Kompüter texnikasının tətbiq sahələri

Kompüter texnikasının tətbiq sahələri

İlk elektron hesablama maşınları təxminən 60 il bundan öncə meydana çıxıb. Ötən dövr ərzində kompüterlərin və onlar üçün proqramların istehsalı texnologiyası böyük inkişaf yolu keçib. Şübhəsiz, kompüterlər bütövlükdə yaşadığımız cəmiyyəti dəyişdirib. Maliyyə, kargüzarlıq, sənaye, elm, səhiyyə, təhsil və başqa sahələri bu gün kompüterlərsiz təsəvvür etmək qeyri-mümkündür. İndi informasiyanın emal olunduğu hər yerdə kompüterlərdən istifadə olunur.
Kompüter təhsildə. Yüksək ixtisaslı mütəxəssislərin hazırlanması uzun və mürəkkəb prosesdir. Orta məktəbdə, sonra isə ali məktəbdə təhsil insan həya tının önəmli bir hissəsini təşkil edir. Bununla belə, müasir informasiya cəmiyyətində biliklər çox sürətlə köhnəlir. Hər hansı professional işi yerinə yetirmək bacarığına malik olmaq`üçün insan öz təhsil dairəsini daim genişləndirməlidir. İnformasiya cəmiyyətində «necə»ni bilmək, «nə»yi bilməkdən daha vacibdir. Buna görə də hazırda orta və ali məktəbin əsas vəzifəsi mümkün qədər çox bilik vermək deyil, həmin bilikləri müstəqil əldə etmək yollarını öyrətməkdir. Bu isə təhsildə müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etmədən mümkün deyil.
İnformasiya və kommunikasiya texnologiyalarının təhsildə tətbiqinin ən vacib istiqamətlərindən biri kompüterlərin multimedia imkanlarından istifadə etməkdir. Multimedia vasitələrindən istifadə olunması əyaniliyi gücləndirir, informasiyanın məntiqi və obrazlı mənimsənilməsi üsullarını birləşdirir ki, bu da təlim prosesini fəallaşdırır. Multimedia texnologiyalarının interaktivliyi şəxsiyyət yönümlü təlim modellərini gerçəkləşdirmək üçün geniş imkanlar verir. İnformasiya və kommunikasiya texnologiyaları distant təhsili təşkil etməyə imkan verir. Distant təhsildə (məsafədən təhsildə) müəllim və öyrənən məna baxımından ayrıdırlar və dərs prosesi telekommunikasiya vasitəsilə, başlıca olaraq İnternet şəbəkəsi vasitəsilə həyata keçirilir.Distant təhsil sayəsində bir çox insanlar (iş və ailə qayğıları ilə yüklənmiş yaşlılar, kənd yerlərində, yaxud kiçik şəhərlərdə yaşayan gənclər) evdə öz təhsillərini artırmaq imkanı əldə edirlər.

Kompüter elmi tədqiqatlarda. Hazırda bir çox bilik sahələrində elmi tədqiqatlar alimlər, mühəndislər və konstruktorlardan ibarət böyük kollektivlər tərəfindən çox mürəkkəb və bahalı avadanlıq vasitəsilə həyata keçirilir. Elmi araşdırmaların səmərəliliyi önəmli dərəcədə kompüter texnikasından istifadə səviy yəsindən asılı olur. Kompüterlərdən eksperimentlərin idarə olunmasında, hesabatların və sənədlərin hazırlanmasında, eksperimentlərin nəticələrinin təhlilində və s. istifadə olunur. Nəticədə:
• tədqiqatların aparılması müddəti bir neçə dəfə qısalır;
• nəticələrin dəqiqliyi və doğruluğu artır;
• eksperimentin gedişinə nəzarət güclənir;
• nəzarət edilən parametrlərin sayının artması və verilənlərin daha dəqiq emalı nə ticəsində eksperimentin keyfiyyəti və informativliyi yüksəlir;
• eksperimentlərin nəticələri operativ surətdə daha əlverişli formada (məsələn, qrafik) verilir.

Kompüter səhiyyədə.
Müasir cəmiyyətdə kompüterlərin səhiyyədə rolu günbəgün artır. Həkimlər kompüterlərdən bir çox məqsədlər üçün istifadə edirlər. Onlardan bir neçəsini sadalayaq:
1. Kompüter texnikasından diaqnozların qoyulmasında, müayinələrin aparılması və profilaktik yoxlamalarda geniş istifadə olunur.
2. Kompüter şəbəkələrinin köməyilə transplantasiya əməliyyatını gözləyən xəstələr üçün donor orqanları haqqında məlumatlar göndərilir.
3. Tibbi verilənlər bankı tibb işçilərinə son elmi və praktik nailiyyətlər haqqında məlumatlı olmağa kömək edir.
4. Kompüterlər havanın çirkliliyinin əhali arasında xəstəliklərin yayılmasına necə təsir etməsini müəyyənləşdirməyə kömək edir.
5. Kompüter texnikasından tibb işçilərinə praktik vərdişlərin aşılanmasında istifadə edilir. Bu zaman kompüter təcili tibbi yardıma ehtiyacı olan xəstə rolunda çıxış edir. Öyrənən, kompüterin verdiyi simptomlar əsasında müalicə kursunu müəyyənləşdirməlidir. Səhv olan kimi kompüter bu barədə xəbərdarlıq edir.
6. Kompüterlərdən epidemiyaların yayılma sürətini göstərən xəritələrin hazırlanması üçün istifadə edilir.
7. Kompüterin yaddaşında xəstəlik tarixçələri saxlanılır. Bu da həkimlərə yazı işlərinə deyil, xəstələrin özlərinə daha çox vaxt ayırmaq imkanı verir.

