Dilçilikdə, ədəbiyyatşünaslıqda, musiqidə, vokal sənətində, memarlıqda, xalçaçılıqda və insan idrakının, sosial şüurun fəaliyyət göstərdiyi bir sıra sahələrdə üslub (stil) aparıcı xüsusiyyətə malikdir. Stil sözü dünya elmində və mədəniyyətdə üsluba nisbətən daha qədimdir,
Stil termini yunan dilindən latın dilinə keçmiş “Stilus” sözündən ölub, çubuq, qələm deməkdir. Sonradan bu söz yazı manerası “Obraz sisteminin bədii təsvir vasitələrinin, yaradıcılıq üsullarının ümumiliyi olub, ideya vəhdəti eyniliyi və şərtləndirilir.
Üslub termini isə ərəbcə tərz, ifadə tərzi, üsul mənasındadır.
Ümumiyyətlə götürdükdə, üslub hər şeyin öz «məni»dir. Yəni hər hansı bir kateqoriyadan olan fəaliyyət növünün özünəməxsus keyfiyyət məcmusudur. Hər hansı bir sahənin ilkin inkişaf mərhələsində üslubu ola bilməz. Lap elə dilin özünü götürmüş olsaq, onun ilkin inkişaf mərhələsində hansıı üslubundan bəhs etmək olar? Qəbilə dilinin bədii, funksional, elmi və s. Üslubundan danışmaq olarmı?
Üslubun yaranması və çoxlu üslubların meydana gəlməsi dilin inkişafı ilə bağlıdır. Bütün dil üslubları dilin inkişaf səviyyəsindən asılıdır. Üslub çox geniş anlayışdır. Bu gün artıq akademik üslub, arxaik üslub, dialoq üslubu, monoloq üslubu, janr üslubu, realist üslub, romantik üslub, funksional üslub, bədii üslub, elmi üslub və s. üslub növləri vardır ki, bunların hamısı dilin öz inkişafı və tarixi durumu ilə bağlıdır. Bundan əlavə, poetik üslub — ayrı-ayrı sənətkarların fərdi üslubu da vardır ki, onlar da bilavasitə dilin tarixi inkişafından asılıdır.
Üslub anlayışının tarixi çox qədimdir. Hələ yunar dilçiliyində Aristotel insan nitqi və onun fəlsəfiproblemlərindən danışarkən üslub məsələlərinə toxunurdu. Sonra romalılar üslub anlayışını nitqə tətbiq etdilər. Həm vunanları, həm də romalıları üslub məsələsində bir ümumi cəhət birləşdirirdi. O da hər iki ölkə alimlərinin üslub (stil) terminini ritorika, bəlağətli nitq, geniş mənada natiqlik sənəti kimi başa duşmələri idi.
Böyük yunan alimi Aristotel (e.ə. 384-322) üslub məsələsini nitq mədəniyyəti ilə əlaqələndirərək yazırdı: «Üslubun qiyməti onun aydınlığındadır,… Əgər nitq aydin deyilsə, deməli, natiq öz məqsədinə nail ola bilməz. Üslub həddindən çox alçaq, həddən çox yüksək olmamalıdır, lakin nitqin mövzusuna uyğun gəlməldir”.
Qədim Romanın məşhur natiqi, yazıçısı, vəkili, görkəmli siyasi xadimi Mark Tuli Siseron (e.ə. 106 — 43) natiqlik sənəti haqqında traktat yazmışdır. Siseronun aşağıdakı sözlərini bilməyən üslubiyyatçı və natiq yoxdur: «Əsl natiq o şəxsdir ki, adi işlər haqqında sadə, böyük işlər haqqında əzəmətlə, orta səviyyəli işlər barədə isə yuxarıdakılar arasında orta mövqe tutan bir üslubla danışmağı bacarsın».
Qədim Hindistanda da üsluba nitq əlaməti kimi baxmışlar. Üslubiyyatı isə nitqi bəzəyən elementər haqqında təlim kimi qiymətləndirmişlər. Rus alimi A.Barannikov da bu fikri təqdir edir.
