Azərbaycan dilçiliyi dilimizlə ayaqlaşa bilmir

Azərbaycan dilçiliyi dilimizlə ayaqlaşa bilmir

Müəllif:    f.e.f.d.,dos.Şəmil Sadiq
Azərbaycan dili ilə bağlı ölkə rəhbərliyinin müxtəlif zamanlarda müxtəlif fərmanlarının olmasına baxmayaraq, Azərbaycan dilinin inkişafını təmin edən ən ali qurum olan AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu dilin inkişafını nəinki təmin edə, heç izləyə də bilmir.  Dilin inkişafını öz arxasınca aparmalı olduğu halda, dildən dəfələrlə geridə qalır desək yanılmarıq.

            Artıq nə deməyə, nə də yazmağa gərək var, Azərbaycan dili zəngin dillər içərisində önəmli yerlərdən birini tutur. Azərbaycan dilinin kökü, ana xətti, genetikası o qədər möhkəmdir ki, əsrlərlə işğala məruz qalmasına, təcavüz olunmasına baxmayaraq, bu gün də ayaqda məğrur durub. Amma təəssüflər olsun ki, dilçilik elmimiz bu məğrurluğun arxasında dura bilmir.

            Dilin zənginləşməsi bu gün birbaşa televiziya və mətbuat orqanlarının fəaliyyəti ilə bağlıdır. Sözsüz ki, bu inkişafda bədii ədəbiyyatın rolunu kənara qoymaq olmaz. Bunun üçün də hər kəs yazıçı və jurnalistlərin ədəbin dilin nomralarını pozmasını görür, ağız dolusu təndiq də edir. Təbii ki, bu tənqidlərimiz haqlıdır. Zövqsüz verilişlərə baxmaq gözlərimizi ağrıtdığı kimi, kobud şəkildə pozulan dil normaları isə qulaqlarımız yaralayır. Televiziyaların simasını təşkil edən xəbər proqramlarında belə həmin sözünühə`minbaşqa sözünü ba`şqaParis sözünü Pa`risAzərbaycan sözünü  Azə`rbaycan kimi tələffüz edilir. Son zamanlar Türkiyə türkcəsinin diksiyasına uyğun bütün sözlərin vurğusunun sonda deyilməsi dili bilməyən insanları belə əsəbləşdirir, özündən çıxardır.

Şəxsən mən bir çox jurnalist və yazıçı dostuma müəyyən qüsurları deyərək, niyə belə etdiklərini soruşduqda aldığım cavab sual formasında olur: Elə bir kitab var ki, biz ora baxıb bəzi məsələləri müəyyənləşdirək? Sən bizə normal bir mənbə göstər. Nədir bu insanların istədiyi “normal mənbə”? Əlbəttə ki, AMEA-nın hazırladığı orfoqrafiya lüğəti, izahlı lüğət, orfoepiya lüğəti, neologizmlər lüğəti və s.

Düzdür, Azərbaycan dili daima Rüspublika prezidentinin diqqət mərkəzində olub.  Bunun nəticəsidir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti ictimaiyyətə orfoqrafiya qaydalarını təqdim etdi və bunun da əsasında Orfoqrafiya və İzahlı lüğətlər nəşr edildi.

Tərtib edilmiş lüğətlər isə guya ki, həmin sənəd əsasında hazırlandı.  Lakin Orfoqrafiya lüğətini (Lider nəşriyyatı-2004) ötəri şəkildə vərəqləyəndə aydın olur ki, həmin lüğət sadəcə kirildən latın əlifbasına çevrilib və kitabın önünə  təsdiq olunmuş sənədi yapışdırıblar. Bir-iki faktı demək yetərlidir: Orfoqrafiya qaydalarında “super”  sözü ilə bağlı yazılıb ki, bundan sonra “super” sözü digər sözlərlə işləndikdə defislə yazılmalıdır. Amma kitabın içində bu sözlə başlayan bütün sözlər bitişik yazılıb. (Orfoqrafiya lüğəti. 2004. Səh.591).  Və ya -varı şəkilçisinin bundan sonra –vari kimi yazılması tövsiyə olsa da, lüğətin içindəki sözlər igidvarıüzükvarı kimi yazıldı. TQDK-nın  2012-ci ildə nəşr etdiyi lüğətdə isə yenidən elə -varıkimi yazıldı.

