Cümlənin şəxsə görə növləri

Cümlənin şəxsə görə növləri

Cümlənin şəxsli və ya şəxssiz olması mübtədaya görə müəyyənləşir. Mübtədası olan cümlələr şəxsli cümlə sayılır.

Cümlənini şəxsə görə aşağıdakı növləri vardır: müəyyən şəxsli, qeyri-müəyyən şəxsli, ümumi şəxsli, şəxssiz cümlələr.

Müəyyən şəxsli cümlələrin həm mübtədası, həm də xəbəri olur; qeyri-müəyyən şəxsli, ümumi şəxsli, şəxssiz cümlələrdə isə yalnız xəbər olur.

1. MÜƏYYƏN ŞƏXSLİ CÜMLƏLƏR

Müəyyən şəxsli cümlələr mübtədası olan və ya asanlıqla bərpa edilən cümlələrdir. Onların bir qismində mübtəda iştirak etməsə də, onu asanlıqla bərpa etmək olar.

Mən sabah yola düşəcəyəm. Cavanlar futbol oynayırdılar.

Mübtəda kimi nəzərdə tutulan mən, sən, biz, siz sözlərinin bərpası xəbərdəki şəxs şəkilçilərinin köməyi ilə mümkün olur.

Oxumağa başlayıram. — Mən. Çalmağa başlayırsan. — Sən.

Buraxılmış mübtəda III şəxsdə olduqda onu əvvəlki cümlələrin köməyi ilə bərpa etmək olur.

İkinci dərəcəli üzvlərin iştirak edib-etməməsinə görə müəyyən şəxsli cümlələr müxtəsərgeniş olur. Yalnız baş üzvlərdən ibarət olan cümlə müxtəsər, ikinci dərəcəli üzvlərin də iştirak etdiyi cümlə geniş cümlə adlanır.

QEYD: Qeyri-müəyyən şəxsli, ümumi şəxsli, şəxssiz cümlələr də müxtəsər və geniş ola bilir. Qeyri-müəyyən şəxsli, ümumi şəxsli, şəxssiz cümlələrin müxtəsər forması yalnız xəbərdən ibarətdir.

2. QEYRİ-MÜƏYYƏN ŞƏXSLİ CÜMLƏLƏR

Qeyri-müəyyən şəxsli cümlələr hərəkət və ya hökmün qeyri-müəyyən şəxsə aid olduğunu bildirən sadə cümlələrdir. Belə cümlələrdə işin icraçısı, adətən, bir və ya bir qrup şəxsdən ibarət olur. Danışanı və dinləyəni işin icraçısı yox, işin özü, proses maraqlandırır. Belə cümlələrdə real işdən söhbət getmədiyi üçün real icraçı da olmur.

Qeyri-müəyyən şəxsli cümlələrin bir qismində elə bil, elə bil ki, sanki, deyəsən, guya ki və s. modal sözlər işlənir.

Qeyri-müəyyən şəxsli cümlələrin xəbəri üçüncü şəxsin cəmində olur:

Qaliblərə mükafat verdilər. Müxtəsər və geniş ola bilir.

3. ÜMUMİ ŞƏXSLİ CÜMLƏLƏR

Ümumi şəxsli cümlələr hərəkət və hökmün hamıya aid olduğunu bildirən sadə cümlələrdir. Belə cümlələr əksərən atalar sözləri və məsəllərdən, hikmətli sözlərdən və aforizmlərdən ibarət olur. Ümumiləşmiş mənalar ifadə edir.

Daha çox ikinci şəxsin təki və üçüncü şəxsin cəmində olur:

Bu günün işini sabaha qoyma. Cücəni payızda sayarlar.

Müxtəsər və geniş ola bilir.

4. ŞƏXSSİZ CÜMLƏLƏR

Şəxssiz cümlələr mübtədası olmayan və onun təsəvvür edilməsi qeyri-mümkün olan sadə cümlələrdir. Şəxssiz cümlələrin xəbəri üçüncü şəxsin təkində olur:

Ərizəyə baxıldı.

Şəxssiz cümlələr ismi və feli xəbərli olur. Belə cümlələrin xəbəri frazeoloji vahidlərlə də ifadə olunur.

Müxtəsər və geniş ola bilir.

5. ADLIQ CÜMLƏLƏR

Adlıq cümlələr əşyanın, hadisənin adını çəkməklə onun mövcudluğu haqqında məlumat verən sadə cümlələrdir. Adlıq cümlələrin xəbəri olmur. Adlıq cümlələrdə mübtəda isimlə, ismi birləşmələrlə ifadə olunur və adlıq halda olur: Dəniz kənarı. Sakit hava. Ay işığı.

Adlıq cümlələr ən çox dram əsərlərinin remarkalarında, şeir və nəsrdə, qəzet və jurnal məqalələrində işlədilir.

Adlıq cümlələr insanın həyəcan və düşüncələrini yığcam və təsirli ifadə etmək üçün ən yaxşı vasitələrdəndir.

Müxtəsər və geniş ola bilir.

SÖZ — CÜMLƏ

Söz-cümlələr üzvlənməyən cümlələrdir. Üç formada düzəlir:

1) Ədatlarla (bəli, hə, yox, xeyr, əsla):

Darıxırsan?
— Xeyr.

2) Modal sözlərlə (əlbəttə, bəlkə, şübhəsiz, görünür, sözsüz, yəqin.):

Gedəcəksən?
— Əlbəttə.

3) Nidalarla (əhsən, eh, paho):

Hamı bu gənci alqışladı:
— Əhsən!

 

Müəllif: KAMRAN ƏLİYEV
Mənbə: AZƏRBAYCAN DİLİ, abituriyentlər üçün köməkçi vəsait, Bakı — «Elm» — 2011, ISBN 978-9952-453-30-0

Top