Azərbaycan ədəbiyyatının Nizami, Nəsimi, Füzuli, M.F.Axundov, S.Ə.Şirvani, C.Məmmədquluzadə va başqa görkəmli nümayəndələri bədii və rəsmi üslubun müxtəlif sahələri haqqında qiymətli fikirlər söyləmişlər. Məsələn, M.Füzuli bədii üslublar içərisində qəzələ üstünlük verirdi.
M.F.Axundov bədii üslubların bir çox məsələlərinə toxunmuşdur. O, şeirdə poetikanı əsas amil hesab edərək deyirdi: —Şeir gərək son dərəcə ziyadə ləzzətə bais ola və hüzndə və fərəhdə zi-yadə təsirə bais ola. Əgər olmasa, sadə nəzmdir”.
Sonra böyük ədib İranın bir sıra şairlərinin əsərlərini tənqid edərək yazır: —...və hərgiz bilmir ki, poeziya nə tövr gərək olsun və hər pərpuç nəzmi poeziya hesab edir. Belə zənn eləyir ki, poeziya ibarətdir bir neçə taqqa-turuqu əlfazı bir vəzni-müəy-yəndə nəzmə çəkib axırına qafiyə verməkdən və məhbubları qeyri-vaqe süfat ilə tərif etməkdən və baharı və xəzanı qeyri-təbii teşbihat ilə vəsf eləməkdən. Necə ki, Tehranın mütəəxxirin şüərasından Qaani təxəllüsündə bir şairin divanı bir növ cəfən-giyyat ilə doludur. Dəxi fəhm edə bilmir ki, poeziyada məzmua gərək ki, məbaratib nəsrdə bəyan olunan məzamindən müəsirtər düşə və ya poeziya gərək ya hekayətə, ya şikayətə şamil ola”.
M.F.Axundov haqlı olaraq belə hesab edir ki, bədii personajın danışıq üslubu onun hərəkətləri ilə həmahəng olmalı, obrazın daxili aləminin açılmasına kömək etməlidir, Ədib Mirzə Ağaya onun pyesləri haqqında verdiyi məsləhətdə deyirdi: —bütün bu əhvalat şirin və təsirli ibarələrlə ifadə edilməlidir. İnşallah bu ibarələrlə sizin qələminizin gücünü görəcəyik… Bu cür edin ki, Sara ismətli və həyalı görünsün. Buna görə də onun anası ilə və başqaları ilə olan bütün danışıqlarını dəyişdirin”.
Böyük demokrat C.Məmmədquluzadə istər bədii, istərsə də publisistik yaradıcılığında ana dilinin varlığı, saflığı, xəlqiliyi uğrunda mübarizə aparmışdır. O, həmişə «türkün ana dili»ndə yazmış və bunu öz həmfikirlərindən tələb etmişdir. —Molla Nəsrəddin” və onun ətrafına toplaşan Ə.Haqverdiyev, M.Ə.Sabir, Ö.F.Nemanzadə, onlarla sıx həmfikir olan F.B.Köçərli və onlarla başqaları ədəbi üslubun xalq qoluna üstünlük verirdilər. Əsrin əvvəllərində «Füyuzat» və «Şəlalə» kimi jurnallar ümumtürk məsələsi qoymaqda nə qədər haqlı idilərsə, doğma Azərbaycan dilini bəyənməməkdə bir o qədər yanılırdılar. «Şəlalə» jurnalının 1913-cü il 2 mart tarixli sayında şəlaləçilərə cavab olaraq «Dil məsələsi» adlı məqalə dərc edilmişdir. Burada deyilir: «Şairin və ya müəllifin yazdığı əsər ancaq o vaxtı fayda verə bilər ki, o əsər «E1 malı» ola bilə. Bir əsər də «el malı» ola bilmək üçün elin dilində, elin anladığı tərzdə yazılmalıdır. Misal üçün «Şəlalə»nin üçüncü sayında birinci səhifədə «Hirs və tənə» ünvanlı yazılmış məqalənin ilk sətirlərini götürək. Belə qurma dil ədəbi dil ola bilməz!.. Hər bir qövümün ədibləri və ürəfası tərəfindən o qövmün dilinin ruhuna və qanununa müvafiq yaradılmış, zərifləndirilmiş və sərbəstləşdirilmiş dil o qövmün ədəbi dilidir». Buraya qədər deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki, üslub anlayışı insan idrakının, insan fəaliyyətinin bütün sahələrini əhatə edir.
