İsim, sifət, say və başqa nitq hissələrinin yerində işlənən sözlərə
əvəzlik deyilir.
Məsələn:
Anar əlaçı şagirddir. O, beşinci sinifdə oxuyur. Sinfimizdə əlaçı şagirdlər çoxdur. Həmin şagirdlər olimpiadada iştirak edəcəklər. Günay birinci sinifdə oxuyur. Günay neçənci sinifdə oxuyur? Müəllim təmkinlə danışırdı. Müəllim necə danışırdı? və s. Bu cümlələrdəki
o, həmin, neçənci və
necə əvəzlikləri sıra ilə ismin, sifətin, sayın və zərfinyerində işlənmişdir. Əvəzlik hansı nitq hissəsinin yerinə işlənirsə, onun da sualına cavab olur.
Əvəzliyin quruluşca növləri
Əvəzliklərin çoxu quruluşca sadədir. Məsələn:
mən, biz, onlar, bu, həmin və s.
Biri, birisi, kimsə əvəzlikləri düzəltmə;
kim isə, heç kim, heç nə və s. əvəzlikləri isə mürəkkəbdir (tərkibi əvəzliklərdir)
Əvəzliyin mənaca növləri
Əvəzliyin mənaca aşağıdakı növləri vardır:
Şəxs əvəzlikləri
İsmin yerində işlənən və kim? nə? suallarını cavab verən əvəzliklərə deyilir.Şəxs əvəzlikləri kəmiyyətcə tək və cəmolur və şəxsə görə üç növə bölünür:
- I şəxs (danışan): təkdə — mən, cəmdə — biz
- II şəxs (dinləyən): təkdə — sən, cəmdə — siz
- III şəxs (haqqında danışılan): təkdə — o, cəmdə — onlar.
I və II şəxsi bildirən əvəzliklər yalnız insana aid olur və
kim? sualına cavab verir. III şəxsi bildirən əvəzliklər isə həm insana, həm də heyvana və cansızlara aid ola bilir. Məsələn:
Qoyun ev heyvanıdır. O, ildə bir. bəzən də iki bala verir. Yaqut qiymətli daşdır O, Bədəxşanda olur və s. III şəxsi bildirən əvəzliklər heyvana və cansızlara aid olduqda
nə? sualına cavab verir. Deməli, şəxs əvəzliyi heç də həmişə insana aid olmur. Burada "şəxs" sözü qrammatik mənadadır.
Şəxs əvəzlikləri quruluşca yalnız sadə olur. Şəxs əvəzlikləri isim kimi hallanır. Mən və biz əvəzlikləri hallandıqda yiyəlik halda -in şəkilçisi əvəzinə-im şəkilçisini qəbul edir. Müqayisə edin:
dən ismi yiyəlik halda
dən+in olur,
mən əvəzliyi isə eyni halda
mən+im olur. Şəxs əvəzlikləri mənsubiyyətə görə dəyişmir.
Qeyri — müəyyən əvəzliklər
ismin yerində işlənir və qeyri-müəyyən şəxsi və ya əşyanı bildirir.Qeyri-müəyyən əvəzliklər
kim? nə? suallarına cavab olur.
Dilimizdə ən çox işlənən qeyri-müəyyən əvəzliklər bunlardır:
biri, kim, kimsə (kim isə), nə isə, hamı, hərə, bəzisi, hər kəs, hər şey və s.
Bu əvəzliklərdən
hamı, hərə quruluşca sadə;
biri, kimi, kimsə düzəltmə;
hər kəs, kim isə, nə isə, hər şey mürəkkəbdir (tərkibi əvəzlikdır).
Kim ısə, nə isə qeyri-müəyyən əvəzliklərindən başqa, qalan qeyri-müəyyən əvəzliklər
hallanır.
Qeyri-müəyyən əvəzliklər cümlədə, əsasən, mübtəda və tamamlıqolur. Məsələn.
Hamı gülür (mübtəda). Hərənizə bır sualım var (tamamlıq). Bu əvəzliklər də xəbərlik şəkilçisi qəbul etdikdə cümlədə
xəbər olur. Məsələn:
Bu işdə günahkar hamımızıq.
inkar əvəzlikləri
inkar əvəzliklərinin çoxu
heç sözünün köməyi ilə düzəlir
heç kim, heç nə, heç kəs, kimsə (heç kim mənasında).
İnkar əvəzlikləri də ismin yerində işlənir, kim? nə? suallarından birinə cavab olur və cümlədə mübtəda, tamamlıqolur.
Qeyd: Kimsə əvəzliyindən sonra gələn fel təsdiqdə olduqda o, qeyri-müəyyən əvəzlik olur.Məsələn:
Kimsə səni soruşurdu. Bu əvəzlikdən sonra gələn fel inkarda olduqda isə o, inkar əvəzliyi olur. Məsələn
: Kimsə bu sualın cavabını tapmadı.
İşarə əvəzlikləri
İşarə məqsədi ilə işlədilən əvəzliklərə deyilir.
O, bu, elə, belə, həmin sözləri işarə əvəzlikləridir.
