İnformasiya sistemləri və texnologiyaları

İnformasiya sistemləri və texnologiyaları

İstənilən məsələdə qarşıya çıxan problemlərin təhlil edilməsində, qərarın qəbul edilməsində, əməliyyatlara nəzarətdə, yəni məhsulun yaranmasında və xidmətində informasiya lazımdır. İnformasiya termini latınca informatio -izah etmə, aydınlaşdırma, başa salma, hər hansı faktı, hadisəni, əlaməti ifadə etməkdir. Bu ümumi elmi anlayış olub, adamlar arasında məlumatlar mübadiləsi, qurğular, adamlar, canlı və cansızlar arasında siqnalların mubadiləsini özündə birləşdirir. 

İnformasiya - adam, əşya, fakt, hadisə, əlamətə təsnif olunma formasından asılı olmayaraq proseslər haqqında məlumatdır. Bu termin altında idarəetmə məsələsinin həlli üçün məlumatların anlaşılması və işlənməsi başa düşülür. Məlumatlar təşkilatda və ondan kənarda baş verən hadisələri özündə əks etdirir.

İnformasiya geniş mənada isə dünyanın müxtəlif yerlərində baş verən prosessləri bir məlumat kimi müəyyən edir. İnformasiyanı öyrənən zaman insan fəaliyyətinin müxtəlif sahələrində onun yaranması, dəyişdirilməsi və istifadə olunması qanunauyğunluqları nəzərə alınmalıdır.

Sistem dedikdə isə, vahid məqsəd üçün istifadə edilən bir-biri ilə əlaqəli olan elementlər toplusu başa düşülür. Sistemlər bir-birindən tərkibinə və yaradıldığı əsas məqsədlərə görə fərqlənirlər.

İnformatikada isə "sistem" anlayışı çox genişdir və bir çox mənalar daşıyır. O, daha çox texniki vasitə və proqramlar toplusunda tətbiq olunur. Kompyuterin aparat hissəsi də bir sistemdir. Həmçinin, konkret tətbiqi məsələlərin həlli üçün istifadə edilən proqramlar, sənədləşmə fəaliyyətlərinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş proqramlar toplusu da sistem adlanır.

"Sistem" anlayışına "informasiya" anlayışının əlavə olunması onun yaradılma məqsədini və fəaliyyətinin əsas mahiyyətini əks etdirir. İnformasiya sistemləri istənilən sahədə qərar qəbul edilməsi prosesinə lazım olan informasiyanın yığılması, saxlanması, emalı, axtarışı və ötürülməsini təmin edir. Onlar problemlərin təhlil olunması və yeni məhsul istehsal edilməsinə kömək edir.

İnformasiya sistemi - qarşıya qoyulmuş məqsədə nail olmaq üçün informasiyanın saxlanması, işlənməsi və ötürülməsində istifadə edilən vasitə, insan qüvvəsinin və metodların qarşılıqlı əlaqələrinin məcmusudur. Müasir anlamda "informasiya sistemi" məlumatın emal olunmasında əsas texniki vasitə kimi fərdi kompyuterin istifadə olunmasını nəzərdə tutur. Böyük təşkilatlarda informasiya sisteminin texniki bazasına fərdi kompyuterdən əlavə MEYNFREYM, ya da Super EHM daxil oluna bilər.

Kompyuterlər və informasiya sistemləri arasında fərqi bilmək vacibdir. İxtisaslaşmış proqram vasitələri ilə təchiz olunmuş kompyuterlər informasiya sistemləri üçün texniki baza və alətdir. İnformasiya sistemləri kompyuterlərlə və telekommunikasiyalarla qarşılıqlı əlaqədə olan insansız təsəvvür edilə bilməz.

İnformasiya sistemlərinin istifadəsinə qarşı yanaşmanın dəyişməsi


İlk informasiya sistemləri 50-ci illərdə yaranmışdır. Bu zaman onlardan maaşların hesablanmasında istifadə edilirdi və əməliyyatlar elektromexaniki mühasibat hesablama maşınlarında aparılırdı. Bu, xərclərin və sənədlərin hazırlanması vaxtına qənaət etməyə imkan verirdi.

60-cı illərdə informasiya sistemlərinə münasibətin dəyişməsi müşahidə olunur. İnformasiya sistemlərindən alınan informasiya dövrü hesablaşmalarda bir çox parametrlərlə istifadə edilirdi. Bunun üçün təşkilatlarda artıq əvvəlki kimi yalnız maaş hesablamasında və hesab sənədlərinin emal olunmasında istifadə olunan deyil, daha geniş təyinatlı kompyuter avadanlıqlarına tələbat yaranırdı.

70-ci illər - 80-ci illərin əvvəllərində informasiya sistemləri qərar qəbuletmə prosesinə dəstək təmin edən, onu sürətləndirən və əsasən, rəhbər işçilər üçün nəzərdə tutulan nəzarət sistemləri kimi qəbul olunurdu.

