İnformasiya cəmiyyətinin 100 əsas anlayışı (21-40)

İnformasiya cəmiyyətinin 100 əsas anlayışı (21-40)

21. İnformasiyanın qorunması
Təbii və süni xarakterli təhdidlərə məruz qalan informasiyanın məxfiliyini, tamlığını və əlyetərliyini təmin edən metod və vasitələr toplusudur. İnformasiya təhlükəsizliyinin pozulması informasiya sahiblərinə və istifadəçilərinə zərər verə bilər.
22. İnformasiya cəmiyyətinin inkişaf indikatorları
İnformasiya cəmiyyətini inkişafını müxtəlif kəsimlərdə (informasiya, iqtisadi, sosial) xarakterizə edən göstəricilər siyahısıdır.
23. İnternet
1. Bütün dünya üzrə dövlət, akademik, kommersiya, hərbi, kooperativ və s. şəbəkələri özündə birləşdirən və TCP/IP protokoluna əsaslanan qlobal kompüter şəbəkəsidir.
2. Yüksək səviyyəli kommunikasiya xidmətini təmin edən və tərkib hissələri TCP/IP protokoluna əsasında unikal ünvan fəzası ilə məntiqi əlaqədə olan qlobal informasiya sistemidir.
3. Bütün dünyanı əhatə edən qarşılıqlı əlaqəli kompüter şəbəkələridir. İnternet TCP/IP protokolu əsasında kompüterlərə, informasiya resurslarına, elektron poçt xidmətlərinə, elanlar lövhələrinə və müxtəlif diskussiya qruplarına çıxışı təmin edir.
24. İnternet-inkubator
İnternet-kompaniyaların və onların layihələrinin qısa zamanda hazırlanması və bazara çıxarılması məqsədi güdən vençur investisiya modeldir. İlk bu tip inkubator 1995-ci ildə amerikalı iş adamı B. Gross tərəfindən yaradılmışdır.
25. İnternet-mağaza
İnternetdə müştəriyə (hüquqi və ya fiziki şəxsə) malların çatdırması da daxil olmaqla birbaşa satışının həyata keçirildiyi yerdir. Bu zaman istehlak informasiyalarının yerləşdirilməsi, malın sifarişi və alqı-satqısı internet-mağazanın saytında həyata keçirilir.


26. İnternet – iqtisadiyyat
İnternetdə öz biznesinin inkişaf etdirilməsi: sayt və virtual mağazaların açılması, elektron reklam və marketinqdən, elektron sənəd dövriyyəsindən istifadə edilməsi.
27. İnterfeys
Kompüter və onun istifadəçisi və ya iki qurğu arasında əlaqəni təmin edən proqram təminatı.
28. İnformasiyalaşdırma
1. İKT-dən istifadə etməklə bilik və informasiyanın istehsalının, yayılmasının və istifadəsinin intensivləşdirilməsi prosesidir.
2. İdarəetmədə informasiya və biliklərdən istifadənin effektivliyinin artırılması, vətəndaşların, təşkilatların və dövlətin informasiyaya olan tələbatının təmin edilməsi və ölkənin informasiya cəmiyyətinə keçid üçün şəraitin yaradılması məqsədi ilə cəmiyyətin sosial-iqtisadi, siyasi və mədəni həyatının bütün sahələrində İKT-dən geniş miqyaslı istifadə prosesidir.
29. İnformasiya təhlükəsizliyi
Əsas üç tərkib hissədən: informasiyanın məxfiliyi, tamlığı və əlyetərliyindən ibarətdir. Məxfilik informasiyanın icazəsiz əldə edilməsindən qorunmasına, tamlıq informasiyanın dəqiqliyi, həqiqiliyi və bütövlülüyünün qorunmasına, əlyetərlik isə lazımi vaxta informasiya və xidmətlərə müraciətlərin təmin olunmasına yönəlmişdir.
30. İnformasiya müharibəsi
İnformasiya üstünlüyünü təmin etmək məqsədi ilə, eyni zamanda öz informasiyasını, informasiya və informasiya sistemlərinə əsaslanan prosesslərini qorumaqla, rəqibin informasiyasına, informasiyaya və informasiya sistemlərinə əsaslanan proseslərinə zərər vurmaq üçün həyata keçirilən tədbirlər.


