Bioinformatika

Bioinformatika

Bioinformatika 2 texnoloji inqilabın - biotexnologiyanın və informasiya texnologiyasının yaradılması və sürətli inkişafının, onların elmi nailiyyətlərinin birgə tətbiqinin nəticəsi kimi formalaşmış və hazırda da bu yönümdə inkişaf edən elmlərarası yeni elmi fəaliyyət sahəsidir. "Bioinformatika" məfhumu elmi ədəbiyyatda yalnız 1991-ci ildən başlayaraq işlədilsə də, bu elmin formalaşma dövrü təxminən son 50 ili əhatə edir. Geniş mənada bioinformatika dedikdə, kompyuter texnologiyalarını və riyazi metodları tətbiq etməklə bioloji məlumatların toplanmasi, sistemləşdirilməsi, saxlanılması və ötürülməsi, analizi və interpretasiyası üzrə fundamental və tətbiqi yönümlü tədqiqatlar sahəsi başa düşülür. Dar mənada isə bioinformatika genetik məlumatın təşkili, ekspressiyası və təkamülü ilə bağlı tədqiqat sahəsi kimi başa düşülür. Yalnız 1998-ci ildə elmi ictimaiyyət tərəfindən ayrıca elm kimi qəbul olunmuş bioinformatika qısa müddət ərzində elmi tədqiqatlara yardımçı bir sahədən müasir biologiyanın aparıcı qollarından birinə çevrilmişdir.

Respublikamızda bioinformatikanın inkişaf tarixi ötən əsrin 70-ci illərinin sonundan başlayır. Müasir Azərbaycan dövlətinin həmin dövrdə uzaqgörən təşəbbüsü və daimi qayğısı sayəsində keçmiş SSRİ-nin qabaqcıl elm-təhsil mərkəzlərində milli kadrlarımızın hazırlanması dövlət siyasətinin strateji istiqamətlərindən biri idi. Bu siyasətin biologiya elmləri (o cümlədən, mahiyyəti və geniş perspektivləri barədə çoxlarının təsəvvürü belə olmayan bioinformatika) sahəsində gerçəkləşməsinin ideya rəhbəri və himayədarı isə akademik Cəlal Əliyev olmuşdur. Bu iki fakt ona görə xüsusi qeyd olunmalıdır ki, həmin dövrdə və sonralar (bədxahlarımızın səyləri nəticəsində Heydər Əliyev müəyyən müddət siyasi hakimiyyətdən uzaqlaşdırıldıqda) respublikamızda elmin inkişafı üçün cavabdehlərin çoxları riyazi və kompyuter metodlarının molekulyar biologiya və genetikada istifadə olunması imkanlarının mahiyyətinə varmadan (və çox vaxt heç vara bilmədən) hər vəchlə bu istiqamətin əleyhinə çıxırdılar. Lakin Heydər Əliyev qüdrəti və Cəlal Əliyevin inamı bu müqavimətləri qırdı və bu gün biz qürur hissi ilə deyə bilərik ki, keçmiş sovet məkanındakı 15 respublikadan bioinformatikanın bu və ya digər dərəcədə inkişaf etdiyi 4 respublikadan biri, Rusiya, Ukrayna və Estoniya ilə yanaşı, Azərbaycan olmuşdur. Bu baxımdan ən önəmli odur ki, vaxtilə keçmiş SSRİ EA-nın Sibir Bölməsinin Sitologiya və Genetika İnstitutunda və Novosibirsk Dövlət Universitetində hazırlanmış azsaylı, lakin elmi nailiyyətləri ilə bioinformatika sahəsində tanınan azərbaycanlı alimlər ölkəmizdə və onun hüdudlarından kənarda (ABŞ, Yaponiya, Birləşmiş Krallıq, Pakistan, Oman) öz uğurlu fəaliyyətlərini indiyədək davam etdirirlər. Hazırda bu sahədə tədqiqatlar 2000-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunda yaradılmış ilk və yeganə Bioinformatika laboratoriyasında aparılır. Botanika İnstitutu ilə Birləşmiş Krallığın London Universitetinin Royal Hollovey Kolleci və Pakistanın COMSATS Məlumat Texnologiyası İnstitutu arasında imzalanmış müvafiq niyyət protokolları çərçivəsində birgə elmi tədqiqatlar aparılır.

