Vasitəsiz və vasitəli nitq

Vasitəsiz və vasitəli nitq

Danışarkən və ya yazarkən bəzən basqasının sözlərindən (nitqindən) istifadə olunur. Başqasının sözləri (nitqi) iki üsulla verilə bilər: vasitəsiz, vasitəli.

Vasitəsiz nitq

Vasitəsiz nitqdə başqasımn sözləri (nitqi) dəqiq şəkildə, heç bir dəyişiklik edilmədən verilir.
Tərkibində vasitəsiz nitq olan cümlələr iki hissədən ibarət olur: müəllifin sözlərindən (M) və vasitəsiz nitqdən (V).

Müəllifin sözləri, adətən dedi, düşündü, soruşdu və s. kimi nitq felləriilə bitir və çox vaxt cüttərkibli cümləşəklində olur. Vasitəsiz nitq isə bir və ya bir neçə cümlədən ibarət olur və müəllif nitqinə intonasiyanın köməyi ilə qoşulur. Vasitəsiz nitq, adətən, dırnaq arasına alınır və aşağıda bir neçə şəkildə işlənə bilir:

1. Müəllifin sözlərindən sonra: Bu halda vasitəsiz nitqdən əvvəl iki nöqtə qoyulur və vasitəsiz nitqin ilk sözü böyük hərflə yazılır. Məsələn: O dedi: «Biz doğma yurdumuza qayıdacağıq». (sxemi: M: «V».). Komandir qışqırdı: «Dayanın, ora minalanıbdır!» (sxemi: M. «V!»).   "

2. Müəllifin sözlərindən əvvəl. Bu halda vasitəsiz nitqdən sonra vergül (bəzən də sual və ya nida işarəsi) və tire qoyulur. Məsələn: «Kim dərsimizi danışmaq istəyir?» — dəyə müəllim uşaqlara üz tutdu. (Sxemi: «V?» -m). «Təki torpaqlarımız geri qayıtsın», — deyə ana hər cür çətinliyə dözürdü. (sxemi «V», -m.).

3. Müəllifin sözlərinin arasında. Bu halda vasitəsiz nitqdən əvvəl iki nöqtə, sonra isə vergül (və ya sual və nida işarələri) və tire qoyulur. Məsələn: Ana üzünü qonağa tutub: «İçəri keçin, qapıda durmayın», — deyə nəvazişlə onu otağa dəvət etdi. (sxemi: M: «V», — m.). O gülə — gülə: «Necədir, məktəbimiz xoşuna gəidi?»- dəyə soruşdu. (sxemi: M: «V?» — m.)

4. Müəllifin sözlərindən əvvəl və sonra. Bu halda vasitəsiz nitqdən əvvəl və sonra vergül və tire işarəsi qoyulur. Məsələn: «Otur, gedirik — dedi, — sonra danışarıq» (sxemi: «V, — m, — v».).

5. Müəllifin sözləri ilə vasitəsiz nitq ardıcıl olaraq işlənir. Bu halda vasitəsiz nitqdən əvvəl iki nöqtə, sonra vergül və tire (iki dəfə) qoyulur. Məsələn: O, başını qaldırıb: «Yox, olmaz, -dedi, — sən bu işə qanşma». (sxemi: M: «V, -m, — v»).

Vasitəsiz nitqin son iki qaydada işlənməsi nadir hallarda olur. Vasitəsiz nitqdə sual işarəsi, nida işarəsi və üç nöqtə dırnaqdan əvvəl, nöqtə isə dırnaqdan sonra qoyulur.

Vasitəli nitq

Vasitəli nitqdə başqasının sözləri (nitqi) eynilə deyil, dəyisilmiş şəkildə verilir, yəni onun məzmunu çatdırılır.Tərkibində vasitəli nitq olan cümlələr müəllifin sözlərindən və başqasının nitqinin məzmunundan ibarət olur. vasitəli nitq budaq cümlə şəklində formalaşır və müəllifin sözlərindən sonra işlənir. vasitəsiz nitq vasitəli nitqlə əvəz edilərkən dırnaqlar və tire işarəsi atdır və ki bağlayıcısı əlavə olunur. Məsələn:

Anar dedi: «Mən böyüyəndə müəllim olacağam».

Anar dedi ki, o böyüyəndə müəllim olacaq.

Nümunədən göründüyü kimi, vasitəsiz nitq vasitəli nitqə çevrilərkən şəxs əvəzlikləri və şəxs şəkilçiləri dəyişdirilə bilir.

Sitatlar

Fikri əsaslandırmaq üçün tanınmış şəxsiyyətlərin, məşhur alimlərin sözlərindən və ya yazdıqlarından gətirilən dəqiq çıxarışlara sitatlar dəyüir.

Sitatlar bir və ya bir neçə cümlədən ibarət ola bilər. Sitatlardan daha çox elmi əsərlərdə istifadə edilir. Məsələn: Böyük türk şairi Cəlaləddin Rumi yazırdı: «Ya göründüyün kimi ol, ya da olduğun kimi görün». Məşhur fransız yazıçısı Balzak yazır: «Elmin ağası olmaq üçün zəhmətin köləsi olmalısan». Sitatlar da əksərən dırnaq içərisində verilir və axırda istifadə olunan mənbə göstərilir.

Müəllif: Möhsün Nağısoylu  Zellabdin oğlu, filologiya elmləri doktoru, professor, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda şöbə müdiri, əməkdar elm xadimi.
Mənbə: Ali təhsilə hazırlıq kurslarının dinləyiciləri üçün dərs vəsaiti

Top