Fonetika, sait səslərin bölgüsü

Fonetika, sait səslərin bölgüsü

Fonetika nəyi öyrənir?
Yazılı və şifahi nitq müəyyən vahidlərdən ibarətdir- səslər, hərflər, sözlər, cümlələr və s. Fonetikada öyrənilən səslər və hərflər ən kiçik vahidlərdir. Ümumilikdə fonetika danışıq səslərini öyrənir. Ahəng qanunu, heca, vurğu, səsartımı və səsdüşümü fonetikanın mövzuları sırasına daxildir.
Tələffüz zamanı ifadə etdiyimiz səslər danışıq səsləri adlanır.Danışıq səslərinin yaranmasında dodaqlar, dil və səs telləri fəal iştirak edir.Danışıq səsləri şifahi nitqin vahidləridir.Yazılı nitqdə isə bu, hərflərlə öz əksini tapır. Səslər hərflərdən müəyyən cəhətlərə görə fərqlənir:
Səslər tələffüz olunur və eşidilir.
Hərflər yazılır və oxunur(görünür).
Səsləri hərflərdən fərqləndirmək üçün transkripsiyadan istifadə olunur: [ ]
Tələffüz etdiyimiz səslər oxşar və fərqli cəhətlərinə görə iki qrupa bölünür: 1) sait səslər 2) samit səslər
Saitlər
1.Ağız boşluğunda sərbəst və maneəsiz tələffüz olunur
2.Avazlı olur.
3.Heca yaradır
4.Bir sıra hallarda uzun tələffüz olunur.
5.Vurğu qəbul edə bilir.
Samitlər
1.Ağız boşluğunda maneəyə rast gəlir
2.Avazlı və küylüur.
3.Heca əmələ gətirmir.
4.Uzun tələffüz olunmur.
5.Vurğu qəbul etmir

Sait səslərin bölgüsü


sait səslərin bölgüsüAzərbaycan dilində 9 sait səs var: [a], [ı], [o], [u], [e], [ə], [i], [ö], [ü]. Ağız boşluğunda dodaqların və dilin müəyyən vəziyyətlərə düşməsi ilə saitlərin müxtəlif növləri yaranır.Dilimizdə hər saitin üç növü (əlaməti)var:


1.Dilin üfüqi vəziyyətinə görə:
a) Dilarxası və ya qalın saitlər: [a], [ı], [o], [u].
b) Dilönü və ya incə saitlər: [ə], [i], [ö], [ü], [e].


2.Dilin şaquli vəziyyətinə görə:
a) Alt çənə və dil nisbətən yuxarı qalxır, ağız boşluğu daralır. Bu baxımdan dar və ya qapalı saitlər əmələ gəlir: [ı], [i], [u], [ü].
b) Alt çənə və dil nisbətən aşğı enir, ağızboşluğu nisbətən genəlir.Bu baxımdan gen və ya açıq saitlər əmələ gəlir:[a], [ə], [o], [ö], [e].


3.Tələffüz zamanı dodaqların dairəvi vəziyyət almasına görə:
a) Dodaqlar dairəvi vəziyyət alır və dodaqlanan saitlər yaranır: [o], [u], [ö], [ü].
b) Dodaqlar sərbəst qalır və dodaqlanmayan saitlər yaranır:[a], [ə], [ı], [i], [e].
Yadda saxla!
Dilimizdə ö, e, o saiti şəkilçilərin tərkibində iştirak etmir. Istisna: güney, oxlov, uzunsov və s.
Qapalı saitlərin hamısı dörd cür yazılan şəkilçilərin tərkibində iştirak edir.
[a], [ə] saitləri iki cür yazılan şəkilçilərin tərkibində iştirak edir.
Dilimizdə ı saiti ilə başlayan söz yoxdur.
Həmçinin bax: Fonetika
Top