Sözün mənalı hissələri kök və şəkilçidir. Kök sözün ayrılıqla işlənə bilən və əsas mənanı ifadə edən hissəsidir.
Şəkilçi sözün ayrılıqda işlənə bilməyən və yalnız kökə qoşulmaqla müəyyən məna daşıyan hissəsidir. Azərbaycan dilində kök əvvəl, şəkilçi sonra gəlir.
Şəkilçilər iki cür olur: leksik və qrammatik şəkilçilər.
Leksik şəkilçilər qoşulduqları söz köklərdən yeni sözlər düzəldir: dəmir — dəmir+çi
Qrammatik şəkilçilər isə sözün ancaq formasını dəyişdirir. Qrammatik şəkilçilərin hamısı bizim dilimizə məxsusdur. Onlar söz birləşmələri və cümlələrdə sözləri bir-birinə bağlamağa xidmət göstərirlər.
İsimlərdə cəm, hal, mənsubiyyət, şəxs şəkilçiləri, sifətin dərəcə şəkilçiləri, felin təsriflənən və təsriflənməyən formalarla bağlı şəkilçiləri, zaman və şəxs şəkilçiləri qrammatik şəkilçilərdir.
Şəkilçilər bir, iki və dörd cür yazılır.
Leksik şəkilçilər ahəng qanununa uyğun olaraq, əsasən, iki və dörd cür yazılır. Lakin belə şəkilçilər sırasında bir cür yazılanları da var: -daş, -kar, -xana, -dar, -stan, -şünas, -zadə, -keş...
Qrammatik şəkilçilər də ahəng qanununa uyğun olaraq həmişə iki və dörd cür yazılır: -lar, -lər; -dan, -dən; -ın, -in, -un, -ün; -dı, -di, -du, -dü
İki cür yazılan şəkilçilərin tərkibində yalnız iki açıq sait iştirak edir: a, ə. Digər açıq saitlər (e, o, ö) şəkilçilərdə ona görə iştirak etmir ki, əsl Azərbaycan sözlərində həmin səslər sözün birinci hecasından sonrakı hecalarında işlənmir.
Şəkilçilərin əvvəlində gələn y, n, s samitləri bitişdirici samitlər adlanır. Onlar saitlə bitən sözlərə saitlə başlanan şəkilçilər artırdıqda işlənir:
işlə-y-əcək, körpü-n-ün, xala-s-ı.
Sadə sözlər kökdən, yaxud kök və qrammatik şəkilçilərdən ibarət olur: kitab, kitab+lar, kitab+lar+dan
Köklərə qoşularaq onlardan yeni mənalı sözlər əmələ gətirən şəkilçilər leksik şəkilçilər adlanır: məktəb+li, qış+laq, baş+la(maq)
Leksik şəkilçilərlə əmələ gələn sözlərə düzəltmə sözlər deyilir.
Leksik şəkilçi qəbul edən söz leksik şəkilçi ilə birgə sözün başlanğıc formasını yaradır. Sözlər bütün lüğətlərdə başlanğıc formasında olur. Sözlərin quruluşca növü, hansı nitq hissəsinə aid olması da onların başlanğıc formasına görə müəyyən edilir.
Morfemika — sözlərin tərkibindən, onların quruluşundan bəhs edən bölmədir. Dilin mənalı hissələri, yəni kök, leksik və qrammatik şəkilçilər ayrı-ayrılıqda morfem adlanır.
Leksik şəkilçilər yeni mənalı sözlər yaradır.
Qrammatik şəkilçilər sözlərin formasını dəyişir.
Dildə yeni sözlər bir neçə yolla yaranır:
Leksik — sözlərin öz əvvəlki mənasından fərqli olan yeni məna kəsb etməsilə: Ay (Yerin peyki) və ay (30 gün)
Morfoloji — söz köklərinə leksik şəkilçilər artırmaqla.
