“İnformatika” termini ilk dəfə XX əsrin 60-cı illərində fransız mütəxəssisləri tərəfindən istifadə edilmişdir. Bu termin “informasiya” və “avtomatika” sözlərinin birləşdirilməsindən alınmışdır.
Avtomatika sözü hərfi mənada “özü-özünə yeriyən”, “özü-özünə yerinə yetirilən” mənasını verir. Burada isə avtomatika dedikdə proseslərin avtomatlaşdırılması başa düşülür. Əslində hər hansı prosesin yerinə yetirilməsi əsasən üç üsuldan biri ilə yerinə yetirilə bilər. Bu üsullar əl əməyinin tətbiqi, mexanikləşdirilmiş proses və avtomatlaşmış prosesdir. Birinci hal məlumdur. Mexanikləşdirilmiş prosesin yerinə yetirilməsində mexaniki qurğu və vasitələr tətbiq edilir. Bu isə işin icrasında əl əməyinin olmasına şərait yaradır. Avtomatlaşdırılmış proseslərdə isə əl əməyindən ya ümumiyyətlə istifadə edilmir,ya da ondan istifadə cüzi olur. Beləliklə, avtomatika dedikdə hər hansı prosesi yerinə yetirə bilən elektron qurğu və vasitələr yığımı nəzərdə tutulur.
İnformasiya termini latınca “information” sözündən götürülmüş və obyekt, hadisə, fakt haqqında məlumat, xəbər verilməsi, nəyinsə izah edilməsi deməkdir.
Qeyd etmək lazımdır ki, hal-hazırki dövrdə ingilis dilli dünya ölkələrinin əksəriyyətində “informatika” fənni “kompüter elmi” (komputer science) fənni kimi adlandırılır.
İnformasiya ümumilikdə götürüldükdə mücərrəd məhfumdur. İnformasiya təsvir edilmiş məlumatdır. Başqa sözlə məlumatın informasiya olması üçün o, tədqiq edilən obyekt və ya proses haqqında təsəvvür yaratmalı, ya da mövcud təsəvvürləri genişləndirməlidir. Əgər məlumat obyekt və ya proses haqqında yanlış təsəvvür yaradırsa ona yanlış informasiya və ia dezinformasiya deyilir. Obyekt və ya proses haqqında heç bir təsəvvür yaratmayan məlumat səs-küy adlandırılır. İnformasiya proses daxilində müəyyən mərhələdən sonra yenidən məlumat ola bilər.
Verilənlər uzun müddətli müşahidələr, monitorinqlər və cihazlar tərəfindən dəqiq qeyd olunmuş informasiyadır.
Bilik təcrübədə dəfələrlə sınaqdan çıxmış, təsdiqini tapmış və müxtəlif məsələlərin həllində istifadə edilən informasiyadır.
İnformasiya bizi əhatə edən aləmin bir hissəsi olduğu üçün həmin aləmin obyektidir. Məhz buna görə də informasiya da onu digər obyektlərdən fərqləndirən xassələrə malikdir. Bu xassələr aşağıdakılardır:
Verilənlər də informasiyanın növü olmaqla bərabər özlərinə məxsus xüsusiyyətlərə malikdirlər. Bu xüsusiyyətlər aşağıdakılardır:
1. Mötəbərlilik. Mötəbərliliyin təmin olunması üçün aşağıdakıların yerinə yetirilməsi vacibdir:
- verilənlərin toplanması üçün obyektin düzgün seçilməsi;
- ölçmələr üçün ən əhəmiyyətli əlamətlər yığımının müəyyənləşdirilməsi;
- obyektlərin miqdarının kifayət qədər olması;
- verilənlərin həlli tələb olunan məsələnin qoyuluşuna uyğun olması.
2. Verilənlərin dəqiqliyi. Verilənlərin dəqiqliyi də özlüyündə aşağıdakı kimi təsnif olunur:
- formal dəqiqlik- hansısa formallığa istinad edilərək müəyyənləşdirilən dəqiqlikdir;
- real dəqiqlik- real şəraitə uyğun olaraq mövcud olan dəqiqlikdir;
- maksimal və ya əldə oluna bilən dəqiqlik- bu dəqiqlik verilənlərin toplanmasının konkret şəraitinə uyğun olaraq müəyyənləşdirilir;
- tələb olunan lazımi dəqiqlik- həlli qarşıya məqsəd qoyulmuş məsələnin tələblərinə uyğun olaraq müəyyənləşdirilir.
