— Ay oğul, dərddən qurtarmağın birinci işi onu olduğu kimi qəbul eləməkdir. Sənin məsələn elədir ki, bunu nə dava-dərmanla, nə də türkəçara ilə düzəltmək mümkündür. Amma sənə bir tövsiyəm var. Bir üzük düzəltdir. Qaşına da belə yazdır: “Bu da keçər” Sevinəndə də, üzüləndə də ona bax və düşün.
Piri-fani bu sözü deyib gedir. Padşah onun dediyi kimi bir üzük düzəltdirir, üstünə də “Bu da keçər” yazdırıb, barmağına keçirir. Xoş anında da ona baxır, üzüləndə də. Sevincindən şaqqanaq çəkib gülmək istəyəndə üzüyə yazdırdığı sözə baxıb kiriyir, dərddən ağlamaq ərəfəsinə gələndə də üzüyə baxıb təsəlli tapır. Amma deyirlər ki, padşah mükafatlandırmaq üçün o qocanı nə qədər axtarsa da o nişanda, o görüntüdə birisini gördüyünü deyən tapılmır.