İfadə olunan bu və ya digər fikir nitq mədəniyyətinin tələbləri baxımından düzgün, aydın, məntiqi, yığcam, səlis, zəngin, canlı, ahəngdar, sadə, dəqiq və anlaşıqlı olmalıdır. Dilin ifadə imkanları o qədər zəngin və o qədər rəngarəngdir ki, söz və söz formaların hansı sintaktik birləşmədə, hansı mətndə necə işlənməsi haqqında konkret resept vermək mümkün deyil. Buna görə də eyni dildə danışan hər fərdin öz danışıq tərzi, öz ifadə üsulu var. Lakin dilin müqəddəsliyini qorumaq, onun ədəbi dil kimi daha da püxtələşməsi və səlisləşməsi naminə yazıda və nitq prosesində heç kəs ədəbi dilin müəyyən edilmiş normalarından kənara çıxmamalıdır və bu normalara əməl etmək hamının şərəfli vəzifəsidir.
Məlum olduğu kimi, insanlara məxsus ümumi mədəniyyət müxtəlif komponentlərin məcmusundan ibarətdir. Mədəniyyətin ən vacib və aparıcı tərkib hissələrindən biri də nitq mədəniyyətidir. Biz nitq mədəniyyəti anlayışına danışıq mədəniyyəti ilə yanaşı, yazı mədəniyyətini də daxil edirik. Əgər hər hansı bir şəxs öz fikrini nitq mədəniyyətinin yuxarıda sadalanan on bir komponentinin dialektik vəhdəti əsasında ifadə edə bilmirsə, həmin şəxsin özünü mədəni adam adlandırmağa heç bir mənəvi haqqı yoxdur.
Hər bir xalqın cəmiyyət üzvləri arasındakı müraciət etiketləri həmin xalqın ümumi mədəniyyətinin bir hissəsidir.
İnsanlar arasındakı ünsiyyət bir-birinə müraciətdən başlanır. Müraciət forması isə müraciət edənlə müraciət olunan arasındakı münasibətdən asılıdır. Hətta bu asılılıq o dərəcədədir ki, ünsiyyətin başlanması və inkişafı müraciətlə müəyyənləşir.
Mədəni nitqin etiketləri
Adamlar onları əhatə edənlərlə ünsiyyətdə müxtəlif məqsədlərlə əksəriyyətin işlətdiyi bir sıra ifadələrdən istifadə edirlər ki, onların böyük bir qismini mədəni danışığın etiketləri təşkil edir. Vaxtilə monarx saraylarında, diplomatik dairələrdə və s. davranış qaydaları “etiket” adlanırdı. Hal-hazırda hər hansı bir cəmiyyətdə qəbul edilmiş davranış və nəzakət formalarına da “etiket” deyilir. Xalqımızın milli təfəkkürünə, etnoqrafiyasına, ənənələrinə uyğun işlənilən bu ifadələr, hazır nitq modelləri bütün hallarda adamları razı salır, onlarda xoş ovqat yaradır, müsahibin fəaliyyətini istiqamətləndirir, qarşılıqlı anlaşmanı təmin edir. Dilimiz belə ifadələrlə zəngindir. Adamların gündəlik nitq fəaliyyətində onların dünyagörüşü, savad dərəcəsi, dilə şüurlu münasibətindən irəli gələn rəngarəng ifadələr tez-tez işlədilir.
Elmi dilçilikdə sözün bir neçə vəzifəsi olduğu göstərilir: a) adlandırma (nominativ); b) ünsiyyət (kommunikativ); v) müraciət (apelyativ).
Öz tarixi inkişafına görə müraciət növlərini belə qruplaşdırmaq olar: a) ailə-qəbilə daxilində müraciətlər; b) xalq dilində müraciətlər, milli dildə müraciətlər.
Nitqlə ünsiyyətə başlamazdan əvvəl natiq müraciət etiketlərindən istifadə edir. Bunu nəzərə alaraq, ümumiyyətlə, Azərbaycan dilinin ədəbi müraciət, danışıq etiketləri haqqında bir neçə söz demək lazım gəlir:
- Kömək etmək, qulluq göstərmək məqsədilə: İcazə verin kömək edim; Siz əziyyət çəkməyin, bunu mən edərəm; Qulluğunda olum; Sizə kömək etmək lazımdır?; Köməyə ehtiyacınız varmı?; Mən sizi eşidirəm; Cavab verməyə tələsməyin, bir qədər fikirləşin; Sizi narahat edən nədir?; Sizə nə kömək edə bilərəm?; Nə buyurursunuz? və s.