Deməli, insan fəaliyyətinin bütün dövrlərində üslub anlayışı bu və ya digər dərəcədə mövcud olmuşdur. Buna görə də çox vaxt üslublar tarixindən bəhs edərkən onu yazıya qədərki və yazı ənənəsindən sonrakı deyə 2 dövrə bölürlər.
«Yazıya qədərki şifahi ədəbi dilin funksional üslubunun tarixi də qədimdir. Bu üslub hər bir dildə uzun illər yazı ənənəsi olmayan şəraitdə yaranır. Mənsub olduğu xalqın tarixinin qədim dövrlərindən təşəkkül tapan ədəbi şöhrət üslubu formalaşdığı prosesdə özünün dil vahidlərindən müxtəlif məqsədlər üçün söz və ifadə seçib işlətmək prinsiplərini yaratmışdır. Bu üslub dilin ictimai vəzifəsini yerinə yetirərkən onda iki mikro üslubu meydana gətirmişdir; Məişət-ədəbi söhbət mikro üslubda ata qayğısı - ana nəvazişi, ata məsləhətı — ana nəsihəti üçün ədəbi səciyyəli söz və ifadələr — dil vahidləri seçilib işlədilmişdir. Rəsmi-ədəbi söhbət üslubunda da müxtəlif müraciətlər, ricalar, xahişlər üçün mədəni söz tərkiblərinə, ifadələrə müraciət olunmuşdur.
Yazıya qədərki Azərbaycan şifahi ədəbi dilində də həm poetik funksional üslub, həm də ədəbi söhbət funksional üslubu fəaliyyət göstərmişdir».
İnsanın iş üslubu, danışıq tərzi, cəmiyyətdəki davranışı üslubun bu və ya digər sahəsi ilə əlaqədardır. İnsan idrakı kamilləşdikcə o, nəyin yaxşı, nəyinı pis olduğunu dərk etmiş, özünün bütün fəaliyyətində üslub, tərz, üsul, manera və s. kimi cəhətlərlə bağlı olmuşdur. Buna görə də üslubları öyrənib onları bu və ya digər əlamətlərinə görə qruplaşdırmaq ehtiyacı meydana gəlmişdir. Bu, artıq üslubiyyatın bir elm kimi yaranması demək idi.
Üslubların özü kimi onları bütöv halda öyrənən üslubiyyat haqqında hamının eyni cür, birmənalı şəkildə qəbul edə biləcəyi fikir yoxdur.
Bizi maraqlandıran dilçilikdəki üslub məsələsidir.
Görkəmli Azərbaycan alimi Ə.M.Dəmirçizadə üslubları öyrənən elm kimi üslubiyyatı belə səciyyələndirir: «Üslubiyyat dildə ifadəlilik vasitələrinin məqsədəuyğun surətdə istifadə edilmə qayda və qanunlarından, xüsusiyyət və əlamətlərindən, ifadə vasitələrinin sistem təşkil etməsi xüsusiyyətlərinə görə formalaşan müxtəlif üslubların əlamətdar cəhətlərindən bəhs edən elmdir».
Bu tərifi ideal adlandırmaq mümkün olmasa da, hələlik dillə bağlı üslubiyyata verilən ən mükəmməl tərifdir. M.K.Moren və N.N.Teterevinikova isə üslubiyyata belə bir tərif verirlər: «Üslu-biyyat — ünsiyyətin müxtəlif şəraitində ifadə etmək üçün dil vasitələrinin seçilməsi və işlədilməsi prinsiplərini öyrənən müstəqil filoloji elmdir».
