Köməkçi nitq hissələri

Köməkçi nitq hissələri

Köməkçi nitq hissələrinin əsas xüsusiyyətləri:

  • leksik mənaya malik olmur.
  • ayrılıqda cümlə üzvü kimi işlənə bilmir və müstəqil suala cavab vermir.

Köməkçi nitq hissələri: qoşma, bağlayıcı, ədat, modal sözlər, nida.

1. QOŞMA

İsmin adlıq, yiyəlik, yönlük və çıxışlıq halında olan sözlərə qoşularaq müəyyən məna çaları əmələ gətirir. Qoşmalar qoşulduğu sözlə birlikdə cümlənin bir üzvü olur.

MƏNACA NÖVLƏRİ

Birgəlik (ilə), bənzətmə (kimi, tək, qədər), istiqamət (sarı, doğru, qarşı, tərəf), məsafə (qədər, kim, -dək, -can2), zaman (əvvəl, sonra, qabaq, bəri), fərqləndirmə (qeyri, savayı, başqa, ayrı, özgə), səbəb-məqsəd (üçün, görə, ötrü), aidlik (aid, dair, haqqında, barəsində), istinad (əsasən).

«Kimi» qoşması ilə bağlı Mövlana Cəlaləddin Rumidən götürülmüş bir neçə nümunə:

  • Comərdlik və yardım etməkdə axar su kimi
  • Şövkət və mərhəmətdə günəş kimi
  • Başqalarının qüsurunu örtməkdə gecə kimi
  • Hiddət və əsəbiyyətdə ölü kimi
  • Təvazi və alçaq könüllülükdə torpaq kimi
  • Xoşgörülükdə dəniz kimi
  • Ya olduğun kimi görün, ya göründüyün kimi

Qoşmalar ismin halları ilə işlədilməsinə görə müəyyən qruplara bölünür.

  • Adlıq hala qoşulanlar: üçün, kimi, tək, qədər, ilə.
  • Yiyəlik hala qoşulanlar: qədər, kimi, tək, üçün, ilə(la2).
  • Yönlük hala qoşulanlar: -dək, -can, -cən, tərəf, doğru,qarşı, sarı, görə, əsasən, qədər, dair, aid, kimi.
  • Çıxışlıq hala qoşulanlar: sonra, əvvəl, qabaq, bəri,başqa, qeyri, savayı, ayrı, özgə, ötrü, əlavə.

QEYD: Bəzən eyni qoşma müxtəlif hallarda olan sözlərə qoşula bilir.

QOŞMALARIN DİGƏR NİTQ HİSSƏLƏRİ İLƏ OMONİMLİYİ

İsimvə qoşma: tərəf, qarşı

Sifət, zərf, qoşma: tək, doğru, yaxın, sarı

Zərfvə qoşma: sonra, qabaq, əvvəl

DURĞU İŞARƏSİ:

Ayrı yazılanlar: üçün, kimi, qədər, tərəf, sonra, əvvəlvə s.

Bitişik yazılanlar: -can2, -ca2, -tək, -dək.

Bitişik və ayrı yazılanlar: ilə// -la,-lə

2. BAĞLAYICI

Sözlər, cümlə üzvləri və ya cümlələr arasında əlaqə yaradır.

Bağlayıcılar sintaktik vəzifəsinə görə iki qrupa bölünür: tabesizlik bağlayıcıları tabelilik bağlayıcıları

Tabesizlik bağlayıcıları

Mənaca aşağıdakı növləri vardır:

  • Birləşdirmə bağlayıcıları: və, ilə (-la2).
  • Qarşılaşdırma bağlayıcıları: amma, ancaq, lakinfəqət.
  • Bölüşdürmə bağlayıcıları: ya, ya da, ya da ki, və ya, gah, gah da, gah da ki, istər, istərsə.
  • İştirak bağlayıcıları: həm, həm də, həm də ki, o cümlədən, habelə, hətta, da, də, həmçinin.
  • İnkarlıq bağlayıcıları: nə, nə də, nə də ki.
  • Aydınlaşdırma bağlayıcıları: yəni, yəni ki, məsələn.

QEYD: İlə hissəciyi qoşma kimi işlənərkən qoşulduğu sözlərlə birlikdə bir suala cavab verir və bir cümlə üzvü olur: Qoca ağacla yeriyir.

Tabelilik bağlayıcıları

Mənaca aşağıdakı növləri vardır:

  • Səbəb bağlayıcıları: çünki, ona görə ki, buna görə də, ona görə də, onun üçün ki, ondan ötrü ki.
  • Şərt bağlayıcıları: əgər, hərgah, madam, madam ki, indi ki, bir halda ki.
  • Güzəşt bağlayıcıları: hərçənd, hərçənd ki.
  • Aydınlaşdırma bağlayıcıları: ki, belə ki.

DURĞU İŞARƏSİ: İlə hissəciyi bağlayıcı kimi işləndikdə onu vergül işarəsi ilə, yaxud da və bağlayıcısı ilə əvəz etmək olur:

Təhsil ilə tərbiyə əsasdır = Təhsil tərbiyə əsasdır.

