"QWERTY" necə yaranıb?

"QWERTY" necə yaranıb?

Yəqin ki, kompyuterə yaxşı bələd olanlar söhbətin nədən getdiyini başa düşdülər. Belə ki, "QWERTY" kompyuterin klaviaturasında yazı klavişlərinin birinci sırasında duran ilk 6 hərfin birləşməsindən əmələ gələn addır.

Klaviaturada hərflərin niyə məhz belə ardıcıllıqla düzülməsinin səbəbi isə ola bilsin çoxlarına bəlli deyil.

Ona görə də məlumat verək ki, "QWERTY" düzülüşü, ilk dəfə, vaxtı ilə yazarların çox sevimlisi olan mexaniki yazı maşınının klaviaturasında qurulmuş və bu tərtibatın meydana çıxmasının maraqlı tarixçəsi vardır.
1714-cü ildə mexaniki maşınla kağız üzərinə hərflərin köçürülməsi metodunu kəşf etdiyinə görə Britaniya kraliçası Annanın icazəsi ilə Henri Mill adlı mühəndisə patent verildi. Beləliklə, sanki, yazı yazmaq üçün mexaniki qurğu yaratmaq ideyası reallaşdı. Lakin, Mill bu ideyanı nəzəriyyədən praktikaya tətbiq edə bilmədi və belə uğursuzluq digər ixtiraçıların da başına gəldi. XIX əsrin altmışıncı illərinə kimi həll olunmamış qalan bu problemi vaxtı ilə Amerikanın Vinskonsin ştatında qəzet redaktoru işləmiş Kristofer Şouls həll etdi.

Maraqlıdır ki, Kristofer Şouls yazı qurğusunu nəşriyyatda işləyəndə yox, Miluoki portunun gömrükxana rəisi vəzifəsində olarkən kəşf etmişdir.

Yeni işində Şouls jurnalist fəaliyyətini dayandırmalı olsa da, o, əvvəllər pero, ya qələmlə məqalə yazanda, yaxud hansı isə yazının üzünü köçürəndə nə qədər əziyyət çəkdiyini unuda bilmirdi. Kristofer hələ o zamanlar yazı işini yüngülləşdirən bir metodun mümkünlüyünə inanırdı, lakin onu tapmağa vaxt ayıra bilmirdi.

Təzə vəzifəsində Şoulsun işinin elə də ağır olmaması və boş vaxtının çox qalması ona yenidən yazı prosesini asanlaşdıran metod axtarmağa imkan verdi.

Asudə vaxtlarında yerli emalatxanaların birində çalışan Şouls və onun kompanyonu Karlos Qlidden bir müddətdən sonra kitab səhifələrini ardıcıl nömrələyən aparat ixtira edirlər. Məhz bu sadə qurğudan yazı maşını öz başlanğıcını alır.

İlk yazı makinası Morze əlifbasını yazmaq üçün istifadə edilən köhnə teleqraf açarından və linglərdən yığılmışdı.

Şouls linglərinin ucuna literləri elə bərkidir ki, linglər hərəkətə gələndə bu dəmir hərflər kopirkaya dəyərək onun altındakı kağıza həmin hərfin surətini salırdı.

Şouls 1867-ci ildə öz ixtirasına patent alır və onun istehsalı altı il sonra iri silah kompaniyası olan "Reminqton Rend" firması tərəfindən həyata keçirilir.

İlk yazı maşınlarının bəzi qüsurları var idi. Belə ki, klavişlərlə hərəkətə gələn hərflər barabanın altında yerləşdiyi üçün çap olunan mətni hər dəfə barabanı qaldırmaqla görmək olurdu.

Makinaların bir qüsuru da onların çox baha olması idi. Bununla belə, yazı maşınlarının ilk istifadəçiləri onlardan razı idilər.

İstifadəçilər arasında Mark Tven təxəllüsü ilə yazan keçmiş mətbəə işçisi Semyuel Klemens də var idi.

Yazı maşını Tveni o qədər məftun etmişdi ki, o, bu qurğuların istehsalına 300 min dollar pul qoyur. Lakin, biznes özünü doğrultmur və yazıçı tamamilə, müflis olur.