80-ci illərin sonlarında informasiya sistemlərindən istifadə konsepsiyası yenidən dəyişir. Onlar artıq informasiyanın strateji mənbəyinə çevrilir və istənilən növ təşkilatlarda bütün səviyyələrdə istifadə edilir. Bu dövrdə informasiya sistemləri lazım olan informasiyanı vaxtında təmin edərək, təşkilatlara öz fəaliyyətlərində uğur qazandırır, həmçinin, yeni xidmətlər və məhsulların istehsalı, yeni satış bazarlarının tapılması, etibarlı partnyorların tapılması və s. fəaliyyətlərdə yardımçı olur.

İnformasiya sistemlərində əməliyyatlar


Müxtəlif məqsədlər üçün nəzərdə tutulan informasiya sistemlərinin fəaliyyətini təmin edən prosesləri aşağıdakı bloklardan ibarət olan sxem şəklində təsvir etmək olar:

  • daxili və ya xarici mənbədən informasiyanın daxil edilməsi;
  • daxil olmuş informasiyanın emalı və münasib şəkildə nümayişi;
  • istehlakçılara nümayiş etmək və ya digər sistemə göndərilməsi üçün informasiyanın çıxarılması;
  • əks əlaqə - həmin təşkilatın işçiləri tərəfindən giriş informasiyasının düzəlişi üçün yenidən emal edilən informasiyadır.

Hal-hazırda informasiya sistemləri kompyuter texnikası vasitəsilə realizə olunmuş sistemə dəyişilmişdir.

İnformasiya sistemlərini başa düşmək üçün onun həll etdiyi məsələnin mahiyyətini və onun qoşulduğu təşkilat proseslərini anlamaq lazımdır. Kompyuter informasiya sistemlərinin imkanlarını müəyyən edərkən qərar qəbul etməni saxlamaq üçün aşağıdakılar nəzərə alınmalıdır:

  • həll edilən idarə məsələlərinin quruluşu
  • idarəetmənin iyerarxiyasının səviyyəsi
  • həll edilən məsələnin biznesin bu və ya digər sahələrinə aid olması
  • istifadə edilən informasiya texnologiyalarının görünüşü.

Kompyuter informasiya sisteminin işinin texnologiyası mütəxəssisin kompyutersiz sahəni başa düşməsi üçün əlverişlidir və professional fəaliyyətlərdə və onların idarəedilməsində müvəffəqiyyətlə istifadə oluna bilər.

İnformasiya sistemlərinin tətbiqindən nə gözləmək olar?

İnformasiya sistemlərinin tətbiqi aşağıdakılara səbəb olar:

  • riyazi metodlar və intellektual sistemlərin və s. tətbiqi sayəsində idarə məsələlərinin həllində daha da səmərəli nəticələrin alınmasına
  • işin avtomatlaşdırılması nəticəsində işçilərin hərəkətsiz işdən azad edilməsinə
  • informasiyanın dəqiqliyinin təmin edilməsinə
  • kağız daşıyıcılarının maqnit disk və lentlərlə əvəz olunmasına, bu da infromasiyanın kompyuterdə işlənməsinin daha da səmərələşməsinə və kağızda sənədlərin həcminin azalmasına gətirib çıxarır
  • firmada sənəd dövriyyəsinin və informasiya axınının strukturunun təkmilləşməsinə
  • məhsul və xidmətlər istehsalına xərclərin azaldılmasına
  • istehlakçılara daha səmərəli xidmətlərin təklifinə
  • yeni bazar yerlərinin axtarıb tapılmasına
  • intehlakçı və mal satanlara edilən güzəştlər və xidmətlər sayəsində onların firmaya bağlanmasına.

İnfromasiya sistemlərində idarəetmənin strukturunun rolu

İstənilən təşkilat üçün informasiya sistemlərinin yaradılması və istifadəsi aşağıdakı məsələlərin həllinə istiqamətlənib.

1. İnformasiya sistemlərinin strukturu, onun funksional təyinatı təşkilatın məqsədlərinə müvafiq olmalıdır. Məsələn, ticarət firmasında - effektli biznes; dövlət müəssisələrində - sosial və iqtisadi məsələlərin həlli üçün.

2. İnformasiya sistemləri insanlar tərəfindən idarə edilməlidir, onlar tərəfindən başa düşülməli və sosialoji və əxlaqi prinsiplər əsasında istifadə edilməlidir.

3. Dəqiq, etibarlı, vaxtlı və sistemləşdirilmiş informasiya istehsalı.

İnformasiya sisteminin yaradılmasını bina tikintisi ilə müqayisə etmək olar. Kərpiclər, mismarlar, sement və digər bir yerə toplanmış tikinti materialları hələ bina demək deyildir. Binanı tikmək üçün layihə, yer quruluşu, tikinti və s. lazımdır.

Analoji olaraq informasiya sisteminin qurulması və istifadəsi üçün əvvəlcə strukturunu, təşkilatın siyasət və funksiyalarını, idarəetmənin və qəbul edilmiş qərarların məqsədini, kompyuter texnologiyalarından istifadənin mümkünlüyünü bilmək lazımdır. İnformasiya sistemləri təşkilatın bir hissəsini təşkil edir, istənilən təşkilatın açar elementləri isə - idarəetmənin orqan və strukturu, standart üsullar, heyətdir.

Müəllif: Zamirə İlqar

Top