Zərf | Nitq hissəsi

Zərf | Nitq hissəsi

Hərəkətin tərzini, zamanını, yerini, miqdarım və s. bildirir və felə aid olur.

Sualları: necə? (nə cür?), nə zaman? (haçan?), nə vaxt?, hara?, nə qədər?, nə üçün?, niyə? və s.

QURULUŞCA NÖVLƏRİ

Zərflər quruluşca üç cür olur: sadə, düzəltmə, mürəkkəb.

1. SADƏ ZƏRFLƏR

Sadə zərflər bir kökdən, yaxud kök və qrammatik şəkilçidən ibarət olur: dərhal

2. DÜZƏLTMƏ ZƏRFLƏR

Düzəltmə zərflər tərkibində leksik şəkilçi olan zərflərdir.

Zərf düzəldən şəkilçilər:

  • -ca2: türk-cə, ehmal-ca, sakit-cə, yaş-ca və s.
  • -casına2: açıq-casına, hiyləgər-cəsinə və s.
  • -yana, -yanə, -anə: dost-yana, saymaz-yana, zarafatyana, şair-anə, dahi-yanə, Sabir-anə və s.
  • -dan2: bir-dən, bərk-dən, asta-dan və s.
  • -ən: qəsd-ən, qəflət-ən, daxil-ən və s.
  • -la2: güc-lə, zor-la, cəsarət-lə və s.
  • -akı2: yan-akı, çəp-əki və s.
  • -aşı2: yan-aşı və s.

3. MÜRƏKKƏB ZƏRFLƏR

Mürəkkəb zərflər, başlıca olaraq, aşağıdakı yollarla düzəlir:

  • Sadə sözlərin təkrarı ilə;
  • Biri və ya hər ikisi şəkilçi qəbul etmiş sözlərin təkrarı ilə;
  • Antonim, yaxud yaxın mənalı sözlərin yanaşı işlənməsi ilə;
  • Yönlük halda işlənən bir sayına digər sayın qoşulması ilə;
  • -ba2bitişdiricisi ilə;
  • Müxtəlif mənalı sözlərin birləşməsi ilə.

ZƏRFİN MƏNACA NÖVLƏRİ

Zərfin məna növləri bunlardır: tərzi-hərəkət, zaman, yer miqdar zərfləri.

1. TƏRZİ-HƏRƏKƏT ZƏRFLƏRİ

Hərəkətin icra tərzini bildirir: birdən, asta, cəld, qaçaraq.

Sualları: necə?, nə cür?

Tərzi-hərəkət zərfləri hərəkətin keyfiyyətini də bildirə bilir: yaxşı danışmaq, pis bilmək və s.

2. ZAMAN ZƏRFLƏRİ

Hərəkətin icra olunduğu zamanı bildirir: dünən, sabah, sonra, əvvəl.

Sualları: nə zaman?, nə vaxt?, haçan?

3. YER ZƏRFLƏRİ

Hərəkətin icra olunduğu yeri bildirir: irəli, geri, yuxarı, aşağı, sağa, sola, içəri, bəri.

Sualları: hara? (haraya?), harada?, haradan?

4. MİQDAR ZƏRFLƏRİ

Hərəkətin miqdarım və ya dərəcəsini bildirir: az, çox, xeyli.

Sualları: nə qədər?, nə dərəcədə?

ZƏRFİN DİGƏR NİTQ HİSSƏLƏRİ İLƏ OMONİMLİYİ

  • İsimvə zərf: səhər, axşam, gecə, gündüz.
  • Sifətvə zərf: yaxşı, pis, gözəl, qəşəng
  • Say və zərf: az, çox, xeyli
  • Qoşma və zərf: əvvəl, sonra

QEYD: 1) Zərf əmələ gətirən -la2şəkilçisini ilə (-la,-lə) qoşmasının ixtisarı ilə qarışdırmayın:

Qələmlə (isim) yazıram. Sürətlə (zərf) gedirəm.

2) Yerlik və çıxışlıq hal şəkilçiləri ilə zərf düzəldən -da2, -dan2şəkilçilərini qarışdırmayın:

Kölgədə sən, gündə (isim) mən.
Səni görürəm gündə (zərf) mən.

 

Müəllif: KAMRAN ƏLİYEV
Mənbə: AZƏRBAYCAN DİLİ, abituriyentlər üçün köməkçi vəsait, Bakı — «Elm» — 2011, ISBN 978-9952-453-30-0

Top