- İş gördürmək, soruşmaq, üzrxahlıq etmək məqsədilə: İnciməyin, sizə zəhmət verəcəyəm; əgər mümkünsə; zəhmət olmasa; Buyruq olmasın; vaxtınız varsa; imkanınız olsa; Sizə əziyyət olacaq; Sizi yormayım; Rica edirəm danışın; Lütfən söyləyin; Üzr istəyirəm; Əvvəlcədən minnətdarlığımı bildirirəm və s.
- Məmnun olmaq məqamında: Razıyam; Etiraz etmirəm; Sizinlə şərikəm; Xoşuma gəlir; Çox şadam; Minnətdaram; Məmnuniyyətlə; Xoşdur; baş üstə; göz üstə; Arxayın olun; Sizi unutmaram; Sizinlə işləmək mənim üçün böyük şərəfdir; Allah köməyin olsun; Tanrı sənə yar olsun.
- Etiraz etmək, razılıq verməmək məqamında: Bu, məni təmin etmir; Etirazımı bildirirəm; Etiraz edirəm; Sizin fikrinizlə şərik deyiləm; Mən başqa cür düşünürəm; Bağışlayın, bu məsələdə sizinlə razı deyiləm; Bu, mənim xoşuma gəlmir; Belə etməyin; Bu, ürəyimcə deyil və s.
- Təskinlik vermək, razı salmaq məqamında: Bir qədər ətraflı düşünün; Əsəbiləşməyin; Darıxmayın; İcazə verin danışım; İmkan verin fikrimi izah edim; Özünüzü ələ alın; Səbr edin; Bir qədər səbrli olun; Nə etmək olar, qismət belə imiş və s.
- İntizama dəvət, məzəmmət etmə:Sizdən bu hərəkəti gözləməzdim; Belə hərəkət sizə yaraşmaz; Siz adınıza layiq hərəkət etməlisiniz; Danışığınıza fikir verin; Allah xatirinə razı olun; Nəzakətli olun; Çalışın ki, başqaları sizdən razı qalsın; Bir qədər səmimi olun, səhvinizi etiraf etməkdən çəkinməyin və s.
- Qarşılama məqamında: Xoş gördük; Nə gözəl təsadüf; Xoş gəlmişsiniz; Lap vaxtında gəlmişsiniz; Həmişə siz gələsiniz; Sizin gəlişinizə şadam; Sizi arzulayırıq; Səni çoxdan gözləyirdim; Gələn qədəmləriniz var olsun və s.
- Dəvət etmək məqsədilə: Xoş gəlmisiniz; Buyurun qonağımız olun və s.
- Vidalaşma məqamında: Sizi səbirsizliklə gözləyirik; Salamat qalın; Zəhmət çəkdiniz; Sizə əziyyət verdik; Gecəniz xeyrə qalsın; Yuxunuz şirin olsun; Allah amanında; Eviniz abad olsun; Həmişə şadlığa gələk; Sizləri bir daha evimizdə görsək, şad olarıq; Allah yolunuzu açıq eləsin, işinizi xeyrə calasın və s.
- Görülən işin müqabilində razılıq, rəğbətləndirmə: Afərin; Əhsən; Minnətdaram; Hər şey üçün minnətdaram; Təşəkkür edirəm; Sizə zəhmət verdim; Sizə borcluyam; Zəhmət çəkmə; Narahat olma; Sağ olun; Allah sizdən razı olsun; Allah köməyin olsun; Biz bundan məmnun olduq; Sizin əl qabiliyyətinizə heyranam; Sizə qibtə edirəm; Çox sağ olun; Afərin, mərhaba; Allah səni dərd-bəladan uzaq eləsin; Allah ürəyinizə görə versin; Allah sizi bizə çox görməsin; Qəm, kədər sizdən uzaq olsun; Səni Allah saxlasın və s.
- İcrası hər hansı bir səbəbdən mümkün olmayan işin müqabilində: Çox sağ olun; Sizə zəhmət verdim; Əziyyət çəkdiniz; Nə etmək olar, siz bacardığınızı etdiniz və s.