3. Verilənlərin gerçəkliyi. Bu xüsusiyyət verilənlərin ən başlıca xüsusiyyətidir. Başqa sözlə “ lazımi informasiya keyfiyyətsiz verilənlərdən alına bilməz” prinsipi burada ali prinsip kimi qəbul edilir. Praktikada verilənlərin gerçəkliyinə təsir edən əsas amillər aşağıdakılardır:
- - ölçülən verilənlərin dəqiqliyi;
- - ölçmə və hesabat metodikası;
- - maraqlı şəxslər tərəfindən informasiya prosesinin müxtəlif mərhələlərində edilmiş təhriflər.
Biliklər də informasiya növü kimi informasiyanın əsas xüsusiyyətlərindən əlavə yalnız özünə məxsus xüsusiyyətlərlə xarakterizə edilir. Əslində bu xüsusiyyətlər biliklərin mövcudluq növlərində özünü büruzə verirlər. Biliklər aşağıdakı mövcudluq növlərinə malikdirlər:
- konkret sahəyə aid informasiyadan istifadə edən maddi və ya konkret biliklər. Bu biliklər çox vaxt konkret qoyulmuş məsələnin həlli metodikaları olurlar.
- Müxtəlif sahələr üzrə informasiyalardan alınmış konseptual və ya ümumiləşmiş biliklər. Adətən bu cür biliklər informasiyadan yeni biliklərin alınması metologiyaları olur.
- Metabiliklər- biliklər haqqında biliklər- yeni biliklər yaradan elmdir.
Göründüyü kimi informasiya, verilənlər və biliklər əslində informasiyanın növləri olduqlarından, onların malik olduqları həm ümumi xüsusiyyətlər, həm də fərdi xüsusiyyətlər müəyyən anda eyniləşir. Bu isə informasiya növləri arasında olan əlaqələr və onların bir-birinə çevrilməsindən irəli gəlir.
İnformasiyanın quruluşu dedikdə müəyyən məna daşıyan informasiya elementlərinin müəyyən məcmusu başa düşülür. Bu elementlər informasiya vahidləri adlanır. Onlar sadə və mürəkkəb olur. Sadə informasiya vahidlərini hissələrə ayırmaq mümkün deyil. Mürəkkəb informasiya vahidləri isə bir neçə sadə və mürəkkəb informasiya vahidlərinin birləşməsi nəticəsində yaranır.
Bütün obyektlər kimi informasiya da müəyyən edilmiş bir formada təsvir olunmalıdır. Təsvir olunmanı müxtəlif üsullarla, şifahi və yazılı formada əldə etmək mümkündür. İnformasiyanın təsvir olunmasının elementar vahidi siqnallardır. Siqnallara misal olaraq rəqəmləri, hərfləri və digər işarələri göstərmək olar. İnformasiya vahidlərinin təşkil olunduğu informasiya siqnallarının yazılı təsviri qeydiyyat adlanır. Qeydiyyatın maddi mühiti qeydedicilər və informasiya daşıyıcıları adlanır. İnformasiya daşıyıcılarını iqtisadi informasiyanın əsas təsvir forması adlandırmaq olar. İnformasiya qeydedicilərdən başqa indikatorlarla da əks etdirilirlər. Digər qeydedicilərdən fərqli olaraq indikatorlar informasiyanın diskret və ya rəqəm-hərf siqnalları ilə deyil, fasiləsiz siqnallar formasında göstərilmələrindən ibarətdir.
İnformasiyanın həcmi çox vaxt üç növ ölçü vasitəsilə hesablanır:
İnformasiyanı təsvir etmək məqsədilə şifahi danışıqdan, qrafiklərdən də istifadə etmək olar.
İnformasiya texnoloji nöqteyi-nəzərdən ötürülmə, saxlanma, işlənmə obyekti kimi müəyyən edilir. İnformasiyaya formal olaraq məzmun cəhətdən baxıldıqda o, işlənməyə, emala məruz qalır. Belə olan halda informasiya proseslərinin girişində olan məlumatlar “xammal” rolunu, çıxışındakı məlumatlar isə “hazır məhsul” rolunu oynayır.
