Kompüter digər qurğulardan fərqli olaraq onun üçün əvvəlcədən hazırlanmış proqrama uyğun işləyən və ona daxil olan informasiyanın təhlilinə aid istənilən əməliyyatları yerinə yetirən qurğudur. Proqram – maşının addım – addım yerinə yetirəcəyi təlimatlar və yaxud əmrlər siyahısıdır. Kompüterdən istifadə etmək və onun tətbiq sahəsini genişləndirmək üçün o, proqram təminatına malik olmalıdır. Proqram təminatı elə proqramlar kompleksidir ki, onsuz kompüterin işini təsəvvür etmək olmaz. Proqram təkcə konkret məsələni həll etmək üçün deyil, istifadəçi ilə kompüter arasında ünsiyyət yaratmaq, informasiya emalı prosesini idarə etmək, məsələnin həllində proqramçıya kömək etmək, səhvləri aşlayıb ona çatdırmaq və s. üçün lazımdır. Proqram təminatı kompüter istifadəçisinin araşdırdığı problem və məsələlərin həllini təşkil edən proqramlar yığımıdır.
Proqram təminatına daxil olan proqramlar üç kateqoriyaya bölünürlər:
Kompüterdə istifadə olunan proqram təminatı funksional təyinatına görə də üç qrupa bölünürlər:
Sistem proqram təminatı:
Sistem proqram təminatı kompüterdə informasiyanın emalı prosesini təşkil edir: Sistem proqramları aşağıdakılardır:
Sistem proqramlarının vasitəsilə diskləri formatlaşdırmaq, kompüterə qoşulan xarici qurğuların parametrlərini təyin etmək, əməli yaddaş və digər qurğuları testdən keçirmək, çapı təşkil etmək, lokal və qlobal şəbəkələrlə əlaqə yaratmaq mümkündür.
Əməliyyat sistemləri sistem proqram təminatının əsasını təşkil edib, onun vacib elementlərindən biridir. Əməliyyatlar sistemi kompüter işə düşərkən yerinə yetirilməyə başlayır. Kompüterin bütün hissələrinin işləməsini təmin edir, informasiyanı idarə edir. Əməliyyat sistemi məlumatların saxlanması və onun emalının idarə edilməsi ilə yanaşı istifadəçi üçün də interfeysə malikdir.
Şəbəkə ƏS lokal və qlobal kompüter şəbəkələrinin meydana gəlməsilə əlaqədar istifadəçinin hesablama şəbəkəsinin bütün resurslarına müraciəti təmin edir.
Şəbəkə proqram təminatı paylanmış hesablama şəbəkəsinin resurslarını idarə edir. Ümumi ehtiyatlara yaddaş qurğuları, periferiya qurğuları, ortaq proqram təminatı və s., şəbəkə proqram təminatına isə Windows 2000, Windows NT Server, Netware, Windows for Workgroup və s. aiddir.
ƏS-nin tərkibinə bir sıra işləri yerinə yetirən xidməti proqramlar daxildir. Bu proqramlar kompüterdən istifadəni və onun texniki xarakteristikalarını yaxşılaşdırır. Bu proqramlar kompüterin aparat hissəsinin işinə nəzarət etməyə, nasazlıqları aşkarlamağa, onların harada baş verdiyini müəyyənləşdirməyə, ƏS-nin nüvəsinə müraciət etməyə, proqramların xarici yaddaş qurğularından (disklərdən və viçesterdən) əməli yaddaşa yükləməyə, iş zamanı səhvləri düzəltməyə, proqram modulları arasında əlaqə yaratmağa, diskləri formatlaşdırmağa və s. imkan verir.
Xidməti proqramlara aşağıdakılar aiddir:
-antiviruslar;
-interfeys proqramları;
-fayl, kataloq və qovluqlarla işləmə proqramları;
— arxivləşdirmə proqramları;
— proqram örtükləri;
— qurğuların iş qabliyyətini yoxlayan proqramlar;
-qurğuları idarə edən proqramlar- drayverlər;
-köməkçi proqramlar.
Xidməti proqramlar aşağıdakı köməkçi funksiyaları yerinə yetirə bilir:
-kompüteri diaqnostika edərək, nasazlıqları aşkar edir və imkan daxilində onları aradan qaldırır;
-arxivləşdirmə proqramları faylları sıxaraq həcmlərini kiçildir (ARJ, ZİP, WINZIP, WINRAR);
-antivirus proqramlar kompüterin viruslarla yoluxmasının qarşısını alır və əmələ gələn virusları arada götürür (NOD32, Антивирус Касперского və s.).
İnstrumental proqramlar (Proqramlaşdırma sistemləri):
İnstrumental proqramlar və ya proqramlaşdırma sistemləri yeni proqram vasitələri (sistem və tətbiqi) yaratmaq üçün istifadə edilir. Proqramlaşdırma sistemləri maşın dilində deyil, istifadəçi üçün daha asan olan proqramlaşdırma dillərində işləməyi təmin edir.
Maşın dilləri çoxsaylı əmrlər ardıcıllığından ibarət kompüterin birbaşa başa düşə biləcəyi kodlarla işləyir.
Təbii dilə yaxın olan daha sadə dillər proqramlaşdırma dilləridir. Proqramlaşdırma dilində yazılan proqramlar maşın dillərinə çevrilərək yerinə yetirilir.