Ümumiyyətlə, bioinformatikanın Azərbaycanda daha da inkişaf etdirilməsi dünyada biologiya elmindəki müasir aparıcı meyillərə tam uyğundur və son dərəcə zəruridir. Belə ki, hazırda və gələcəkdə molekulyar biologiya və genetika, biotexnologiya və onlarla bilavasitə bağlı digər elm sahələrində əsaslı tərəqqi yalnız və yalnız bioinformatikanın məlumat və metodoloji bazasında mümkündür. Nəhayət, o da xüsusi qeyd olunmalıdır ki, molekulyar biologiya, genetika və onlarla bilavasitə bağlı elm sahələri içərisində ən az maliyyə vəsaiti tələb edən, lakin müasir tələblər səviyyəsində həm fundamental, həm də praktiki əhəmiyyət kəsb edən elmi nəticələr verə biləcək sahə məhz bioinformatikadır. Bu isə ölkəmizin mövcud maliyyə imkanları baxımından çox önəmli məqamlardan biridir.

Araşdırmalar göstərir ki, bioinformatika sahəsində qısa müddət ərzində çox böyük nailiyyətlər əldə olunub. Artıq alimlər hüceyrədə gedən molekulyar mexanizmləri öyrənərək, xüsusi məlumat bazalarında toplanmış biliklər əsasında bu proseslərin keçmişini və gələcəyini proqnoz edə bilirlər. Bu proseslərin kompyuter proqramları vasitəsilə modelləşdirilməsi nəticəsində insan geninin kodları belə sürətlə açılmağa başlanmışdır. Mütəxəssislər hesab edir ki, bioinformatika və biotexnologiyaların geniş və sürətli tətbiqi minilliyin ən vacib və həyati problemləri olan ətraf mühitin qorunması, ərzaq təhlükəsizliyi, təbabət, hətta enerji təhlükəsizliyi kimi məsələlərin həllinə yönəlmişdir. Bunun nəticəsidir ki, bu gün müasir iqtisadiyyatda biotexnoloji məhsulların həcmi sürətlə artır.

Məlumdur ki, bioinformatikanın sürətlə inkişafına təsir edən amillərdən biri, bəlkə də birincisi informasiya texnologiyalarının və hesablama texnikasının yüksək inkişaf səviyyəsidir.

Müxtəlif növ və indiyə qədər təsəvvür edilməyən yeni materialların və məhsulların alınmasında bioinformatikanın və biotexnologiyanın rolu böyükdür.

Belə ki, yeni iqtisadiyyatın inkişafında və onun dayanıqlı və davamlı olmasında, yaşayış üçün vacib olan ekosistemlərin mövcudluğunda bioinformatika və biotexnologiyaların rolu həlledicidir. XXI əsrin başlanğıcında öz iqtisadiyyatında təbii sərvətlərdən yüksək texnologiyalara keçid edən Azərbaycan üçün də nanotexnologiya, biotexnologiya və informasiya texnologiyalarının inkişafı əsas hədəflərdən biridir. Bunun üçün Azərbaycan hökumətinin atdığı ən vacib addım və inamlı ümid bəslədiyi layihə Regional İnnovasiya Zonasının yaradılmasıdır. RİZ bütün ölkə çərçivəsində İKT və digər texnoloji tutumlu məhsul və xidmətlərin istehsalı, istehlakı və ixracatı ilə məşğul olan özəl, dövlət, qeyri-hökumət, yerli və xarici şirkətlər üçün çoxgüzəştli monitar, fiskal, tarif və digər mühitlərin yaradılmasını nəzərdə tutur. RİZ çərçivəsində xüsusi güzəştlərə və dövlət dəstəyinə əsaslanan təhsil və tədqiqat mərkəzlərinin, o cümlədən İT universitetinin, innovasiya yönümlü kiçik və orta sahibkarlığın yaradılması planlaşdırılır. RİZ-in əsas fərqləndirici cəhətlərindən biri də belə elmi-tədqiqat mərkəzlərinin yerli elmi potensialla bərabər, beynəlxalq əməkdaşlıq və xarici insan kapitalının elmi-tədqiqat işlərinə cəlb olunması və innovasiya yönümlü məhsul və xidmətlərin region bazarlarına çıxışının yüngülləşdirilməsidir. Belə bir yanaşmada əsas məqsəd, təhsil, elm və iqtisadiyyat arasında olan əlaqələrin bazar iqtisadiyyatı şəraitinə uyğun qurulmasıdır. 


Müəllif: Zamirə İlqar

Top