DURĞU İŞARƏSİ: Cümlədə nə də, gah da, həm də, ya da, amma, ancaq, lakin, çünki, ona görə ki, yoxsa bağlayıcı-larmdan əvvəl, təkrar olunan ki, da, də bağlayıcısmdan sonra (sonuncudan başqa) vergül qoyulur.

3. ƏDAT

Sözlərin və cümlələrin təsir gücünü artırır, mənasını qüvvətləndirir. Ədatları çıxarsaq, mənada ciddi dəyişiklik baş verməz.

MƏNACA NÖVLƏRİ

  • Qüvvətləndirici ədatlar: axı, ən, lap, hətta, daha, artıq, da, də, necə, ha, ki, -ca2.
  • Dəqiqləşdirici ədatlar: elə, məhz, əsl.
  • Məhdudlaşdırıcı ədatlar: yalnız, ancaq, təkcə, tək, bircə, bir.
  • Sual ədatları: məgər, yəni, bəs, -mı4.
  • Əmr ədatları: di, qoy, bax, gəl, gör, görün, gəlin, gəlsənə, ha, -sana, -sənə.
  • Arzu ədatları: kaş, kaş ki, təki, barı.
  • Təsdiq və inkar ədatları: bəli, hə, xeyr, yox.

QEYD: Azərbaycan dilində daha çox işlənən ədatlar: ki, ha, axı, kaş, bəs, lap, qoy, məgər.

ƏDATLARIN OMONİMLİYİ

Say və ədat: bir, bircə

Əvəzlik və ədat: elə, belə, necə

Fel və ədat: qoy, bax, gör

Zərf və ədat: təkcə

Bağlayıcı və ədat: ki, ancaq, da, də, hətta

DURĞU İŞARƏSİ: -mı4 və -sana2 bitişik yazılır, qalan bütün ədatlar sözlərdən ayrı yazılır.

4.MODAL SÖZLƏR

Danışanın ifadə etdiyi fikrə münasibətini bildirir.

MƏNACA NÖVLƏRİ

1) Təsdiq bildirənlər:

əlbəttə (əlbəttə ki), doğrudan (doğrudan da), həqiqətən, sözsüz, şəksiz, şübhəsiz (şübhəsiz ki), doğrusu, doğrudur, düzü, düzdür.

Əlbəttə, hər şey yaxşı olacaq. Doğrusu, yadımdan çıxdı.

2) Ehtimal və şübhə bildirənlər:

gərək (gərək ki), yəqin (yəqin ki), görəsən, görən, görünür (görünür ki), ehtimal ki, bəlkə (bəlkə də), güman ki, olsun ki.

Güman ki, o, sabah gələcək. Bəlkə də, qaytardılar.

3) Nəticə bildirənlər:

demək (demək ki), deməli, xülasə, ümumiyyətlə, bir sözlə, nəhayət.

Deməli, yola düşmək lazımdır. Nəhayət, imtahanlar başa çatdı.

4) Bənzətmə və ya müqayisə bildirənlər: sanki, elə bil (ki).

Sanki məni görmürdü.

5) Fikrin mənbəyini bildirənlər: məncə, səncə, bizcə, zənnimcə.

Məncə, tezliklə qayıdacaq.

DURĞU İŞARƏSİ:

Cümlənin əvvəlində olan modal sözdən sonra, ortasında olan modal sözün hər iki tərəfində, axırında olan modal sözdən əvvəl vergül qoyulur:

5. NİDA

Danışanın hissini, həyəcanını, qorxu və ya sevincini bildirir.

MƏNACA NÖVLƏRİ

  • Qorxu, narahatlıq bildirənlər: vay, ox, oy, ah.
  • Şadlıq, sevinc, təəccüb bildirənlər: paho, bəh-bəh, oho,oxqay.
  • Qəm, kədər bildirənlər: of, ah, ox, oy, eh.
  • Çağırış bildirənlər: hey, ey, ay.
  • Nifrət və istehza bildirənlər: tfu, xa-xa-xa, xux, xox.

QEYD: Bütün nidalar, həmçinin ay, ey nidaları ilə başqa sözün əmələ gətirdiyi nidalar sözdən ayrı yazılır, təkrar yolu ilə işlənən nidalar defislə yazılır.

DURĞU İŞARƏSİ:

Cümlənin əvvəlində gələn nidalardan sonra vergül və ya nida işarəsi, ortasında gələn nidadan əvvəl və sonra vergül, sonunda gələn nidalardan əvvəl vergül, sonra nida işarəsi və ya nöqtə qoyulur.

Çağırış bildirən a, ay, ey nidalarından sonra vergül qoyulmur. Bəzən çağırış bildirən ey nidasından sonra vergül işlənir: Ey, qərib oğlan, haraya gedirsən?

Müəllif: KAMRAN ƏLİYEV
Mənbə: AZƏRBAYCAN DİLİ, abituriyentlər üçün köməkçi vəsait, Bakı — «Elm» — 2011, ISBN 978-9952-453-30-0

Top