İnformasiyanın lazımi formaya salınması müasir informasiya texnologiyalarının tətbiqi ilə həyata keçirilir. Digər tərəfdən cəmiyyətin informasiya resusrlarından istifadə etməsi prosesinin vacib tərkib hissəsi informasiya texnologiyası hesab olunur.
Texnologiya sözü yunanca «techne» (ustalıq, bacarıq) və «logos» (öyrənmə, idrak) sözlərinin birləşməsindən yaramnışdır və istehsal proseslərinin yerinə yetirilməsi üçün üsullar və vasitələr haqqında biliklər toplusunun və həmin proseslərin özlərini ifadə edir.
İnformasiya texnologiyası- verilənlərin toplanması, ötürülməsi və emalı üçün üsul və vasitələrdən istifadə etməklə tədqiq olunan obyektin, prosesin, hadisənin vəziyyəti haqqında informasiyanın (informasiya məhsulunun) alınması prosesidir.
İnformasiya texnologiyasında məqsəd insan tərəfındən analiz edilmək və onun əsasında qərar qəbul etmək üçün informasiya istehsalıdır. İnformasiya texnologiyası elmi-texniki tərəqqinin inkişafı, informasiya emalı üçün yeni texniki vasitələrin yaradılması ilə təyin olunan bir neçə təkamül mərhələsi keçmişdir. Müasir cəmiyyətdə informasiya emalı texnologiyasının əsas texniki vasitəsi texnoloji proseslərin işlənib hazırlanması və istifadə olunması konsepsiyasına, həmçinin nəticə informasiyanın keyfiyyətinə ciddi təsir etmiş kompüterlər hesab olunur. Kompüterlərin informasiya mühitində tətbiqi və telekommunikasiya vasitələrindən istifadə olunması informasiya texnologiyasının inkişafını yeni mərhələyə çatdırdı. Bununla da yeni informasiya texnologiyaları mərhələsi başlandı.
Yeni informasiya texnologiyalarının üç əsas prinsipi mövcuddur ki, bunlar da aşağıdakılardır:
- kompüterlə interaktiv (dialoq) rejimində işləmək;
- proqram məhsullarının inteqrasiyası (birləşdirilməsi, qarşılıqlı əlaqələndirilməsi);
- həm verilənlərin, həm də məsələnin qoyuluşunun dəyişdirilməsi prosesinin çevikliyi.
İnformasiya istehsalının texniki vasitələrinə onun aparat, proqram və riyazi təminatını yerinə yetirən vasitələr daxildir. Bu vasitələrin köməyilə ilkin informasiya emal edilərək yeni keyfıyyətli informasiyaya çevrilir.
Bu vasitələrin içərisində proqram vasitələrinin xüsusi yeri var. Proqram vasitələri istifadəçi tərəfindən qoyulan məqsədə nail olmaqdan ötrü müəyyən tip kompüterlər üçün bir və ya qarşılıqlı əlaqəli bir neçə proqram məhsulundan ibarətdir. Belə vasitələr kimi fərdi kompüterlər üçün geniş yayılmış müxtəlif sahələrə aid tətbiqi proqramlardan istifadə edilir.
İnformasiya texnologiyası onun üçün əsas mühit olan informasiya sistemləri ilə sıx bağlıdır. İnformasiya texnologiyası verilənlər üzərində əməllərin, əməliyyatların, mərhələlərin aparılması üçün dəqiq reqlamentlənmiş qaydalardan ibarət olan prosesdir. İnformasiya texnologiyasınm əsas məqsədi ilkin informasiyanın məqsədyönlü emalı nəticəsində istifadəçi üçün lazımi informasiyanı almaqdır.
İnformasiya sistemi kompüterlərdən, kompüter şəbəkələrindən, proqram məhsullarından, verilənlər bazalarından, insanlardan, müxtəlif növ rabitə vasitələrindən və s. ibarət olan muhitdir. İnformasiya sistemi, informasiya emalı sistemidir və burada əsas məqsəd informasiyanın saxlanması, sorğulara görə axtarışı və seçilən informasiyanı lazımi formaya salıb, istifadəçiyə çatdırılmasıdır.