Sintaktik yol — iki və daha artıq sözün birləşməsilə.
Eyni bir kökdən əmələ gələn sözlər eyniköklü sözlər adlanır. Eyniköklü sözlər düzəltmə olmaqla yanaşı, onların kökü eyni nitq hissəsi və eyni söz olmalıdır:
baş — başçı, başlıq, başla(maq), başlanğıc; əl — əlcək, ələk, ələ(mək).
Eyniköklü sözlərin özünə gəldikdə isə onlar həm eyni bir nitq hissəsinə, həm də müxtəlif nitq hissələrinə aid ola bilir: bağ — bağça, bağlıq, bağban (hamısı isimdir);
yağ — yağlı (sifət), yağla (fel).
Söz yaradıcılığının digər mühüm bir vasitəsi iki və daha artıq sözün birləşməsi ilə yeni mənalı sözlərin əmələ gəlməsidir. Bu yolla yaranan sözlər mürəkkəb sözlər adlanır.
Mürəkkəb sözlər müxtəlif yollarla əmələ gəlir:
1) iki müxtəlif mənalı sözün birləşməsi ilə: baramaqurdu, ayaqqabı, yarımada, suiti;
2) yaxın mənalı sözlərin birləşməsi ilə: oğul-uşaq, qoyun-quzu, qapı-pəncərə, toyuq-cücə;
3) antonim sözlərin birləşməsi ilə: gecə-gündüz, böyük-kiçik, tez-gec, az-çox;
4) eyni sözün təkrarı ilə: səhər-səhər, üz-üzə, birdən-birə, yavaş-yavaş.
Yazılışına görə mürəkkəb sözlər iki cür olur: 1) bitişik yazılanlar; 2) defislə yazılanlar.
Mürəkkəb adların xüsusi isimlərdən fərqi ondadır ki, xüsusi isimlər ayrı-ayrı sözlərdən, mürəkkəb adlar isə söz birləşmələrindən ibarət olur. Mürəkkəb adlara daxildir:
Mürəkkəb adlar cümlənin bütöv bir üzvü olur. Mürəkkəb adların yazılışında üç qayda var:
1) Aşağıdakı mürəkkəb adların tərkibində olan bütün sözlərin baş hərfi böyük yazılır:
a) ölkələrin, muxtar respublikaların adlarında; Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası.
b) respublika, şəhər və rayon tabeliyində olan idarə və təşkilatların adlarında; Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı Qaz İdarəsi, Babək Rayon Maliyyə Şöbəsi
2. Aşağıdakı mürəkkəb adların tərkibində olan sözlərin ancaq əvvəlincisi böyük hərflə başlanır:
a) məşhur tarixi gün və bayramların adlarında; Novruz bayramı, İyirmi yanvar (20 Yanvar)
b) tərkibində okean, dəniz, çay, göl, meydan, küçə və s. sözlər olan coğrafi adlarda; Sakit okean, Xəzər dənizi, Araz çayı, Baykal gölü, Azadlıq meydanı, İstiqlaliyyət küçəsi
c) dövlət mükafatı və təltiflərinin (orden, medal, nişan) adlarında; «İstiqlal» ordeni, «Şöhrət» ordeni
3. Fəxri adların özək hissəsini təşkil edən bütün sözlər kiçik hərflə yazılır: Azərbaycan Respublikasının əməkdar müəllimi
Mürəkkəb adların bir çoxu, xüsusən ölkə, idarə və təşkilat adları mürəkkəb ixtisarlar şəklində də işlədilir; məsələn,
Elə mürəkkəb ixtisarlar da var ki, onlar tələffüzə yatmadığından bütöv sözlərlə oxunur: ARSN (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi).
Müəllif: KAMRAN ƏLİYEV
Mənbə: AZƏRBAYCAN DİLİ, abituriyentlər üçün köməkçi vəsait, Bakı — «Elm» — 2011, ISBN 978-9952-453-30-0