Qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlər

Qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlər

Bəzi cümlələrin tərkibində elə söz və söz birləşmələri olur ki, cümlənin heç bir üzvü ilə qrammatik əlaqəyə girmir, heç bir suala cavab vermir və cümlə üzvü olmur. Xitab və ara sözlər bu cür söz qruplarına aiddir.

Xitab

Cümlədə müraciət olunan şəxsi, əşyanı bildirən sözlərə və ya söz birləşmələrinə xitab deyilir.
Xitablar, əsasən, isimlərlə və ismi birləşmələrlə ifadə olunur. Insan anlayışı bildirən isimlər daha çox xitab kimi işlənir. Məsələn: Oğul, yaxına gəl. Körpə balam, rahat yat. Ata, eşidirəm səni. Ey Vidadi, gərdişi — dövrani-kəcrəftarə bax və s.

Xitab başqa canlılara və cansızlara da aid olur. Məsələn: Baş alıb gedirsən hayana, ceyran. Dağlar, səndə gözüm qaldı. Oxu, tar, oxu, tar. Göy göl, tərifıni çox eşitmişam və s.

Xitab ismin adlıq halında olur və bu baxundan mübtədaya oxşayır. Lakin, o xüusi intonasiya ilə deyilir və cümlə üzvlərindən kiçik fasilə ilə ayrılır. Məsələn: S. Vurğun məşhur «Ceyran» qoşmasında «ceyran» sözünü həm mübtəda, həm də xitab kimi işlətmişdir:
Əyilib su içir bir ana ceyran ...
Şöhrətin yayılıb hər yana, ceyran…
Birinci misrada ceyran sözü mübtəda, ikinci misrada isə xitabdır.

Xitablar, müxtəsər və geniş olur. Bir sözdən ibarət olan xitablar müxtəsər, söz birləşmələrindən (I növ təyini söz birləşmələrindən) ibarət olan xitablar isə geniş olur. Məsələn: Dost, nə edirsən? (müxtəsər). Gənc dost, vətəni göz bəbəyi kimi qoru (genis).

Xitablar cümlə üzvlərindən vergüllə ayrılır. Xitab cümlənin əvvəlində, ortasında və sonunda işlənə bilər. Cümlənin sonunda işlənən xitabdan əvvəl vergüL sonra isə nöqtə, nida işarasi və ya sual işarəsi qoyulur. Məsələn: Heydərbaba, dağlar yaman dumandı. Nə olub, ana, niyə belə narahatsan? Gəl, ey qoca Təbrizl və s.

Xitablardan əvvəl ay, ey, a nidaları işlənir. Məsələn: Siz necə gözəlsiz, yollar, a yollar. Ey vətən, torpağın əzizdir mənə və s.

Ara sözlər

Danışanın ifadə etdiyi fikrə münasibərini bildirən sözlərə və ya söz birləşmələrinə ara sözlər deyilir.
Ara sözlər, əsasən, modal sözlərlə ifadə olunur. Ara sözlər söz və söz birləşmələri, bəzən də cümlə şəklində olur. Məsələn: Deyəsən, işlər düzəlmək üzrədir. Qələbə, sözsüz ki, gec-tez bizimlə olacaq. Mən, sözün doğrusu, sizi tanımadım.İndi, necə dəyərlər, söz meydanıdır və s. Bu cümlələrdəki deyəsənsözsüz ki söz şəklində, sözün doğrusu söz birləşməsi şəklində, necə deyərlər isə cümlə şəklində olan ara sözlərdir.

Ara sözlər daha çox cümlənin əvvəlində və ortasında işlənir. bəzi hallarda ara sözlər cümlənin sonunda da işlənir. Məsələn; Qarşıda bizi sevincli günlər gözləyir, əlbəttə. O xəstələnmişdir, məncə və s. Ara sözlər də xitablar kimi xüsusi intonasiya ilə deyilir və cümlə üzvlərindən vergüllə ayrılır.

Ara sözlərin mənaca aşağıdakı növləri var:

  • Yəqinlik bildirənlər: əlbəttə(ki,), şübhəsiz (ki), sözsüz (ki), düzü, dogrudan da, həqiqətən də. Məsələn: Əlbəttə, gündəlik dərslərini yaxsı oxuyan üçün imtahan asan olar. Doğrudan da, yasamaq gözəldir. Həqiqətən də, bu yerlər çox mənzərəlidir və s.
  • Güman, şübhə bildirənlər: bəlkə (də), dəyəsən, görünür, ehtimal ki, ola bilsin (ki), gərək ki. Məsələn: Bəlkə, onun bu işlərdən xəbəri yoxdur. Dostumuz, dəyəsən, buraları tanımır. Görünür, sən yorulmusan və s.
  • Təəssüf bildirənlər: əfsus (ki), heyf (ki), çox təəssüf, təəssüf ki Məsələn: Əfsus ki, o bizi gec başa düşdü. Taəssüf ki, biz getməliyik və s.
  • Fikrin mənbəyini, kimə aid olduğıınu bildirənlər: məncə, sənca, bizcə, mənim fikrimcə, deyilənə görə, eşitdiyimə görə. Məsələn: Məncə, biz bir daha görüşəcəyik. Sənca, dostumuz niyə iclasda yoxdur. Fikrimizca, bu məsələni sülh yolu ilə həll etmək olar və s.
  • Nəticə bildirənlər və nitqin hissələri arasında əlaqəni göstərənlər: nəhəyət,beləliklə, ümumiyyətlə, deməli, xülasə, qısası, əvvəla, birincisi, ikincisi, əksinə. Məsələn: Deməli, sabah yola düşürük. Nəhayət, gözlədiyimiz günləri gördük. Birincisi, biz bura başqa məsələ üçün yığışmısıq. Əksinə, Əli hamıdan ağıllıdır və s.

