Tabeli və tabesiz mürəkkəb cümlə

Tabeli və tabesiz mürəkkəb cümlə

Mürəkkəb cümlələr iki yerə bölünür: tabesiz və tabeli.

Tabesiz və tabeli mürəkkəb cümlələrin bir sıra oxşar cəhətləri vardır:

  • hər ikisi iki və daha artıq sadə cümlənin birləşməsindən əmələ gəlir;
  • hər ikisinin tərkib hissələri arasında zaman, qarşılaşdırma, səbəb, nəticə və s. kimi məna əlaqələri olur;
  • hər ikisinin tərkib hissələri intonasiya və bağlayıcı-ların köməyi ilə əlaqələnir.

Tabesiz və tabeli mürəkkəb cümlələrin mühüm fərqləri də vardır:

  • tabesiz mürəkkəb cümlələrin tərəfləri bərabərhüquqlu olur, tabelidə isə tərkib hissələrdən biri (budaq cümlə) o birindən (baş cümlədən) asılı olur;
  • tabesiz mürəkkəb cümlələrdə tərkib hissələr fikrin ifadəsində eyni dərəcədə, bərabər şəkildə iştirak edir, tabelidəisə tərkib hissələrdən biri (budaq cümlə) o biri tərkib hissədəki fikri aydınlaşdırmaqla fikrin ifadəsinə xidmət edir;
  • tabesiz mürəkkəb cümlələrin tərkib hissələri tabesizlik bağlayıcıları, tabeli mürəkkəb cümlələrin tərkilb hissələri tabelilik bağlayıcıları ilə əlaqələnir. Hətta bunların intonasiyasında da fərq olur.

TABESİZ MÜRƏKKƏB CÜMLƏLƏR

Bərabərhüquqlu sadə cümlələrin birləşməsindən yaranır.

Tabesiz mürəkkəb cümlələrin tərkib hissələri ya intonasiya ilə, ya da intonasiya və tabesizlik bağlayıcıları ilə əlaqələnir.

Tərkib hissələri intonasiya ilə əlaqələnən tabesiz mürəkkəb cümlələr bağlayıcısız, bağlayıcıların köməyi ilə əlaqələnən tabesiz mürəkkəb cümlələr isə bağlayıcılı tabesiz mürəkkəb cümlələr adlandırılır.

Bağlayıcılı tabesiz mürəkkəb cümlələrdə ilə istisna olunmaqla bütün tabesizlik bağlayıcılarından istifadə olunur.

Birləşdirmə, iştirak və inkar bağlayıcıları daha çox zaman əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələrini əlaqələndirir.

Qarşılaşdırma bağlayıcıları ancaq qarşılaşdırma əlaqəsinə, bölüşdürmə bağlayıcıları ancaq bölüşdürmə əlaqəsinə, aydınlaşdırma bağlayıcıları isə ancaq aydınlaşdırma əlaqəsinə xidmət edir.

QEYD: Qarşılaşdırma, iştirak, inkar və bölüşdürmə bağlayıcılı tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında yazıda vergül qoyulur.

MƏNA ƏLAQƏLƏRİ

Tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında aşağıdakı məna əlaqələri olur:

1) Zaman əlaqəsi

Zaman əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələrində eyni zamanda baş verən hadisələr sadalanır.

Tərkib hissələrin sayı bəzən ikidən artıq olur.

Tərkib hissələrin yerini dəyişmək də mümkündür.

Belə cümlələrin bir qismində ortaq zaman zərfliyi olur: Baxdıqcainsanıngözü qaralırŞairolmayandaxəyaladalır(S.Vurğun).

2) Ardıcıllıq əlaqəsi

Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələrində müəyyən ardıcıllıqla baş verən hadisələr sadalanır.

Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələrin də tərkib hissələrinin sayı ikidənçox ola bilir: Qatardayandı, sərnişinlərdüşdü.

3) Səbəb-nəticə əlaqəsi

Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələrdə birinci tərkib hissədəki iş səbəbi, ikinci tərkib hissədəki iş onun nəticəsini bildirir.

Bu cümlələrin hər birində birincə tərkib hissə səbəbi, ikinci tərkib hissə birincidən doğan nəticəni bildirir: Yağış yağdı, tozyatdı.

4) Aydınlaşdırma əlaqəsi

Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrdə tərkib hissələrdən biri ümumilik bildirir, o biri onu aydınlaşdırır.