Qeyd etmək lazımdır ki, Şouls ilk dəfə makinada müəyyən faktorları nəzərə almayaraq hərfləri "ABCDEF..." əlifba sırası ilə düzmüşdü. Ona görə də maşından istifadə zamanı literli linglər tez-tez bir-birlərinə dolaşır, sürətli yazıda isə ilişmələr daha da artaraq yazı prosesini pozurdu.

Bu səbəbdən Kristofer çox işlənən hərflərin qollarını bir-birlərindən aralı, onların klavişlərini isə şəhadət barmağından uzaqda, makinanın qıraq hissələrində yerləşdirir. Beləliklə, "QWERTY" adlanan bir düzülüş alınır. Belə düzülüş yazı prosesini bir qədər ləngitsə də, əvəzində rahat çap etmək imkanı verdi. Maraqlıdır ki, Şoulsun yaratdığı "QWERTY" bu günə kimi dəyişməz olaraq qalmışdır.

Mütəxəssislər bu düzülüşü bir neçə dəfə dəyişməyə cəhd etsələr də, onların ideyaları qəbul edilməmişdir, halbuki, onların arasında daha səmərəli tərtibat da olmuşdur. Məsələn, 1932-ci ildə Vaşinqton Statistika Universitetinin professoru Avqust Dvorakın yığdığı klaviatura sürətli yazı baxımından daha əlverişli idi. Dvorak tez-tez işlədilən hərfləri barmaqların başlanğıc vəziyyətində durduğu klaviaturanın orta sırasına elə düzür ki, yalnız bir cərgədən istifadə etməklə üç minə qədər ən çox istifadə edilən ingilis sözlərini çap etmək olurdu. Halbuki, QWERTY-nin orta sırası cəmi yüz söz yazmağa imkan verir. Lakin, bununla belə, istifadəçilərin QWERTY-yə olan rəğbəti və ona bərk öyrəşməsi digər tərtibatların meydana çıxmasına imkan vermir.

QWERTY-yə olan bağlılıq o qədər güclü olur ki, hətta sonradan meydana çıxan kompyuterlərin klaviaturalarını da həmin üslubda yığmağa başlayırlar.

İlk əvvəl kompyuterlərə verilənlər əvvəlcədən xüsusi maşınlarda emal olunmuş perfokartlar, maqnit lentləri vasitəsilə daxil edilirdi. Bu həm əziyyətli, həm də çox vaxt aparan iş idi. Bu səbəbdən hesablayıcı maşınlar təkmilləşdirildikcə onlara verilənlərin giriş və çıxışını rahat təmin edən bir qurğunun yaradılması artıq zərurətə çevrilirdi.

Klaviaturanın meydana çıxması hərflərdən rəqəmlərə qədər istənilən simvolu kompyuterə bircə toxunuşla daxil edilməsinə yol açdı.

Müasir klaviaturaların çoxu öz başlanğıcını, İBM kompaniyasının XT modelindən götürüb.

Kompyuterdə hər qurğunun, o cümlədən klaviaturanın klavişlərini də istənilən düzülüşdə proqramlaşdırmaq mümkün olmasına baxmayaraq İBM şirkəti öz modelində makina klavişlərinin standart naborunu olduğu kimi saxlayaraq "QWERTY" düzülüşünə üstünlük vermişdir.

Belə addım makinaya adət etmiş istifadəçilərin kompyuterdə çaşmaması üçün atılmışdır.

İlk İBM klaviaturası 83 düyməli olsa da 1987-ci ildə klaviaturanın toxunacaqlarının sayı artırılaraq 101-ə çatdırıldı. Bu zaman kursoru idarə edən klavişlər ayrıca bloka yığıldı. Funksional düymələrə "F11" və "F12" toxunacaqları da əlavə edilərək onları yuxarı sırada, Ctrl və Alt düymələri isə klaviaturanın hər iki tərəfinə yerləşdirildi. Beləliklə, «IBM Enhanced 101 Key Keyboard» standartı yaradıldı. Bu gün isə standart klaviaturalardan fərqli olaraq əlavə funksiyalı klaviaturalar da istehsal edilir. Onların bəzilərində kalkulyator, saat, bəziləri isə sıyırmalı olur. İstifadəçinin individual xüsusiyyətlərindən asılı olaraq, onun rahatlığı üçün sağ və sol tərəfləri müxtəlif bucaqlara əyilə bilər. Hazırda, kompyuterə qoşulmadan, məsafədən idarə edən klaviaturalar artıq dəbə gəlir.