Bu cür hallar çoxdur. Heç də məqsədim bunları sadalamaq deyil. Çünki yeni bir lüğətin hazırlandığı  haqda məlumatlar yayılıb. Lap yaxşı, bu, sevindirici haldır. İnşaallah ki, məlum problemlər yeni lüğətdə öz həllini tapar. Amma çox gec olduğunu düşünürəm. Kürikulum layihəsi üzrə artıq 1 və 5 –ci sinif dərslikləri hazırlanıb və nəşr olunub. Təhsilin əsasının ibtidai sinifdə qoyulduğunu nəzər alsaq, 500000 balamız yüzlərlə sözü yanlış öyrənəcək. Və ya aktiv müəllimlər yeni nəşr edilən lüğətə baxacaq, ay uşaqlar, bundan sətirdən sətrə sözü ayrı yazılır dediyi zaman, açıqgözlü şagirdlərimiz dərsliyi gətirib müəllimin gözünə soxaraq -“ay müəllim, axı kitabda defislə yazılıb”, – deyəcək. Müəllim ibtidai sinifdə oxuyan şagirdi necə inandıracaq, onu Allah bilir. Ya da şagird 5-ci sinfə keçəndə müəllimləri dəyişəcək, yuxarı sinif müəllimləri də TQDK-nın qəbul imtahanına şagird hazırladığı üçün həmin tələblərə uyğun yazılış və tələffüzləri öyrətdikdə müəllimlərdən biri savadsız kimi qəbul ediləcək. Onsuz da bir hörmət sahibi olmayan müəllimlər, özlərini təsdiq etmək üçün dərdlərini bir-birinə müəllimlər otağından kənara çıxa bilməyəcək səslə danışacaqlar.

Ona görə də yaxşı olardı ki, bu müqəddəs iş vaxtında baş verəydi. Çünki dərslikləri yazan müəlliflər hansı sözü necə yazacağını bilər və şagirdlərə düzgün informasiya verərdilər.  Müəllimlər də hansı sözü necə yazacaqlarını bilər, məcbur olub TQDK-nın qəbul qaydalarını əsas tutmazdılar. Gülünc də olsa, deməliyəm ki, müəllimlər arasında belə bir fikir  məşhurdur: “Mən bilmirəm, TQDK belə götürür, siz də belə öyrənin, inşaallah ki, bir gün düzələr.”  Bu da bizim-müəllimlərin çıxış yolu.

Çox maraqlıdır ki, müasir Azərbaycan Respublikası yarandığı gündən bu günə Dilçilik İnstitutu nə orfoepiya, nə də vurğu lüğətləri nəşr edib. Orfoepiyanın vəziyyəti isə hələ də bərbad durumdadır. Əlimizdə olan Əziz Əfəndizadənin (1989) orfoepiya lüğətidir hələ də. O lüğəti də müxtəlif nəşriyyatlar müxtəlif  illərdə biznes məqsədi ilə nəşr edir, olduğu kimi ictimaiyyətə buraxırlar.  Yenə də sağ olsunlar ki, hər nəşrdə orfoqrafiya qaydalarını yeniləməyə çalışırlar.

            TQDK isə qəbul testlərini hazırlayanda ən çox əziyyət çəkən qürumlardandır. İş o yerə çatıb ki, bu boşluğu doldurmaq üçün 2012 –ci ildə orfoepiya, orfoqrafiya və vurğu bir arada olan lüğət nəşr etdi. Məncə, bu, TQDK-nın işi deyildi. Sadəcə, problemin həlli yolunu bu cür gördülər, müəllim və şagirdləri çaşbaşlıqdan qurtardılar. Görəsən, Nəsimi adına Dilçilik İnstitutu vəzifələrini niyə başqasına həvalə edir?  Halbuki  həmin lüğəti hazırlayan alimlərin bir çoxu, bəlkə də, elə adı çəkilən intitutun işçiləridir.