31. İnformasiya sənayesi
Müasir İKT texnologiyaları bazasında müxtəlif növ informasiya məhsullarının və xidmətlərin geniş miqyaslı istehsalı. (qəzet, jurnal və kitablardan tutmuş kompüter oyunlarınadək)
İnformasiya sənayesi iki fərqli hissədən – informasiya texnologiyalarının (maşın və avadanlıq) və bilavasitə informasiyanın istehsalından ibarətdir.
32. İnformasiya inqilabı
XX əsrin sonlarında İKT-nin cəmiyyətin bütün sahələrinə inqilabi təsirini ifadə edən metaforadır. Bu hadisə informasiyanın ötürülməsində ixtiyari məsafənin dəf edilməsini təmin edən texnoloji əsaslar yaratmaqla bəşəriyyətin intellektual qabiliyyətini və mənəvi gücünün birləşdirir və bununla da informasiya məkanında özündən əvvəlki inqilabi kəşflərin (kitab çapı, telefon, radiorabitə, personal kompüter) yaratdıqları effektləri inteqrasiya edir.
33. İnformasiya sistemi
İnformasiya proseslərini həyat keçirən kompüter texnologiyası və rabitə vasitələrinin istifadəsi ilə təşkilati nizamlanmış sənədlər (və ya sənədlər toplusu) və informasiya texnologiyalarının məcmusudur. İnformasiya sistemi informasiyanın yığılması, saxlanılması, emalı, axtarışı, ötürülməsi və təqdim olunmasını təmin edir.
34. İnformasiya mühiti
İnformasiyanın saxlanması, işlənməsi və ötürülməsinin texniki və proqram vasitələrinin, eləcə də informasiyalaşmanın həyata keçirilməsini təmin edən siyasi, iqtisadi, mədəni şərtlərin toplusudur.
35. İnformasiya sahəsi (Information Sphere)
1. İqtisadiyyatın informasiyanın istehsalı, işlənməsi, saxlanması və yayılması ilə məşğul olan sahəsidir.
2. İnformasiyanın toplanması, formalaşdırılması, yayılması və istifadə proseslərini həyata keçirən, həmçinin bu prosesdə ictimai münasibətləri tənzimləyən informasiya, informasiya infrastrukturu və subyektlərinin məcmusudur.


36. İnformasiya iqtisadiyyatı
70-80-ci illərdə geniş yayılmış termindir.
1. ÜDM-un böyük bir hissəsi informasiya və biliklərin istehsalı, emalı, saxlanması və yayılması fəaliyyəti nəticəsində formalaşan iqtisadiyyatdır və məşğulların yarıdan çoxu bu prosesdə iştirak edir.
2. Gələcək informasiya cəmiyyətində iqtisadiyyatın bütün əsas sahələrinin inkişafında İKT-nin aparıcı rolunu göstərən proqnozlar üçün xarakterik konsepsiyadır. Burada informasiyanın özü əmtəə istehsalı ilə eyniləşdirilir və əsasən statistik metodların köməyi ilə tədqiq edilir.
37. İnformasiya Kommunikasiya Texnologiyaları (İKT)
İnformasiya istifadəçilərin maraqlarını təmin etmək məqsədi ilə informasiyanın yığılması, işlənməsi, saxlanması, yayılması və istifadəsini təmin edən metodların, istehsal proseslərinin və proqram-texniki vasitələrin məcmusudur.
38. İnformasiya qanunvericiliyi
İnformasiyanın istehsalı, istifadəsi və İKT-nin tətbiqi sahəsində qanun, nor­mativ aktların və digər hüquqi nizamlama sənədlərinin (aktlarının) məcmusudur.
39. İnformasiya ilə zənginləşdirmə (kontent)
İnformasiya sistemlərinin əhəmiyyət kəsb edən hər cür məlumatlarla- mətnlər, qrafiklər, multimedia və s. ilə zənginləşdirilməsi. İnformasiya ilə zənginləşdirilmənin əsas parametrləri onun həcmi, aktuallığı və relevant olmasıdır. İnternetdə informasiya ilə zənginləşdirmə web səhifə şəklində təşkil olunur.
40. İnformasiya bərabərsizliyi
Rəqəmsal fərq, rəqəmsal və ya elektron uçurum və digər bir çox söz birləşmələri sinonimdir.
1. Müasir İKT-dən istifadə imkanlarına görə meydana gələn sosial təbəqələşmənin (fərqliliyin) yeni formasıdır
2. İnformasiya strukturları, vasitələri və onların vətəndaşlar arasında qeyri-bərabər paylanması prosesini vətəndaş hüququ və maddi rifaha dair məsələlərlə əlaqələndirən konsepsiyaların tərəfdaşları üçün xarakter termin.

Həmçinin bax:

Mənbə: Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi. İnformasiya cəmiyyətinin 100 əsas anlayışı. — Bakı, 2007.

Top