Tabeli mürəkkəb cümlələr budaq cümlələrin növünə görə fərqlənir. Budaq cümlələr cümlə üzvlərinə uyğun gəlir və cümlə üzvlərinə uyğun olaraq aşağıdakı 7 növə ayrılır:
Mübtəda budaq cümləsi, ya baş cümlənin buraxılmış mübtədası əvəzində işlənir, ya da baş cümlədə işarə əvəzliyi ilə ifadə olunur, mübtədanı izah edir. Məsələn: Hamıya məlumdur ki, (nə?) payızda meyvə bol olur. Məktubda o da yazılmışdı ki, (nə?) Çingizi xaricə göndərmək istəyir.
Bəzən mübtəda budaq cümləsi baş cümlədən əvvəl gəlir və ona bağlayıcı sözlə bağlanır. Baş cümlədə mübtəda vəzifəsindən qarşılıq bildirən söz olur və ya təsəvvür edilir. Məsələn: İnsanın ürəyindən nə keçirsə, o gizlində qalmalıdır. (İnsanın ürəyindən keçən (nə?) gizlində qalmalıdır.)
Xəbər budaq cümləsi baş cümlənin işarə əvəzlikləri ilə ifadə olunmuş xəbərini izah edib aydınlaşdırır. Baş cümlənin xəbəri adətən odur, budur, o idi, bu idi, elədir, belədir, oradadır, buradadır, onun üçündür, bunun üçündür sözləri ilə ifadə olunur və budaq cümlə vasitəsilə izah edilir. Məsələn: İgid odur ki, (kimdir?) apardığını gətirsin.
Xəbər budaq cümləsi bəzən baş cümlədən əvvəl gəlir və baş cümləyə bağlayıcı sözlərlə bağlanır; baş cümlədə qarşılıq bildirən söz xəbər vasitəsilə işlənir. Məsələn: hər kim tez gələrsə, bu yer onundur. (Bu yer gələnindir)
Tamamlıq budaq cümləsi ya baş cümlənin tamamlığı vəzifəsində işlənir, ya da baş cümlədə işarə əvəzlikləri ilə ifadə olunan tamamlığı izah edir. Məsələn:Hiss edirəm ki, (nəyi) siz zəhməti çox sevirsiniz. Onu da bilirəm ki, zəhməti sevən xoşbəxt olar.
Birinci misalda baş cümlədə tamamlıq yoxdur, tamamlığın baş cümlədən doğan sualına budaq cümlə cavab verir.
İkinci misalda baş cümlədə tamamlıq vəzifəsində əvəzlik (onu) sözü vardır. O söz budaq cümlə vasitəsilə izah edilib.
Tamamlıq budaq cümləsi daha çox baş cümlənin feli xəbərinə aid olur. Məsələn: Heç onun ixtiyarı yoxdur ki, (nəyə) bir söz desin.
Təyin budaq cümləsi baş cümlədin isimlə (isimləşmiş sözlərlə) ifadə olunmuş hər hansı bir üzvünü təyin edir və necə? nə cür? hansı? suallarına cavab verir. Məsələn: Elə sürücü lazımdır ki, heç bir çətinlikdən qorxmasın.
Baş cümlədə işarə əvəzliyi işlənməyə də bilər. Məsələn: Nöqsan var ki, yüzlərlə adama zərər verir.
Təyin budaq cümləsi baş cümləyə heç bir başqa bağlayıcı vasitəsinin iştirakı olmadan, yalnız intonasiya ilə də bağlana bilir. Adam var heç nəyi bəyənmir (heç nəyi bəyənməyən adamlar var).
Zərflik budaq cümlələrinin bir sıra növləri var. Onlardan əsasları bunlardır: 1) Tərzi-hərəkət budaq cümləsi; 2) Zaman budaq cümləsi; 3) Yer budaq cümləsi; 4) Kəmiyyət budaq cümləsi; 5) Səbəb budaq cümləsi.
5. 1. Tərzi-hərəkət budaq cümləli tabeli mürəkkəb cümlələr
Tərzi-hərəkət budaq cümləsi baş cümlədəki hərəkətin necə icra olunduğunu bildirir.
