İsim nitq hissəsidir

İsim nitq hissəsidir

Ümumi qrammatik mənasına görə əşyanın adını bildirən əsas nitq hissəsinə isim deyilir.
İsim kim?, nə?, hara? suallarından birinə cavab verir. İsmin özünəməxsus cəhətləri var ki,onları başqa nitq hissələrində görmürük.Yalnız ismə məxsusdur:
Konkret və mücərrəd olur.
Ümumi və xüsusi olur.
Tək və ya cəm olur.
Mənsubiyyətə görə dəyişir.
Hal şəkilçisi qəbul edir (hallanır).
Şəxs (xəbərlik) şəkilçisi qəbul edir.
Qeyd: İlk ikisini çıxmaq şərtilə digərlərinin qrammatik göstəriciləri (şəkilçiləri) var.

Konkret və mücərrəd isimlər

Bütün əşyaların, varlıqların adını bildirmək ismin birinci əlamətidir. Varlıqlar isə şərti olaraq müəyyən qruplara bölünə bilər ki, onlardan biri də gözlə görünə bilən və görünməyən varlıqlardır.
Gözlə görünə bilən, əllə toxunulması mümkün ola bilən isimlər konkret isimlərdir. Şəklini çəkə bildiyimiz isimlər də konkret isimlərdir. Məs: maşın, bulud, hərf, mühəndis və s. Mücərrəd isimlərdə isə bu xüsusiyyətlər yoxdur. Belə varlıqlar yalnız xəyallarda, düşüncələrdə mövcuddur: qüssə, yaddaş, zaman, əmək, hiyləgərlik və s. Mücərrəd isimlərin bəzisi cəm şəkilçisi ilə işlənmir. Məs: insanlıq, düşüncəsizlik, yoldaşlıq və s.

Ümumi və xüsusi isimlər

Əşyalar cəmiyyətdəki mövqeyinə və həmcinsliyinə görə iki qrupa bölünür: 1.Ümumi isimlər 2. Xüsusi isimlər
Bunlar arasında oxşar cəhətlər var. Hər ikisinin əşya adı bildirməsi, hallanması, mənsubiyyətə görə dəyişməsi və quruluş baxımından üç yerə bölünməsi oxşar cəhətlərdəndir.
Ümumi isimlər eynicinsli əşyalara verilən adlardır: ağac, gül, küçə, daş, yol, kənd və s.
Eynicinsli əşyaları bir-birindən fərqləndirmək üçün onlara verilən adlara xüsusi isimlər deyilir: “Mehman”(povest), Azərbaycan(qəzet), Araz və s.
Xüsusi ismlərin ümumi isimlərdən bir sıra fərqli cəhətləri var:

  • İşlənmə yerindən asılı olmayaraq ilk hərfi həmişə böyük yazılır.
  • Ancaq konkret olur.
  • Sinonimi, omonimi olmur.
  • Söz birləşməsi şəklində ola bilir.

Xüsusi isimlər bir sıra növlərə bölünür:

  • İnsan adlarını və soyadlarını bildirənlər: Vidadi, Məhəmməd, Elşən, Zərdabi, Gəncəvi, Axundov və s.
  • Yer adlarını bildirənlər:Təbriz, Xankəndi, Şuşa,Türkiyə və s.
  • Əsər və mətbuat adları: “İsgəndərnamə”, “Vaqif”, “Səs”(qəzet), “Azərbaycan gəncləri”(jurnal) və s.
  • Heyvanlara verilən adlar: Dürat, Alaş, Məstan, Bozdar, Alapaça və s.

Xüsusi isimlərin əksəriyyəti sadə, düzəltmə, konkret mücərrəd olan ümumi isimlərdən yaranır. Məs: Hikmət, İsmət, Arzu, Ulduz, Topxana, Tovuz və s. Bəzi hallarda xüsusi isimlər də ümumiyə çevrilir. Məs: sirab, badamlı, şampan, kalaşnikov, marojna, mersedes və s.
Həmçinin bax:
İsim və ismin növləri

Top