İsmi və feli söz birləşmələri

İsmi və feli söz birləşmələri

Söz birləşməsi iki və daha artıq müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsidir: daş hasar.

Müstəqil sözlə köməkçi söz, söz birləşməsi yaratmır: evə tərəf.

SÖZ, SÖZ BİRLƏŞMƏSİ VƏ CÜMLƏ

Söz: səslərdən ibarətdir, leksik vahiddir, ümumi və geniş mənaya malikdir.

Söz birləşmələri: sözlərdən yaranır, sintaktik vahiddir və mənanı konkretləşdirir.

Söz və söz birləşmələrinin oxşar xüsusiyyətləri:

  • cümlə üçün tikinti materialı olması
  • əşya və hadisələri adlandırması

Cümlələrlə bağlı xüsusiyyətlər:

  • Bitmiş bir fikri ifadə edir.
  • Ünsiyyətin əsas vahididir.
  • Söylənilən fikrə münasibət bildirilir.
  • Bir sözdən də ibarət ola bilir.

Söz birləşməsi və cümlə:

a) oxşar xüsusiyyətlər:

  • sözlərin müxtəlif şəkildə birləşməsi
  • eyni nitq hissələrindən yaranması
  • eyni sintaktik əlaqələrlə formalaşması
  • söz sırasının eyniliyi

b) fərqli xüsusiyyətlər:

  • söz birləşməsi bitkin fikir ifadə etmir.
  • söz birləşməsi bir sözdən ibarət ola bilməz.
  • söz birləşməsinin xüsusi intonasiyası yoxdur.

Söz birləşmələri iki cür olur: sabit və sərbəst. Sərbəst söz birləşmələri də iki yerə bölünür: ismi və feli birləşmələr.

İSMİ BİRLƏŞMƏLƏR

Təyini söz birləşmələri = Əsas tərəfi isimlərlə (adlarla) ifadə olunan birləşmələrdir.

Təyini söz birləşmələri üç yerə ayrılır:

  1. — birinci növ,
  2. — ikinci növ,
  3. — üçüncü növ təyini söz birləşmələri.

1. Birinci növ təyini söz birləşmələri (yaxşı şagirdlər):

  • Əsas tərəfi isimlərlə və isimləşmiş sözlərlə ifadə olunur.
  • Tərəfləri ayrı-ayrılıqda bir cümlə üzvü olur.
  • Birinci tərəfi cümlədə təyin olur.
  • İkinci tərəfi mübtəda, xəbər, tamamlıq və zərflik olur.

2. İkinci növ təyini söz birləşmələri (nar çiçəyi):

  • Birinci tərəfi yiyəlik hal şəkilçisiz, ikinci tərəfi mənsubiyyət şəkilçili birləşmələrdir.
  • Əsas tərəfi isimlərlə və isimləşmiş sözlərlə ifadə olunur.
  • Tərəfləri birlikdə bir cümlə üzvü olur.
  • Əksər vaxtlarda tərəfləri ayrı-ayrılıqdacəmlənir.

3. Üçüncü növ təyini söz birləşmələri (meşələrin ağacları):

  • Birinci tərəfi yiyəlik hal, ikinci tərəfi mənsubiyyət şəkilçili birləşmələrdir.
  • Tərəfləri isim, əvəzlik, məsdər və isimləşmiş başqa nitq hissələri ilə ifadə olunur.
  • Tərəfləri arasına istənilən qədər söz artırmaq olar.
  • Tərəfləri ayrı-ayrılıqda cəmləndiyi kimi, birlikdə də cəmlənə

FELİ BİRLƏŞMƏLƏR

Əsas tərəfi felin təsriflənməyən formaları ilə ifadə olunur.

Feli birləşmələr üç cürdür: məsdər, feli sifət və feli bağlama tərkibləri.

1. Məsdər tərkibi

1) Əsas tərəfi məsdərdən ibarət olur.

2) Əsasən, cümlənin mübtəda və tamamlığı vəzifələrində işlənir:
Vətəni sevmək şərəfdir.
O, sahildən uzaqlaşmağı tələb etdi.

2. Feli sifət tərkibi

1) Əsas tərəfi feli sifətdən ibarət olur.

2) Əsasən, cümlənin təyini vəzifəsində işlənir:
İnsanı heyrətdə qoyan yamaclar göz oxşayırdı.

3. Feli bağlama tərkibi

1) Əsas tərəfi feli bağlamadan ibarət olur.

2) Əsasən, cümlədə zərflik vəzifəsində işlənir:
Biz kəndə çatanda yağış kəsdi.

 

Müəllif: KAMRAN ƏLİYEV
Mənbə: AZƏRBAYCAN DİLİ, abituriyentlər üçün köməkçi vəsait, Bakı — «Elm» — 2011, ISBN 978-9952-453-30-0

 

Top