Tərzi-hərəkət budaq cümləsi baş cümlənin feli xəbərinə aid olur, baş cümlədə işlənmiş elə, belə işarə əvəzliklərinin mənasını izah edir və necə? nə cür? suallarına cavab verir. Məsələn: Uşaqlar elə oxuyurdular ki, elə bil (sanki, elə bil ki), artistlər konsertdə çıxış edirlər.
Bəzən budaq cümlə ismi xəbərlə əlaqələnir və dərəcə çalarına malik olur. Məsələn: Hava elə isti idi ki, (o dərəcədə) nəfəs almaq olmurdu.
5. 2. Zaman budaq cümləli tabeli mürəkkəb cümlələr
Zaman budaq cümləsi baş cümlədəki hərəkət və ya mətn zamanını bildirir. Nə vaxt?, nə zaman?, haçan?, suallarına cavab verir. Bir sıra budaq cümlələr kimi zaman budaq cümləsi də baş cümlədən həm sonra, həm də əvvəl işlənə bilir.
Zaman budaq cümləsi baş cümlədən sonra işləndikdə cümləyə ki bağlayıcısı ilə bağlanır; baş cümlədə o vaxt, o zaman, onda sözləri işlənir və budaq cümlə vasitəsilə izah edilir. Məsələ: Oğlan o zaman (o vaxt, onda) kəndə çatdı ki, iş-işdən keçmişdi.
5. 3. Yer budaq cümləli tabeli mürəkkəb cümlələr
Yer budaq cümləsi baş cümlədəki hərəkətin yerini bildirir. Haraya?, harada?, haradan? suallarına cavab verir.
Yer budaq cümləsi baş cümlədən əvvəl gəlir və baş cümləyə bəzən haraya (haraya ki,) harada (harada ki), haradan (haradan ki), bəzən də o yerə ki, o yerdə ki, o yerdən ki, bir yerə ki, bir yerdə ki, bir yerdən ki və s. bağlayıcı sözlərlə bağlanır. Baş cümlədə isə bunlara müvafiq olaraq, 3 halda – yönlük, yerlik, çıxışlıq hallarında qarşılıq bildirən oraya, orada, oradan sözlərindən biri işlənir və budaq cümlə vasitəsilə izah olunur. Məsələn: Haraya göndərsələr, orada da işləyəcəm.
5. 4. Kəmiyyət budaq cümləli tabeli mürəkkəb cümlələr
Kəmiyyət budaq cümləsi baş cümlədəki hərəkətin və əlamətin miqdarını bildirir, nə qədər? sualına cavab verir.
Kəmiyyət budaq cümləsi də, yer budaq cümləsi kimi, baş cümlədən əvvəl işlənir və baş cümləyə nə qədər, hər nə qədər bağlayıcı sözləri ilə bağlanır. Baş cümlə də, həmin sözlərə müvafiq olaraq qarşılıq bildirən o qədər, o qədər də, bir o qədər sözləri işlənir və budaq cümlə vasitəsilə izah edilir. Məsələn: Nə qədər uzaq olsa, o qədər xoşdur.
5. 5. Səbəb budaq cümləli tabeli mürəkkəb cümlələr
Səbəb budaq cümləsi baş cümlədəki hərəkətin və ya əlamətin səbəbini bildirir. Niyə?, nə üçün?, nəyə görə?, nə səbəbə? Suallarına cavab verir.
Səbəb budaq cümləsi baş cümlədən sonra işlənir və ona ki, çünki, ona görə ki, ondan ötrü ki bağlayıcıları ilə bağlanır. Baş cümlə də, feli xəbərə aid olduqda hərəkətin, ismi xəbərə aid olduqda əlamətin səbəbini bildirir. Məsələn: Coşğunu bir həftəlik gəzintiyə göndərdilər, ona görə ki, o dərs əlaçısıdır (Dərs əlaçısı olduğu üçün, Coşğunu bir həftəlik gəzintiyə göndərdilər).
