Elektron təhsil

Elektron təhsil

Müasir dünyanın görünməmiş bir sürətlə dəyişməsi biliklərin daha çevik və ucuz ötürülməsi üsullarının tətbiq olunmasını tələb edir. Günümüzün bu kəskin probleminin həllini mümkün edən vasitələrdən biri elektron təhsil, yaxud e-təhsildir. Bundan öncəki təhsil sistemlərində kompüterlər tədrisin daha yaxşı, daha səmərəli aparılması üçün yardımçı bir vasitə idi. Ancaq sürətli İnternet şəbəkəsinin meydana çıxması “müstəqil öyrənmə” və “ömürboyu öyrənmə” anlayışlarını ortaya çıxardı.
E-təhsil İnternet, yaxud intranet şəbəkəsi vasitəsilə şəxsin müstəqil öyrənməsi ilə gerçəkləşən, biliyin əldə olunmasında zaman və məkan hüdudlarını tanımayan, ömürboyu öyrənməyə imkan verən bir təhsil sistemidir.
Getdikcə genişlənən e-təhsilin bir sıra xüsusiyyətləri vardır:
  • Zaman və məkan məhdudiyyəti yoxdur.
  • Öyrənci (şagird, tələbə) mövzunu öyrənənə qədər onun üzərində çalışa bilir.
  • Hər kəs öz qavrama qabiliyyətinə uyğun olaraq öyrənə bilir.
  • Öyrənci mövzunu başa düşmədiyi halda kommunikasiya vasitələri ilə müəllim və digər öyrəncilərlə əlaqə saxlaya bilər.
E-təhsilə elektron dərsliklər, tədris xidmətləri və texnologiyaları aiddir. Elektron dərsliklər mürəkkəb məhsul olmaqla, müasir texnikanın nailiyyətlərini, fənn sahələri üzrə mövzuları və tədris metodikasını, dizayn və bədii keyfiyyətləri özündə birləşdirir. Doğrudur, kitabla müqayisədə elektron dərsliklər üçün müəyyən proqram-texniki kompleks tələb olunur.
Yaşadığımız informasiya cəmiyyətinin dinamik inkişafı üzvlərindən bütün ömrü boyu, fasiləsiz təhsil almasını tələb edir. Bu, insana zamanla ayaqlaşmaq, lazım gəldikdə peşəsini dəyişmək, cəmiyyətdə özünə layiqli yer tutmaq imkanı verir. İqtisadi cəhətdən inkişaf etmiş ölkələr artıq məktəbəqədər və orta məktəb təhsili, peşə təhsili, ixtisasartırma və yenidən hazırlanma sistemi, əlavə təhsil və s. də daxil olmaqla, fasiləsiz təhsil sistemi yaratmağa başlamışlar.
Təhsil sistemi həmişə dövrünün texnologiyalarından yararlanmağa çalışıb. İnformasiya texnologiyalarının inkişafı və İnternetin yaranması tədris prosesində özündən qabaqkı texnologiyalardan fərqli olaraq görünməmiş imkanlar açmışdır. Telekommunikasiya texnologiyaları və İnternet şəbElektron təhsiləkəsinin resursları yeni tədris tipini — uzaqdan təhsili (distant təhsili) meydana çıxarıb. Uzaqdan təhsilin subyekti, yəni öyrənci (şagird, tələbə və s.) pedaqoqdan, tədris vasitələrindən və təhsil resurslarından uzaqda olur. Bu təhsil növü üçün də tədris prosesinə xas olan bütün komponentlər — məzmun, məqsədlər, təşkilat formaları, təlim vasitələri, nəzarət sistemi və nəticələrin qiymətləndirilməsi xarakterikdir.
