Səs informasiyasının kodlaşdırılması

Səs informasiyasının kodlaşdırılması

Kompüterlər, eləcə də müasir elektron qurğuların əksəriyyəti (foto və videokameralar, mobil telefonlar və s.) rәqәmsal qurğulardır. Çünki kompüterdə saxlanılan və emal olunan hər şey ədədlərdir (rəqəmlərdir).
Kəsilməz dəyişilən fiziki kəmiyyətlər haqqında danışarkən analoq terminindən istifadə olunur. Məsələn, danışıq zamanı ağızın yaratdığı səs dalğaları analoq təbiətlidir. Bu dalğaları mikrofon elektrik siqnalına çevirə bilər. Bu elektrik siqnalı da analoqdur.
Kompüter rəqəmsal qurğu olduğundan onun analoq qurğularla işləyə bilməsi üçün bir çeviricinin olması vacibdir. Belə çevirici kompüterin sәs kartında yerləşdirilmişdir. Səs kartı mikrofondan daxil olan elektrik siqnallarını (analoq siqnalları) rəqəmsal şəklə çevirmək üçün analoq-rәqәm çeviricisindәn (analog-todigital converter, ADC) istifadə edir. Kompüterin səs kartında əks çevirməni, yəni rəqəmsal verilənləri analoq siqnallara (səsə) çevirən qurğu da olur. Rәqәm-analoq çeviricisi (digital-to-analog converter, DAC) adlandırılan bu qurğu qəbul etdiyi rəqəmsal verilənləri analoq siqnallara çevirərək qulaqlığa, yaxud səsucaldanlara ötürür. Bu qurğular isə həmin analoq siqnalları səs şəklində çıxışa verir. Rəqəm-analoq çeviricisi, eləcə də analoq-rəqəm çeviricisi başqa qurğularda da olur. Məsələn, kompakt-disk pleyerində (MP3-pleyerində) rəqəm-analoq çeviricisi qoyulub ki, o da diskdən oxuduğu rəqəmsal verilənləri musiqi şəklində səsləndirilən analoq siqnala çevirir.
Səsin bu üsulla kodlaşdırılmasında müəyyən xətalar olur, çünki rəqəm-analoq çeviricisindən alınan siqnal orijinal siqnaldan bir qədər fərqlənir. Bu fərqi, əsasən, yüksəkkeyfiyyətli orkestr musiqisinin yazılması və səsləndirilməsi zamanı duymaq mümkündür. Kompüterdə başqa verilənlər kimi səslər də fayllarda saxlanılır. Kompüterdə əsasən üç növ səs faylından (audiofayldan) istifadə olunur: wav, mp3 və midi.
  1. WAV. Bu formatlı fayl rəqəmli şəkildə musiqi parçalarından ibarət olan səs faylıdır. Wav (ingiliscə wave – dalğa) fayllarında əslində Windows’da eşitdiyiniz, eləcə də özünüz yazdırdığınız bütün səslər saxlanılır.
  2. MP3. Bu fayllar diskdə az yer tutması üçün sıxılmış səs fayllarıdır. MP3 faylının hər dəqiqəsi təxminən 1 Mbaytdır. Demək olar ki, istənilən səsi mp3 formatına çevirmək olar.
  3. MIDI. MIDI fayllarında notlar və həmin notların səsləndirildiyi musiqi alətləri haqqında informasiya olur. Sintezator melodiyanı notlarla işləyən musiqiçi kimi səsləndirir.


Müəllif: Mahmudzadə Ramin Əli Nazim oğlu, Sadıqov İsmayıl Calal oğlu,İsayeva Naidə Rizvan qızı
Mənbə:İnformatika Ümumtәhsil mәktәblәrinin 9-cu sinfi üçün dәrslik
Top