Felin qrammatik məna növləri

Felin qrammatik məna növləri

Felin qrammatik məna növləri danışan şəxsin (iş görənin -subyektin) üzərində iş görülən əşya ilə (obyektlə) qarşılıqlı münasibətini bildirir. Burada subyektin məlum olub-olmaması, işin subyektin öz üzərində görülməsi və ya qarşılıqlı - birgə şəkildə yerinə yetirilməsi əsas götürülür. Bu baxımdan felin aşağıdakı qrammatik məna növləri var: məlum növ. qayıdış növ, qarşılıq - birgəlik növ, icbar növ, məchul növ, şəxssiz növ.

Məlum növ

Bu növdə iş görən məlum olur. Məlum növün xüsusi şəkilçisi yoxdur.Məlum növ fellərdə iş görənin məlum olması ön plandadır. məlum növdə olan fellər həm təsirli, həm də təsirsiz olur. Məsələn: Uşağı (kimi?) çağır. Məktubu (nəyi?) yazdım (təsirli). Evə (haraya?) gedirsən. Kitaba (nəyə) həx. Bağda (harada?) dincəlirik (təsirsiz) və s.

Qayıdış növ

Bu növdə də iş görən məlum olur, lakin iş subyektin öz üzərində görülür. Qayıdış növ fellər, əsasən, -ıl4,ın4 (-n) şəkilçiləri vasitəsi ilə düzəlir. Məsələn: Gül aç+ıl+dı. Duman çək+il+ir. Uşaq yu+yun+ur, dara+n+ır və s.
Qayıdış növ fellər təsirli fellərdəndüzəlir, təsirsizolur. Məsələn: çəkmək (nəyi?) - çək+il+mək (haraya?), Düşmən geriyə çəkilir. döymək (nəyi?) - döy+ün+mək (harada?) Sinəmdə qəlbim döyünür və s.
Qeyd: Geymək və soymaq fellərindən düzəlmiş geyinmək və soyunmaq felləri istisnadır. Bu fellər təsirli fellərdən düzəlir və yenə təsirli olaraq qalır.
Əsasən, -lan1 şəkilçisi ilə isimlərdən düzələn bəzi fellər də qayıdış növ mənasını bildir. Məsələn: Quş qanad+lan+dı. Əsgər ruh+lan+dı. Ana şikayət+lən+di. Qoca giley+lən+di və s.

Qarşılıq - birgəlik növ

Bu növ fellər iş və hərəkətin ya qarşı-qarşıya, ya da birgə icrasını bildirir. Qarşılıq – birgəlik növdə olan fellər - ış (-ş) şəkilçisi ilə düzəlir. Məsələn: Biz yaz+ış+ır+ıq, gül+üş+ür+ük. Qu+zular mələ+ş+ir. və s. Qarşılıq bildirən fellər əsasən, təsirli fellərdən düzəlir və təsirsiz olur. Məsələn: Biz vur+uş+ur+uq. Qoç+lar döy+üş+ür və s. Birgəlik bildirən fellər isə, əsasən təsirsiz fellərdən düzəlir və təsirsiz olaraq qalır. Məsələn: Uşaqlar gül+üş+ür, ağla+ş+ır və s.
Qeyd 1: -laş2 şəkilçisi ilə isimlərdən düzələn bəzi fellər də qarşılıq - birgəlik növ mənasını bildirir. Məsələn: vida-laş (maq), dost-laş (maq), halal-laş (maq), məsləhət-ləş(mək), söz-ləş (mək), xudahafizləş-(mək) və s.
Qeyd 2: Yarışmaq, güləşmək, barışmaq felləri çağdaş dilimizdə quruluşca sadə fellər sayılsa da, qarşılıq-birgəlik növ məzmununu bildirir. Çalışmaq, alışmaq, yapışmaq felləri də quruluşca sadədir və oxşar formalıdır; lakin bu məzmunu bildirmir.

Icbar növ

İcbar növ fellərdə iş va hərəkəti danışan ( və ya haqqında danışılan) səxs yox, başqası icra edir.Bu növ fellər təsirli fellərə -dır4, bəzən də -t şəkilçisini artırmaqla düzəlir. Məsələn: Məktubu yaz+ dır+ dım. Çəkməni sil+dir+ər+sən. Otağı döşə+t, bəzə+t. Məktubu oxu+t və s. Bu şəkilçilər təsirsizfellərə qoşulduqda icbar növ yox, təsirsiz feldən təsirli feldüzəlir.
Məsələn: Biz onu inan+dır+ dı+q. (İşi görən bizik). Mən uşağı gül+ dür+ dü+ m. (İşi görən mənəm). O, məni kiməsə oxşa+t+dı (Işi görən məlumdur - odur) və s. Belə fellərdən icbar növ düzəltmək üçün onlara yenidən icbar növün şəkilçisini artırmaq lazımdır. Məsələn: Uşağı gül+dür+t. Onu yerində otur+t+dur və s.
İcbar növ felin yeganə növüdür ki, təsirli fellərdən düzəlir və təsirli olaraq qalır.

