Fotoqrafiya və kompüter

Fotoqrafiya və kompüter

Kompüterin, elektron-rəqəmsal texnologiyaların meydana gəlməsi çəkiliş və fotoşəkillərin emalı imkanlarını genişləndirdi. Lakin iş zamanı kompüter proqramlarının tətbiqi nəinki texnoloji bacarıq, həm də onun bədii imkanlarının dərk olunmasını tələb edir. Yeni texnologiya təsvirin alınmasını yüngülləşdirir, onun keyfiyyətini yüksəldir. O, eyni zamanda fotoqrafiya sənətinin məğzinə incəsənət və informasiya növü olaraq yeni tərzdə baxmağa vadar edir.
Kompüter fotoqrafiyanın sonsuz sayda emal imkanlarına meydan açır. Korrektə-redaktə düzəlişlərindən başqa, şəklin üslubu da dəyişdirilə bilər.
Qrafika ilə işləmək üçün ən geniş yayılmış proqram tiplərindən biri qrafik redaktorlardır1. Bir sıra qrafik redaktorlar fotorealist təsvirlərinin redaktəsində ixtisaslaşdığı halda, digərləri rəsmlərin yaranmasında və redaktəsində daha güclüdür.
Kompüter inqilabının daha bir mühüm nəticəsi internetdən fotoşəkli yükləmək imkanıdır. Obyekti çəkmədən, çəkiliş yerində olmadan həmin təsvirləri kompüterin monitorunda görmək olar. Beləliklə, müasir informasiya texnologiyaları fotorəssamdan fotoarxivlərin yaradılması və onlarla işləmək kimi yeni bacarıqların əldə olunmasını tələb edir.
Rəqəmsal fotonun meydana çıxması ilə onların sonradan emalına zərurət yaranır. Heç bir fotoqraf emaldan imtina etmir, çünki qrafik redaktor vasitəsilə fotoportretdə dəridə olan qüsurlar aradan götürülür və işıq effektləri əlavə edilir. Hazırkı proqramların qeyri-məhdud imkanlara malik olması portreti tanınmayacaq qədər dəyişməyə imkan verir. Portret-fotonun emalı çox zaman “Adobe Photoshop” proqramında və ya onun sadələşdirilmiş “Photoshop Lightroom” proqramında aparılır.
Proqramın köməyi ilə istənilən şəkli dəyişdirmək olar. Fototəsvirdə rəng, işıqlanma dəyişdirilə, təsvirin işıq-kölgə ziddiyyəti artırıla, fonu təzələnə, müxtəlif şəkillərə köçürülə, geyimi dəyişdirilə bilər və s. Bütün bunlar şəklin məzmununu tam dəyişməyə imkan verir.
Kompüter foto işinə yeni bədii yaradıcılıq cəhətləri bəxş edə bilər. Kollaj janrında iş buna nümunə ola bilər. Kollajda müxtəlif təsvirlərin — fotoşəkillərin, rəsmlərin, mətnlərin kompozisiya quruluşu və məzmun baxımından birləşməsi nəticəsində bədii obrazın yaranması baş verir.
İstənilən şəkildə olduğu kimi, kollajda da məna mərkəzi ayırd edilir və onun kompozisiya tarazlığı ikinci, üçüncü plan elementləri ilə əldə olunur.
Fotoqrafiyanın yaranışı rəssamlara əvvəllər mümkün olmayan bədii vəzifələri fotokollajda həll etməyə imkan verdi. Fotoqrafiyanın əsasında müxtəlif proqramların köməyi ilə istənilən mövzuda dolğun bədii əsər yaradıla bilər. Onun kompüter forması ən müxtəlif — kollaj və instalyasiyadan slayd-filmədək ola bilər. Kompüter qrafik-dizayner olmaq, fototəbriklər və bayram üçün orijinal açıqcalar və s. yaratmaq imkanı verir. Onlarda fotoşəkillərdən, rəsmlərdən, qeyd və mətnlərdən istifadə edilə bilər.
Dünya daim dəyişir. Texnologiyaların hazırkı sürətli inkişafı ilə nəhəng İKT şirkətlərinin mütəxəssisləri hətta adi gözlükləri də rəqəmli fotokamera ilə təchiz edə bilirlər. Bu, cəlbedici görünən hər bir şeyi çəkməyə imkan verir.
Müasir dünyada fotoqrafiya mühüm yer tutur. Heç bir çap və elektron nəşr şəkilsiz keçinmir. Fotoqrafiyasız sayt da yaratmaq mümkün deyil. Fotoşəkli çəkən aparatdır, amma onu sənət əsərinə çevirən insanın bədii istedadıdır.


Müəllif: Kəmalə Cəfərzadə
Mənbə: Təsviri İncəsənət — 9 Ümumtəhsil məktəblərinin 9- cu sinfi üçün Təsviri İncəsənət fənni üzrə DƏRSLİK
Top