Dəmir qapı birləşməsində
dəmir sözü qapının materialının dəmirdən olduğunu ifadə edir.
Dəmir yumruq birləşməsində isə dəmir sözü «möhkəm», «güclü» mənalarını bildirir. Gördüyümüz kimi, dəmir metaldır, qapı dəmirdən hazırlanır, yumruğun isə metalla heç bir əlaqəsi yoxdur. Deməli, ilk baxışda dəmir sözünün göstərilən mənaları bir-birindən çox uzaqdır. Lakin dəmirdən hazırlanan hər bir əşya çox möhkəm, davamlı olduğu üçün, yumruq da söz birləşməsində dəmir sözü məhz bu mənada, yəni möhkəm, dözümlü, davamlı mənalarında işlədilir. Demək, dəmir sözünün həqiqi mənası ilə yanaşı, məcazi mənası da var.
Sözlər tarixi inkişaf prosesində bəzən həqiqi mənasından başqa, yeni törəmə məna da ifadə edir. Sözün həqiqi mənasına dominant məna, yəni ilkin məna deyilir. Qazandığı yeni, törəmə məna isə məcazi məna adlanır.
Sözün məcazi mənada işlənməsi çox zaman insanlara məxsus müəyyən hərəkətləri cansız əşyalara aid etmək nəticəsində meydana çıxır. Məsələn: Təbiət oyandı. Günəş dağların arxasında gizləndi. Bu cümlələrdə oyanmaq, gizlənmək felləri insanlara məxsus hərəkəti bildirir.
Bənzətmə vasitəsi kimi də bədii əsərlərdə sözün məcazi mənalarından geniş istifadə olunur. Məsələn coşqun dəniz – insan dənizi; çiy ət – çiy söz; uşağın yuxusu – təbiətin yuxusu; gözəl mənzərə – gözəl fikir; dumanlı dağ – dumanlı fikir; ağır yük – ağır xasiyyət.
Yadda saxla!
- Bütün sözlərin həqiqi mənası olur.
- Bütün sözlər məcazi mənaya malik olmur.
- Məcazi məna, əsasən, bədii üslubda işlədilir.
- Sözün məcazi mənasının olması onun çoxmənalı olması deməkdir.
- Bütün frazeoloji birləşmələr məcazi mənada olur, amma bütün məcazi mənalı sözlər frazeoloji birləşmə deyil: külək yatdı.