Məchul nov

Bu növdə fellərdə iş görən qrammatik cəhətdən məlum olmur.Məchul növ fellər təsirli fellərə -ıl4, -ın4 (-n) şəkilçilərini artırmaqla düzəlir. Məsələn: Məktub yaz+ıl+dı. İp çək+il+dir. Dən səp+il+di. Çadır qur+ul+du. İş gör+ül+dü. Zəng çal+ın+dı. Kitab oxu+n+du. Yun dara+n+dı. Döşəmə sil+in+di. və s.
Məchul növ fellər təsirsiz olur. Məsələn: Ağac əkildi. Qapı döyüldü. Pay bölündü və s.
Qeyd: Məchul növ fellər də qayıdış növ fellər kimi -ıl və -ın4 şəkilçiləri ilə düzəldiyi üçün ona oxşayır. Lakin məchul növdə iş görən məlum olmur, qayıdış növdə isə iş görən məlumdur. Məsələn: Otaq bəzəndi (məchul növ). Qız bəzəndi (qayıdış növ): Yun darandı (məchul növ). Qız darandı (qayıdış növ). Top meydana atıldı (məchul növ). Əsgər irəli atıldı (qayıdış növ) və s.
Bir neçə fel məchul növdə -ıl4, qayıdış növdə isə -ın4 şəkilçisini qəbul edir. Məsələn: Qapı döyüldü (məchul növ). Qəlbim döyündü (qayıdış növ). Paltar yuyuldu (məchul növ). Uşaq yuyundu (qayıdış növ). İş görüldü (məchul növ). Anar göründü (qayıdış növ) və s.

Şəxssiz növ

Şəxssiz növ fellərdə də iş görən qrammatik cəhətdən məlum olmur. Bu baxımdan şəxssiz növ fellər məchul növ fellərə oxşayır. Şəxssiz növ fellər də məchul növ fellər kimi -ıl4 (bəzən də -ın4) şəkilçisi ilə düzəlir. Lakin şəxssiz növ felləri iki xüsusiyyətinə görə məchul növ fellərdən fərqləndirmək olar:
1. Məchul növ fellər təsirlifellərdən düzəldiyi halda, şəxssiz növ fellər təsirsizfellərdən düzəlir. Məsələn: Yazmaq -yazılmaq, səpmək - səpilmək. qurmaq - qurulmaq, qalamaq -qalanmaq və s. (məchul növ).
Baxmaq - baxılmaq, yanaşmaq - yanaşılmaq, inanmaq -inanılmaq, istifadə etmək - istifadə edilmək (olunmaq) və s. (şəxssiz növ).
2. Məchul növ felli cümlələrin mübtədasıolur, şəxssiz növ fellər isə mübtədasızişlənir. Məsələn:
Qapı açıldı. Tapşırıq yerinə yetirildi. Saat quruldu (Məchul növ).
Ərizəmə baxıldı. Məsələyə düzgün yanaşıldı. Tapşırığa əməl olundu (şəxssiz növ).
Şəxssiz növ fellərin məchul növ fellərdən daha bir fərqi vardır. Əsasən, III şəxsdə işlənən məchul növ fellər bəzən I və II şəxslərdə də işlənir. Məsələn: Bu meydanlarda biz çox döyüldük, əzildik, təhqir olunduq. Deyəsən, sən də bu mükafata təqdim olunmusan. və s. Şəxssiz növ fellər isə yalnız III şəxsin təkində işlənir.
Dilimizdə şəxssiz növ fellər azdır. Ən çox işlənən şəxssiz növ fellər aşağıdakılardır baxılmaq, diqqət edilmək, diqqət yetirilmək, əhəmiyyət verilmək, əməl edilmək, əməl olunmaq, imkan verilmək, istifadə edilmək, istifadə olunmaq, imza atılmaq, yol verilmək, yürüş edilmək, nəzər salınmaq, tədbir tökülmək, təsadüf edilmək, təsadüf olunaq, rast gəlinmək, söz verilmək, razılıq verilmək, hörmət qoyulmaq, xəbərdarlıq edilmək və s.
Şəxssiz növ fellər də məchul növ fellər kimi təsirsizolur.
Şəxssiz növ fellərdən ən çox rəsmi-işgüzar üslubda istifadə olunur.
Qeyd: -ıl4 və -ın şəkilçiləri üç növün (qayıdış, məchul və şəxssiz növlərin) düzəlməsində iştirak etdiyi üçün omonim şəkilçilərdir,
Felin növ şəkilçiləri leksik şəkilçilərdir.
Top