 

Əlavə (ara) cümlələr

Nitqdə fikri dəqiqləşdirmək və ya əlavə məlumat vermək məqsədi ilə işlədilən cümlələrə əlavə (ara) cümlələr deyilir.
Əlavə cümlələr də ara sözlər kimi, söylənilən fikrə münasibət bildirir və ya əsas fikri dəqiqləşdirir, izahedici xüsusiyyət daşıyır. Məsələn: Qardaşım deyir ki, Alikin (əsl adı Əlidir) atası yaxşı ədəbiyyatçıdır. Sol gözünə uşaqlıqdan ağ gəldiyinə görə — deyəsən, qızılca çıxardanda olmuşdu — onu əsgərliyə aparmadılar. Bir gün-həmin gün ədəbiyyat dərsi idi — sinifimizə televiziya işçiləri gəldilər və s.

Əlavə cümlələr aid olduqları sözlərdən sonra ayrıca bir söz qrupu kimi əlavə edilir və xüsusi intonasiya ilə onlardan fərqləndirilir. Əlavə cümlələr ya mötərizədə verilir, ya da hər iki tərəfdən tire ilə ayrılır.

Söz — cümlələr

Söz — cümlələr bir sözdən ibarət olub, üzvlənməyən cümlələrə deyilir.
Cümlə şəklində olan belə sözlər üzvlənmir, yeni cümlə üzvlərinə ayrıla bilmir. Bəli, hə, yox, xeyr, əsla ədatları; əlbəttlə bəlkə də, şübhəsiz, sözsüz modal sözləri, əsasən, dialoqda ayrılıqda işləndikdə söz — cümlə kimi formalaşır. Məsələn: Uşağı gördün? — Bəli. Məktəbə gedir? — Yox. Yaşı çatan kimi məktəbə qoy. — Sözsüz.

Bəzi nidalar da təklikdə söz — cümlə kimi işlənir. Məsələn: Uşaq əlifbanı bilir. Əhsən,Anar bu il əlaçı oldu. — Afərin və s.

Söz — cümlələrdən sonra intonasiyadan asılı olaraq, müxtəlif durğu işarələri (nöqtə, üç nöqtə, nida və sual işarəsi) qoyulur.

Xüsusiləşmiş üzvlər

Xüsusiləşmiş üzvlər cümlədə məna və intooasiya cəhətdən fərqləndirilən üzvlərə deyilir. Cümlə üzvlərindən tamamlıq və zərflik daha çox xüsusiləşir.

Tamamlıqlar başqa, savayı, özgə, əvəzinə, əlavə və s. qoşmaların köməyi ilə xüsusiləşir. Məsələn: Günaydan başqa, hamı əlavə məşğələyə gəlmişdi. Uşaq ev tapşırığım qələm əvəzinə, karandaşla yazır. Səndən savayı, kimə üz tuta bilərəm və s.

Zərfliklər baxmayaraq, halda, kimi, fərqli olaraq, asılı olaraq sözlərinin köməyi ilə xüsusiləşir. Məsələn: Müəllim yorğun olmasına baxmayaraq, dərsi maraqla danışırdı. Dünənkindən fərqli olaraq, bu gün yenə hava istiləşibdir. Ana həmişəki kimi, yenə də körpəsini layla ilə yatırdı və s.

Xüsusiləşmiş üzvlər xüsusi intonasiya ilə deyilir və onlardan sonra vergül qoyulur.

Dəqiqləşdirici xüsusiləşmiş üzvlər

Bu və ya başqa üzyə aid olub, onun mənasını dəqiqləşdirən sözlərə dəqiqləşdirici xüsusiləşmiş üzvlər deyilir.
Dəqiqləşdirci xüsusiləşmiş üzvlər olan cümlələrdə əvvəl gələn üzv məzmunca çoxluğu bildirir, sonra gələn üzv (dəqiqləşdirici xüsusiləşmiş üzv) isə onun bir hissəsini ayırıb, xüsusi olaraq nəzərə çarpdırır. Dəqiqləşdirci xüsusiləşmiş üzvlər xüsusən, xüsusilə, o cümlədən, hətta sözlərinin köməyi ilə formalaşır. Məsələn: Bütün kənd camaatı, xüsusih gənclər düsmənə qarşı igidliklə vuruşdular. Şagirdlərin çoxuna, o cümlədən Turala mükafat verdilər. Hər yer, hətta axar çay belə donmuşdu. Dəqiqləşdirici xüsusiləşmiş üzvlərdən əvvəl vergül qoyulur.

Qeyd: Dəqiqləşdirici xüsusiləşmiş üzvlər əlavələrə oxşayır. Əlavələr də aid oduğu üzvdən sonra gəlir və ondan fasilə ilə ayrılır. Lakin əlavə ilə onun aid olduğu üzv mənaca bərabər olur Məsələn:Anar — onuncu sinif şagirdi yarısın qalibi oldu. Dəqiqləşdirici xüsusiləşmis üzvlər isə ümumilik bildirən üzvün bir hissəsini xüsusi olaraq vurğulayır. Məsələn:Bütün onuncuları, xüsusilə də Anarı yarışda uğur qazandığına görə təriflədilər. Bundan başqa, əlavələrdən əvvəl yəni sözünü işlətmək olur. Dəqiqləşdirici xüsusiləşmis üzvlərdən əvvəl isə yuxarıda qeyd olunan sözlər işlənir.

Müəllif: Möhsün Nağısoylu  Zellabdin oğlu, filologiya elmləri doktoru, professor, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda şöbə müdiri, əməkdar elm xadimi.
Mənbə: Ali təhsilə hazırlıq kurslarının dinləyiciləri üçün dərs vəsaiti

Top