Beləliklə, informasiya texnologiyası informasiya cəmiyyətində informasiyanın çevrilmə prosesləri haqqında müasir təsəvvürü ifadə edən daha geniş anlayışdır. İnformasiya sisteminin uğurla qurulmasının və fəaliyyətinin təminatı isə informasiya və idarəetmə texnologiyalarından birgə və bacarıqla istifadə olunmasıdır.
Hazırki dövrdə mövcud olan informasiya texnologiyalarını iki əsas növə ayırmaq olar:
1) verilənlərin emalı texnologiyası;
2) idarəetmənin informasiya təminatı texnologiyası.
Verilənlərin emalı texnologiyası lazımi ilkin verilənlərə malik olan, emal üçün alqoritmlər və digər standart prosedurlar olan yaxşı strukturlaşdırılmış məsələlərin həlli üçün nəzərdə tutulur. Bu səviyyədə informasiya texnologiyalarının və sistemlərinin tətbiqi əmək məhsuldarlığını artırır, onu hesablama əməliyyatlarından azad edir və bəzi hallarda işçilərin sayını azaldır.
İdarəetmənin informasiya təminatı texnologiyasının əsas məqsədi təşkilatın qərar qəbuletmə ilə bağlı olan bütün həmkarlarının informasiya tələbatını ödəməkdir. Həmin texnologiya idarəetmənin istənilən səviyyəsində faydalı ola bilər.
Müasir kompüterlərdə informasiyanın işlənməsi aşağıdakı ardıcıllıqla yerinə yetirilir. Əvvəlcə tədqiq olunan obyekt və ya proses ətraflı olaraq araşdırıldıqdan sonra əsas təsiredici amillər seçilərək toplanılır. Əldə olunan bu məlumatlar kompüterə daxil edilir. Daxil edilmiş məlumatlar ümumi qanunlar əsasında sistemləşdirilir və emala göndərilir. Emal prosesindən sonra alınmış nəticələr çıxış qurğularına və ya informasiya daşıyıcılarına göndərilir. Göründüyü kimi ümumilikdə informasiyanın müasir kompüterlərdə işlənməsi vahid proses olmaqla bərabər, ayrı-ayrı yerinə yetirilə bilən və özünəməxsus xüsusiyyətləri ilə seçilən proseslərdən ibarətdir.
İnformasiya adətən tədqiq edilən proses və ya obyektə uyğun ilkin sənədlərdən və təcrübələrdən əldə edilərək toplanır. Toplanmış informasiyanın saxlanılması və ötürülməsi məqsədilə kodlaşdırmadan istifadə edilir.
Ümumiyyətlə, əsas informasiya proseslərinə məlumatların yığılması, onların qeyd edilməsi və kodlaşdırılması, çoxaldılması, bir yerdən başqa yerə ötürülməsi, saxlanması, axtarılması, təhlili və istifadə edilməsi aiddir. Bu informasiya prosesləri içərisində məlumatların yığımasının texniki səviyyəsi xeyli aşağı, əməliyyatların həcmi isə yüksək olur. İnformasiyaların yığımasının ardınca onun müxtəlif sənədlərdə, məlumat daşıyıcılarında qeyd edilməsi ilə yanaşı əks etdirilməsi əməliyyatları da baş verir.
İlkin informasiyanın qeydiyyatı ilə nəticə informasıyanın qeydiyyatını bır--birindən fərqləndirmək lazımdır. İlkin informasiyanın toplanması və qeydiyyatı adətən eyni zamanda baş verdiyi üçün onlar əlaqəli surətdə nəzərdən keçirilir. Çox zaman informasiyanın növbəti qeyd edilməsi ilə onun kodlaşdırılması prosesi birgə yerinə yetirilir. Məlumatların kodlaşdırılması onların daha yığcam və tez əks etdirilməsini, fərdi kompüterlərin köməyi ilə təhlilinin həyata keçirilməsini, ötürülməsi ilə yanaşı saxlanılmasını asanlaşdırır. Bu zaman sözlər və informasiya elementləri şərti rəqəm və ya hərf işarələri- kodlarla ifadə olunur. Müasir kompüterlərdə informasiyanın kodlaşdırılması məqsədilə ikilik say sisteminin rəqəmlərindən istifadə edilir.
