Zərflik

Zərflik

Zərflik hərəkətin icrasını müxtəlif cəhətdən izah edən ikinci dərəcəli üzvdür.
Zərfliklər, əsasən, cümlənin feli xəbərlərinə aid olur və yanaşma əlaqəsi ilə onlara bağlanır. Məsələn: Şagirdlər imtahanlara ciddi hazırlaşırlar. Uşaqlar həyətdə oynayırlar. Axşam bizə gələrsən. Əsgərlər irəli cumdular. Xəstə olduğu üçün uşağın rəngi sapsarı idi və s. Bu cümlələrdəki ciddi zərfliyi işin icra tərzini, həyətdə və irəli zərflikləri iş və hərəkətin icra olunduğu yeri, axşam zərfliyi iş və hərəkətin icra zamanını bildirir. Bu zərfliklərin hamısı feli xəbərə aiddir. Sonuncu cümlədəki xəstə olduğu üçün zərfliyi isə əlamətin yaranma səbəbini bildirir və ismi xəbərə aiddir.
Zərflik daha çox zərflərlə ifadə olunur. Məsələn: Uşaq bərk yatmışdı. Mən onu çoxdan tanıyıram. Qoca ehtiyatla yeriyirdi. Dünən yağış yağdı. Məruzəçi az danışdı və s.
İsim,feli bağlama və qoşmalarla işlənən məsdər də cümlədə zərflik qlur. Məsələn: Dağlara qar yağır. Biz İçərişəhərdə yaşayırıq. Baba gülə-gülə dedi. Qoca yıxılmamaq üçün ağaca söykəndi.
Zərflik quruluşca sadə və mürəkkəb olur.
Nitq hissələri ilə ifadə olunan zərfliklər sadə, ismi birləşmələr və feli bağlama tərkibləri ilə ifadə olunan zərfliklər isə mürəkkəb olur.Yuxarıdakı zərfliklərin hamısı quruluşca sadədir. Aşağıdakı cümlələrdə isə mürəkkəb zərfliklər işlənmişdir: Xəzər dənizinin dərinliyindən neft çıxır. Kür çayı daşanda el — obanın vəziyyəti çətinləşir. Eşitdiklərimi öz gözlərimlə görmək üçün hadisə yerinə getdim. Kişi geriyə baxmadan yeyin-yeyin geditdi və s.

Zərfliyin məna növləri


Zərfliyin aşağıdakı məna növləri var:

1. Tərzi-hərəkət zərfliyi

 
İş və hərəkətin icra tərzini bildirir. necə? nə cür? suallarından birinə cavab verir. Tərzi-hərəkət zərfləri, feli bağlama, feli bağlama tərkibləri, qoşmalı söz və söz birləşmələri ilə ifadə olunur. Məsələn: Əsgərlərimiz qəhrəmancasına vuruşur. Qapt taybatay açıldı. Düşünmədən danışma. Uşaq böyüklər kimi danışırdı. Ana qayğılı halda dedi. Kişinin qara bığları qoç buynuzu kimi əyilmişdi və s.
Qeyd: Təyin ilə tərzi-hərəkət zərfliyini bir-binndən fərqləndirmək üçün onların hansı cümlə üzvünə aid olduğuna fikir vermək lazımdır. Təyin həmişə isimlə ifadə olunan üzvləri izah edir. Məsələn: Açıq qapı bizimdir. Anar yaxşı oğlandır Tərzi-hərəkət zərfliyi isə feli xəbərlə bağlı olur. Məsələn Anar yaxşı oxuyur. Mənimlə açıq danış və s.

2. Zaman zərfliyi

İş və hərəkətin, hadisənin zamanını bildirir, nə vaxt? nə zaman? haçan? suallarından birinə cavab verir. Zaman zərfləri, zaman mənalı isimlər, feli bağlama, feli bağlama tərkibləri və ismi birləşmələrlə ifadə olunur. Məsələn: İndi hər kəs öz bacarığını göstərməlidir. Dünən səhərdən yağış yağır. Tənəffusdə müdirin yanına get. Onu görəndə ürəkdən sevinirəm. Qış qurtarana kimi buradayıq. Mən onu uşaqlıq illərinaən taniyıram. Biz səhər açılar-açılmaz evdən çıxdıq və s.