Ümumilik bildirən hissədən sonra, əsasən, iki nöqtə qoyulur (nöqtəli vergül də qoyula bilər). Məsələn: Uzunqış axşamı idi; küləkdəhşətlibirsızıltı ilə qanadlarını divaraçırpır, üzü qılınckimikəsirdi(M. C.).

5) Qarşılaşdırma əlaqəsi

Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələrindəki iş və hadisələr bir-biri ilə qarşılaşdırılır.

Əksərən qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında mənaca ziddiyyət olur, lakin bəzən tərkib hissələrdəki fikirlər, iş və hadisələr, sadəcə olaraq, qarşılaşdırılır, müqayisə edilir, fərqləndirilir: Zəngvuruldu, ammauşaqlargəlibçıxmadılar.

6) Bölüşdürmə əlaqəsi

Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlələrdə tərkib hissələrdəki iş və hadisələr növbə ilə bir-birini əvəz edir, yaxud da iki işdən yalnız birinin mümkünlüyü ifadə olunur.

Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlələr yalnız bölüşdürmə bağlayıcılarınm iştirakı ilə yaranır.

Gah, gah da (gah da ki) bağlayıcıları işlənəndə hadisələr növbələşir: Gahyağış yağır, gahdaküləkəsir.

Ya, ya da (ya da ki, yaxud da) bağlayıcıları işləndikdə müxtəlif hadisələrdən birinin mümkünlüyü ifadə olunur: Ya səngəlməlisən, yadamən.

 

Müəllif: KAMRAN ƏLİYEV
Mənbə: AZƏRBAYCAN DİLİ, abituriyentlər üçün köməkçi vəsait, Bakı — «Elm» — 2011, ISBN 978-9952-453-30-0

 

TABELİ MÜRƏKKƏB CÜMLƏLƏR

Tabeli mürəkkəb cümlələri əmələ gətirən sadə cümlələrdən biri qrammatik cəhətdən müstəqil, digəri ondan asılı olur. Müstəqil hissəyə baş cümlə, baş cümlədən asılı olan, onu izah edib aydınlaşdıran hissəyə budaq cümlə deyilir.

Budaq cümlələri baş cümləyə bağlayan vasitələr:

1) intonasiya

2) tabelilik bağlayıcıları
Tərkib hissələri intonasiya və tabelilik bağlayıcıları ilə əlaqələnən tabeli mürəkkəb cümlələrdə baş cümlə əvvəl, budaq cümlə sonra işlənir.
Bağlayıcılı tabeli mürəkkəb cümlələrin baş cümləsində çox zaman budaq cümlə vasitəsilə müəyyənləşən, aydınlaşdırılan bu, o, buna, ona, bunda, onda, belə, elə, oqədər, o zaman və s. sözlər — işarə əvəzlikləri — qəlib sözlər işlənir. Baş cümlədə qəlib sözlər işlənmədikdə onları təsəvvür və bərpa etmək mümkündür;

3) bağlayıcı sözlərsualəvəzlikləri (kim, nə, necə, nə cür, hansı, nə vaxt, haçan, hara, nə qədər, neçə). Bağlayıcı sözlər çox vaxt ki ədatı ilə birgə işlənir.
Bağlayıcı sözlər əsasında qurulan budaq cümlə baş cümlədən əvvəl işlənir. Bağlayıcı sözlər bağlayıcılardan fərqli olaraq, cümlə üzvü olur. Budaq cümlə baş cümləyə bağlayıcı sözlə bağlandıqda baş cümlədə müxtəlif cümlə üzvü vəzifələrində əvəzlik-sözlər (işarə əvəzlikləri) işlənir. Belə sözlər qarşılıq söz adlanır. Cümlədə qarşılıq bildirən söz olmadıqda onu bərpa etmək olur.
Əgər, hərgah, madamki, indiki, birhaldaki və s. bağlayıcıların da əlaqə yaratdığı cümlələrdə budaq cümlə baş cümlədən əvvəl işlənir.

4) -sa2şəkilçisi və -mı8 - bu halda da budaq cümlə baş cümlədən əvvəl işlənir. Yazıda tabeli mürəkkəb cümlələrin tərkib hissələri bir-birindən vergüllə ayrılır.

QEYD: Budaq cümlə baş cümləyə ki, çünki, onagörə ki, onagörə də, indiki, birhaldaki, madamki bağlayıcıları ilə bağlandıqda kidən sonra, o biri bağlayıcılardan isə əvvəl vergül qoyulur.