Alqoritmik dillər yüksək səviyyəli dillər hesab edilir. Belə dillərdə tərtib olunan proqramlar istənilən kompüterdə işləyir və onlarla işləmək əlverişli və asandır. Çatışmayan cəhətləri kompüterin texniki xarakteristikalarının nəzərə alınmasının mümkün olmaması və icrasına daha çox vaxtın sərf edilməsidir.
Alqoritmik dillər aşağıdakı qruplara ayrılırlar:
-məntiqi məsələlərin həlli üçün;
-elmi-texniki və iqtisadi məsələlərin proqramlaşdırılması üçün;
-texnoloji proseslərin idarə olunması və modelləşdirilməsi məsələlərinin proqramlaşdırılması üçün.
Proqramlaşdırma dilində yazılan proqram yerinə yetirilmədən əvvəl translyator adlanan proqramlar kompleksinin köməyi ilə maşın dilinə çevrilirlər.
Translyatorlar iki üsulla təşkil oluna bilərlər: interpretasiya və kompilyasiya yolu ilə. Məhz buna görə də translyatoru uyğun olaraq interpretator və ya kompilyator adlandırırlar.
İnterpretator proqramın operatorlarını bir-bir təhlil edir və onu bütövlükdə yaddaşa yükləyir. Bu səbəbdən də proqramın işləmə vaxtı uzanır.
Kompilyator bütün proqramı maşın koduna çevirərək səhvlər haqqında məlumatları vaxtında istifadəçiyə çatdırır. Beləliklə, operatorların təhlili və maşın koduna çevrilməsi bir dəfəlik aparılır. Buna görə də kompüterin işləmə sürəti artır və proqramın icrası prosesdən asılı olmur, proqram əməli yaddaşa yüklənməsinə ehtiyac duyulmur və yaddaşdan digər məqsədlər üçün istifadə edilməsinə şərait yaranır.
Tətbiqi proqramlar
Fəaliyyətin müxtəlif sahələrinə aid məsələləri həll etmək üçün nəzərdə tutulan proqram təminatına tətbiqi proqramlar deyilir. Tətbiqi proqramlar iki hissədən ibarətdir:
-tətbiqi proqramlar paketi (TPP);
-standart proqramlar kitabxanası.
TPP müəyyən sinif məsələləri həll etmək üçün nəzərdə tutulmuş elə proqramlar kompleksidir ki, kompleksin komponentlərindən biri idarəedici rolunu oynayaraq, istifadə edilən bütün proqramların bir-biri ilə əlaqəsini təşkil etmiş olur.
Standart proqramlar kitabxanası isə riyazi funksiyaların hesablanması, standart məsələlərin həllini, və sair bu kimi işləri yerinə yetirən proqramlardır. Bu proqramlar əvvəlcədən hazırlanaraq istifadə üçün kompüterin yaddaşına yazılır.
Hal-hazırda ən çox istifadə edilən tətbiqi proqramlar aşağıdakılardır:
TPP hər hansı məsələ və ya məsələlər sinfi, həmçinin istifadəçilər üçün nəzərdə tutulan proqram vasitələrinin toplusu və ya kompleksidir.
TPP aşağıdakı əlamətlərə görə təsnif olunurlar:
-tətbiq sahəsi və həll olunan məsələlər sinfinə görə;
-informasiyanın işlənməsi üsullarına görə;
-paketlərin reallaşmasına görə.
TPP tətbiq sahələri üzrə aşağıdakı kimi təsnif olunurlar:
-əməliyyatlar sistemlərinin imkanlarını genişləndirən TPP;
-ümumi təyinatlı TPP;
-mühəndis, iqtisadi və sairə məsələlərin həlli üçün istifadə olunan TPP.
İnformasiyanın işlənməsi üzrə TPP üç qrupa bölünürlər:
-üsulyönlü TPP;
-problemyönlü və ya problemlə bağlı TPP;
-texnologiyayönlü TPP.
Üsulyönlü TPP hər hansı üsulla (məsələn, simpleks üsulla xətti proqramlaşdırma məsələlərinin həlli) məsələlərin həlli üçün istifadə edilir.
Problemyönlü TPP hər hansı problemlə bağlı (uçot, təhlil, audit və s.) məsələlərin həlli üçün istifadə edilir.
Texnologiyayönümlü TPP informasiyaların və məlumatların icrası üçün nəzərdə tutulur.
TPP-lərini əməliyyatyönümlü və problemyönümlü proqramlara da bölmək mümkündür. Əməliyyatyönümlü TPP öz növbəsində iki yerə bölünür:
-məlumatların işlənməsini təmin edən paketlər;
-məlumatların məntiqi-riyazi işlənməsini təmin edən paketlər.
Tətbiqi proqramlar ixtisaslaşmış və İnteqrasiya olunmuş proqram paketlərinə bölünürlər. İxtisaslaşmış tətbiqi proqramlar paketi ayrıca sahə və ya ayrıca götürülmüş məsələnin həlli üçün təyin olunmuş və istifadə edilən proqram paketidir.
İnteqrasiya olunmuş proqram paketləri ümumi təyinatlı TPP-ni funksiyalarına görə fərqləndirən, müxtəlif proqram paketlərini özündə birləşdirən tətbiqi proqramlar paketidir. Müasir inteqrasiya olunmuş TPP tərkibinə mətn redaktorları, elektron cədvəllər, qrafiki redaktorlar, informasiya bazalarını idarəetmə sistemləri və kommunikasiya sistemləri daxildir. Buraya digər komponentləri əlavə etmək də olar. Müxtəlif komponentlərin inteqrasiya edilməsi istifadəçi imkanlarını genişləndirir.