Bu tərif də əsasən, üslubiyyati düzgün səciyyələndirmir. Amma üslubiyyatı «müstəqil filoloji elm» kimi qəbul etmək, ona dilçilik və ədəbiyyatşünaslıq səviyyəsində müstəqillik statusu vermək demək olardı.
Üslubların tarixi qədim olsa da, bir elm kimi üslubiyyatın tarixi XX əsrin 20-ci illərindən başlayır. Üslubiyyatın bir elm sahəsi kimi bünövrəsini Praqa funksional dilçilik məktəbinin banisi görkəmli dilçi Villem Matezius, onun həmkarları V.Ska-liçka, F.Travniçek, B.Havranek və başqaları dilin özünü funksional fəaliyyət prosesində götürürlər.
“Praqa dilçilik dərnəyinin tezislərində dilin üslubi cəhətlərindən danışılır. Burada ədəbi dil, şeir dili və onların xüsusiyyətlərindən bəhs edilir ki, bu bilgiləri üslubiyyat elminin ilkin qaynaqlarından hesab etmək olar.
—Funksional dilçilik məktəbinə görə, insan fəaliyyətinin məhsul olmaqla dilin, eyni zamanda məqsəd istiqaməti vardır. Nitq fəaliyyətinin ünsiyyət vasitəsi kiıni təhlili göstərir ki, danışanın daha aydın nəzərə çarpan məqsədi ifadədir. Odur ki, linq-vistik təhlilə funksional baxımdan yanaşmaq lazımdır. Bu baxımdan, dil də hər hansı bir məqsədə xidmət edən ifadə vasitələri sistemidir». Praqa funksional dilçiləri əslində üslubla funksional dil anlayışlarını eyniləşdirirlər. Onlar ədəbi dilin funksiyaları ilə funksional dillər (üslublar — A.B.) arasındakı münasibətləri aşağıdakı kimi qəbul edirlər. Ədəbi dilin funksiyaları: a) kommunikativ dil ifadəsi, b) praktik xüsusi dil ifadəsi, c) nəzəri xüsusi dil vahidləri, ç) estetik dil ifadəsi.; Funksional dillər: a) danışıq, b) kargüzarlıq, c) elmi, ç) poetik.
Dilçiliyin başqa şöbələri kimi, üslubiyyat da öz növbəsində: a) nəzəri və təcrübi; b) ümumi və xüsusi; c) təsviri, tarixi və müqayisəli olaraq üç sahəyə ayrılır. Bu sahələri şərh etmək bizim məqsədimizə daxil deyil.
M.Mikayılov da üslubiyyatı maraqlı şəkildə təsnif edir. Onun fikrincə, dilçilik parametri ilə üslubiyyatı aşağıdakı qruplara ayırmaq mümkündür: 1) ümumi üslubiyyat; 2)xüsusi üslubiyyat; 3) dilin üslubiyyatı; 4)nitqin üslubiyyatı və 5) praktik üslubiyyat.
«Ümumi üslubiyyat — ümumiyyətlə, nitq mədəniyyətidir, bütün və ya əksər dillərə aid olan, universal məsələləri, xüsusi üslubiyyat isə bu və ya digər konkret dilin üslubu quruluşunu öyrənir.
Dilin üslubiyyatı dilin üslubu quruluşunu — yəni üslublar sistemini həm sinxron, həm də diaxron planda, nitq üslubiyyatı isə nitq üslublarını, yəni əsas janrlar çərçivəsində kompozisiya sistemini, yaxud ictimai nitqin konstruktiv növlərini öyrənir.
Praktik üslubiyyat, şəraitindən, məzmun və məqsəddən asılı olaraq nitqin müxtəlif imkanlarını, nitqin keyfiyyətini öyrənir. O, nitqdə nəyin yaxşı və ya pis olduğunu müəyyən edir.