            Dilçilik İnstitutu dilçi alimlərimizi intriqasız, qərəzsiz bir yerə toplayıb ayda bir dəfə bu məsələləri müzakirə etsə, cəmiyyət də bundan layiqincə yararlanar. Televiziyada muxbir xalqın qarşısında çıxış edərkən bilər ki, “dramaturgiya” sözündə vurğu hara düşür. Sovet dövründə hazırlanmış lüğətlərimizdə tələffüz başqa olsa da, daima inkişafda olan dildə bəzi sözlər indi ayrı cür tələffüz edilir. Olmazmı ki, bunların, müasir qaydalara uyğun tələffüzünə qərar verilsin? Yaradılan şəraiti xeyrimizə yox,  əleyhimizə istifadə etmək bir azərbaycanlı kimi məni də narahat edir. Təsəvvür edin, lüğətlərimizdə dialo`q, epilo`q, prolo`q, epite`t, dramaturgi`ya, enerji`  kimi sözlərdə vurğu göstərildiyi kimidir. Amma xalqın əksəriyyəti bu sözləri dia`loq, epi`loq, pro`loq, epi`tet, dramatu`rgiya, ene`rji kimi tələffüz edir. Məncə, dil xalqındır, o sərbəst olmalıdır. Əgər uzun illər keçməsinə baxmayaraq, xalq bu qoyulan qaydanı həzm edə bilmirsə, onu dəyişdirməyin vaxtı çoxdan keçib. Və ya hörmətli dilçi alimlərimiz bunu belə məsləhət  bilirlərsə, vahid bir lüğət hazırlayıb cəmiyyətə təqdim etsinlər ki, ay camaat, bu söz bu cür tələffüz edilməlidir. Cəmiyyət də “xub” deyib, ali dil qurumunun tələbini yerinə yetirsin. Hörmətli Ə.Əfəndizadənin 1989-cu il nəşrində təyyarə [təyya:rə], 1995-ci il [təya:rə], nə bilim digər nəşrlərində bir başqa cür yazılması arasında çaşbaş qalan müəllimlər nə etməlidir?! Burda yadıma bir lətifə düşür: Sovet hökuməti dağılanda kolxoz sədri camaatı yığıb deyir ki, ay camaat, bizim bir ayağımız kominizmidə, bir ayağımız kapitalizmdədir. Yerdən kəndlilərdən biri soruşur, ay sədr, biz nə vaxta qədər belə haça-paça qalacağıq? Məncə, dilin inkişafı ilə bağlı dilçi alimlərimiz bir araya gəlməli, ən problemli məsələləri birgə müzakirə etməli, birgə qərar verməlidirlər.

Əlimizdə istinad ediləcək düzgün bir vurğu lüğəti də yoxdur. Olsun ki, mənim də həmmüəllifi olduğum bir vurğu lüğəti yeni nəşr olunub. Abituriyent və müəllimlərin işini yaxşılaşdırmaq məqsədi ilə hazırlamışıq. Amma şəxsən mən ayrı-ayrı şəxslərin lüğət yazmasının qadağan olunmasını çox istəyərdim. Bu, bir institutun işidir. Hamı da ona söykənməlidir. Orta məktəb sanki labarotoriyadır.  Qrammatik qaydaları kim necə istəyir, elə də təqdim edir. Dilçilik İnstitutu vahid dilçilik kitabları hazırlayana qədər belə də olacaq. Adını yuxarıda çəkdiyim orfoqrafiya  lüğətində qeyd edilib ki, mürəkkəb sözlər iki cür yazılır; bitişik və defislə. Sonra dərslikdə qeyd edilir ki, adam olmaq, bu gün, oxuya bilmək tipli sözlər mürəkkəb sözdür. İndi gəl uşağı başa sal, dərs izah et.  Bunun səbəbi yenə də vahid ənənə prinsipinin olmamasıdır.

            Ən ağrılısı odur ki, heç bir lüğətdə, və ya qaydada İskəndər, yoxsa İsgəndər, Xətayi, yoxsa Xətai sözlərinin yazılışı  ilə bağlı məlumat yoxdur.

            Bütün bu problemlər qala –qala kimlərin marağına xidmət etdiyini bilmədiyimiz əlifbamızdakı bəzi hərflərə düşmən kəsilənlər ortaya çıxıb. Birincisi, sadaladığım problemlər olduğu halda bu gün ə, ğ, ü, ö kimi hərflərin dəyişdirilməsini gündəmə gətirmək kökündən yanlışdır. Hətta deyərdim ki, düşmənçilikdir.  Nə qədər kimlərinsə xoşuna gəlmək üçün nə isə etməliyik? Məgər latın qrafikasından istifadə etməyən dövlətlər dünyadan təcrid olunub? Bəyənmədiyimiz ermənilərə baxsaq görərik ki, əlifbasına necə hörmət bəsləyir. Bu, pul tapıb yer tapa bilməməyə oxşayır. Bütün ədəbiyyatımızın latın qrafikasına yenicə çevrilib qurtardığı bir zamanda, yenidən buna ayrılacaq vəsait yersizdir. Bunun müqabilində çürüməkdə olan problemləri həll etmək lazımdır. Müzakirəyə sözlərin düzgün yazılışı, düzgün tələffüzü, neologizmlərin vəziyyəti çıxarılmalı və həll edilməlidir.   Həm də bütün dilçilərimizlə birgə…

P.S. Bu yazını hazırlayanda mən dilçilik elmimiz kimi çaş-baş qaldım. Bilmədim, alim kimi elmi məqalə, yazıçı kimi köşə, müəllim kimi rəymi yazım, yoxsa vətəndaş kimi ürək sözlərimi hayqırım? “Amma sonda hamısı bir məqsədə qulluq edir” – deyərək “Mən də müsəlmanam,  a şirvanlılar!” şüarı ilə fikrimi yekunlaşdırdım.

Top