BUDAQ CÜMLƏLƏRİN NÖVLƏRİ

Budaq cümlələr cümlə üzvlərinə uyğun olaraq aşağıdakı növlərə ayrılır:

1) Mübtəda budaq cümləsi

2) Xəbər budaq cümləsi

3) Tamamlıq budaq cümləsi

4) Təyin budaq cümləsi

5) Zərflik budaq cümlələri:

  • tərzi-hərəkət budaq cümləsi
  • yer budaq cümləsi
  • zaman budaq cümləsi
  • kəmiyyət budaq cümləsi
  • səbəb budaq cümləsi
  • məqsəd budaq cümləsi

6) Şərt budaq cümləsi

7) Qarşılıq-güzəşt budaq cümləsi

I. MÜBTƏDA BUDAQ CÜMLƏSİ

Hamıyaməlumdurki, (nə?) payızdameyvə bololur. Məktubdaodayazılmışdı ki, (nə?) havalarsoyuyur.

Bəzən mübtəda budaq cümləsi baş cümlədən əvvəl gəlir və ona bağlayıcı sözlə bağlanır: Kimkiintizamlıdır, qələbəyə də onailolur.

Mübtəda budaq cümləsi isimləşmiş feli sifət tərkibləri ilə sadələşdirilir.

II. XƏBƏR BUDAQ CÜMLƏSİ

Xəbər budaq cümləsi baş cümlənin işarə əvəzlikləri ilə ifadə olunmuş ismi xəbərini izah edib aydınlaşdırır. Baş cümlənin xəbəri adətən odur, o idi, bu idi, elədir, belədir, oradadır, buradadır, onun üçündür, bunun üçündür sözləri ilə ifadə olunur: İgid odur ki, (kimdir?) atdan düşə, atlana.

Xəbər budaq cümləsi bəzən baş cümlədən əvvəl gəlir və baş cümləyə bağlayıcı sözlərlə bağlanır: Hər kim tez gəlsə, bu yer onundur.

Belə cümlələri sadələşdirdikdə budaq cümlə baş cümlədəki əvəzlik-qəlibin yerini tutur: Bu yer tez gələnindir.

III. TAMAMLIQ BUDAQ CÜMLƏSİ

Tamamlıq budaq cümləsi ya baş cümlənin tamamlığı əvəzində işlənir, yaxud da baş cümlədə işarə əvəzlikləri ilə ifadə olunan tamamlığı izah edir: Hiss edirəm ki, (nəyi?) biz qalib gələcəyik. Onu da bilirəm ki, (nəyi?) işləməyən dişləməz.

Tamamlıq budaq cümləsi daha çox baş cümlənin feli xəbərinə, bəzən də ismi xəbərinə aid olur: Heç onun ixtiyarı yoxdur ki, (nəyə?) sənə bir söz desin. Əminəm ki, (nəyə?) hər şey yaxşı olacaq.

Bəzən tamamlıq budaq cümləsi baş cümlədən əvvəl gəlir və ona bağlayıcı sözlə bağlanır: Kim ki çıxış edirdi, onu alqışlayırdılar.

Tamamlıq vasitəsiz və vasitəli olduğu kimi, tamamlıq budaq cümlələri də vasitəsiz və ya vasitəli tamamlığın suallarına cavab verir.

IV. TƏYİN BUDAQ CÜMLƏSİ

Təyin budaq cümləsi baş cümlənin isimlə (və ya isimləşmiş sözlərlə) ifadə olunmuş hər hansı bir üzvünü təyin edir və necə?, nə cür?, hansı? suallarından birinə cavab verir. Budaq cümlələr baş cümlədəki elə, elə bir, o işarə əvəzliklərini - qəlib sözləri izah edir:
Bizə elə döyüşçü lazımdır ki, qalib gəlsin.

Baş cümlədə qəlib söz işlənməyə də bilər, lakin onu bərpa etmək mümkündür:
Kitab var ki, oxumaq olmur. Elə kitab var ki, oxumaq olmur.

Bəzən təyin budaq cümləsi baş cümlədən əvvəl gəlir və ona bağlayıcı sözlə bağlanır:
Kimə ki inanırsan, o adamı çağır.

V. ZƏRFLİK BUDAQ CÜMLƏLƏRİ:

1) Tərzi-hərəkət budaq cümləsi

Tərzi-hərəkət budaq cümləsi baş cümlədəki hərəkətin nə cür icra olunduğunu bildirir.

Tərzi-hərəkət budaq cümləsi baş cümlənin feli xəbərinə aid olur, baş cümlədə işlənmiş elə, belə əvəzlik-qəliblərin mənasını izah edir və necə?, nə cür? suallarına cavab verir:

Oğru elə çığırdı ki, doğrunun bağrı yarıldı.
Elə oxu ki, hamı başa düşsün.