Üslubiyyat bir termin kimi XX əsrin I rübündə elmə daxil olmuş, əsasən, ədəbiyyatşünaslığa aid edilmişdir. Keçən əsrin 40-cı illərindən başlayaraq dilçilikdə və ədəbiyyatşünaslıqda hegemonluğu ələ alan akademik V.V.Vinoqradov üslubiyyatın müstəqil dil sahəsi olduğunu qətiyyətlə sübut etdi. Alim haqlı olaraq göstərdi ki, bədii üslub məhz bədii dillə yaranır. Buna görə də o dilçilik sahəsi olmalıdır. Amma alim bədii ədəbiyyatın üslubiy-yatı adı ilə xüsusi üslubiyyat da göstərir. Beləliklə, V.V.Vinoqradov üslubiyyatın 3 növünü göstərirdi:
Üslublar, onların növləri Azərbaycanda hələ qədimdən bəlli idi… Bu haqda prof. H.Ə.Həsənovun fikri maraqlıdır: «Azərbaycan ədəbi (yazılı ədəbi) dilin fəal təşəkkülü prosesinda ikən, ümumən, ədəbi dilin funksional üslublar bölgüsü mütəfəkkir yazıçılarımıza da bəlli idi. Görkəmli Azərbaycan şairi Ə.Xaqaninin hələ 800 il əvvəl gəlmə ədəbi dil materiallarna əsaslanaraq verdiyi funksional üslubi bölgü elə Azərbaycan yazılı ədəbi dilinin ilkin formalaşma mərhələsnə də şamil edilə bilər. Ə.Xaqani alim dostu Qutbəddinə yazdığı məktubunda nəsr əsərlərindən və onların üslub xüsusiyyətlərindən bəhs edərək demişdir; «Katiblik (nəsrlə yazmaq) üç növdən artıq deyil: dəbiranə, vaizanə və mühəqqiqanə. Lakin «ibarə/lər» və sözlə ifadə oynamaq üslubları çoxdur. Y.Seyidov qeyd edir ki, Xaqaninin bu bölgüsündə 1) «dəbiranə» bədii və rəsmi-kargüzarlıq üslubuna, 2) «vaizanə» dini-didaktik üslüba, 3) «mühəqqiqanə» elmi-tədqiqat üslubuna uyğun gəlir.
Ə.Dəmirçizadə müasir Azərbaycan dilinin aparıcı funksional üslublarını, bədii, elmi və ictimai-siyasi terminlərə əsaslanaraq, üç növünü göstərir. Bu cəhətdən Xaqaninm bölgüsü üzrə «vaizanə» dini-didaktik üslub ədəbi dilin «ictimai-siyasi üslub» növü onun bir qoludur. Rəsmi — kargüzarlıq anlayışını bildirən üslub qolu da buraya daxildir».
Dilçilikdə üslubiyyat dedikdə, əsasən iki üslubiyyat növü nəzərdə tutulur. Bunlardan birincisi dil vahidlərinin üslubiyya-tıdır ki, onların özləri də müxtəlif yarımqruplara bölünür. Məsələn, fonetik üslubiyyat, leksik üslubiyyat, morfoloji üslubiyyat və sintaktik üslubiyyat. Üslubiyyatın bu bölmələri modallıqla sıx əlaqədardır. Hətta cümlənin aktual üzvlənməsində iştirak edən prosodik vasitələr də üslubi fonetikaya aiddir.
Müasir Azərbaycan dilini mükəmməl bilən hər bir adam səslərin uzanması, qısaldılması, vurğu, intonasiya vəs.vasitəsi ilə fonetik üslub yarada bilər.
Hər hansı bir samitin və ya saitin tez-tez təkrarlanması xüsusi üslubi məqam yaradır. Məsələn, S.Rüstəmin «Çapayev» şeirin-dəki kimi (Ç samiti orada müəyyən ahəng yaradır). Uşaqlar üçün olan yanıltmacların hamısında səslərin təkrarı məqsədyönlü şəkildə ifadəni çətinləşdirir.
