Azərbaycan dili qədim dövrlərdən başlayaraq bir sıra dillərlə qarşılıqlı əlaqədə olmuş, başqa dillərdən söz almış və bəzi dillərə söz vermişdir. Bunun da nəticəsində həm özü zənginləşmiş, həm də başqa dillərin inkişaf etməsində müəyyən rol oynamışdır. Ayrı-ayrı dövrlərdə Azərbaycan dilindən fars, aqul, ləzgi, taba-saran, erməni, rus, gürcü və başqa dillərə çoxlu söz və ifadə keçmişdir. Məsələn:
Azərbaycan dili yuxarıda qeyd olunan dillərin əksəriyyətinin lüğət tərkibinin inkişafında həm mənbə, həm də vasitəçi dil olmuşdur. Bunu başqa şəkildə desək, Azərbaycan dili həm öz sözlərini vermiş, həm də başqa dillərdən söz almaqda həmin dillər üçün vasitəçilik etmişdir. Bu dilin vasitəsi ilə gürcü dilinə yüzlərlə ərəb və fars mənşəli sözlər daxil olmuşdur. Məsələn: adəm, adam, bina, qələm, dəzgah, əlbəttə, əfsus, zər, kef, mürəbbə, mütəkkə, mismar, məsləhət, pəncərə, pərvanə, reyhan, saat, surət, ustad, ümid, fikir, xatir, həkim, cəllad və s. keçmişdir. Belə bir vəziyyət Azərbaycan dilinin geniş təsir dairəsinə malik olduğunu göstərir.
Azərbaycan dilinin başqa dillərə müsbət təsiri hal-hazırda da davam edir. Bunu təkcə Dağıstan dillərində yox, qonşuluqda olan başqa dillərdə də görmək olur. Ümumiyyətlə, başqa dillərə keçmiş Azərbaycan sözləri həmin dillərin lüğət tərkibinin ayrılmaz ünsürünə çevrilmişdir.
Mənbə: Azərbaycan dili və nitq mədəniyyəti, ali məktəb tələbələri üçün dərs vəsaiti, Bakı 2015
Müəlliflər: Akif Bayramov, Ziyəddin Məhərrəmov, Mustafa isgəndərzadə