Uzaqdan təhsil zamanı məlumatları öyrənənlərə çatdırmaq üçün müxtəlif üsullardan istifadə olunur. Tətbiq olunan texnologiyaların artıq bir neçə nəsli (ənənəvi çap məhsullarından ən müasir kompüter texnologiyalarınadək) bir-birini əvəz etmişdir. Ancaq texnoloji yeniliklərin meydana çıxmasına baxmayaraq bir çox hallarda hələ də daha sadə üsullara üstünlük verilir; məsələn, Hindistanda uzaqdan təhsil üçün radiodan istifadə edilməsi geniş yayılmışdır. Çünki radio oradakı əhalinin əksəriyyəti üçün daha əlverişlidir və əlavə infrastruktur yaratmağa gərək yoxdur. Hazırda uzaqdan təhsil məqsədilə İnternet ünsiyyət vasitələrinin hamısından — elektron poçtdan, forumlardan, gap xidmətlərindən, tele və videokonfranslardan istifadə olunur.
İndi iri şirkətlərin çoxu işçi heyətinin hazırlığını standartlaşdırmaq, bu məqsədlə çəkilən xərcləri azaltmaq və keyfiyyəti yüksəltmək üçün öz tərkibində uzaqdan təhsil mərkəzləri yaradır. Demək olar ki, heç bir müasir şirkət bunsuz keçinə bilməz; məsələn, Microsoft şirkəti öz işçilərini, onun məhsullarından istifadə edənləri, yaxud alıcıları və proqram təminatı hazırlayanları öyrətmək üçün böyük öyrədici portal yaratmışdır.
Təhsil sisteminin müasirləşdirilməsi şəraitində təhsil müəssisələrinin idarə olunmasına da qoyulan tələblər artır. Bu gün informasiya texnologiyalarından istifadə etmədən idarəetmə və nəzarət mexanizmini günümüzün tələblərinə uyğun qurmaq mümkün deyil.
Başqa sözlə, mövcud vəziyyəti operativ təhlil etmək, qiymətləndirmək və düzgün qərarlar qəbul etmək üçün məktəb idarəetmə sisteminə (MİS) böyük ehtiyac var. Belə bir informasiya sistemi məktəb rəhbərliyinə hər zaman aktual informasiyadan istifadə edərək müxtəlif hesabatlar əldə etməyə imkan verir. Bu cür operativ hesabatlar məktəbin idarə edilməsində düzgün qərarlar qəbul etməyə kömək edir.
Müasir kompüter texnologiyalarının tətbiqi yoxlayıcıların fərdi keyfiyyətlərindən asılı olmadan bilikləri obyektiv və daha sürətlə qiymətləndirməyə imkan verir.
Qiymətləndirmənin avtomatlaşdırılması bir sıra hallarda xüsusi əhəmiyyət kəsb edir:
  • kütləvi qiymətləndirmə zamanı;
  • biliklərin yoxlanılmasında operativlik tələb olunduqda;
  • qiymətləndirmə sistematik olaraq aparıldıqda;
  • ucqar yerlərdə qiymətləndirmə aparıldıqda;
  • yoxlama prosesi obyektivlik və etibarlılıq baxımından şübhə doğurduqda.
Göstərilən texnologiyanın tətbiqi nəticəsində qiymətləndirmənin keyfiyyəti dəyişir, hesabat işləri asanlaşır, imtahanların keçirilməsinə çəkilən xərclər azalır, biliyin qiymətləndirilməsində insan amili daha az rol oynayır və imtahan qəbul edən kadrların hazırlıq problemi aradan qalxır. Bu texnologiya imtahanı (yoxlama) prosesini bütövlükdə avtomatlaşdırmaqla yanaşı, alınan nəticələrin tam statistik təhlilini aparmağa və nəticədə təhsilin keyfiyyətini yüksəltməyə yönəlmiş qərarların qəbul olunmasına da imkan verir.

Müəllif: Ramin Mahmudzadə, İsmayıl Sadıqov, Naidə İsayeva
Mənbə: İnformatika 10 Ümumtəhsil məktəblərinin 10 cu sinfi üçün İnformatika fənni üzrə DƏRSLİK
Top