Vasitəli və vasitəsiz nitq

Vasitəli və vasitəsiz nitq

1. VASİTƏSİZ NİTQ

Başqasının eynilə işlətdiyimiz sözləri vasitəsiz nitq adlanır.

Bu cür cümlələr iki hissədən — müəllifin sözlərindən və vasitəsiz nitqdən ibarət olur: müəllifin sözü (M) vasitəsiz nitq «V»

Müəllim dedi: «Dərsə vaxtında gəlin».

Müəllifin sözləri çox zaman dedi, əmr etdi, düşündü, fikirləşdi, soruşdu kimi sözlərlə — nitq felləri ilə bitir, daha çox müəyyən şəxsli cümlə şəklində formalaşır.

Yazıda vasitəsiz nitqi fərqləndirmək üçün dırnaq işarəsindən və ya tiredən istifadə edilir. Vasitəsiz nitq müəllif (avtor) təhkiyəsinə daxil olduqda dırnaq arasına almır, dialoqun tərkib hissəsi olduqda, adətən, tire ilə verilir.

Vasitəsiz nitq beş vəziyyətdə işlənə bilər:

  • müəllifin sözlərindən sonra:
    Qonaq dedi: «Getmək vaxtıdır». (M: «V».)
  • müəllifin sözlərindən əvvəl:
    «Muzey haradadır?» — deyə qonaq soruşdu. («V?» — )
  • müəllif sözlərinin arasında:
    O, üzünü çevirib: «Yaxşı yol», — (M: «V», — m.)
  • müəllifin sözlərindən əvvəl və sonra:
    «Telefonu götür, -dedi, — hər şey yaxşıdır». («V, -m, -v».)
  • müəllif nitqi ilə vasitəsiz nitq ardıcıl növbələşə də bilir:
    Çamadanını götürüb: «Hər şey yaxşı olacaq, -dedi,-səbirli olun». (M: «V, -m, -v».)

2. VASİTƏLİ NİTQ

Başqasının nitqinin dəyişilmiş şəkildə verilməsi vasitəlinitq adlanır. Vasitəsiz nitq vasitəli nitqə çevrilərkən ki bağlayıcısından istifadə olunur, dırnaqlar və tire atılır. Bu zaman xitablara, nidalara və vasitəsiz nitq üçün zəruri olan digər əlamətləri saxlamağa ehtiyac olmur.

Vasitəli nitq budaqcümlə şəklində formalaşır və müəllif nitqindən sonra işlənir.

SİTATLAR

Öz fikrini əsaslandırmaq və ya aydınlaşdırmaq üçün başqasının söylədiklərindən, yazdıqlarından gətirilən dəqiq çıxarışlar sitat adlanır. Fikrin ilkin mənbəyi göstərilir.

Əgər sitat tam şəkildə verilmirsə, ixtisar edilirsə, buraxılmış sözlərin yerinə üç nöqtə qoyulur.

Müəllif: KAMRAN ƏLİYEV
Mənbə: AZƏRBAYCAN DİLİ, abituriyentlər üçün köməkçi vəsait, Bakı — «Elm» — 2011, ISBN 978-9952-453-30-0

Top