Kompüter ticarətdə. Supermarketlərin çoxunda hər malın üzərində barkod – müxtəlif qalınlıqda qara cizgilərdən ibarət etiket olur. Ödəmə zamanı barkod skanerdən (barkod oxucusundan) keçirilir. Bu skanerə bağlı kompüter barkodu qiymət siyahısında tapır və nəticəni kassa aparatına göndərir.
Barkod oxucusundan istifadə edən mağ zalarda, yaxud anbarlarda hər bir mal haqqında informasiya verilənlər bazasında saxlanılır. Barkod mal və onun istehsalçısı haqqında informasiyanı özündə saxlayır.

Ən geniş yayılmış barkodlar 13 mərtəbəli Avropa kodu EAN-13 (European Article Numbering) və ABŞ ilə Kanadada tətbiq olunan UPC kodudur. Ölkə və istehsalçının kodlarındakı rəqəmlərin sayı dəyişə bilər. Bu sistemdə Azərbaycanın kodu 476-dır. İnformasiyalaşdırmanın ən mühüm istiqamətlərindən biri pul–kredit və maliyyə sahələrində elektron pula keçiddir.

Nağdsız ticarət. Getdikcə daha çox ticarət müəssisələrində Ödənişlər kredit kartları vasitəsilə aparılır. Kredit kartı olan alıcının bankdakı hesabından lazım olan məbləğ avtomatik silinərək, mağazanın bank hesabına köçürülür. Nağdsız ticarət sistemi POS (Points of Sale System) aşağıdakı funksiyaları yerinə yetirir:
• kredit kartlarının verifikasiyası, yəni onların həqiqiliyinin təsdiqi;
• alıcının hesabından pulun silinməsi;
• pulun satıcının hesabına köçürülməsi.
Kredit kartlarına məlumatlar maqnit yazısı üsulu ilə vurulur. Kredit kartında informasiyanı saxlamaq üçün maqnit kartından istifadə olunur. Maqnit kartına aşağıdakı informasiyalar yerləşdirilir:
• şəxsi hesabın nömrəsi;
• bankın adı;
• ölkə;
• müştərinin ödəniş qabiliyyətinin kateqoriyası;
• verilmiş kreditin miqdarı və s.

Bankomatlar. Bank avtomatları– bankomatlar (ATM – Automated Teller Machine), yaxud nağd ödəmə maşınlarının şəbəkəsi, ən geniş şəbəkələrdən biridir. Dünyadakı minlərlə bankın kompüterləri bir-birinə bağlanır. Bankomatlar banklar tərəfindən qabaqcadan kredit kartları verilmiş müştəriləri üçün quraşdırılır. Bunun da nəticəsində siz xarici ölkədə olarkən Azərbaycanda yerləşən bank tərəfindən verilmiş kredit kartından istifadə edərək, bankomatdan pul götürə bilərsiniz. Bankomatda iş prinsipi belədir:
1. Müştəri kartını avtomata yerləşdirir və avtomatın klavişlərindən istifadə edərək, öz şifrəsini yığır.
2. Kartın üzərindəki maqnit zolağında hesab sahibinin adı, hesab nöm rəsi və onun bağlı olduğu şəbəkə haqqında məlumatlar avtomat tərəfindən oxunur.
3. Avtomat (daha doğrusu, avtomatdakı kompüter) telefon xətləri vasitəsilə minlərlə bankın məlumatının saxlanıldığı mərkəzi kompüterə məlumat göndərir.
4. Mərkəzi kompüter hesabı yoxlayır və pulu vermək, yaxud istəyi rədd etmək haqqında bankomata məlumat göndərir.

Kompüter kənd təsərrüfatında. Kompüteri olan fermer asanca və tez bir zamanda əkin üçün tələb olunan toxum və gübrələrin miqdarını hesablaya bilər. Kompüter sistemləri növbəli əkini planlaşdıra, suvarma qrafikini hesablaya, malqaraya yemin verilməsini idarə edə və başqa faydalı işlər görə bilər. Kənd təsərrüfatında texnoloji inqilab gözlərimiz önündə baş verir: kompüterlər və fərdi mikrosensorlar hər bir heyvanın və bitkinin vəziyyətinə nəzarət etməyə imkan verir. Bu, maddi və insan resurslarına qənaət edir, insanın həyat səviyyəsini yaxşılaşdırır.
Top