3. Yer zərfliyi

 
İş və hərəkətin icra olunduğu yeri, istiqamətini, başlanğıc və bitmə nöqtəsini bildirir, hara? haraya? harada? haradan? suallarından birinə cavab verir.
Yer zərfləri, yer mənalı isimlər və ismi birləşmələrlə ifadə olunur. Məsələn: Yuxarıdan evimiz görünür. Evə tələsirəm. Oradan aşağı düs. Dəniz sahilində dincəlirik. Dağın başında tonqallar yanırdı və s.

4. Kəmiyyət zərfliyi

 
İş və hərəkətin nə qədər icra olunduğunu bildirir, nə qədər? bəzən də nə dərəcədə? sualına cavab verir.
Miqdar zərfləri və ismi birləşmələrlə ifadə olunur. Məsələn: Dünən mən sizi çox gözlədim. Bu gün az işlədik. O, həddindən çox kökəlibdir. Bu sözü mən sizə dəfələrlə demişəm. Biz onunla bir neçə dəfə göruşmüsdük. Məhsulumuz ikiqat artmışdır və s.

5. Səbəb zərfliyi

 
İş, hərəkət və ya əlamətin səbəbini bildirir, niyə? nə üçün? nə səbəbə? suallarına cavab verir.
Uçün, ötrü, görə qoşmaları ilə işlənən sözlər və birləşmələrlə, feli bağlama və feli bağlama tərkibləri ismi birləşmələr, sual əvəzlikləri və s. ilə ıfadə olunur. Məsələn: Utandığından usağın sifəti qızarmısdı. Nəqliyyat işləmədiyi üçün evdə oturmalı olduq. Oğlum universitetə qəbul olundugu üçün çox sevinirəm. Bu gün niyə evdəsən? Düşmən qorxaraq geri çəkildi. Yer belləməkdən əllərinin içi qabarmışdı və s.
Səbəb zərfliyinin ifadə etdiyi iş xəbərdəki işdən əvvələ aid olur.

6. Məqsəd zərfliyi

 
İş və hərəkətin məqsədini bildirir, niyə? nədən ötrü? nəyə görə? nə məqsədlə? suallarına cavab verir.
Üçün, ötrü qoşmaları ilə işlənən isim, məsdər və məsdər tərkibləri, sual əvəzlikləri, ismi birləşmələr və s. ilə ifadə olunur. Məsələn: Müsyö Jordan Qarabağa bu yerlərin təbiətini öyrənmək üçün gəlmişdi. Vətəni qorumaq üçün vətənpərvər övladlar yetişdirməliyik. öskürməmək üçün əlimi ağzıma tutmuşdum. Uşaq dincəlmək üçün bağa getdi. O, torpaqlarımızı düşməndən təmizləmək üçün könüllü olaraq cəbhəyə getdi və s.
Məqsəd zərfliyi səbəb zərfliyinə oxşasa da, məna çalarına görə ondan fərqlənir. Səbəb zərfliyinin ifadə etdiyi iş, qeyd olunduğu kimi, xəbərdəki işdən əvvələ aid olur. Məqsəd zərfliyində isə əksinədir: Onun ifadə etdiyi iş xəbərdəki işdən sonraya aid olur. Bundan əlavə, məqsəd zərfliyinə nə məqsədlə? sualını vermək mümkün olduğu halda, səbəb zərfliyinə bu sualı vermək düzgün olmur. Bu fərqi aşağıdakı ikinci nümunədə aydın görmək olar:
1. O, şəhərdə darıxdığı üçün kəndə getdi.
2. O, anasını görmək üçün kəndə getdi.

Birinci cümlədə səbəb zərfliyi, ikinci cümlədə isə məqsəd zərfliyi işlənmişdir. Səbəb zərfliyindəki iş (darıxmaq) xəbərdəki işdən (getmək) əvvəl baş verir. Bundan əlavə, birinci cümlədəki zərfliyə nə məqsədlə? sualını vermək düzgün olmaz, ikinci cümlədəki zərfliyə isə bu sualı vermək olar.


Müəllif: Möhsün Nağısoylu  Zellabdin oğlu, filologiya elmləri doktoru, professor, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda şöbə müdiri, əməkdar elm xadimi.
Mənbə: Ali təhsilə hazırlıq kurslarının dinləyiciləri üçün dərs vəsaiti
Top