İsim, sifət, say və digər nitq hissələrinin yerində işlənən sözlərdir.
MƏNACA NÖVLƏRİ
Əvəzliklər cümlədə mübtəda, xəbər, tamamlıq, təyin və zərflik rolunda çıxış edə bilir.
Şəxs əvəzlikləri: mən, sən, o, biz, siz, onlar.
İsimlərin yerində işlənir və kim?, nə? suallarından birinə cavab verir.
1-ci və 2-ci şəxsi bildirən əvəzliklər yalnız insana, 3-cü şəxsi bildirən əvəzliklər isə həm insana, həm də heyvanlara, cansız əşyalara aid olur.
Nəzakət əlaməti olaraq nitqdə sən əvəzinə siz işlədilir.
Şəxs əvəzlikləri isimlər kimi hallanır.
YADDAŞ: mən və biz əvəzlikləri hallandıqda isimdən fərqli olaraq, yiyəlik halda -im şəkilçisini qəbul edir: mən+im, biz+im
Qeyri-müəyyən əvəzliklər: biri, kimi, kimsə, nə isə, hamı, bəzi, hərə. İsimlərin yerində işlənir.
Quruluşca sadə və mürəkkəb olur:
Sadə: hamı, hərə, bəzi
Mürəkkəb: hər kəs, hər biri.
Qeyri-müəyyən əvəzliklər isimlər kimi hallanır.
İşarə əvəzliklər bunlardır: o, bu, elə, belə, həmin.
İşarə məqsədi ilə işlədilir.
-o, bu — ismin də yerində işlədilir. Belə olduqda cəmlənir, hallanır, ismin suallarına cavab verir, cümlənin mübtədası, tamamlığı və ya xəbəri olur.
Mübtəda vəzifəsində işlədilən o, bu əvəzliklərindən sonra, adətən, vergül qoyulur, həmin əvəzliklər felin və köməkçi nitq hissələrinin əvvəlində gəldikdə isə onlardan sonra vergül qoyulmur (istisna: modal sözlər).
Sual əvəzlikləri: kim?, nə?, hara?, necə, nə cür?, hansı?, nə zaman?, nə vaxt?, haçan?, nə edir? və s. Sual bildirən sözlərdir.
Sual əvəzlikləri əvəz etdiyi nitq hissəsinin qrammatik xüsusiyyətlərini daşıyır.
Sual əvəzlikləri əvəzliklərin özlərini də əvəz edə bilir:
Biz məktəbə gedirik. Kim məktəbə gedir?
Təyini əvəzliklər: öz, bütün, hər, filan.
Əşyanı ümumi şəkildə müəyyən etmək üçün işlədilən əvəzliklərdir.
Müəllif: KAMRAN ƏLİYEV
Mənbə: AZƏRBAYCAN DİLİ, abituriyentlər üçün köməkçi vəsait, Bakı — «Elm» — 2011, ISBN 978-9952-453-30-0