Klaviatura kompyuterdə müəyyən əməliyyatları aparmaqla yanaşı, həm də mətn yığımı üçün də çox əlverişli şərait yaratdı. Onun kompyuterlə əlaqələndirici mikroprosessoru vardır. Ani olaraq iki klavişi basmaqla latın əlifbasından istənilən şriftə keçmək mümkündür. Klaviaturadan simvolun daxil edilməsi ekranda kursorun dayandığı nöqtəyə təsadüf edir. Verilənləri daxil etməkdən əlavə klaviatura kompyuterə komandalar göndərməklə idarəetmə funksiyasına da malikdir. Kompyuter proqramının növündən asılı olaraq klaviaturanın hər klavişi kompyuterə müxtəlif simvol kodu ötürə bilər. Klaviaturanın kompyuterə ötürdüyü hər simvolu başa düşmək üçün xüsusi ASCII (American Standart Code for Information Interchange - İnformasiya Mübadiləsi üçün Amerika Standart Kodları ) kodlar cədvəlindən istifadə olunur. Klavişi basan kimi klaviatura prosessora kəsilmə siqnalı göndərir və prosessoru məcbur edir ki, həmin siqnalı emal edən proqrama keçsin. Klaviatura öz yaddaşında hansı klavişin basıldığını yadda saxlayır. Adətən yaddaşda 20-yə qədər basılmış düymə yadda qalır. Prosessor hər siqnalı alan kimi həmin informasiya klaviaturanın yaddaşından silinir. Klaviatura tək basılmanı deyil, həm də klavişin buraxılmasını da prosessora göndərir. Beləliklə, kompyuter bilir ki, klaviş sıxılıb və ya buraxılıb. Bu xüsusiyyət digər registrə keçmək üçün istifadə edilir. Bundan əlavə əgər klaviş müəyyən vaxtdan çox basılı saxlanılırsa, onda klaviatura bu klavişin yenidən basılmasını generasiya edir.

1995-ci illərdən başlayaraq "Microsoft" şirkətinin hazırladığı kompyuter ofis və nəşriyyat proqramları yazarların zəhmətini xeyli yüngülləşdirməyə başladı. Kompyuterdə çap etməyin makinadan əsas üstünlüyü onda oldu ki, yazı yazarkən buraxılan hərf səhvlərini düzəltmək çox asan olur və həm də mətni tam hazırlayıb qurtarana kimi kağızdan istifadə olunmur. Yazı maşınında isə bir səhvə görə bütöv səhifəni cırıb atıb, təzəsini yazmalı olurdun. Bunlardan əlavə, kompyuterdə hazır mətni sonsuz sayda kopiya və printerdə çap etmək, fayl şəklində diskdə, fləşdə və yaxud internet vasitəsilə istənilən yerə göndərmək mümkündür.

Qeyd etmək lazımdır ki, respublikamızda latın əlifbası işlədildiyi üçün biz də öz iradəmizdən asılı olmayaraq "QWERTY", daha doğrusu "W" hərifini "Ü"-yə dəyişməklə "QÜERTY" düzülüşündən istifadə edirik. Zənnimcə, tam əminliklə demək olmaz ki, "QÜERTY" tərtibatı Azərbaycan dili üçün tam əlverişlidir. Təcrübə göstərir ki, əksər sözlərin yazılışında, ya sağ əlin barmaqları çox işləyir, ya da ki, sol əlin. Yəqin ki, bu qüsur "QWERTY"-nin İngilis dili üçün nəzərdə tutulması ilə bağlıdır. Ona görə də gələcəkdə ana dilimizdə sürətli yazını təmin edən optimal klaviaturanın hazırlanması daha məqsədəuyğun olardı. Yoxsa, biz də zaman keçdikcə "QWERTY"-yə tam öyrəşib başqa tərtibatları qəbul etməyəcəyik. Vərdişi tərgitmək, vərdiş etməkdən daha çətin olur.

Vüqar Haqverdiyev

Azərbaycan Milli Elmlər Akademiyası 

 

Top