İstifadəçi hesabları və ailə təhlükəsizliyi

İstifadəçi hesabları və ailə təhlükəsizliyi

Windows çoxistifadəçili əməliyyat sistemi olduğundan, təbii ki, istifadəçiləri bir-birindən ayırmaq üçün onların hər birinin sistemdə ayrıca qeydiyyat yazısı — istifadəçi hesabı (user account) olmalıdır. İstifadəçi öz hesabı ilə sistemə daxil olduqda əməliyyat sisteminin interfeysi həmin istifadəçiyə məxsus görünüş alır. Hər bir istifadəçiyə uyğun Windows-un iş masası, baş menyusu açılır və yalnız onun üçün quraşdırılmış proqramlar, yaradılmış fayllar əlçatan olur. Qeydiyyatdan keçmiş istifadəçi başqa istifadəçilərin yaratdıqları fayllara baxa bilmir.
Windows əməliyyat sistemi üç növ istifadəçi hesabı yaratmağa imkan verir: inzibatçı və ya administrator (AdmİnİStrator), adi istifadəçi (Standard) və qonaq (Guest). Kompüter işə salındıqdan sonra sizin müdaxilənizin tələb olunduğu forma — istifadəçinin tanıdılması forması açılır. Bu formada sistemin bütün istifadəçilərinin hesablan əks olunur.İstifadəçi hesabları
Administrator kompüteri bütövlükdə idarə edir, başqa insanların ondan istifadə etməsinə icazə verir və ya qadağa qoyur. Adətən, kompüterin administratoru onun sahibi olur. Başqa istifadəçilərin qeydiyyat yazısım da o kökləyir.
Adi istifadəçilər əməliyyat sisteminin imkanlarının əksəriyyətindən istifadə edə bilər, ancaq ora dəyişiklik edə bilməzlər; məsələn, onlar proqramlar quraşdıra bilməsələr də, onları başlada bilirlər.
Qonaqlara da kompüterdən istifadə etməyə icazə verilir, ancaq onların başqa qonaqlardan fərqli adı olmur. Başqa sözlə, bütün qonaq istifadəçilər eyni adla (Guest) sistemə daxil olurlar.
Diqqət!    
Kompüterinizə ziyanverici proqram düşmüş ola bilər və siz administrator kimi sistemə daxil olduqda həmin proqram administrator hüququndan istifadə edib sistemin işini poza və çox böyük ziyan vura bilər. Məhz buna görə məsləhət görülür ki, kompüterin sahibi özü üçün iki istifadəçi yazısı yaratsın: administrator və adi istifadəçi. Çox zaman gündəlik iş zamanı adi istifadəçinin səlahiyyətləri tamamilə yetərli olur.
Təbii ki, bu gün kompüter istifadəçiləri arasında uşaqlar da var. Ancaq kompüter uşaqlar üçün nə qədər cəlbedici olsa da, onun təhlükələri də çoxdur. İndi İnternetdə çoxlu sayda saytlar var ki, onların məzmunu uşaqlar üçün nəzərdə tutulmayıb. Uşaqları belə zərərli və bəzən təhlükəli saytlardan qorumaq üçün çoxlu üsullar vardır. Bu üsullardan biri də Windows əməliyyat sisteminin valideyn nəzarəti funksiyasından istifadə etməkdir.
Uşaqların kompüterdən istifadəsinə nəzarəti uşaq istifadəçi hesabma müəyyən günlər və saatlar üçün məhdudiyyətlər qoymaqla tənzimləmək olar.

Müəllif: Ramin Mahmudzadə, İsmayıl Sadıqov, Naidə İsayeva
Mənbə: İnformatika 11 Ümumtəhsil məktəblərinin 11 ci sinfi üçün İnformatika fənni üzrə Dərslik
Top