Söz dilin əsas vahididir. Dildəki sözlərin hamısı birlikdə dilin lüğət tərkibini, yəni leksikasını təşkil edir. Dilin lüğət tərkibindən bəhs edən bölmə leksikologiya adlanır.
Sözün ifadə etdiyi məna onun leksik mənasıdır. Yəni həmin sözü deyərkən nəyi başa düşməyimizdir.
Sözün qrammatik mənası da olur. Qrammatik məna sözün hansı nitq hissəsinə aid olması və həmin nitq hissəsinə aid xüsusiyyətləri daşımasıdır.
«İzin» sözü: icazə almaq leksik mənası, isim və adlıq halda olması qrammatik mənasıdır.
Sözün leksik mənasını müxtəlif yollarla izah etmək olar:
Söz tələffüz edilərkən ağıla gələn ilk məna həqiqi mənadır.
İnsanlara məxsus müəyyən hərəkətləri cansız əşyalara aid etmək nəticəsində meydana çıxan məna isə məcazi mənadır:
insanın ayağı (həqiqu) — kəndin ayağı (məcazi) insanın qolu (həqiqi) — çayın qolu (məcazi) uşaq yatdı (həqiqi) — külək yatdı (məcazi)
Bədii əsərlərdə sözlərin məcazi mənalarından daha geniş istifadə olunur.
Yalnız bir leksik mənası olan sözlərə təkmənalı sözlər deyilir: təyyarə, avtobus
Eyni leksik məna ilə bağlı bir-birinə yaxın müxtəlif mənaları bildirən sözlərə isə çoxmənalı sözlər deyilir: qapının ağzı, yolun ağzı
Çoxmənalı sözlər bir-birinə oxşar əşyaları, yaxud oxşar əlamət və hərəkəti bildirir.
Deyilişi və yazılışı eyni olan, lakin leksik mənalarına görə tamamilə fərqlənən sözlərə omonimlər deyilir. Omonimlər həm eyni, həm də müxtəlif nitq hissələri ola bilər:
— Eyni nitq hissəsi: bağ (isim, isim)
— Müxtəlif nitq hissəsi: yol (isim, fel)
— Bir neçə nitq hissəsi: sarı (sifət, fel, qoşma)
Hansı sözlər omonim kimi götürülə bilməz?
Ümumi və xüsusi isimlər: qərənfil (gül) və Qərənfil (ad)
Xüsusi isimlər: Araz (çay) və Araz (ad)
Eyni cür yazılıb, vurğularına görə fərqlənən sözlər: gəli'n (isim) gə'lin (fel)
Yazılışı, tələffüzü eyni, lakin kökləri müxtəlif olan sözlər:
a) Külək əsir.
b) Düşmən əsir düşdü.
Səslənməsinə görə eyniləşən sözlər (paronimlər): mətn mətin
Həm çoxmənalı, həm də omonim olan sözlər:
burun, boğaz, yar, say, al, at, inci, quru, ağrı, kök, dil, tut, bel, yay, qaş, qol, dolu, yol, düz...
Yazılışı və deyilişi müxtəlif olan, lakin eyni və ya yaxın mənaları bildirən sözlərə sinonimlər deyilir.
Sinonimləri təşkil edən sözlər eyni bir nitq hissəsinə aid olur:
İsim: eynək, çeşmək, gözlük; qovun, yemiş
Sifət: qəşəng, gözəl, göyçək; hündür, yüksək, uca
Fel: oturmaq, əyləşmək; yatmaq, mürgüləmək, yuxulamaq Sinonimlər fikri daha dəqiq ifadə edir və yersiz təkrarın qarşısını alır. Dilimiz sinonimlərlə zəngindir.
Mənaca bir-birinin əksi olan sözlərə antonimlər deyilir.
Antonimləri təşkil edən sözlər eyni bir nitq hissəsinə aiddir.
işıq-qaranlıq (isim), arıq-kök (sifət), oyanır-yatır (fel)
Hamı üçün məlum olan sözlər ümumişlək sözlər adlanır. Bunlar dilin fəal lüğət fonduna daxildir. Biz gündəlik nitqimizdə, əsasən, belə sözlərdən istifadə edirik: su, hava, duz, çörək, çay, dəniz, qırmızı, sarı, yaşıl
Hamının nitqdə istifadə etmədiyi sözlər ümumişlək olmayan sözlər adlanır və bir neçə qrupa bölünür:
Belə sözlər məhəlli xarakter daşıyır və yalnız bir qrup əhalinin dilində işlənir:
Dialekt sözlərdən bəzən bədii əsərlərdə də istifadə olunur ki, buna dialektizm deyilir.
Müxtəlif ixtisas və peşə sahələri ilə əlaqədar olan sözlərə terminlər və ya ixtisas sözləri deyilir:
Terminlərin xarakterik xüsusiyyətləri:
Hər elm sahəsinin, peşənin özünəməxsus terminləri olur. İxtisas sözlərindən, yəni terminlərdən elmi üslubda daha çox istifadə olunur.
