bəs hipermətn adi mətndən nə ilə fərqlənir? Ensiklopedik lüğəti yada salın. Hər hansı anlayışı izah edən mətndə bu lüğətdə izahı olan hər hansı sözə rast gəlinirsə, onda həmin söz seçdirilir; siz həmin sözü tapa və uyğun mətni oxuya bilərsiniz. Belə seçdirilmiş sözə, adətən, istinad deyilir. İstinad seçdirilmiş söz və ya sözlər haqqında əlavə informasiya almağa imkan verir. Hipermətn də belə təşkil olunub.
Adi mətnin oxunma texnikası belədir: bir səhifə oxunduqdan sonra növbəti səhifəyə keçilir. Hipermətn texnologiyasında isə heç bir oxuma ardıcıllığı yoxdur: hiperistinaddan istifadə etməklə bir səhifədən başqasına asanlıqla keçmək mümkündür. Çox zaman istinad mətnin rəngini fərqləndirmək, yaxud altından xətt çəkməklə seçdirilir. Bu halda həmin istinada hiperistinad, yaxud hiperəlaqə deyilir. Ayrıca söz, cümlə, yaxud qrafik obyekt hiperistinad ola bilər. Siçanın göstəricisini hiperistinadın üzərinə apardıqda göstərici formasını dəyişir.
Veb-səhifələr WWW-da veb-serverlərdə bir-biri ilə əlaqəli şəkildə yerləşdirilir. Veb-səhifələrin belə əlaqəli yığınına veb-sayt deyilir. Veb-sayt ayrıca bir şəxsə və ya quruma aid ola bilər.
Saytın hazırlanmasında müxtəlif ixtisaslı insanlar — dizaynerlər, proqramçılar, menecerlər iştirak edirlər. İri şirkətlərdə hər kəs öz işi ilə məşğul olur. İstənilən halda veb-layihə bir neçə mərhələdən ibarətdir:
1. Layihələndirmə. Bu mərhələni layihənin meneceri həyata keçirir. Burada layihə haqqında ətraflı məlumat toplanılır, qarşıya müəyyən məqsədlər qoyulur və büdcə planlaşdırılır. Bütövlükdə layihənin uğurlu olması məhz bu işlərin nə dərəcədə bacarıqla görülməsindən asılı olur. Bu mərhələnin nəticəsində texniki tapşırıq hazırlanır.
- Dizaynın hazırlanması. Dizayner texniki tapşırıqda irəli sürülmüş ideyaları səhifələrin eskizləri şəklində gerçəkləşdirir. Sifarişçiyə gələcək saytın bir neçə (adətən, üç) dizayn variantı təqdim olunur.
- Səhifələrin maketlərinin qurulması. Dizayn-maket əsasında HTML dilində şablon səhifələrin maketi yaradılır.
- Servislərin proqramlaşdırılması. Statik mətn və qrafik informasiya ilə yanaşı, saytda müxtəlif interaktiv servislər — istifadəçilərin qeydiyyatı üçün formalar, qonaq kitabları və başqa formalar ola bilər. Onların yaradılması ilə proqramçı məşğul olur.
- Saytın nəşri və onun informasiya ilə doldurulması. Bu mərhələdə yaradılmış karkas uzaq serverə köçürülür və sayta mətnlər daxil edilməyə başlanılır. Bunun üçün professional saytlar məzmunun idarəolunma sistemləri ilə təchiz olunur. Bu sistemlərin köməyi ilə HTML dilində heç nə bilməyənlər də sayta informasiya əlavə edə bilir.
- Layihənin müşayiət olunması. Hər bir sayt təbliğ olunmalıdır, yəni onun populyarlığı yüksəldilməlidir. Bu, birdəfəlik deyil, planlı iş olmalıdır. Burada sayta daxil olanların sayı izlənilir, onların sayt haqqında fikirləri toplanılır, məzmuna dəyişikliklər edilir, yeni informasiyalar daxil olunur.
Sual oluna bilər: ümumiyyətlə, sayt nəyə gərəkdir və o nə üçün yaradılır? Səbəblər müxtəlif ola bilər.
Bəzi şirkətlər İnternetə qazanc mənbəyi kimi baxır. Bu gəlir malların, xidmətlərin satışından və reklamlardan əldə oluna bilər.
Bir çox şirkətlər İnternet-layihələrə öz mal və xidmətlərinin reklam olunmasının bir elementi kimi baxır. Onlar gəliri dolayısı ilə əldə etməyi planlaşdırırlar. Belə ki, onlar hesab edirlər ki, insanlar sayta daxil olmaqla zəruri informasiyanı alacaq, bundan sonra birbaşa şirkətə müraciət edərək sifarişlərini verəcəklər?Bəzi İnternet-layihələrin yaradılmasında, ümumiyyətlə, heç bir gəlir qazanmaq məqsədi güdülmür (məsələn: hər hansı futbol klubunun fanatlarının saytı).Bəs layihə nə haqqında olacaq? Onun yaradılmasında məqsəd nədir? Layihə kimlər üçün nəzərdə tutulub? Bu mövzuda hansı saytlar fəaliyyət göstərir? Saytda hansı materialların yerləşdirilməsi planlaşdırılır?
Sayt hansı bölmələrdən, xidmətlərdən ibarət olacaq? Bu və digər suallara texniki tapşırıqda cavab verilir. Texniki tapşırıq layihənin ətraflı təsvir olunduğu sənəddir.
Veb-səhifələrin, daha dəqiqi, veb-saytların işlənib hazırlanması ilə proqramlaşdırmanın veb-proqramlaşdırma adlanan istiqaməti məşğul olur. Veb-texnologiyalarla işləmək üçün xüsusi veb-proqramlaşdırma dilləri vardır.
Müxtəlif veb-brauzerlər HTML-sənədləri həmişə eyni cür əks etdirmir. Onların görünüşü şriftlərə, rənglərə, ölçülərə və başqa parametrlərə görə fərqlənir. Buna görə də HTML-sənədə fiziki deyil, məntiqi sənəd kimi baxmaq lazımdır. Başqa sözlə, sənədin görünüşü ona baxılan proqramdan və kompüterin sinfindən asılı olaraq dəyişir.
Müəllif: Ramin Mahmudzadə, İsmayıl Sadıqov, Naidə İsayeva
Mənbə: İnformatika 10 Ümumtəhsil məktəblərinin 10 cu sinfi üçün İnformatika fənni üzrə DƏRSLİK