Bəzən tərzi-hərəkət budaq cümləsinin əvvəlində elə bil, guya, sanki, deyəsən modal sözləri işlənir və müqayisə məzmunu yaradır:
Yağış elə yağırdı ki, elə bil (sanki, elə bil ki) göydən yerə çay axırdı.

Bəzən budaq cümlə baş cümlənin ismi xəbəri ilə əlaqələnir və dərəcə çalarına malik olur:
Hava elə isti idi, (nə dərəcədə?) nəfəs almaq olmurdu.

Tərzi-hərəkət budaq cümləsi bəzən baş cümlədən əvvəl gəlib, ona bağlayıcı sözlə (necə, nə cür, necə ki, hər necə) bağlanır. Baş cümlədə isə qarşılıq bildirən elə, eləcə də, o cür sözlərindən biri işlənir:
Necə istəyirsən, elə də danış.

2) Yer budaq cümləsi

Yer budaq cümləsi baş cümlədəki hərəkətin yerini bildirir və haraya?, harada?, haradan? suallarından birinə cavab verir.

Yer budaq cümləsi baş cümlədən əvvəl gəlir və baş cümləyə bəzən haraya (haraya ki), harada (harada ki), haradan (haradan ki), bəzən də o yerə ki, o yerdə ki, o yerdən ki, bir yerə ki, bir yerdə ki, bir yerdən ki və s. bağlayıcı sözlərlə bağlanır. Baş cümlədə isə qarşılıq bildirən oraya, orada, oradan sözlərindən biri işlənir (olmadıqda bərpa etmək olar) və budaq cümlə vasitəsilə izah olunur:
Haraya gedirəm, səni orada görürəm.

3) Zaman budaq cümləsi

Zaman budaq cümləsi baş cümlədəki hərəkət və ya əlamətin zamanım bildirir və nə vaxt?, nə zaman?, haçan? suallarına cavab verir.

Bir sıra budaq cümlələr kimi, zaman budaq cümləsi də baş cümlədən həm sonra, həm də əvvəl işlənə bilir.

Zaman budaq cümləsi baş cümlədən sonra işləndikdə baş cümləyə ki bağlayıcısı ilə bağlanır və baş cümlədə o vaxt, o zaman, onda sözləri işlənir:
Müəllim bu sözü onda (o vaxt, o zaman) dedi ki, şagirdlərin çoxu sinfi tərk eləmişdilər.

Zaman budaq cümləsinin baş cümlədən əvvəl işlənən növündə budaq cümlə baş cümləyə o zaman ki, o gün ki, o vaxt ki, nə zaman ki, haçan ki, elə ki və s. bağlayıcı sözlərlə bağlanır və baş cümlədə qarşılıq bildirən onda sözü işlənir:
Elə ki qış gəldi (nə zaman?), onda havalar soyuyacaq.

QEYD: Zaman budaq cümləsi baş cümlədən əvvəl gələrək ona ki bağlayıcısı ilə də bağlanır:
Təzəcə evdən çıxmışdı ki, qonaqların səsi eşidildi.

Zaman budaq cümləsi feli bağlama tərkibləri ilə sadələşdirilir:
Təzəcə evdən çıxanda qonaqların səsi eşidildi.

4) Kəmiyyət budaq cümləsi

Kəmiyyət budaq cümləsi baş cümlədəki hərəkətin və ya əlamətin miqdarım bildirir, nə qədər? sualına cavab verir.

Kəmiyyət budaq cümləsi baş cümlədən əvvəl işlənir və baş cümləyə nə qədər, hər nə qədər kimi bağlayıcı sözlərlə bağlanır. Baş cümlədə həmin sözlərə müvafiq olaraq qarşılıq bildirən o qədər, o qədər də, bir o qədər, bir elə sözləri işlənir və budaq cümlə vasitəsilə izah edilir:
O, nə qədər istəmişdi, mən də o qədər apardım.

Baş cümlədə qarşılıq bildirən o qədər sözü işlənmədikdə onu bərpa etmək mümkündür:
Öz evindir, nə qədər istəyirsən, qal.
Öz evindir, nə qədər istəyirsən, o qədər qal.
(Öz evindir, istədiyin qədər qal.)

5) Səbəb budaq cümləsi

Səbəb budaq cümləsi baş cümlədəki hərəkətin və ya əlamətin səbəbini bildirir, niyə?, nə üçün?, nəyə görə?, nə səbəbə? suallarından birinə cavab verir.