Terminlər, əsasən, elmi üslubda işlənir, bəzən isə bədii əsərlərdə də istifadə olunur.
Yalnız terminlər kimi çıxış edən sözlər: metafora, sinekdoxa, fiksaj ...
Həm termin, həm də ümumişlək sözlər: güc, bucaq, qüvvə, enerji, zərf, say, fel...
Cəmiyyətin mədəni inkişafı ilə əlaqədar olaraq bəzi terminlər (ixtisas sözləri) ümumişlək sözlərə çevrilir: akvarel, ekran, solo, aspirin, arayış, protokol və s.
Vaxtilə ədəbi abidələrimizdə, ayrı-ayrı sənətkarların yaradıcılığında işlənib, sonradan köhnələn və öz ümumiş-ləklik xüsusiyyətini itirən sözlər arxaizmlər adlanır: arı (təmiz), yey (yaxşı), seyvan (eyvan), İraq (uzaq), ər/ərən (igid), ayaq (qədəh), tanıq (şahid), sayru (xəstə), us (ağıl), əsən (sağ-salamat), damu (cəhənnəm), uçmaq (cənnət), duş (yuxu), altun (qızıl), güz (payız), ayıtmaq (demək), varmaq (getmək), yazı (çöl) və s.
Tarixi proseslə bağlı olan belə sözlərə isə tarixizmlər deyilir:
İctimai həyatda baş verən bir sıra yeniliklərlə əlaqədar olaraq, elmə, texnikaya, mədəniyyətə, məişətə aid yeni əşyaları, hadisələri yeni sözlərlə ifadə etməyə ehtiyac yaranır. Belə sözlərə yeni sözlər və ya neologizmlər deyilir:
kosmodrom, sərinkeş, biznesmen, ekologiya, alışqan, telefilm, olay (hadisə), durum (vəziyyət), uçaq (təyyarə), çağdaş (müasir), açıqca (otkrıtka), nəfəslik (fortoçka), dabankeş (rajok).
Dilin lüğət tərkibinə daxil olan sözlərin bir qismi müəyyən müddətdən sonra ümumişlək sözlərə çevrilir: sərinkeş, telefilm, yetərsay
Bəzi sözlər isə ümumişlək olmayan sözlər sırasında qalır: rotoprint, elektron, nitron
Bəzi sözlər köhnələrək dildən çıxır: komsomol, pioner, kolxoz — bu sözlər XX əsrin 20-30-cu illərində neologizm, 40-80-ci illərində ümumişlək söz, 90-cı illərində isə tarixizm olmuşdur.
QEYD: Köhnəlmiş sözlər və neologizmlər dilin qeyri-fəal lüğət fonduna aiddir.
Nitqdə bütövlükdə müəyyən bir leksik mənanı ifadə edən sabit söz birləşmələrindən — frazeoloji birləşmələrdən də istifadə olunur. Frazeoloji birləşmələr:
qorxmaq = ürəyi ağzına gəlmək
inanmamaq = gözü su içməmək
qaçmaq = dabanına tüpürmək
yorulmaq = əldən düşmək
Frazeoloji birləşmələrin tərkibindəki ayrı-ayrı sözlər öz həqiqi mənalarını itirir. Belə birləşmələrdən, əsasən, danışıq üslubunda, bədii üslubda istifadə olunur. Frazeoloji birləşmələr omonimlik, sinonimlik, antonimlik yarada bilir:
Dilimizdə olan sözlər iki yerə bölünür: əsl Azərbaycan sözləri və alınma sözlər.
Əsl Azərbaycan sözlərinə daxildir:Alınma sözlərə daxildir: r səsi ilə başlayan, tərkibində j səsi olan, sonu q və k samiti ilə bitib tələffüzdə ğ və y samitinə çevrilməyən, qoşa samitlə başlayıb qoşa samitlə qurtaran, ön şəkilçi qəbul edən (istisna: nadinc, nakişi), tərkibində üç samit yanaşı işlənən, elm, təhsil və ilahiyyatla bağlı olan sözlər.
Alınma sözləri iki qrupa ayırmaq olar:
ərəb-fars dillərindən alman sözlər: qanun, hökm, şüur, müalicə, sahib
Avropa dillərindən alman sözlər: traktor, tramvay, velosiped, respublika, demokratiya
Dilimizdəki alınma sözlərin bir qismi dünya dillərinin çoxunda işlədilir ki, bunlar beynəlmiləl sözlər adlanır: parlament, deputat, firma, fonetika
Müəllif: KAMRAN ƏLİYEV
Mənbə: AZƏRBAYCAN DİLİ, abituriyentlər üçün köməkçi vəsait, Bakı — «Elm» — 2011, ISBN 978-9952-453-30-0