İnformasiyamn saxlanması və axtarışı prosesi onun uzun müddət öz əhəmiyyətini itirməməsi, dövri xüsusiyyət daşıması, təkrar işlənməsi məqsədləri üçün istifadə olunmasından və sairədən irəli gəlir. İstər ilkin, istərsə də törəmə informasiya müxtəlif müddətli saxlanmaya və axtarışa məruz qalır. Elmi-texniki tərəqqi ilə əlaqədar olaraq informasiyanın saxlanmasının və axtarişinın forma və üsulları, texniki vasitələri ildən-ilə təkmilləşdirilir.
Əslində informasiya daşıyıcısı kimi insan beynini, kağızı, kitabları, jurnal və qəzetləri, audio və video kasetləri, maqnit diskləri və lentlərini, compakt diskləri, DVD diskləri, fleş diskləri və s. hesab etmək olar. Lakin müasir kompüterlər bu qurğulardan daha çox tutma və sürətlə işləmə qabliyyətinə malik olanlardan istifadə edir.
İnformasiyanın saxlanması məqsədilə fayllardan istifadə olunur. Fayl diskin və ya informasiya daşıyıcısınin adlandırılmış hissəsidir. Hər bir fayl özündə eyni ad altında birləşdirilmiş müəyyən informasiyanı saxlayır. Fayllar ada malik olurlar. Eyni bir informasiya daşıyıcısında eyni adlı iki fayl ola bilməz. Belə halda birinci məzmun silinərək ikinci yeni məzmun saxlanılır. Faylin adı MS DOS əməliyyatlar sistemində maksimum 11, Windows əməliyyatlar sistemində isə 256 simvol ola bilər. Faylın adı iki hissədən : xüsusi ad və tipdən ibarət olur. Faylın tipi üçün maksimum 3 simvol ayrılır. Faylın xüsusi adı və ya tipi verilməyə də bilər. Adətən fayla verilən ad elə seçilir ki, o istifadəçiyə ilk baxışda fayl və ya onun məzmunu haqqında müəyyən məlumat versin. Faylların bir çox tipləri onlar haqqında əlavə məlumatın alınmasını təmin edir. Beləki, bu tiplər onda olan mılumatların növü, faylın yaradıldığı redaktor və ya proqram vasitəsi haqqında məlumatın əldə olunmasına imkan yarada bilər.
Bəzi tez-tez rast gəlinən fayl tiplərini göstərək:
SYS – sistem faylları;
COM - əmrlər faylları;
DOC – Word mətn faylı;
XLS – Excel faylı;
PAS – Paskal dilinin mətn faylı;
BAS – Basic dilinin mətn faylı və sair.
Fayllarla işləməni asanlaşdırmaq məqsədilə hər hansı oxşar əlamətə görə onları kataloqlarda və ya qovluqlarda birləşdirirlər. Bu həm axtarış , həm də fayllar üzərində əməliyyatların daha asan və sürətlə yerinə yetirilməsini təmin edir. Kataloq və qovluqların yaradılmasında da fayllar üzərinə qoyulan şərtlər yerinə yetirilməlidir.
Adətən yaddaş qurğularında saxlanan faylların yaradılma tarixləri, onların yaddaşda tutduqları yaddaşın həcmi, fayl üzərində edilən dəyişikliklər haqqında məlumatları almaq müasir kompüterlərdəki sistemlərlə mümkündür.
İnformasiyanın emalı prosesi aşağıdakı ümumi sxem üzrə aparılır:
Giriş informasiya |
|
Emal |
|
Çıxış informasiya |
Giriş informasiya ilkin sənəd və mənbələrdən toplanır. Toplanmış informasiya texniki qurğularla emal edilir. Bu qurğular icəricində böyük həcmli informasiyaları emal edən kompüterlər xüsusi yer tutur. Çıxış informasiya insan yaxud qurğu tərəfindən emal nəticəsində alınan informasiyadır.