Xüsusiyyətləri:

  • Səbəb budaq cümləsinin ifadə etdiyi iş baş cümlədəki işdən əvvələ aid
  • Səbəb budaq cümləsinin xəbəri əksərən felin xəbər şəklində 
  • Səbəb budaq cümləsi feli sifət tərkibi qoşma şəklində sadələşir.
  • Səbəb budaq cümləsi baş cümlədən sonra işlənir və ona ki, çünki, ona görə ki, ondan ötrü ki bağlayıcıları ilə bağlanır. Baş cümlədə feli xəbərə aid olduqda hərəkətin, ismi xəbərə aid olduqda əlamətin səbəbini bildirir:
    Mən onu görə bilmədim, çünki dünən getmişdi.
    Həyat çox maraqlıdır, çünki qurub-yaratmaq istəyirsən.
  • Bəzən baş cümlədə ona görə, ondan ötrü, o səbəbə qəlib sözləri işlənir, budaq cümlə baş cümləyə ki bağlayıcısı ilə bağlanır:
    Bakının axşamları ona görə gözəldir ki, (nə üçün?) insanı yeni həyata səsləyir.
6) Məqsəd budaq cümləsi

Məqsəd budaq cümləsi baş cümlədəki hərəkətin məqsədini bildirir və niyə?, nə üçün?, nə məqsədlə? suallarından birinə cavab verir.

Xüsusiyyətləri:

  • Məqsəd budaq cümləsinin ifadə etdiyi iş baş cümlədəki işdən sonraya aid olur.
  • Məqsəd budaq cümləsinin xəbəri əmr və ya arzu şəkillərində olur.
  • Məqsəd budaq cümləsi məsdər tərkibi qoşma şəklində sadələşir:
  • Məqsəd budaq cümləsi baş cümlədən sonra işlənir və ona ki bağlayıcısı ilə bağlanır. Baş cümlədə məqsəd zərfliyi (qəlib söz) vəzifəsində ona görə, ondan ötrü sözləri də işlənə bilər:
    O, istirahətə ona görə (ondan ötrü) getdi ki, sağlamlığını qoruyub saxlasın.

QEYD: Məqsəd budaq cümləsini səbəb budaq cümləsindən nə məqsədlə? sualı ilə seçmək lazımdır.

VI. ŞƏRT BUDAQ CÜMLƏSİ

Şərt budaq cümləsi baş cümlədəki hərəkətin şərtini bildirir və hansı şərtlə? sualına cavab verir.

Şərt budaq cümləsi baş cümləyə əgər, hərgah, madam ki, indi ki, bir halda ki bağlayıcıları və ya -sa, -sə şəkilçisi ilə bağlanır:
Əgər yağış yağmasa, gedəcəyik.

Baş cümlə əvvəl işləndikdə onun tərkibində bu şərtlə, o şərtlə, bir şərtlə qəlib sözlərindən biri iştirak edir:
Sizə o şərtlə icazə verərəm ki, sözünüzün üstündə durasınız.

Şərt budaq cümləsi baş cümləyə yalnız intonasiya ilə də bağlanır:
Get deyir, get. İşlə deyir, işlə.

VII. QARŞILAŞDIRMA BUDAQ CÜMLƏSİ

Qarşılaşdırma budaq cümləli tabeli mürəkkəb cümlələrdə baş və budaq cümlədəki fikirlər bir-biri ilə qarşılaşdırılır.

Budaq cümlənin bu növü baş cümlədən əvvəl işlənir, baş cümləyə nə qədər bağlayıcı sözü, həmçinin yanaşı işlənmiş -sa, -sə şəkilçisi və da, də, belə ədatları ilə bağlanır:
Sən nə qədər çalışsan da, yenə azdır.

Da, də ədatı budaq cümlənin tərkibində də işlənə bilər:
Şəhərə gedibsə, tez qayıtmalıdır.

Qarşılaşdırma budaq cümləli tabeli mürəkkəb cümlələrin başqa bir növündə budaq cümlə baş cümləyə hərçənd, hərçənd ki, düzdür, doğrudur sözləri ilə bağlanır, qarşılaşdırma məqsədilə cümlənin əvvəlində amma, ancaq, lakin bağlayıcılarından biri işlənir:
Hərçənd gecikdi, amma bunun da bir xeyri var.

 

Müəllif: KAMRAN ƏLİYEV
Mənbə: AZƏRBAYCAN DİLİ, abituriyentlər üçün köməkçi vəsait, Bakı — «Elm» — 2011, ISBN 978-9952-453-30-0

Top