Saylar | Nitq hissəsi

Saylar | Nitq hissəsi

Ümumi qrammatik mənasına görə əşyanın miqdarını və ya sırasını bildirir. Say neçə?, nə qədər?, neçənci? suallarından birinə cavab olur. Say da sifət kimi isimlə bağlı olur.

QURULUŞCA NÖVLƏRİ
Say quruluşca üç yerə bölünür: sadə, düzəltmə, mürəkkəb.

1. SADƏ SAYLAR

Sadə saylar bir kökdən, yaxud kök və qrammatik şəkilçidən ibarət olur: beş, beş+dir.

2. DÜZƏLTMƏ SAYLAR

Düzəltmə saylar sözlərin sonuna leksik şəkilçi artırmaqla düzəlir:

  • -ıncı4: bir+inci
  • -larla34: on+larla
  • -larca4: yüz+lərcə
  • -lu: çox+lu

QEYD: Saylar yalnız saydan düzəlir.

Mürəkkəb saylar ən azı iki sözün birləşməsi ilə yaranır:

  • defislə yazılanlar: bir-iki, üç-dörd, beş-altı, yeddi-səkkiz.
  • ayrı yazılanlar: on bir, on doqquz, beşdə üç.

SAYIN MƏNACA NÖVLƏRİ

Sayın mənaca iki növü vardır: miqdar və sıra.

1. MİQDAR SAYLARI

  • müəyyən miqdar sayları
  • qeyri-müəyyən miqdar sayları
  • kəsr sayları

1) Müəyyən miqdar sayları

Əşyanın konkret miqdarını bildirir və neçə?, nə qədər? suallarından birinə cavab olur: üç, beş.

Müəyyən miqdar sayları ilə isim arasında nəfər, baş, dənə, ədəd, cüt, dəst, kiloqram, metr, litr, göz, parça, tikə, qaşıq kimi numerativ sözlər işlənə bilir.

QEYD: Müəyyən miqdar saylarından sonra gələn isim cəm şəkilçisi qəbul etmir.

2) Qeyri-müəyyən miqdar sayları

Əşyanın konkret miqdarım göstərməyən saylardır və nə qədər? sualına cavab olur: az, çox, xeyli, bir çox, bir qədər, onlarla, yüzlərlə, yüzlərcə.
Bunlar hərflərlə yazılır. Xüsusiyyətləri:

  • az, çox saylarından əvvəl ən, lap, daha sözlərini işlətmək olur.
  • bir sıra, bir çox saylarından sonra gələn isimlər cəmdə olur.
  • çox, onlarla, onlarca, yüzlərlə, yüzlərcə saylardan sonra gələn isimlər həm təkdə, həm də cəmdə ola bilir.
  • az, xeyli, bir qədər saylardan sonra gələn isimlər həmişə təkdə işlənir.

Təxmini saylar: 3-4, 5-6. Təxmini saylar da əşyanın konkret miqdarını göstərmədiklərinə görə qeyri-müəyyən miqdar saylarınm bir növü hesab edilir.

QEYD: Numerativ sözlər üç-dörd, beş-altı tipli qeyri-müəyyən miqdar sayları ilə isimlər arasında da işlədilə bilər.

3) Kəsr sayları

Hissəni, ya da tam və hissəni bildirir, nə qədər?, neçə hissə? kimi suallardan birinə cavab olur:

üçdə iki (2/3), bir tam onda beş (1,5).

Kəsr sayı yerində yarım, çərək kimi sözlər də işlənir.

Kəsr sayları heç vaxt sadə olmur.

2. SIRA SAYLARI

Əşyanın sırasını bildirən saylardır. Sıra sayları neçənci? sualına cavab olur: birinci (yer), beşinci (sıra). Müəyyən miqdar saylarına -ıncı4 şəkilçisini artırmaqla düzəlir.

Rəqəmlərlə yazılan sıra sayları iki yerə ayrılır:

a) Ərəb rəqəmləri ilə yazılan sıra sayları: 2-ci, 5-ci, 9-cu.

b) Roma rəqəmləri ilə yazılan sıra sayları: V, VII, VIII və s.

Roma rəqəmlərindən sonra heç bir şəkilçi yazılmır.

Roman rəqəmləri 7 işarə ilə göstərilir.

I (1)

V (5)

X (10)

L (50)

C (100)

D (500)

M (1000)

538 — DXXLVIII, 122 — CXXII

Xüsusiyyətləri:

  • adətən, isimlərlə birlikdə işlənir: birinci sinif.
  • bəzən isimsiz işlənir və bu zaman onlar cəm və hal şəkilçiləri qəbul edə bilir: Dördüncülər qalib gəldilər.
  • sıra saylarından sonra gələn isimlər bəzən cəm şəkilçisi qəbul edə bilir: 60-ci illər, birinci siniflər.

SAYIN İSİM KİMİ İŞLƏNMƏSİ

Saylar isimləşdikdə ismin suallarına cavab verir, ismin qrammatik xüsusiyyətlərini daşıyır (cəmlənir, mənsubiyyət şəkilçisi qəbul edir, hallanır), mübtəda və tamamlıq olur, amma nitq hissəsi kimi yenə say olaraq qalır: Beş birdən çoxdur.

Müəllif: KAMRAN ƏLİYEV
Mənbə: AZƏRBAYCAN DİLİ, abituriyentlər üçün köməkçi vəsait, Bakı — «Elm» — 2011, ISBN 978-9952-453-30-0

Top