- Arzu-istək və təbrik etmək məqamında: Yaxşı yol; Sağlıqla qalın; Uğur olsun; Xoşbəxt olun; İşiniz avand olsun; Allah işinizə fərəc versin; Allah sənə yar olsun; Ürəyincə ömür sürəsən; Min bir budaq olun; Var olasan; Gözünüz aydın olsun; Yolunuz uğurlu olsun; Bayramınız mübarək; Ad gününüz mübarək; Yeni dərs iliniz mübarək; Həmişə şənlikdə; Halal olsun; Xeyirli olsun; Allah balalarını saxlasın; Allah köməyin olsun; Allah səni ümid yeri eləsin; Allah imdadına çatsın; Ananın südü sənə halal olsun; Əlin-qolun var olsun; Üzün ağ, başın uca olsun; Bərəkətli olsun; Göz dəyməsin; Ömrün uzun olsun; Allah iltifatını artıq eləsin; İlahi, mərhəmətinə min şükür və s.
- Hal-əhval tutmaq məqamında: Əhvalınız necədir? Necə dolanırsınız?;Güzəranınız necədir?; Xanımınız necədir?; Həyat yoldaşınız necədir?; Özünüzü necə hiss edirsiniz? və s.
- Öyrənmək məqsədilə verilən suala cavab məqamında: Buyurun, soruşun; Lütfən buyurun; Sizə məmnuniyyətlə cavab verməyə hazıram; Bu mənim üçün xoşdur; Bu, mənim vəzifə borcumdur; Bu dəqiqə öyrənib sizə deyərəm; Bir dəqiqə gözləyin, öyrənim; Cavabım sizi qane etdimi? Daha nəyi bilmək istəyirsiniz?; Bağışlayın, bu barədə məlumatım azdır (yoxdur); Xeyr, tanımıram; Yaxşı tanımıram; Xeyr, bilmirəm.
- Əzizləmə, yalvarış məqsədilə: “Canım qurban”, “baş üstə”, “Göz üstə yerin var”, “qurban olum”, “quzum”, “sonam”, “dilbərim”, “ağrın alım”, “canım qurban”, “başına dönüm” və s.
- Danışmağa başlamaq məqamında: İcazənizlə fikrimi bildirim. Mənə söz verdiyiniz üçün minnətdaram. Məni dinlədiyiniz üçün təşəkkür edirəm və s.
- Deyilənlərlə razılaşmaq, mübahisədən imtina etmək məqamında: Bu məsələyə hazır deyiləm. Sizin fikrinizə şərikəm. Məsələ mənə aydındır. Bu barədə söhbət açmağa ehtiyac duymuram.
- Məsləhət vermək məqamında: Bunları nəzərə alsanız, yaxşı olar. Bu, sizin xeyrinizədir. Bu, sizə başucalığı gətirər. Çalışın müsahibinizi axıra qədər dinləyə biləsiniz və s.
- Məsləhəti qəbul etmək məqamında: Dediklərinizlə razıyam. Bunlar mənim xeyrimədir. Faydalı məsləhətiniz üçün çox sağ olun. Sizin bu xeyirxah məsləhətinizi heç vaxt unutmaram. Sizin təklifinizi qəbul edirəm. Çalışacağam ki, dediklərinizə əməl edim. Sizin üçün bu işi etməyə çox şad olardım və s.
- Telefonla danışanda; Zəng edəndə: Alo, sabahınız (axşamınız, hər vaxtınız) xeyir olsun. Bağışlayın, mən kiminlə danışıram? Sizi narahat edən Kamilədir. Bilmək istəyirəm… Fikrimi sizə çatdıra bildimmi? Çox sağ olun. Bağışlayın, vaxtınızı aldım. Deyəsən, sizi yordum. Təşəkkür edirəm. Minnətdaram. Zəngə cavab verəndə: Alo, salam, eşidirəm sizi. Buyurun. Zəhmət olmasa bir qədər ucadan danışın. Bağışlayın, zəng edən kimdir? Xoşdur. Bu saat çağıraram. Mütləq yetirərəm. Arxayın olun! Sağ olun!
- Süfrə etiketləri: “Bismillah”, “Bərəkətli olsun”, “Allah bol eləsin”, “Nuş olsun”, “Buyurun”, “Çox sağ olun”.