İnformasiyanın çoxaldılmasının başlıca vəzifəsi idarəetmə məqsədləri üçün yayılmasını təmin etməkdən ibarətdir. Xüsusilə nəticə informasiyası artırılaraq çoxlu ünvanlara göndərilir.
İnformasiyanın ötürülməsinin zəruriliyi ayrı-ayrı informasiya proseslərinin müxtəlif yerdə baş verməsi, onlar arasında sıx əlaqənin və asılılığın olması ilə bağlıdır. İnformasiyanın ötürülməsi onun ötürülmə üsullarından, istiqamətindən, informasiyanın hansı daşıyıcı formasında olmasından, məzmunundan asılıdır.
Qeyd etmək lazımdır ki, informasiyanın ötürülməsi iqtisadi informasiyanın məruz qaldığı çevrilmələrin biri ktmi nəzərdən keçirilməlidir. Hazırda bu mərhələ əsasən avtomatlaşdırma elementiərinin və müasir telekommunikasiya vasitələrinin geniş istifadə edilməsi ilə səciyyələnir. Təbii ki, bu halda informasiyanın avtomatlaşdırılaraq işlənməsi imkanlari xeyli artır. Burada ən perspektivli istiqamət rabitənin avtomatlaşdırılmış sisteminin yaradılması, "intellektual" terminalların və mütərəqqi kommunikasiya vasitələrinin tətbiq edilməsidir.
İnformasiyanın ötürülməsi aşağıdakı sxem üzrə aparılır:
İnformasiya mənbəyi |
|
Kodlaşdı-rıcı qurğu |
Rabitə kanalı |
|
Dekodlaşdırıcı qurğu |
İnformasiya qəbul edən |
Sxem 2. İnformasiyanın ötürülməsi sxemi.
İnformasiya mənbəyi canlı varlıq, yaxud texniki qurğu ola bilər. Kodlaşdırıcı qurğu alınan informasiyanı ötürülmə və əks etdirmə üçün əlverişli formaya çevirir. Rabitə kanalından keçən informasiya dekodlaşdırıcı qurğuya düşür və burada qəbul edənin başa düşdüyü formaya çevrilir.
Rabitə növünün seçilməsi informasiyanın ötürülməsinin texniki vasitələrinin tərkibini müəyyənləşdirir. Rabitənin texniki vasitələri seçilərkən informasiyanın hansı miqyasda mübadilə edilməsi əlaməti əsas götürülür. Belə ki, əgər müəssisə daxili (və ya firma daxili) informasiya mübadiləsində naqil, radio əlaqəsi, həmçinin qismən terminalların tətbiqi məqbuldursa, kənar mühitlə (müəssisədən kənar) informasiya mübadiləsində terminalların və elektron rabitə vasitələrinin istifadəsinə üstünlük verilməlidir.
İnformasiyanın kəmiyyətcə ölçülməsi üçün ən kiçik ölçü vahidi bitdir (ingilis dilində binary digit- ikilik rəqəm sözündən götürülüb). Kompüterin daxilində elektrik siqnalları iki vəziyyətdə ola bilər: siqnal var (gərginlik var)-1; siqnal yoxdur (gərginlik yoxdur)-0. Məhz bu səbəbdən də kompüter öz işində ikilik məntiqdən istifadə edir.
Müasir kompüterlərin klaviaturasında olan simvolların ikilik kodlarla verilməsi üçün 7 bit kifayət edir. Bir bit isə təsdiq üçün əlavə olunur. Məhz bu səbəbdən də 8 bit=1 bayt ən kiçik yaddaş vahidi kimi qəbul edilir. İnformasiya yaddaşda saxlanıldığından bayt həm də informasiya ölçü vahididir. Daha böyük informasiyaölçü vahidləri aşağıdakılardır:
8 bit= 1 Bayt
1024 Bayt= 1 KiloBayt (KB)
1024KB=1 Meqa Bayt(MB)
1024 MB=1QiqaBayt (QB)
1024 QB=1 TeraBayt(TB)
1024 TB=1 Petabayt (PB)
Kompüterlərdə bir Bayt (yəni 8 bit) maşın yarımsözü adlanır. 2 Bayt və ya 16 bit 1 maşın sözü, 4 bayt və ya 32 bit ikiqat söz, 8 bayt və ya 64 bit dördqat söz adlanır.