O, bu, həmin işarə əvəzlikləri, əsasən, sifətin yerində işlənir və
hansı? sualına cavab olur. Məsələn:
Bu (hansı?) kitab maraqlıdır. O (hansı?) ağac çinardır. Həmin (hansı?) oğlan tələbədir və s.
Sifətin yerində işlənən bu əvəzliklər cümlədə təyin olur.
Elə, belə işarə əvəzlikləri isə həm sifətin, həm də zərfin yerində işlənir. Məsələn:
Belə (elə) dostdan kim inciyər. Elə oxu ki, mən də eşidim.
Bu əvəzliklər sifətin yerində işləndikdə cümlədə təyin, zərfin yerində işləndikdə isə zərflik olur.
Bu, oəvəzlikləri omonimdi
r: həm işarə bildirir, həm də əşyanı göstərmək üçün işlədilir. Bu əvəzliklər əşyanı göstərmək üçün işlədikdə ismin xüsusiyyətlərini daşıyır. Bu halda onlar cəmlənir, hallanır və cümlədə mübtəda, tamamlıq və xəbər olur. Məsələn:
Bu (nə?), uşağın kitabıdır. Bundan (kimdən?) muğayat ol. Onu (nəyi?) bura gətir. Təriflədiyim oğlan budur (kimdir?).
Mübtəda vəzifəsində işlədilən
o, bu əvəzliklərindən sonra fel və köməkçi nitq hissələrindən başqa, qalan nitq hissələri ilə ifadə olunan cümlə üzvü gəldikdə vergül qoyulur.
Sual əvəzlikləri
Sual bildirən sözlərə deyilir.Bütün əsas nitq hissələrinin sualları, yəni
kim? nə? hara? necə? nə cür? neçə? neçənci? niyə? nə zaman? nə etmək? və s. sual əvəzlikləridir. Bunlar isim, sifət, say və zərf, sual şəklində əvəz edir və ya cavab almaq məqsədi ilə işlədilir. Sual əvəzlikləri əvəz etdiyi nitq hissəsinin qrammatik xüsusiyyətlərini daşıyır. Məsələn,
kim? nə? hara? ismin sualı olduğu üçün hallanır, cəmlənir, mənsubiyyətə görə dəyişir, cümlədə mübtəda və tamamlıq olur:
Kim dərsə gəlməyib? Kimi istəyirsiniz? Kimin var? Haranız ağrıyır? Nələri görmədik? Kimlər gəldi, kimlər getdi?
Sual əvəzlikləri başqa nitq hissələri ilə yanaşı, əvəzliklərin də yerində işlənir. Məsələn:
Hamı gülür. Kim gülür? Biz kəndə gedirik. Kim kəndə gedir?
Təyini əvəzliklər
Əşyanı ümumi şəkildə təyin etmək üçün işlədilir. Hər, bütün, filan, öz sözlərindən ibarətdir. Məsələn:
Hər gözəlin bir eybi oiar. Mənim üçün bütün günlər gözəldir. Hər gülün öz ətri var. Təyini əvəzliklər hansı? sualına cavab verir və cümlədə təyin olur. Təyini əvəzliklər hallanmır.
Qayıdış əvəzliyi
Mənsubiyyət şəkilçisi qəbul etmiş öz əvəzliyinə deyilir:
özüm, özün, özü, özümüz, özünüz, özləri. Qayıdış əvəzliyi
ismin yerində işlənir və ismin xüsusiyyətlərini daşıyır:
hallanır, cümlədə
mübtəda və
tamamlıq olur:
Özüm (kim?) gəlmişəm. Özündən (kimdən?) küssün.
Qeyd: Mən, sən, o şəxs əvəzliklərinin və qayıdış əvəzliyinin qəbul etdikləri çıxışlıq hal şəkilçisi [-nan2] şəklində tələffüz olunur məndən — [mənnən], səndən — [sənnən], ondan — [onnan], ozümdən — [özümnən], özündən — [özünnən] və s.
Əvəzliyin cümlədə rolu
Əvəzlik cümlədə bütün cümlə üzvləri vəzifəsində işlənir. Şəxs, qeyri-müəyyən, inkar və qayıdışəvəzlikləri mübtəda, tamamlıqvə xəbər; işarəəvəzlikləri və təyini əvəzliklər, əsasən, təyin; sual əvəzlikləriisə bütün cümlə üzvləri olur.
Əvəzliyin təhlil qaydası
Əvəzlik aşağıdakı qaydada təhlil olunur:
1. Hansı nitq hissəsini əvəz etməsi və sualı
2. Quruluşca növü
3. Mənaca növü
4. Halı, mənsubiyyət şəkilçisi (əgər varsa)
5. Cümlədə rolu
Bir nümunə:
O, sinifdə hamıdan biliklidir. O —
ismin yerində işlənmişdir, kim? sualına cavab olur. Quruluşca sadədir, şəxs əvəzliyidir. Adlıq haldadır, cümlədə mübtədadır.
Hamıdan — ismi əvəz etmişdir, kimdən? sualına cavab olur. Quruluşca
sadədir, qeyri-müəyyən əvəzlikdir.
Çıxışlıq haldadır, cümlədə tamamlıqdır.