S.Rüstəmin «Bahar rəqsi» şeirində iki misrada 3 sait — a, ə, ı təkrarlanır; 20 sait-heca 3 sait hesabına yaranır.
Lənkərandayıq, Lənkərandayıq, Həyəcandayıq, həyəcandayıq.
Eləcə də uşaqlar üçün qurulan yanıltmaclarda: Getdim gördüm bir dərədə iki kar, kor, kürkü yırtıq kirpi var. Burada da k və r samitlərinin təkrarı məqsədyönlü şəkildə qurulmuşdur.
Leksik üslubiyyatda əsas məsələ sözlərin seçilməsidir. Burada da təkrarlar, paronimlər, sinonimlər və s. əsas rol oynayır. Hətta bəzən söz və ifadələrin qarşılaşdırılması da güclü üslubi məqam yaradır. Məsələn, ...Nəuzibillah bir dəqiqəliyə belə güman eləyək: Yer üzündə heç bir din yoxdur, yəni cəmi millətlər dinsizdir.., və habelə nə kafir var, nə iman əhli var var, və sünni, na şiə, nə xaçpərəst, nə bütpərəst, nə erməni Qriqoryan, nə ortodoks, nə rus, nə müsəlman, nə kilsə, nə məscid, nəuzibillah, nə isna əşəri, nə şafeyi. nə həmbəli hənəfi, babi, malakan, pirigün, şeyx, dərviş,… (üzr istəyirik).
(C.Məmmədquluzadə)
Onomastik laydan da üslubi məqsədlər üçün istifadə edilir. Obrazın daxili aləmini açmaq üçün onlara verilən ad və soyadlardan geniş istifadə edilir. Məsələn, Haray Həşirzadə, Lal Dinməzov, Yazıq Fağırzadə kimi ad və soyadlar obrazın xarakterini əvvəlcədən oxucuya məlum edir. Üslubi morfologiyada müəyyən şəkilçilərin artırılıması və ya ixtisarı üslubi xarakter daşıyır. Məsələn, Xalqın düşmənləri xalq düşmənlərini məhv edir. Burada xalq sözünün birincisində yiyəlik hal şəkilçisi vardır. Deməli, düşmənlər də, xalq da konkretdir. İkinci xalq sözündə isə, müəyyənlik bildirən yiyəlik hal şəkilçisi yoxdur. Buna görə də həm xalq, həm də düşmən sözləri qeyri-müəyyəndir (ya uydurmadır).
Dil vahidləri məhz sintaktik səviyyədə geniş fəaliyyət imkanı qazanır. Sintaktik üslubiyyat da dil sturukturunun başqa səviyyə üslüblarına nisbətən daha geniş və əhatəlidir. Burada söz sırası, cümlənin məqsəd və avaza görə dəyişməsi, prosodik vasitələrlə yaranan üslubi məqamlar, sintaktik təkrarlar, cümlənin sadələşdirilməsi və s. əsas rol oynayır. Məsələn, Zarafat kənarda qalsın, mən qorxuram ki, İran azərbaycanlıları deyərlər ki, Culfadan başlamış, bir tərəfi Savuç bulaq İran Kürdüstanı; Həmədan, Qəzvin, ta gəldi çıxdı Gilana və Şimal tərəfdə Şura Azərbaycanına qədər, belə bir məmləkətin — ki, adı İran Azarbaycandır, cəmi əhalisinin ana dili türk dilidir və türk dilı də olmalıdır.
(—Molla Nəsrəddin” jurnalı. 14 noyabr 1925-ci il. səh. 46)
Azərbaycan dilinin funksional üslubları aşağıdakılardır:
Mənbə: Azərbaycan dili və nitq mədəniyyəti, ali məktəb tələbələri üçün dərs vəsaiti, Bakı 2015
Müəlliflər: Akif Bayramov, Ziyəddin Məhərrəmov, Mustafa isgəndərzadə