Bəzi sait səslərin tələffüzü

Bəzi sait səslərin tələffüzü

Uzun tələffüz olunan sait səslər.
Dilimizdə [ı], [ü] saitlərindən başqa bütün saitlər uzun tələffüz olunur.Uzun tələffüz olunan saitlərin iştirak etdiyi sözlər əsasən ərəb mənşəli sözlərdir. Uzun tələffüz olunan səslər sözün müxtəlif hecalarında ola bilər. Məs:Akif, xiyaban[a:]; elan, memar [e:]; mədə,tərif [ə:]; möcüzə, mötərizə [ö:]; musiqi, rütubət [u:]; zinət, vəsiqə [i:]. Bu halda həmin sözlərin səs və hərf tərkibində heç bir fərq yaranmır. [o] və [ö] saitlərinin uzun tələffüz olunmasında müəyyən fərq var. Belə ki, v və n samitləri tələffüzdə ixtisar olunur və həmin səslər uzun tələffüz olunur. Məs:dovşan, dovğa, sonra [o:]; lövhə, bənövşə [ö:]. Bu cür uzun tələffüz olunan sözlər deyilişi və yazılışı fərqli sözlər adlanır

Yadda saxla!
Uzun tələffüz olunan hecalar vurğu qəbul etmir. Istisna: bəzi ,bəzən sonra, yəni sözlərində uzun tələffüz olunan səslərlə vurğulu heca eyni-birinci hecadır.
Milli sözlərimizdə uzun tələffüz olunan sözlər yoxdur. Istisna: dovğa
Uzun tələffüz olunan səslər sözün bütün hecalarında işlənə bilər.
İstisna olaraq ov, öv hərf birləşmələrində uzun tələffüz olunma baş vermir: ovçu, ovçuluq, ovlamaq, zövq, şövq, dövran və s.

Qoşasaitli səslərin yazılışı və tələffüzü

Dilimizdə mənşə etibarilə alınma sözlər var ki, həmin sözlərdə iki sait səs yanaşı gəlir. Bu cür sözlər qoşasaitli sözlər adlanır.Qoşasaitli sözlər iki qrupa bölünür: 1) eynicinsli sait qoşalığı 2) müxtəlifcinsli sait qoşalığı

Eynicinsli qoşasaitli səslər

Eynicinsli qoşasaitli sözlərdə saitlərdən hər ikisi bir yerdə uzun tələffüz olunur.Eyni sait qoşalığı sözün ortasında və sonunda işlənə bilər. Məs:təəccüb [tə:ccüb], təəssüf [tə:ssüf], əmtəə [əmtə:], bədii [bədi:] və s. Qoşa o saiti ilə işlənən bəzi sözlər vurğu qəbul etməyərək [a:] kimi tələffüz olunur. Məs:zoologiya [za:logiya], kooperasiya [ka:perasiya] və s.

Qeyd: Eynicinsli qoşasaitli sözlərin hamısı deyilişi və yazılışı fərqli sözlərdir.

Müxtəlifcinsli qoşasaitli səslər

Müxtəlifcinsli sait qoşalığında səsartımı,səsdüşümü hadisələri baş verir. Bəzi sözlərin isə deyilişində və yazılışında heç bir fərq baş vermir. Müxtəlifcinsli sait qoşalığı sözün əvvəlində, ortasında və sonunda işlənə bilər.

a) ai, iə, əi, io, ea, aü, ia hərf birləşmələrinin işləndiyi sözlərdə -y samiti artırılır. Məs:Səidə [Səyidə], iaşə [iyaşə], bioloq [biyaloq] və s. Bu cür sözlərdə səsartımı hadisəsi baş verir.

b) əa, üa, üə hərf birləşmələrinin işləndiyi sözlərdə isə birinci sait tələffüz olunmur, ikinci sait isə uzun tələffüz olunur. Məs: müəyyən [mə:yyən], müəllim [mə:llim], müasir [ma:sir] və s. Belə sözlərdə səsdüşümü hadisəsi baş verir.

c) Qoşasaitli mürəkkəb sözlərdə də yanaşı gələn sait səslərdən birincisi tələffüzdə düşür. Məs: xalaoğlu [xaloğlu], dayıoğlu [dayoğlu], bacıoğlu [bacoğlu], əliaçıq [əlaçıx] və s. Belə sözlərdə səsdüşümü hadisəsi baş versə də, uzun tələffüz olunan səs olmur.

d) Dilimizdə bəzi müxtəlifcinsli sait qoşalığı olan sözlər var ki, həmin sözlərdə tələfüz zamanı heç bir fərq yaranmır. Məs: aktual, memuar, qiraət, Laos, xaos, Seul, şüəra, bəraət, seans, mətbuat, sual, məcmuə, pauza, sauna, fauna, raund, şücaət, şüa, riayət və s.

Həmçinin bax: Fonetika

Top