Bəzən cümlədə ona görə, ondan ötrü, o səbəbə qəlib sözlər işlənir, budaq cümlə baş cümləyə ki bağlayıcısı ilə bağlanılır.
5. 6. Məqsəd budaq cümləli tabeli mürəkkəb cümlələr
Məqsəd budaq cümləsi baş cümlədəki hərəkətin məqsədini bildirir. Niyə?, nə üçün?, nə məqsədlə? suallarına cavab verir.
Məqsəd budaq cümləsi baş cümlədən sonra işlənir və ona ki bağlayıcısı ilə bağlanılır. Baş cümlədə məqsəd zərfliyi (qəlib söz) vəzifəsində ona görə, ondan ötrü sözləri işlədilə bilər. Məsələn: Biz zəhməti ona görə çəkirik ki, insan kimi yaşayaq.
Səbəb və məqsəd budaq cümlələri bir-birinə çox yaxındır. Fərqləndirmək üçün onların mənalarına fikir vermək lazımdır. Səbəb budaq cümləsi səbəb, məqsəd budaq cümləsi məqsəd bildirir. Ona görə də baş cümlə ilə bunların zaman münasibətində fərq var. Səbəb budaq cümləsinin ifadə etdiyi iş baş cümlədəki işdən əvvəlinə, məqsəd budaq cümləsinin ifadə etdiyi iş, baş cümlədəki işdən sonrasına aid olur.
Şərt budaq cümləsi baş cümlədəki hərəkətin şərtini bildirir, hansı şərtlə? sualına cavab verir.
Şərt budaq cümləsi baş cümləyə əgər, hərgah, madam ki, indi ki, bir halda ki, bağlayıcıları və -sa, -sə şəkilçiləri ilə (əksər hallarda yalnız -sa, -sə şəkilçiləri ilə) bağlanır. Məsələn: Əgər məni özünə əmi bilirsənsə oxumağına fikir ver.
Şərt budaq cümləli tabeli mürəkkəb cümlələrin elə növü də var ki, baş cümlə əvvəl işlənir və baş cümlədə bu şərtlə, o şərtlə, bir şərtlə qəlib sözlərindən biri iştirak edir, budaq cümlə isə baş cümlədən sonra gəlib, ona ki bağlayıcısı ilə bağlanır. Məsələn: Sizi o şərtlə özümlə apararam ki, yolda yoruldum deməyəsiniz.
Şərt budaq cümləsi baş cümləyə bəzən yalnız intonasiya ilə bağlanır. Məsələn: Get deyir, get. İşlə deyir, işlə.
Qarşılaşdırma budaq cümləli tabeli mürəkkəb cümlələrdə baş və budaq cümlənin məzmununu bir-biri ilə qarşılaşdırır.
Qarşılaşdırma budaq cümləsi baş cümlənin məzmunu ilə bağlı olur, baş cümlədəki hərəkətə qarşı duran hadisəni, vəziyyəti bildirir.
Budaq cümlənin bu növü baş cümlədən əvvəl işlənir, baş cümləyə nə qədər bağlayıcı sözü, -sa, -sə şəkilçisi və -da, də, belə ədatları ilə bağlanır. Məsələn: Sən kəkliyi nə qədər sevsən də, xasiyyətini bilmirsən.
Bəzən belə cümlələrdə nə qədər bağlayıcı sözü işlənmir, budaq cümlə baş cümləyə -sa, -sə şəkilçisi və -da, -də ədatı ilə bağlanır. Məsələn: Hekayətim uzun olsa da, artıq danışıb başınızı ağrıtmayacam.
Qarşılaşdırma budaq cümləli tabeli mürəkkəb cümlələrin başqa bir növündə budaq cümlə baş cümləyə hərçənd, hərçənd ki, sözləri ilə bağlanır, qarşılaşdırma məqsədilə baş cümlənin əvvəlində amma, ancaq, lakin qarşılaşdırma bağlayıcısı işlənir. Məsələn:Hərçənd bir az tezdir, amma zərəri yoxdur.